Özünə aid bir Zirzəmi
"Düşünürəm
ki, "Zirzəmi quşu"nu hamı oxumalıdır. Gərək
bu kitabı kişilər qadınlardan, evlilər subaylardan,
subaylar da evlilərdən daha çox oxusun... Məncə, istənilən
cəmiyyət üçün belə bir kitabın
yazılmasının vahiməli bir anlamı var. Bu kitabı
oxuyandan sonra çoxları xəcalət çəkməli,
məyus olmalıdır. Çoxlarını da
dərin kədər hissi bürüməlidir".
Mustafa Məstur
"Bir qarğayla bir leyləyin eyni
yerdə gəzdiyini, yemləndiyini gördüm. Birlikləri məni təəccübləndirdi.
Yaxınlaşıb baxdım. Hər ikisi
yaralı idi...".
Məsnəvi
Nəhayət,
əlimdəki kitabı tamamlayıb stolun üzərinə
qoyuram... Yadıma Nil Karaibrahimgilin sözü
düşür: "Bitdi deyə
üzüldüyünüz tək şey sonuncu səhifəsini
oxuduğunuz kitab olsun!". Çox
pafosludur, dünyada heç bir insan bu qədər rahat ola bilməz... Gözüm pəncərədən
görünən sonsuz maviliyə sataşır...
Bütün varlığımla hiss edirəm, bu gün
çox gözəl hava var. Bu havada klassik musiqi dinləmək
qərarına gəlirəm. Seçim etməliyəm: Bax,
Motsart, yoxsa Bethoven? Qərara gələ bilmirəm.
Həyətdən uşaqların narahat, amma
qayğısız səsi eşidilir. Uzaqda
maşınlar şütüyür. Bir
qadın qışqıra-qışqıra kənd məhsulları
satır. Pəncərəmizə yaxın
bir yerdə quşlar oxuyur. Fasiləsiz,
axıcı və həyatın ən önəmli hissələri
kimi. Bütün bu səsləri eyni anda,
bir-birindən ayırmadan, fərqləndirmədən
eşidirəm. Qəribə harmoniya
yaranır, sanki dünyanın hansısa məşhur bir
orkestri canlı konsert verir. Bu əladır! Motsartdan da,
Baxdan da, lap elə Bethovendən də. Çünki bu, həyatın
öz bəstəsidir... Və mən hal-hazırda həyatı
dinləyirəm... Bütün varlığımla.
Bəs mən kiməm? Adım
nədir, neçə yaşım var, haradanam? Bunları xatırlamıram, mən həyatı dinləyən
milyonlarla insandan biriyəm. Kim olduğumun
elə də önəmi yoxdur.
Stolumun
üzərindəki əşyalara baxıram... Dəftərimdəki
qeydlərə. Bu an sonsuzdur. Daha quşların səsi digər səslərdən
ayrılır. İndi onlar xüsusi - solo
ifaya keçiblər. Mən isə
düşünürəm, görəsən, onlar nə barədə
danışırlar. Onları içimizdə
dayanmadan danışan səsə bənzədirəm. Həyatımız boyu o səs də gah şən,
gah qəmli nələrsə danışır, bəzən
susur, bəzən yatmağa qoymur, bəzən isə sakitlik
verir. Lakin biz heç vaxt onu tam mənasında
anlaya bilmirik.
Əlimdəki kitab Fəriba Vəfinin "Zirzəmi
quşu" əsəridir. Bir cümlə daxilində
məni kədərləndirən iki şey həmişə
dəyişməz qalır. Birincisi,
insanların doğum və ölüm tarixlərinin
arasında qoyulan defis işarəsidir. İkincisi
isə, bu tarixləri tamamlayan
"yaşamışdır" sözü. Bəzən
düşünürəm ki, bu məsələdə qeyri-dəqiqlik
var. Məsələn, X adam bu tarixlərdə
"yaşa"mışdır yerinə
"yaşlan"mışdır yazılmalıdır. Çünki "Yaşamaq zarafat deyil, böyük
bir ciddiyətlə yaşamaq" lazımdır. Bunu isə hər kəs bacarmır. Lakin Fəriba Vəfinin fotosuna baxanda dəqiqliklə
demək olur ki, o yaşamışdır. Üzündə
yaşadığını sübut edən cizgilər,
özünəməxsus ifadəlilik var. Elə
yazdıqlarında da.
