Tənqidçi Əsəd Cahangirə cavab  

 

Hörmətli Əsəd Cahangir!

Böyük demokrat ədib Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestinin gürcü yazıçısı Yekaterina Qabaşvilinin "Maqdananın Lurcası" hekayəsindən təsirlənib-təsirlənməməsi barədə saytlarda yayımladığınız yazınızı oxudum. Xeyli dərəcədə sərt yazmanıza baxmayaraq, nəticə etibarilə fərqli mövqedə olduğunuzu hər kəs bildi. Burada heç bir narahatçılığa əsas yoxdur. Hər hansı bir yazıçı, bədii əsər, obraz haqqında fərqli fikirdə olmaq normal bir haldır, bir çox hallarda elmi fikrin inkişafına xidmət edir. Qoy digər tədqiqatçılar, maraqlı olan oxucular, tədris işi ilə məşğul olan müəllimlər meydanda iki fikrin, bəlkə də, daha çox fərqli mövqenin olduğunu görüb, özləri üçün ortaq nəticə çıxarsınlar. Mənim Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərinin orijinal əsər olduğunu deməkdə hansı "günah" işlətdiyimi hər kəs necə istəyirsə yozsun. Bu, bir elm adamı, tədqiqatçı kimi mənim mövqeyimdir. Ona görə də sizə cavab yazmaya da bilərdim. Ancaq siz "Danabaş kəndinin əhvalatları" əsərinin ətrafında qaldırılan məsələ haqqında mənə məktubla müraciət etdiyiniz üçün həmin janrın tələbinə görə, sizi cavabsız qoymağın doğru olmadığını düşündüm.

Əvvəla, onu deyim ki, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestinin orijinal bədii əsər olduğunu düşünən tək mən deyiləm. Son yüz ildə Cəlil Məmmədquluzadədən və "Əhvalatlar" povestindən yazan elə bir tədqiqatçı tanımıram ki, bu povestin hər hansı yazıçının təsiri ilə yazıldığını qeyd etmiş olsun. Həyatının böyük bir hissəsi Gürcüstanda  - Tiflisdə, "Molla Nəsrəddin" mühitində keçmiş, Azərbaycan-gürcü ədəbi əlaqələrinə dərindən bələd olan, XX əsrin əvvəllərində yaşayıb-yaradan gürcü yazıçılarını şəxsən tanıyan Cəlil Məmmədquluzadə irsinin görkəmli tədqiqatçısı, professor Əziz Şərif (1895-1988) "Danabaş kəndinin əhvalatları" əsərini istedadlı bir qələm sahibinin bənzərsiz bədii  əsəri kimi qiymətləndirmişdir. Eyni zamanda, Azərbaycan-gürcü ədəbi əlaqələrinə Azərbaycanın maraqları ilə yanaşan Dilarə Əliyeva, ədəbi əlaqələrimizə Gürcüstan tərəfdən işıq salan Leyla Eradze "Danabaş kəndinin əhvalatları" əsərində hər hansı ədəbi təsir haqqında bir kəlmə belə yazmamışlar. "Danabaş kəndinin əhvalatları" povestinin yazıçı müşahidəsinin nəticəsində yaranmış orijinal bədii əsər olması isə Cəlil Məmmədquluzadənin bütün tədqiqatçıları: Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev, Abbas Zamanov, Yaşar Qarayev, Əli Sultanlı, Əziz Mirəhmədov, Firidun Hüseynov, Xalid Əlimirzəyev və başqaları tərəfindən dönə-dönə qeyd edilmişdir. Hətta Yasif Nəsirli "Danabaş kəndinin əhvalatları" povestinin əsas yer tutduğu "Cəlil Məmmədquluzadə və köhnə kənd" mövzusunda yazdığı, mənə görə qiymətli bir tədqiqat əsəri olan namizədlik dissertasiyasında bu əsərin cavan yazıçının həyati müşahidələri, görüb-tanıdığı insanların taleyinin ümumiləşdirilməsi vasitəsilə yazıldığını elmi cəhətdən əsaslandırmışdır.

