Şairlər doğulur bu yaz günündə
Bu Qulu Ağsəsdir - əlli yaşına gəlib çatdı...
Doğrusu, heç inanmağım gəlmir ki, Qulu Ağsəs oğlu Zeynalov əlli yaşına gəlib çatdı. Zamanın Qulu Ağsəsə zərrə qədər təsiri olmayıb desəm, inanın mənə. Zahirində heç bir plastik əməliyyat aparmayıb, eynəyi həmişə gözündədir, hərəkətləri, rahi-rəvişi (yolu, üsulu) eynən cavanlığındakı kimidir. Onu ilk gördüyüm 1992-ci ildən bəri həmin Quludur ki, var. Onda Qulu iyirmi üç yaşındaydı, "168 saat" qəzetində müxbir işləyirdi, indi isə Qulu Ağsəs "Ulduz" jurnalının baş redaktorudur. Aradan keçən illərdə Qulu müxtəlif qəzetlərdə müxbir, məsul katib, baş redaktor, Teleradio şirkətində redaktor və başqa işlərdə çalışıb ki, özünü jurnalistika aləmində sübut eləsin və eləyib də. O balaca cüssəsi ilə Qulu bir gün belə qələmdən, kağızdan ayrılmayıb.
Qulu Ağsəs düz əlli il bundan qabaq - 20 apreldə dünyaya gəlib. Məsələ bundadır ki, mən də 20 apreldə doğulmuşam, amma Quludan 21 il əvvəl. 20 apreldə isə doğulanlar təkcə Qulu və mən deyilik. Dünyaya qan udduran Hitler də o gündə dünyaya gəlib.. Məmməd Rahim, Nəsibə Zeynalova, Rza Təhmasib, Çingiz Hüseynov - bu böyük sənətkarların doğum günü də 20 aprelə düşür. Hələ bizimlə bir dövrdə yaşayan iyirmidən çox elm, sənət adamlarını demirəm və Qulu Ağsəs "20 aprelçilərin" ən cavanıdır.
İnsan öz ad günündə zənnimcə, ən böyük sevincini yaşayır və şəxsən mən həmin gün lap xəstə olanda belə, dirçəlirəm, yaşamağa şövqüm artır. Amma Qulu Ağsəs görün öz ad günü haqqında nə yazıb:
Anama
"sevin", - dedilər,
"Bu
oğlun, evin", - dedilər.
Mən
doğulan gün dedilər
Aprelin 20-nə.
Bu boş
ömrümə tüpürdüm,
Doğulan
günə tüpürdüm,
Tüpürdüm,
yenə tüpürdüm
Aprelin 20-nə.
İstədim
öləm, qoymadı,
Lap nahaq yerə qoymadı.
Tanrım
bir daşı qoymadı
Aprelin
20-nə...
Qulu Ağsəs bu şeiri haçan yazıb,
ovqatının hansı vaxtında qələmə alıb, həmin
gün Qulu Ağsəs hansı
çıxılmazlığa tuş gəlib, hansı bədbəxt
hadisə ilə üzləşib, deyə bilmərəm. Bu şeirinə
görə 20 aprelçi olduğum üçün Quluya haqq
qazandırmıram, amma onu qınamıram da.
Çünki hər bir insanın - illah ki, şairin -
ömrün ötüb-keçən illərinə bir
inkarçı baxışı da ola bilər.
Amma...Qulu Ağsəs doğulduğu günə
tüpürüb eləsə də, mən onu bu
dünyanın ən xoşbəxt bir insanı-şairi hesab
edirəm. Qulu Ağsəs müasir Azərbaycan
ziyalıları içərisində sayılan-seçilən
bir şəxsdir, ədəbi mövqeyi sabitdir - düzü
düz, əyrini əyri göstərən məramı, qayəsi,
düşüncəsi formalaşıb.
Qulu şairdir, özü də müasir şair. Azərbaycan
şeirinin yaxşı mənada son durumunu ifadə edən
şairlərdən biridir. Qulunun şeirlərində
klassik-milli örnəklərə bağlılıq
güclüdür, amma Qulunu həm də modern şair hesab
edirəm. Amma bu təyinatlarsız da
keçinmək olar. Böyük türk şairi Nazim
Hikmət təxminən belə bir fikir söyləyib:
"İstər qışqır, istər
pıçılda, istərsə də fəryad çək.
İstər qırıq-qırıq yaz, istər hamar yaz... Nədən yazırsan-yaz, təki yazacağın
şeir olsun". Qulu məncə, anadan
şair doğulub. Amma söhbət
şairdən gedirsə, o, təkcə şeir yazmır,
içindəki, ruhundakı duyğuları bizimkiləşdirir.