Fəriba
Vəfi 1963-cü il yanvarın 21-də Təbrizdə
azərbaycanlı ailəsində anadan olmuşdur. İlk kitabı, "Səhnənin dərinliyində"
hekayələr toplusu 1996-cı ildə çap olunmuşdur.
"Zirzəmi quşu" adlı ilk
romanını isə 2002-ci ildə yazmışdır.
"Zirzəmi
quşu" çap olunduğu il
İranda böyük rəğbətlə
qarşılanmış və ilin romanı
seçilmişdir. Həmin il Fəriba bu
romana görə "Qolşiri" və "Yəlda" ədəbiyyat
mükafatlarına layiq görülür. İranda
30 dəfədən çox çap edilən "Zirzəmi
quşu" ingilis, italyan, ispan, alman və türk dillərinə
çevrilib.
Azərbaycan dilində isə kitab "Parlaq imzalar" nəşriyyatı
tərəfindən çap edilib. Əsəri fars
dilindən Azərbaycan dilinə məşhur iranlı
yazıçı Mustafa Məsturun da romanlarını
çevirən Ariz Tarverdiyev tərcümə edib. Cümlədəki məntiqi vurğunun yerini tərifdənkənar
şəkildə dəyişsək, demək olar ki, Ariz
Tarverdiyev əsəri ustalıqla tərcümə edib. Rəngarəng sözlərdən
hörülmüş cümlə və ifadələr,
minimalist təhkiyə insanı yormadan, müəllifin
dünyasından uzaqlaşdırmadan öz əsarətinə
ala bilir.
Romanın farsca adı "Mənim quşumdur". Adın bu
cür seçilməsini əsərin sonundakı hissədə
daha aydın anlamaq olur. "Quşu bir yerdən
qanad çalıb uçan çətin ki, bir də həmin
yerə qayıda bilsin. O öz evində belə yad
olacaq. Görəsən, mənim də quşum
varmı? Öz quşum.
Mümkündürmü ki, kiminsə quşu olmasın?".
Bu hissə mənə yenə də "Parlaq
İmzalar" nəşriyyatında çıxan və yenicə
bitirdiyim "Şirin portağal ağacım" əsərini
xatırladır. Əsərin balaca qəhrəmanı hər kəsin
öz quşu olduğuna, lakin zamanı gəldiyində - insan
böyüdüyündə o quşu azadlığa
buraxdığına inanır: "Uç, mənim balaca
quşum. Yüksəkdən uç. Uç və Tanrının barmağına qon.
Tanrı səni başqa uşağa verəcək
və sən də həmişə mənə oxuduğun
kimi, onun üçün də oxuyacaqsan. Xudahafiz, mənim
gözəl quşcuğazım!".
Dünyanın
iki müxtəlif yerində və müxtəlif
zamanlarında yaşamış insanların eyni cür
düşünməsi təəccübləndirmir məni və
öz xəyalımda Fəribanın sualına Zezenin diliylə
cavab verirəm: "Bəli, hər kəsin daxilində daim
azadlıq üçün pərvazlanıb, Tanrının
yanına uçmaq istəyən balaca bir quşcuğaz var...".
Əsərin qəhrəmanı illərdir məhbus olduğu "qəfəs"indən, zirzəmidən xilas olmağa çalışan yaralı bir quşdur. 53 müstəqil bölümdən ibarət roman əvvəldən sona qədər adsız bir qadının dilindən danışılır. İki uşağı və həyat yoldaşı ilə birlikdə yeni köçdükləri yerə uyğunlaşmağa çalışan qadın, əvvəllər yaşadığı zirzəmi həyatını xatırlayaraq keçmişi ilə üzləşir. Bütün əsər boyu həyat yoldaşı Əmir onu Kanadaya getmək üçün razı salmağa çalışsa da, qadın getməməkdə israr edir. Özünə görə haqlı səbəbləri də var: "Kanadaya getmək, ömrümün qalan hissəsini də oraya uyğunlaşmaq üçün sərf etmək istəmirəm". Bəs görəsən, yaşadığı yerə, həyatını paylaşdığı insanlara, hətta öz doğma anasına belə, sözün əsl mənasında uyğunlaşıbmı? Müəllifin deməyə çalışdığı da budur. Şərqdə qadınlar bəzən bir ömür boyu özlərini tapa bilmirlər. Qadın olmanın öhdəlikləri ilə bütün ömrünü yaşadığı yerə uyğunlaşmağa çalışan biri kimi bu əsərin qəhrəmanı da qalan həyatını Kanadaya alışmaqla hədər etmək istəmir.