İkincisi, mənim fikrimcə, Cəlil Məmmədquluzadənin konkret olaraq gürcü yazıçısı Yekaterina Qabaşvilinin "Maqdananın Lurcası" hekayəsindən təsirlənməsi, sadəcə, mümkün deyildi. Aşağıdakı səbəblərdən:

1.Yekaterina Qabaşvilinin "Maqdananın Lurcası" hekayəsi 1892-ci ildə gürcü dilində yazılmışdır. Cəlil Məmmədquluzadənin təhsil aldığı Qori Müəllimlər Seminariyasında isə dərslər yalnız rus dilində tədris olunurdu. Burada nəinki gürcü dili öyrədilmir, hətta ana dilində danışan tələbələrə direktorluq tərəfindən cəza verilirdi. Firidun bəy Köçərli, Üzeyir Hacıbəyov və başqaları dərsdənkənar vaxtlarda Azərbaycan dilində danışdıqları üçün onlara yazılı surətdə töhmət elan olunmuşdu. Cəlil Məmmədquluzadə gürcü dilini bilmədiyi üçün Yekaterina Qabaşvilinin hekayəsini oxumaq imkanına malik deyldi.

2. Cəlil Məmmədquluzadənin Qori Müəllimlər Seminariyasında oxuyarkən sizin yazdığınız kimi, nəinki burada doğulan və ya yaşayan Yekaterina Qabaşvili, hətta hər hansı bir digər yazıçı ilə tanış olması, yaxud da onun əsərini əldə edib oxuması mümkün olmazdı. Bilmək lazımdır ki, Qori Müəllimlər Seminariyası qapalı tədris müəssisəsi idi. Burada təhsil alanların seminariya ərazisindən kənara çıxması yalnız ən zəruri hallarda iki-üç saatlığa xüsusi icazə ilə həyata keçirilir, ya da müəllimlərin müşayiəti ilə təşkil olunan ekskursiyalar, mədəni-kütləvi tədbirlər vasitəsilə baş tuta bilirdi. Seminariya rəhbərliyinin icazəsi olmadan nadir hallarda şəhərə çıxan müdavimlər cəza tədbirləri ilə üzləşməli olmuşlar. Məsələn, buraxılış vərəqi olmadan şəhərə çıxdıqlarına görə pedaqoji şuranın 10 sentyabr 1885-ci il tarixli iclasının qərarı ilə müdavimlərdən İsmayıl Qayıbov, Məmmədhüseyn Əfəndiyev və Məmməd Fərzəlibəyov seminariyadan çıxarılmışlar. (Bax: Gürcüstan Xalq Maarifi Muzeyi, Qori Seminariyası pedaqoji şura iclaslarının protokolları. Qovluq-224, vərəq 2). Cəlil Məmmədquluzadə də seminariyada təhsil alarkən tələbə yoldaşları Həsənbəyov, Abaşidze, Qayıbov, Şəfibəyovla birlikdə 16 yanvar 1887-ci ildə Qori şəhərindəki konsertdən cəmi bir saat gec qayıtdıqlarına görə töhmətlə cəzalandırılmışlar. (Göstərilən arxiv. Qovluq 222, vərəq 91). Onunla birlikdə seminariyada təhsil alan Əbülqasım Sultanov bu hadisəni kinayə ilə "əsl konsert" kimi qiymətləndirmişdir. Belə sərt rejim çərçivəsində seminaristlərin, o cümlədən Cəlil Məmmədquluzadənin Qori şəhərindəki ədəbi mühitlə, yaradıcı qüvvələrlə hər hansı bir əlaqə yaratması çox müşkül məsələ idi.