Yad şəhər...
Bir yanda
ağlar
məhəlləsi:
Tanış
balkonu
doğum
evinə göndərməyə hazırlaşır
gecə
serenadası.
Bir yanda
qaralar məhəlləsi:
Milli Qəhrəmanın
xatirə
lövhəsi altında
dilənən qadın duası: -
Yalandı!
Yalandı!
Dünyada
ən şirin şey
Vətən
deyil,
Dünyada
ən şirin şey
İnsandı...
Dünyada
ən şirin şey Vətən deyilsə, dünyada ən
şirin şey insandısa... Qulu ideal insan
modelini yaratmaqdan imtina edir. İnsan aləmi
çeşid-çeşiddir. Və Qulu
bu mürəkkəb insan aləminin seyrçisi deyil, o, insan
hisslərinin, duyğularının sözlə rəsmini
çəkməyə can atır. Onun
şeirlərinin hamısı bütövlükdə
qırıq-qırıq, kəsik-kəsik cizgilərin sərgisidir.
Amma hisslərin, duyğuların rəngi də
çoxçalarlıdır. Vaqif Bəhmənli
dopdoğru yazır ki: "Qulu şeirin çətin yolunu
seçərək zamanın monumental obrazını deyil,
şeirləri kimi körpə anların obrazını
yaradır. Bu, zamanın içindəki insan
deyil, əksinə, insanın içindəki darıxan,
ağrıyan sevən, inanan aldanıb peşman olan
andır".
Qulu
Ağsəs az yazır, son illərdə mən
onun təzə şeirləri ilə rastlaşmamışam.
Səhv etmirəmsə, cəmi iki kitabı
çıxıb: "Sənsən hər yer", bir də
"Nabran novellası". Amma az yazsa da,
Qulunun bu çağacan yazdıqları şeirlər bəs
edir ki, onun şairliyi, şeirlərindəki özünəməxsusluq
barədə söz açaq. Doğrudan da, bu
özünəməxsusluq, fərdi üslubu Qulunu bir şair
kimi səciyyələndirməyə yetərlidir. Bu
misraların müəllifi Quludur ki, o misralarda fikirlə
hissin, ağılla ürəyin ayrılmazlığı dərhal
nəzərə çarpır:
Çırtlayıb
atdığım sözlər
Ürəyinə dəyər birdən.
Ayaq
üstə ölmüşəm ki,
Götürən olmasın yerdən.
Nəfəsim
də çatmır barı
Boğulanda qışqıram.
Mən
indi yaşamaqla yox,
Ölməməklə məşğulam.
Bax indi
ölməyin əsl vaxtıdı,
Dediyin "sevirəm" sözündən ayna.
Və nəhayət,
Qulunun şeirləri içərisində ən çox
xoşladığım bir şeir var. O şeirlə Qulunun əlli
yaşına salam göndərirəm:
Yaşamaq!
-
Dünyanın ən zor işi!
Yaşamaq!
- İrəli
qovaraq keçmişi!
Fəqət
İstəyirəm
əcəl gələndə
Qarşımda heç nə dayanmasın.
Məni
elə çağırsın ki,
Sevgilim
yuxudan oyanmasın...
Bu isə İlham Qəhrəmandır
- yaş altmışdır...
Bu il aprelin 24-də isə istedadlı bir şair
kimi tanıdığım İlham Qəhrəmanın 60
yaşı tamam oldu. Onun şeirlərini həmişə
izləmişəm. İlham hər yeni
şeir kitabı çapdan çıxanda məni unutmur.
Deyim ki, onun şeirləri həmişə mənə
təzə görünüb, çünki İlham Qəhrəman
heç bir şeirində öz-özünü təkrar
etmir.
İlham Qəhrəman indi bizim həsrətlə yad
etdiyimiz Laçında dünyaya gəlib və onun hər
kitabında Laçınla bağlı nisgilləri, həsrəti
ifadə olunur.
Təbii ki, o, içindəki kədəri və
artıq qaysaq bağlamış, yaraya çevrilmiş bu dərdi
elə ifadə edir ki, bu poetik hisslər təkcə onun dərdinə
deyil, bizim dərdimizə də çevrilir. Şairin
hünəri də elə bundadır: əvvəl dərdini
danışanın dərdini dinləyirsən, sonra
özün də o dərdin əsiri olursan.
"Bu
gecə evimiz yadıma düşdü" - deyir İlham və
biz də onunla bahəm xəyalən Laçının Sus kəndindəki
evinə yollanırıq:
Nə
vaxtdı sayırıq günləri, ayı,
Nə
vaxtdı sağ gözüm Zabux çayıdı,
Nə vaxtdı sol gözüm - Həkəri
çayı.