Əsərin diqqətçəkən məqamlarından biri də qəhrəmanın adının qeyd olunmamasıdır. Bütün hadisələrin içində qadın var, lakin adı yoxdur. Bu o deməkdir ki, həyatın içində qadınlar şərti adlar daşıyan eyni insanlardır. Bu əsər eyni çətinlikləri, problemləri yaşayan bütün "adsız" qadınların dilindən danışılan bir əhvalatdır.
Qadınlar barədə düşünürəm. İskəndəriyyədə yaşamış, dərin riyazi biliklərə sahib olan, lakin daşlanaraq öldürülən Hipatiadan tutmuş müasir dövrdə eyni problemlərlə üzləşən bütün "adsız qadın"lara - "Zirzəmi quş"larına qədər.
Bu əsər mənə baş rolunda əslən Cənubi azərbaycanlı olan Gülşiftə Fərəhaninin çəkildiyi "Səbir daşı" filmini xatırladır. Filmin qadın qəhrəmanı əvvəldən sona qədər illərdir ürəyində saxladığı, susduğu, susdurulduğu hər şeyi, qadın olmanın ağrılarını xəstə olduğu üçün heç bir reaksiya verə bilməyən ərinə danışır. Bu hal bütün kitablarda, bütün filmlərdə təkrarlanır. Qadınlar müxtəlif formalarda, lakin demək olar ki, eyni qayğılardan danışırlar. Biri rəsm çəkərək, biri roman yazaraq, biri musiqi bəstələyərək və s. Eynilə Ruminin "Məsnəvi"sindəki "eyni yerdə gəzən, yemlənən" yaralı qarğa və leylək kimi...
Əsərin digər müsbət tərəfi minimalist səpkidə yazılmasıdır. Müəllif burada hökm vermir, nəticə çıxarmır. Hər şeyi oxucunun ixtiyarına buraxır. Sadəcə, hadisələri nağıl edir. Həyat kimi. Bu, romanın həm də maraqlı strukturundan xəbər verir. Belə ki, əsəri istənilən yerdən açıb oxumaq olar. Bu, ümumi məzmunda hər hansı çaşqınlıq, anlaşılmazlıq yaratmır. Demək olar ki, bu roman dayanmadan təkrarlanan hadisələrin, həyatın kiçildilmiş formasıdır. Hansı səhifəni açırsan-aç, orada hadisələr cərəyan edir, bir qadın öz həyatından, problemlərindən, onu narahat edən məsələlərdən danışır. Lakin o, həm də çay dəmləyir, uşaqlarını yedirdir və ya danlayır, əri qarşısında özünü ifadə etməyə çalışır, bazarlığa gedir, bir küncə çəkilib ağlayır, insan olduğunu qəbul etdirməyə çalışır... Bəzən isə, sadəcə, insan olmaq yetmir qadına, o, mütləq öz müqəddəs missiyalarından birini yerinə yetirməlidir: "İndi onun üçün nə qadınam, nə ana, nə də ki, bacı. Nə o kişidir, nə də mən qadın. Biz, sadəcə, bir-birinə sarılmış, bir-birinə pənah gətirmiş iki insanıq".