3. Qori Müəllimlər Seminariyasının kitabxanasında yalnız rus dilində çap olunmuş kitablar var idi. Mövcud siyahılardan görünür ki, burada seminariyada tədris olunan ilahiyyat dərslərinə dair cüzi kitablardan başqa, Zaqafqaziya xalqlarının dillərində kitablar saxlanılmamış, hətta rus dilində olan kitablardan hansının oxunub-oxunmaması barədə müvafiq qaydalar tətbiq edilmişdir. Məsələn, Cəlil Məmmədquluzadənin təhsil aldığı dövrdə seminariyanın direktoru S.N.Streletskinin sədrliyi ilə keçən pedaqoji şuranın 27 oktyabr 1886-cı il tarixli iclasında "Boris və Qleb haqqında dastan", Nikolay Qoqolun "Müfəttiş" komediyası, Qriboyedovun "Ağıldan bəla" faciəsi "dərsdə çox vaxt aparması" bəhanəsi ilə proqramdan çıxarılmışdır. Sənədlərdə bu zaman seminaristlərin oxuduqları əsərlər sırasında İvan Krılovun təmsilləri, Aleksandr Puşkinin əsərləri, Nikolay Qoqolun "Taras Bulba", "Saroçin yarmarkası", Lev Tolstoyun "Sevastopol hekayələri" kimi bədii nümunələr üstünlük təşkil etdiyi qeyd edilmişdir. Reallıq belə olduğu halda Cəlil Məmmədquluzadə, yaxud digər bir seminarist Yekaterina Qabaşvilini və ya daha məşhur bir gürcü yazıçısını haradan tanıya, onun əsərini necə oxuya bilərdi?

4. Yekaterina Qabaşvilinin "Maqdananın Lurcası" hekayəsini yazdığı 1892-ci ildə Cəlil Məmmədquluzadə Qoridə yox, Gürcüstandan çox uzaqda - Azərbaycanda, Naxçıvan mahalının Nehrəm kəndində məktəb nəzarətçisi vəzifəsində çalışırdı. O, artıq 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, əvvəlcə Uluxanlı və Baş Noraşendə, 15 yanvar 1890-cı ildən isə Nehrəm kəndində pedaqoji fəaliyyətlə məşğul idi. O vaxt gürcü ədəbiyyatı nümunələrinin Naxçıvana, Nehrəm kəndinə gəlib çatması çox çətin ki, mümkün ola idi. Hər halda indiyədək belə bir fakta heç bir mənbədə rast gəlinməyib.

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun fondlarında saxlanan, Həmidə xanım Məmmədquluzadə tərəfindən tərtib olunmuş Cəlil Məmmədquluzadənin şəxsi kitabxanasının siyahısında da Yekaterina Qabaşvilinin adı yoxdur.

Bütün bunlara görə biz Cəlil Məmmədquluzadənin Yekaterina Qabaşvilinin yaradıcılığından təsirlənməsini mümkünsüz hesab edirik. Cəlil Məmmədquluzadə tanımadığı yazıçıdan, oxumadığı əsərdən necə təsirlənə bilərdi?

Bizim fikrimizcə, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti ilə Yekaterina Qabaşvilinin "Maqdananın Lurcası" hekayəsi arasındakı süjet oxşarlığı təsadüfi səsləşmədən başqa bir şey deyildir. Ədəbiyyat nəzəriyyəsində buna tipoloji oxşarlıq da deyilir. Eyni tarixi epoxada, yaxın coğrafiyada yaşayan yazıçıların bir-birindən xəbərsiz dövrün meydana çıxardığı suallara, sosial sifarişlərə, bənzər talelərə və süjetlərə əsaslanan əsərlər yazmasına dair çoxlu sayda faktlar göstərmək mümkündür. Məqaləmizdə və müsahibəmizdə bildirdiyimiz kimi, dünya ədəbiyyatında eşşəyinin, itinin, pişiyinin, pulunun, övladının... itməsi və tapılması süjeti əsasında yazılmış onlarla başqa əsərlər də mövcuddur. Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povesti ilə Yekaterina Qabaşvilinin "Maqdananın Lurcası" hekayəsi arasındakı  süjet oxşarlığı zahiri xarakter daşıyır. Ona görə də biz bu fikirdəyik ki, "Danabaş kəndinin əhvalatları" ilə Yekaterina Qabaşvilinin "Maqdananın Lurcası" hekayəsindəki süjet oxşarlığı da tiploji bənzərlik hadisəsidir. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında əhəmiyyətli hadisə olan özünün məşhur "Əhvalatları" yaratmışdır. Təsadüfi deyildir ki, ədəbiyyatşünaslıq elmində bu əsərdən yeni nəsrin proqramı kimi bəhs edilir.

