Söyləməyin bir
yolu
Müsəlmanın dünənində yazıçı
Etimad Başkeçidin
"Min yol mənə
söylər" adlı
kitabını bitirib kənara qoydum. Oxucu vəzifəmi
tamama yetirəndən
sonra əhval-ruhiyyəmdə
qəribə bir yüngüllük, rahatlıq
hiss etdim. Ədəbiyyatın və sözün gücünə olan inamım daha da artdı.
Kitabın əvvəlindən boylanan
"Min yol mənə
söylər" romanı
kitabda yer alan hekayələrə
nisbətən daha ağır, həyati təcrübələrlə daha
zəngin roman təsiri
bağışladı.
Əvvəlcədən onu qeyd edim
ki, müəllifin dili olduqca koloritli,
lakonik və xeyli baməzədir. Hadisələrə
öz baxış bucağından yanaşan
yazıçı "Min yol
mənə söylər"
romanında əsasən
gənclik, tələbəlik
illərində Rusiyada
yaşadığı dövrün
təcrübələrini bölüşür,
həm də bu dövrdən o dövrə güzgü tutmuş olur. Yazıçı 80-ci illərin sonu,
90-cı illərin əvvəlində
sovet ittifaqının
dağılmasını, vətənimizin
paytaxtı hesab etdiyimiz Moskvada baş verən xaotik qarşıdurmaları
və burada onun bir qafqazlı,
qara millətin nümayəndəsi kimi nələr, hansı çətinliklər yaşadığını
göstərir. Digər tərəfdən
isə o, öz mətni ilə ayıq, düşüncəsi
qüvvətli olan oxucunu həmişə inandığı həqiqətə
yenidən inandırır.
Həmin
həqiqət isə bundan ibarətdir. Dünyanın harasında olursa-olsun,
kimliyindən, irqindən,
millətindən və
dinindən asılı
olmayaraq bütün insanlar eynidir. Onların bir-birinə insani münasibəti, bu münasibətlərin davamlılığı
da yalnız hər bir fərdin
təbiətindən, mədəniyyətindən,
dünyagörüşündən asılıdır. "Min
yol mənə söylər" romanının
qəhrəmanı Edikin
qarşılaşdığı adamlar dil, ənənə,
yaşayış etibarilə
ona yad olsalar
da, tanışlıq,
yoldaşlıq, dostluq
münasibətlərində yaxın, hətta doğmadılar. Edikin
ayıltma məntəqəsində
tanış olduğu ölümcül
xəstə Yura və onun yaşlı
anasının öz kədərli talelərinin
fonunda qəhrəmana
olan mehriban, yüz ilin tanışı
kimi isti münasibətin şahidi
oluruq. Bu münasibətin
yaranmasında, təbii
ki, Edikin dünyagörüşü, ədəbiyyatçı,
yazıçı olması,
ailəsindən gördüyü
tərbiyə, başqalarına
qarşı humanist dəyərlərə
dayanan münasibəti
də rol oynayır.
Moskvadan uzaqda yaşayan keçmiş alim Yura Edikin qəribliyinə,
kənar ölkədəki
kimsəsizliyinə nə
qədər kövrəlirsə,
Edik də Yuranın gec-tez amansız xəstəlikdən
dünyasını dəyişəcəyinə
görə bir o qədər əzab çəkir.
Yurayla tanışlığa
qədər qəhrəmanımız
kirayə qaldığı
evin sahibəsi olan yaşlı qarının evindən onun istəyilə getməsi, pulsuz-parasız,
küçələrdə qalacağı halda qarının mənəvi
sakitliyinə qarşı
duyduğu hörmət
hissi Edikin yüksək duyumundan, həssas situasiyalarda başqasının hisslərinə,
duyğularına hörmət
etməsindən xəbər
verir.
Ümumilikdə "Min yol mənə söylər" romanını
yüksək dəyərlərlə
yazılmış ən
maraqlı ədəbi
nümunələrimizdən biri hesab etmək
olar.
Son illər az
qala hər gün gördüyümüz,
yaşadığımız məişət əhvalatları
rəngarəng, fərqli
dil məziyyətləri
kitabdakı dörd hekayə vasitəsilə oxucuya təqdim olunur. Hər hekayə adi
məişət qayğılarından
başlanır və özündə olduqca dəyərli həyat faktlarını, hadisələrini
ehtiva edir.
"Devri-aləm və
bir gün" hekayəsinin qəhrəmanı
da yazıçıdır. Onun daxili
səsi ilə ironik zarafatları, öcəşmələri oxucunu
ara-sıra pıqqıltı
ilə gülməyə,
sonra isə müəlliflə bərabər
özünü yığışdırmağa
sövq edir. Müəllif oxucusunu heç
bir ağır həyat hadisəsinin, faciəsinin təsiri altına salmadan hər gün tez-tez rastlaşdığımız
gündəlik əhvalatları
sadə və rəvan dillə təqdim edir.
Oxucu dayanacaqda
iki avtobus ötürən, basabas ucbatından yolda qalan, baş verənləri isə yüngülvari, gündəlik
qayğı kimi qəbul edən qəhrəmanla birlikdə
öz həyatına da ötəri nəzər salır.