Fəriba Vəfi, əslində, çox ciddi bir məsələyə toxunaraq ənənələrin və mentallığın hakim olduğu mühitlərdə qadın və kişilərin bir-birlərini azad iradə olmadan "seçdik"lərinə və bunun nəticəsində meydana gələn problemlərə diqqət çəkmək istəyir. Burada qadın və kişilər bir-birlərinə "ər-arvad" deyillər. Onlar bir-birlərinə sığınmış insanlardır. Sığınacaq isə, təbii ki, daimi ola bilməz. O, hər hansı təhlükədən və ya problemdən müvəqqəti olaraq qaçmaq, gizlənmək üçün bir yoldur. Və hər kəs bir gün qaçmaq üçün gizləndiyi sığınacağından çıxıb yoluna davam etmək istəyir. Əmir kimi... Lakin Əmir Kanadaya getməklə bir sığınacaqdan xilas olub digərinə sığınmağa çalışaraq belə olacağı təqdirdə daha yaxşı yaşayacağına inanır. "Zirzəmi quşu" isə bunun əksinə nə vaxtsa çıxış yolu kimi sığındığı həyat yoldaşıyla getmək yerinə, həmin zirzəmiyə "dönmək", onunla üzləşmək qərarına gəlir. Anlayır ki, qorxularıyla üzləşmədən yalnız qaçmaqla xilas ola bilməz. Bəzən ayaq saxlayıb nədən qaçdığını, o qorxunun həqiqətdə mövcud olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunun üçün isə insan ilk olaraq özünü azad etməlidir. Qədim Upanişadlardan biri olan "Baqavad-Gita"da deyilir ki, əlləri bağlı olan biri başqasını xilas edə bilməz. Xilaskar azad olmalıdır. "Zirzəmi quşu" da məhz övladlarını, xüsusilə gələcəkdə daha bir "Zirzəmi quşu"na çevrilmək ehtimalı olan qızını xilas etmək üçün qorxuları ilə üzləşməyə başlayır: "Qızım mənə bənzəsə, özümə nifrət edərəm. Buradan çıxıb getməsini istəyirəm. Zirzəmi qoxusu beynində həkk olmadan çıxıb getsin. Şadinin mənim etdiklərimi təkrarlamasını istəmirəm".
Vircinia Vulf "Özünə aid bir otaq" əsərində yazır ki, hər bir qadının müstəqil gəliri və özünə aid bir otağı olmalıdır. Qadın zaman-zaman o otağa çəkilib düşünməli, bəzən isə yazıb-yaratmalıdır. "Zirzəmi quşu"nu oxuduqdan sonra belə qənaətə gəlmək olur ki, Şərqdə hər bir qadının özünə aid bir otağı olmasa da, özünə aid bir zirzəmisi mütləq var... Yaşaya bilmədiklərini, susduqlarını, danışa bilmədiklərini "yığdığı" qaranlıq, keçmiş qoxuyan, nəmli, tozlu, vahiməli və düşməyə çəkindiyi zirzəmi. O zirzəmilərin qaranlıq, dar dəhlizlərində gəzinmək, keçmişlə üzləşmək qadınların canına həmişə qorxu salır. Lakin "Zirzəmi quşu" əsər boyu çəkinə-çəkinə də olsa, o zirzəmiyə - keçmişinə enir və onunla üzləşir. "Zirzəmini sevirəm. Bəzən ora qayıtmaq istəyirəm. Arabir mənə elə gəlir, bu yer səthində enə biləcəyim yeganə yer oradır. Bir xeyli müddətdir, içimdə bir zirzəmi daşıdığımın fərqinə varmışam. Oraya mənim ilk doğma yerim olduğunu kəşf edəndən bəri tez-tez baş çəkirəm. Bu dəfə özümdə zirzəmidə yerimək, diqqətlə onun divarlarına baxmaq gücü tapdım. Hətta alçaq tavanına çıraq asmaq fikrinə də düşdüm. Zirzəmi daha məni qorxutmur. Ora getmək istəyirəm. Bu dəfə açıq gözlə, qorxmadan. İndiyədək ora həmişə qaranlıqdan boylanıb yalnız kölgələr, ruhlar görmüşəm. Axı qorxu gözümü kor edib, nifrət nəfəsimi kəsəndə başqa nə görə bilərdim ki?. İndi isə lampanın aydınlığında bütün dəlmə-deşiklərə işıq salmaq istəyirəm...".
Beləliklə, əsərin əsas ideyası oxucuya, xüsusilə qadın oxuculara çatdırılmış olur. Qorxu insan ruhunu məhv edən duyğudur. Qorxuyla keçmiş həyat yağmalanmış həyatdır. Buna görə hər kəs gec-tez öz daxilindəki zirzəmiyə enməli, özüylə gəzdirmək yerinə, oradakı keçmişiylə üzləşərək ondan xilas olmalıdır!
Çünki
Əlləri bağlı olan biri
başqasını xilas edə bilməz!
Cahanxanım
Seyidzadə
Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.20-21.