Zamanın sosial sifariş kimi meydana çıxardığı oxşar taleli əsərlər xüsusi bir istifadə faktı olarsa, bunu sənədlər və mənbələr təsdiq etməlidir. Heç bir mənbə göstərmədən, əsaslı sənədə-fakta söykənmədən ümumi mülahizələrlə təsirlənmədən danışmaq qeyri-elmi söhbətdir. Bu, "Danabaş kəndinin əhvalatları" povestinın orijinal sənət əsəri olması haqqında mənim gəldiyim qənaətdir.  Sizin də hər hansı bir fərqli mövqedə qalmağınızı heç kəs qadağan etmir.

Müşahidələr göstərir ki, Cəlil Məmmədquluzadə özü də dünya və Azərbaycan ədəbiyyatından öyrənməyə, yaradıcı şəkildə istifadə etməyə, yaxşı mənada təsirlənməyə normal yanaşmışdır. Siz inkar etsəniz də, biz "Cəlil Məmmədquluzadəyə yenidən qayıdış: imtina, yoxsa zərurət" adlı məqaləmizdə ("Ədəbiyyat qəzeti", 13 aprel 2019-cu il) və eyni məzmunlu müsahibəmizdə Cəlil Məmmədquluzadənin oxuduğu ədəbiyyatlardan təsirləndiyini, öyrəndiyini, yaradıcı şəkildə istifadə etdiyini xüsusi olaraq aşağıdakı kimi qeyd etmişik: "Böyük ədib əsərlərində mövzusunun başqa müəlliflərdən aldığı məqamlarda bunu etiraf etməyi həmişə özünə borc bilmişdir. Onun müxtəlif vaxtlarda Sokratdan, Nikolay Qoqoldan, Con Stüart Mildən bəhrələnməsi haqqındakı etirafları bunun sübutudur". Əlavə olaraq deyək ki, "Qurbanəli bəy" hekayəsinin əvvəlində verilmiş "Allah sənə rəhmət eləsin, Qoqol" epiqrafı da həmin qəbildən olan səmimi etiraf faktıdır.

Cəlil Məmmədquluzadənin öyrəndiklərinə görə minnətdarlıq duyğularını və etiraflarını bildirən daha başqa faktlar da göstərmək mümkündür. Cəlil Məmmədquluzadə "ustadi-əziz" deyə yüksək qiymət verdiyi Mirzə Fətəli Axundzadənin, məslək qardaşı olan Eynəli bəy Sultanovun onun ədəbi taleyində xüsusi yer tutduğunu dərin səmimiyyətlə nəzərə çarpdırmışdır. Mirzə Cəlilin 13 iyul 1925-ci ildə müasiri Eynəli bəy Sultanova yazdığı məktubdakı aşağıdakı sətirlər onun təsirləndiyi, öyrəndiyi, faydalandığı şəxsiyyətlərə nə qədər minnətdar olduğunu təsəvvür etmək üçün çox səciyyəvidir: "O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım".

Cəlil Məmmədquluzadə dünya ədəbiyyatına, müasirlərinin əsərlərinə yaradıcı münasibət bəsləmiş, onlardan öyrənmiş, lakin heç bir yazıçını təkrar etməyərək böyük istedadı ilə orijinal əsərlər yazaraq ədəbiyyatımızı irəli aparmağa şərəflə xidmət etmişdir. Sonrakı ədəbi nəsillər də yaradıcı şəkildə Cəlil Məmmədquluzadədən bəhrələnmiş, ona öz əlavələrini edərək yeni ədəbiyyat yaratmağa müvəffəq olmuşlar. Ədəbi ənənə ilə müasirlik və novatorluğun sintezi ədəbiyyatın əzəli qanunauyğunluqlarındandır.

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.12.