Az qala hər gün metroda, yolda, avtobusda qarşılaşdığımız
insan aqressivliyinin fonunda Etimad Başkeçidin qəhrəmanı
olduqca səbrli, sayğılı, hətta
nümunəvidir.
Edik adlı qəhrəmanını
romandan hekayəyə
ötürməsi, loru
dildə desək, kitab boyu gəzdirməsi
tanış üsul olsa belə, Etimad Başkeçidin üslubunda
olduqca cəlbedici alınıb. Bu baxımdan
oxucu "Min yol mənə söylər"
romanındakı Edikin
"Veyil dərəsi"
hekayəsində hansı
sərgüzəştlər yaşayacağını maraqla
gözləyir.
Edik bu dəfə də rusdillilərin əhatəsindədir. O, yaşadığı
bölgəni gözdən
iraq yer
hesab edərək özü kimi orda yaşayan insanların çıxılmaz
talelərini əks etdirir. Bu şəhərdə
insanlar yerin altında işləyir, ömürlərinin böyük
qismini qaranlıq qazmalarda keçirirlər.
Həyat
şərtləri, çörəkpulu
ehtiyacı, yaşamaq
onlardan bunu tələb edir. Torpağın altında işləyən
şəhər sakinləri,
sanki yerin dəlmə-deşiklərində yaşayan siçovulları
qəzəbləndirirlər. Şəhəri başına götürmüş
iri sümüklü,
yağlı siçovulların
evlərə, insanlara,
sanki insanlar yerin altına, gəmiricilər isə üstünə tövrü
ilə hücum edirlər.
Edikin işlədiyi
qəzetin redaktoru Pavel baş verənləri Kamyunun
"Taun" romanı
ilə eyniləşdirməyə
çalışsa da,
müəllif özü
bu fikirdən çox-çox uzaqdır. O, taunu başqa yerlərdə, nəsnələrdə, xəstə
təfəkkürlərdə axtarır. Və təəssüf ki, yazıçı intuisiyası onu aldatmır. Müəllif öz axtarışlarının
məyusedici nəticələrini
görür.
Edik Pavellə
getdiyi kənddə siçovulları ac saxlamaqla
bir-birini yeməyə
məcbur edilməsini
və bunun gəmiricilərin ən asan yolla məhv
olunmasını hesab edən insanlara qarşı ikrah hissi duyur, iyrənir,
taunun onların qəlbinə yeriməsindən
insan kimi xəcalət çəkir. Bu xəcalətdən, iyrənmədən
xilas olmanın isə bircə yolu var. O da geriyə, doğma vətənə qayıtmaqdır.
Orada onu katarsis gözləyir.
Etimad Başkeçidin
sonuncu hekayəsi
"Velosiped" olduqca
həzin və doğma xatirələrə
sığınaraq yazılmış
hekayədir. Həmin hekayəni oxuyan zaman oxucu özünü
bir az
Əkrəm Əylisli,
bir az İsi
Məlikzadə, bir azca da Saday
Budaqlı yaradıcılığına
tərəf yavuqlaşan
görür.
Müəllim işləyən ata oğluna velosiped almamaqda israrlıdır. Çünki o, hələ balacadır, uşaqdır. Dərslərindən yayına bilər. Amma oğlan inadkardır.
Öz inadını yerinə yetirməyin yollarını
əmisi Məmiş ona müəyyən fəndlərlə başa
salsa da, ata bundan dərhal duyuq düşür.
Beləcə balaca Mehdi oturub boyunun çıxmasını, heç
olmasa yay tətilinin ötməsini
gözləməlidir.
Anasının həkimə getməsi,
atasının onu Məmiş əminin avtomobili
ilə həkimə aparmasının şahidi
olan Mehdi və hekayənin nəqlçisi digər qardaş yolboyu əminin onların anasını xəstəxanaya
aparmaq üçün
atalarından aldığı
iyirmi beş manata görə təəssüf hissi keçirirlər. Onların uşaq
qəlbi əmidən
incik düşür.
Hər ikisinin gözündə dəlisov,
maraqlı, müasir baxışlı əmi birdən-birə doğma qardaşından pul qoparan mənfəətpərəst
adam təsiri
bağışlayır. Gecənin
qaranlığında əmiləri
ilə geri qayıdan uşaqlar yolda subaşına çıxmaq üçün
avtomobildən düşəndə
Mehdinin yol kənarından tapdığı
təptəzə, yağ içində
olan iyirmi beş manatlıq velosipedi oxucunu məsələdən agah
edir. Əminin atadan "qopardığı"
pulun hansı arzuya xidmət etdiyini anlayır.
Etimad Başkeçid gəncliyinə
tuş gələn dövrün ab-havasını,
insanların həmin dövrə uyğun olaraq bir-birinə münasibətini, ən əsası isə qəhrəmanları vasitəsilə
insanın istənilən
şəraitdə insanlığını,
mənəviyyatını qoruyub
saxlaya bilmək bacarığını "Min yol mənə söylər" kitabı
vasitəsilə çatdırmağa
müvəffəq olur.
Bu isə ədəbiyyatın
boynuna atılan missiya yox, yazıçı
qəlbinin hələ
biz oxuculara min yol söylədiklərindən biri,
bəlkə də, birincisidir.
May 2019
Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2019.- 4
may.- S.15.