Status: Dünyamız gözəl
dünyadı
VaqifinVidadiyə söylədiyi bu
sətirlər dilimin ucunda dolaşırdı:
Ey Vidadi! Gərdişi-dövrani
kəcrəftarə bax!
Ruzigarə qıl tamaşa,
karə bax, kirdarə bax!
Əhli zülmü necə bərbad eylədi bir ləhzədə.
Hökmü adil padişahi-qadirü qəhharə bax.
Azərbaycan Beynəlxalq Radiosunun efiri üçün işlədiyim materialda vücudumu saran bu ovqat hakim idi. Bu arada bacım Sevinc mənə telefon açdı. Məhəmmədhüseyn Şəhriyarın 110 illik yubileyi ilə əlaqədar hazırladığı materialla
bağlı kiçik
məsləhətləşmələr istəyirdi. Cənubi
Azərbaycana yönəlikli
işimlə bağlı
Şəhriyarın yaradıcılığı
da, həyatı da mənə o qədər yaxın idi ki... Bu barədə
az qala
birnəfəsə danışırdım.
Bu arada onun "Yalan dünya"sına taxılıb qaldım:
Sənin bəhrən yeyən kimdi?
Kiminkisən, yiyən kimdi?
Sənə doğru deyən kimdi?
Yalan dünya, yalan dünya...
Ocaq ikən sönəymişsən,
Çanaq ikən çönəymişsən.
Nə pis qarı nənəymişsən,
Nağıl, yalan-palan dünya...
Bu barədə, şübhəsiz
ki, əsas fikri atamdan alacaqdıq. Materiala
göz gəzdirib qeydlərini diqqətimizə
çatdıran Ayaz müəllim qəfildən,
bütün varlığı
ilə "yalan dünya" fəlsəfəsinə
qarşı çıxdı:
- "Yox, ay bala! Dünyamız yalan deyil.
Dünyamız gözəl
dünyadı!".
Onun səsinin
ahəngində insanı
uçurumun dibindən
qaldırıb göyə
ucalda biləcək bir enerji duydum. Bəli, atam
məni yenidən silkələdi. Göylərə qaldırdı.
Əlli
ildən artıq Azərbaycan ədəbiyyatının
bel sütUnu olan "Ədəbiyyat qəzeti"ində bütün
materialları cümlə-cümlə,
söz-söz arıdlayan
Ayaz Vəfalı qanında, canında olan milli dəyərlərimizi
mühafizə etmək
heysiyyəti ilə, sözün əsl mənasında ədəbiyyatın,
ədəbiyyatımızın keşiyində durmaq vəzifəsini icra etdi. Onun, redaksiyadakı materialları
redaktəsi ilə bizim yazılarımızın
redaktəsi arasında
müəyyən özəlliklər
olub həmişə.
Atam cümlələrimizdə də
ləyaqəti önə
çəkib daima.
Xırda bir qeydlə materiallarımızda
dəyişiklik edibsə
də, o, mənim on beş illik
təhsilimdən çox-çox
fərqli, heç vaxt yadımdan çıxmayacaq sənət
dərsim olub. Özünə məxsus tərbiyə metodları ilə də seçilib:
Qızsan, ucuz olma, qədrini
bil.
Hər surətə əks kimi baxma!
Hər gördüyünə su kimi axma
- deyən atam,
bizi Füzulinin kəlamlarıyla, müdriklərdən
gətirdiyi məsəllərlə,
misallarla həyata yönəldib. O, namusu, qeyrəti, ləyaqəti o qədər uca tutub ki,
biz, bəlkə də,
həyatımızı daha
çox onun görmək istədiyi kimi, lazım bildiyi kimi qurmuşuq.
Vaxt var idi məktəbdə təhsil aldığım
illərdə ədəbi-bədii
tədbirlərdə təqdim
etmək üçün
o dövrün nəbzini
tutan şeirləri onun kitablarında da tapmaq istəyirdim. O isə
o hay-küyün içində "yonca"nı
axtarırdı. Oxucularına milli-mənəvi dəyərlərimizdən
danışırdı. Bu, onun daxilindəki
öz səsi idi. O səsi içində boğub, yabançı pafosa qurban vermirdi. O, təmkinlə, daxilindəki
nostalji hissləri qələmə alır, ürəyinə yatmayan təbliğata imza atmırdı:
Kəndimizin sol döşüylə
Balaca bir çay axır;
Fəsillərin gərdişiylə
Gah quruyur, gah axır.
Yaz gələndə tüğyan
edir,
İnanmırsan durula;
Təngnəfəs axıb gedir
O, burula-burula.
