Zəncirlərdən xilas edilmiş Prometey

 

 

Zənnimcə, baş qaldıran qüvvə olmayınca, ilahilikdə nəsə çatışmır.                                                                                                 

Lukian. "Prometey Qafqazda"

 

PrometeyZevs arasındakı münasibətlər məni həmişə düşündürüb. Prometey insanlara azadlıq, müdriklik bəxş etmək istəyirdi. İnsanlara azadlıq və düşünmə bacarığı vermək nə üçün Zevsi qane etmirdi? Burada bir neçə ciddi sual yaranır. Ona görə ciddi sual deyirəm ki, bu suallara cavab tapmaq çətindir. Bəzən insan uzun müddət bu suallara cavab axtarsa da  tapa bilmir. Ancaq bu suallara cavab axtarmaqdan imtina etdikdə bəzən cavab özü insanı tapır. Zevs Prometeyə nəyə görə qəzəblənmişdi? Həqiqətənmi Zevsin qəzəbinin səbəbi Prometeyin odu oğurlayıb insanlara verməsi idi? Axı Prometey görürdü ki, insanların ehtiyacları var. Prometey insanların dostu idi, onların müdrikləşməsini, səadət içində yaşamasını istəyirdi. Bəs Zevs istəyirdi? İlkin məqamda biz düşünə bilərik ki, Zevs bəşəriyyətin öz imkanları hesabına inkişafını istəyir.

Bu mifoloji məqamlara qiymət vermək üçün Esxilin "Zəncirlənmiş Prometey" əsərinə müraciət etmək lazımdır. Prometey anası Femidanın məsləhəti ilə hakimiyyətə gəlməkdə Zevsə kömək edir. Ancaq Zevs hakimiyyətə gəldikdən sonra ədalətsiz qərarlar verir. Zevsin bu davranışları Prometeyi narahat edir, o, Zevsə dəstək olmaqdan imtina edir. Əksinə, Zevsə qarşı açıq mübarizəyə başlayır.

Prometeyin insanlara odu bəxş etməsi Zevsi qəzəbləndirir. İnsanlar soyuq havaya da öyrəşməli,  həyatın enişini-yoxuşunu görməli idilər. Əslində, Zevsi narahat edən məqam odun oğurlanması deyildi. Prometey insanlar arasında biliyi, düşünməyi, öyrənməyi təbliğ edirdi. Eyni vəziyyətə "İncil"də baxsaq Adəmin Həvvanın sözünə aldanaraq alma oğurlamasına nəzər yetirsək təqribən eyni nəticəni alarıq. Ağacdakı alma, əslində, zəka idi. Adəm təbiətdən məhz bilgini oğurlamışdı. Tanrısa bilirdi ki, bilgi bəşər övladına heç vaxt səadət gətirməyəcək, əksinə, onları əbədi kədərə məhkum edəcək. Bəlkə Zevs insanların bilik əldə etməsinə bu səbəbə görə qəzəblənmişdi?

Eyni hadisələri müasir dövrümüzə uyğunlaşdırsaq, paralel təhlillər aparsaq maraqlı nəticələrə gələcəyik. Bu gün texnologiyanın sürətli inkişafı insanlara vaxta enerjiyə qənaət etmək imkanı verir. Ancaq insanlar rahatdılarmı? Əlbəttə ki, rahat deyillər, əksinə, narahatlıq hər addımda onları təqib edir. Odun kəşfi insanlara enerjiyə zamana qənaət etmə imkanı vermişdi. Axı tarix sübut edib ki, insan öz yaratdıqlarına məğlub olur. Babalarımız 200 km yolu piyada bir neçə günə gedirdilər. Ancaq indi biz 200 km yolu 1,5-2 saata maşınla gedə bilirik. Babalarımız 200 km yolu piyada bir neçə günə getsələr , 80-90 il yaşayırdılar. Biz isə zamana enerjimizə qənaət etmə fürsətlərinə sahib olduğumuz halda 80-90 il yaşaya bilmirik.

Bu günümüzdə od sürətlə inkişaf edən texnologiyadır. İndi Prometey bizə od əvəzinə nanotexnologiya bəxş edir. İndi Zevs böyük miqyaslı kapitalist olduğu üçün Prometeyi cəhənnəmə göndərmir. indi mən bu yazını texnoloq Prometeyin bəxş etdiyi noutbukda yazdığım üçün Prometeyin zəncirlərini qırıb ona azadlıq vermək istəyirəm. Məncə, Tanrıların sirrini  insanlara demədiyi müddətcə onun azadlıq hüququna toxunmamaq olar. Axı Prometey həm tanrıların sirrini bilirdi. Yəqin ki, cəhənnəmə məhkum olunmağının səbəbi tanrıların sirrini bilməsi idi. Yəqin, Zevs elə bunu isbat etmək istəyirdi ki, düşünən insanın başı həmişə bəladadır. O, hansısa sirlərə vaqif olduğu üçün daxili sakitliyini, rahatlığını həmişəlik itirir. Elə Dostoyevski bunu deyirdi: "Hər şeyi başa düşürəm yaşamaq dözülməz hala çevrilir".

Zaman şərtlər o qədər dəyişib ki, indi biz mifologiya haqqında oxumadan, öyrənmədən yaşaya bilərik. Ancaq sənət adamı Qədim Yunan mifologiyasını, Antik Roma incəsənətini mütləq oxumalı, öyrənməlidir. İndi biz öz dövrümüzün Prometeyləriyik. Sadəcə, zəncirləri qırılmış Prometeylərik. Zəncirlərimizsə bizdən öncəki Prometeylərin sayəsində qırılıb.

 

Nicat Həşimzadə

 

Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.11.