O vaxtdan
boğazım Çayqovuşandı.
Bu da bir
gecədi belə yaşandı, -
Bu gecə evimiz yadıma düşdü.
Nə
yaman uladı yurdda qalan it,
Canavar olajaq sənin balan, it.
Dolan, xəyalımtək
yurdda dolan, it,
Bu gejə evimiz yadıma düşdü.
Gəzdim
dağlarını cığırınacan,
Üzdüm
yollarında çarığımacan,
Qara
danamızın axurunacan -
Bu gecə
evimiz yadıma düşdü...
Bu gecə gözümdən getmədi Laçın.
İlhamın
Laçın həsrəti digər şeirlərində də
beləcə qəmli-qəmli yol gedir: o, Laçın
işğal olunandan ta bugünəcən onu yad etməkdən
yorulmur. Deyir ki: "Dağda kənd, kənddə bağ,
ağacda yuva, Kənd dağda, quşlar da yuvada qaldı"
- bu həsrətin nə ağırlıqda, nə
böyüklükdə olduğu başqa şeirlərində
də nəzərə çarpır. İnsan
üçün evindən, həyətindən, kəndindən,
obasından, dağlarından başlanır Vətən və
indi İlham Qəhrəman da doğma
laçınlılarıtək Vətəndən Vətənə
boylanır. İlk laylasının
çalındığı o evdən, çəmənində,
çölündə gəzdiyi o kəndindən iyirmi ildən
artıq bir zaman ayırır onu və illər keçdikcə
o həsrət qarşısıalınmaz bir məhəbbətə
çevrilir: Əlbəttə, Laçın
dağlarını, o kəndi, o həyəti, o bağları
həsrətlə yad etmək lazımdır və bu həsrət
təbiidir. Amma bu həsrətin bir sonu da olsun gərək...
Fransız yazarı G.Apollinerin bir sözü var: "Ruhən
işğal olunmaq fiziki işğaldan daha dəhşətlidir".
İlham Qəhrəman bir şeirində deyir ki:
"Başımı götürüb çıxacam evdən,
O əsir dağları deyib gedəcəm. Yoluma yeməyə
çörək qoymayın, Yol boyu həsrəti yeyib gedəcəm...
Deyin, ovçulara səhv salmasınlar, Canavar dərisi geyib
gedəcəm". Bax, həsrətin sonu belə
bitəcək. İndi söz kimi deyilir, gün gələcək
"Urra, Laçın!" sədasında...
İlham ruhən ənənəvi şeir üstə
köklənən şairdir, amma maksimum dərəcədə
ənənəvi şeirin şablonlarından qaçır,
həmişə çalışır ki, dediyi sözün
obrazlı ifadəsinə çalışsın. Deyəndə ki:
"Qarabağ alınmadan ölsəm, Başdaşıma həkk
edərsiz: Bir səbət gül-tökülü, Ondan
üstə Bir ağlar göz şəkili" - bu balaca
şeirdə bədii təsvir vasitələrindən
heç biri iştirak etməsə də, şeir bir vəsiyyət
anlamı kimi öz poetik ifadəsini tapır. İndi köhnədən
yazdığı, amma bu kitaba daxil etdiyi "Payıza
qoşulub getməyim gəlir" şeirindən bu
parçaya diqqət yetirək:
Baş
aça bilmədim dünya sirr imiş,
Dünya
ağlamağa yaxşı yer imiş;
Ürək
Xəzər imiş, dərd də Kür imiş -
İlham Qəhrəmanın sevgi şeirləri haqda da
xoş sözlər söyləyə bilərik. Onun son illərdə
yazdığı sevgi şeirlərində cavanlıq eşqi
ilə kamillik yaşının sevgisi qoşalaşır.
Ürəkdə o eşq, o sevda hələ də
yaşayır, eyni zamanda, o sevgiyə nurani bir baxış da əlavə
olunur. Artıq sevginin baharı ilə
payızı arasında məsafə yox olur. Sevgi
iztirablarını indi sevgi haqqında düşüncələr
əvəz edir:
Tanrı
xoş saatında
Məni yadına saldı.
Bundan
gözəl yol varmı
Sevgi ürəyə yoldu.
Təzələndim
- elə bil
Dağlara qar ələndi.
Sevgisiz
olan bəndə
Mürəkkəbsiz qələmdi.
İlhama - bu təbi rəvan şairə
yaradıcılıq uğurları arzulayıram. Bir gün onun
da həsrətində olduğumuz Laçında
görüşərik, deyirəm.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.18.