Çox
demişəm: xəbər
alın,
Hara gedir, ay aman,
Oynamışam ayaqyalın
Sahilində bir zaman.
Sularına qarışmışam,
Başımın tükü sanı;
Sularından soruşmuşam
Beşləçəkli yoncanı.
O yonca ki, xeyirliydi,
Hər ləçəyi vüsallı;
O yonca ki, sehrliydi
Qızılbalıq misallı.
Tapılsaydı gözlərimdə
Qalardımı muradım?
Güc qalmadı dizlərimdə
O yoncanı aradım.
Söz-söz toxuduğu bu şeir gözümün önündə
mənim özümün
də uşaqlığımın
yaz tətili günlərini canlandırır.
Bilmirəm, burula-burula
gələn çay seli yaddaşımda öz uşaqlıq illərimin xatirəsidir, yoxsa onun yaratdığı
o təbii, canlı lövhənin əksidir...
Dünyanın gərdişini görsə
də, içindən
gələn haqq səsini boğmaq iqtidarında olmamış
heç zaman. Və demiş ki:
Yumruq boyda ürəyimdə dünya var
Dünyanın malına satmayın məni.
Azərbaycana həsr etdiyin şeir cəmi yeddi misradır:
Canım
Azərbaycanım.
Sən odsan, qoy oduna
Yanım,
Azərbaycanım.
Qoy yanım xırda-xırda,
Amma qoyma sönüm mən.
Yanım,
yanım axırda
Bir günəşə
dönüm mən.
Bir ovuca yerləşəcək bu
yeddi misrada elə yumruq boyda bir ürək
döyünür.
Ayaz Vəfalı
bir kəlməsini də havayı yerə yazmayıb heç vaxt. Diqqətli oxucu
onun poeziyasını mütaliə edəndə
mütləq bir fəlsəfənin şahidi
olur. "Yağış
yağdı"da olduğu
kimi:
Yağış yağdı narın-narın,
Bağda
ətir duyuldu;
Yağış yağdı... yarpaqların
Toz-torpağı yuyuldu.
Yağış yağdı gündüz-gecə;
Çaya sellər yeridi.
Yağış yağdı... neçə-neçə
Köksüz ağac çürüdü.
Bağçamızda çəpər
boyu
Dəmir məftil pas atdı.
Baxın...
baxın... yağış
suyu
Nələr üzə çıxartdı...
Bu şeiri köksüz
ağacın çürüməyə
məhkum olduğuna əminliklə yazıb Ayaz Vəfalı. Özü də
soyuna, kökünə
dərindən bələdliyi
vacib bilib həmişə. Bu maraqla oğul-uşağı
başına yığıb
Ərdəbilin Şıxlar
məqbərəsinə üz
tutduğu vaxt da olub. Geri qayıdanda Ərdəbil-Təbriz-Bakı
yolu zümrüd rəngli Talış dağlarının ətəyindən
qıvrılıb keçəndə,
bilmədik, Talış
dağlarının havası
idimi, yoxsa atamın bulaq kimi içimizdə qaynayan o şeiri idimi bizi məst
elədi... Çox yəqin ki, iki avtomobilə ancaq sığışan
oğul-uşağının bir
andaca yaranan bu ovqata köklənməsində,
həm dağ havasının, həm də təbii bir şeirin sirayəti var idi:
Özgə yer, ey Talış dağı,
Olmadı
könlüm oylağı;
Görmüşəm hər səhər çağı
Sinəndə buğlanan çəni
-
Mən səni istərəm, səni!
O göyə qalxan qayalar
Səsimi
səndən yayalar,
Dərələr uğuldayalar,
Deyələr bu xatirəni;
"Mən səni istərəm, səni!..".
Sözümə Şəhriyarın "Yalan
dünya"sıyla bağlı
misralarla başladım. Amma yaddaşımda Ayaz Vəfalının "Hamıdan sonraya qalan dünyadır" seiri də var:
Haqq sevər,
halalı harama qatmaz.
Mərdin qazancını namərdə
satmaz.
Nağdı boşa getməz,
nisyəsi batmaz
Verdiyi borcları alan
dünyadır.
Əzəli-əbədi bir adəti var -
"Mənəm" deyənlərin
qəsdinə durar;
Kimisi dağıdar, kimisi qurar -
Abadan dünyadır, talan
dünyadır.
Vəfadan özünü kəm
bilə-bilə,
Hansı
Vəfalını salmayır
dilə;
Gələni göndərib axır
mənzilə -
Hamıdan sonraya qalan dünyadır.
...Ay ata!
Dünyamız gözəl
dünyadır!
Sevda Ayazqızı
Ədəbiyyat qəzeti.- 2019.-
4 may.- S.21.