Səfəvi butası
hekayə
İsmayıl həmin, al-qırmızı rəngli
butanı babası Şeyx Cüneydin başında
görmüşdü. Uşaq ağlı ilə onu canı qədər
sevdiyi mömin adama günəşin hədiyyəsi hesab eləmişdi.
İmkanları olsa da, həmin yaşına qədər
babası Şeyx Cüneyd də, atası Şeyx Heydər də
müəllim tutmağa bir ehtiyac görməmişdi. Halbuki, bəziləri
bu sahədə onların bir-iki sənə də gecikdiklərini
söyləyirdi. Uşaqların zehninin
açılmağa başladığı vaxtdan onların
dünya ilə tanışlıqları üçün
elmin çeşidli sahələrinin uzmanı müəllimlərin,
həmin dünyada özünü müdafiə edə bilməyi
üçün cəngavərlərin təliminə
ehtiyacı hava və su kimi hesab edirdi.
Həmin sahədə fikirləri üst-üstə
düşən ata, bala nəvələrinə,
oğullarına ilk təlimi özləri verməyi qərarlaşdırmışdı. Şeyx
Cüneyd hesab edirdi ki, uşağı həyata ayaq və dil
açandan sonra ciddi nəzarətdə saxlamaq lazımdı.
Hansı sahəyə meyil və
marağını bildikdən sonra təlimlərini həmin
yönə yönəltmək gərəkdi. Şeyx Heydər uşaqlara erkən yaşından cəngavərlik
təlimini, bir növ, oyunbazlığa bənzədirdi.
Onları, ilk növbədə, içinə
düşdükləri həyatla tanış
etməyə üstünlük verirdi. Yəni
uşağı ova alışdırmaq, çayların,
dağların yalmanına qalxa bilməyi öyrətmək
istəyirdi. Onlar ilkin qarşılarına
çıxan həyat çətinliklərinə sinə gərə
bilməli idi.
Bu cür
təlim sonrası yeddiyaşlı İsmayıl baba hesabı
əvvəl-əvvəl özüylə tanış
da bilmişdi (yəni hansı xalqın övladı
olduğunu öyrənmiş, onun illər boyu
topladığı mənəvi sərvətlərlə
tanışlığına başlamışdı. Atalar sözlərindən başlayıb,
nağılların, dastanların yalmanına
yatmışdı).
Atası onu balıq, quş ovu zamanı çaylarda
balıq kimi üzməyi, dağlarda qartal kimi süzməyi
öyrətməyə çalışmışdı. İsmayıl
təbiətə ayaqaçdısı zamanı ətrafdakı
güllərlə, otlarla, ağaclarla, qurdlarla, quşlarla da
tanışlığına başlamışdı.
Şeyx
Cüneyd hikmətli kəlmələr sonrası nəvəsinin
qulaqlarında onun (və bəşərin) ən böyük
qazancı olan insanlığı sırğa etməyə
çalışmışdı:
- Rəbbimiz
bizə şüuru bəxş edib ki, onun yaratdığı
dünyanın adil və qadir sahibinə çevrilək. Ətrafımızdakı yaratdığı
canlılara da sahib duraq, dünyanı ağılla tənzimləyib
cızığından çıxmağa qoymayaq.
İnsan - şüuruyla (rəhmi və ədalətilə)
bu ilahi ada sahib ola bilər. Onu itirsə əlləri
caynağa çevrilər, ram edə bilmədiyimiz
yalquzaqlardan bir fərqi ola bilməz.
Şeyx Heydər bütün yaranışların
bir-biriylə əlaqəli olduğunu, bir-birinin işini tənzimlədiyini
söyləyirdi. Əbəs yaradılışın
olmadığını İsmayıla anladırdı. Dünyanı dərki sonrakı insan əvvəl
varlığına, sonra da varlığa hakim olmağa
çalışmalıdı. Ən
çətin anında kimsələrdən kömək
gözləmirdi. Çətinliklər
insanlar üçün sınaqlardı. Onları
dəf etməyi bacarmalıdı. Düşdüyü
qəfəs içrə, aldığı nəfəs surəsi
özü öz təbibinə çevrilməlidi. Çünki varlığı üçün ətrafındakı
varlıqda bütün dərdlərin əlacı
mövcuddu.
Babası günlərin bir günü sevimli nəvəsinin
şəkil çəkdiyinin, günlərin
başqasındasa şeir yazdığının şahidi
olmuşdu. Rəsm sənətinə uşağın ilk həmləsi
yazağzı laləli bir çəməndən
döndükləri zaman baş vermişdi. Elə ilk dəfədə baharvari coşqun hissləri
lalə "bitirə" bilmişdi. Şeiri
də (yəni hələlik bir-birinə uyuşmayan
misraları da qonşudakı özündən bir-iki bayram
böyük qıza baxdıqdan sonra həmin sənətin
sapına düzülmək istəmişdi. Uşağın hər iki təşəbbüsü
mavigöy qübbəsi altında saç-saqqal
ağartmış Şeyxin ürəyincə olmuşdu.
Nəvəsinin hisslərinin atlandığına
sevinmiş, onların gec-tez şahə qalxacağına
inanmışdı. Şeyx Cüneydə
görə, məhəbbət insanla bərabər doğulur.
Bunu Allah-Taala tərəfindən verilmiş
müqəddəs əmanət də hesab etmək olar. Onun qədrini bilənlər, cisimlərində ilahi
varlıq kimi böyütməyi bacaranlar, zirvələri fəth
edə bilərlər.
...Günlərin
başqa bir günündəsə atası Şeyx Heydər
oğlunun oxşarsız bir tərəfini görə bildi. O,
ətrafında gördüklərinə öz ağlı və
təfəkkürü ilə yeni ad verməyə
çalışırdı. Bağçalarındakı
çeşmə ətrafındakı söyüd və ondan
azca aralıdakı qızılsinab alma
ağacı arasında dayanmış İsmayıl
atasının gözləmədiyi kəlmələri ona
tuşlayası olmuşdu:
- Ata,
bunların hər ikisinə niyə ağac söyləyirlər.
Bəs, başqa nə ad verilə bilər?
- Məncə,
meyvələrə, bəhrəsi yığılanlara
yığac, söyüd kimilərinə ağac söyləmək
olar.
- Onda
özün Dədə Qorqud səviyyəsinə çatanda
öz meydanını açarsan, ayrana doyran, gəlinə
ayran kimi yeni deyimlərini yaradarsan. Xalqın
dilinə, ağlına yatıra bilsən, dönüb Dədə
İsmayıl olarsan.
Həmişə əlləri zərli əbası altda
gizlənən Şeyx Heydər bu dəfə onların birilə
oğlunun başını sığallayası olmuşdu. İsmayıla elə gəlmişdi
ki, atasının əli hər dəfə
varlığından qılınc kimi sıyrılır... Bütün bunlar, bəlkə də,
varlığındakı döyükən ruhdan gəlirdi.
Öz əqidəsi uğrunda vuruşmağa, həmin
uğurda şəhid olmağa illər boyu
hazırlaşdığından özü-özündən
xəbərsiz qızılbaş qılıncına,
varlığı da onun qınına çevrilmişdi.
İlk qızılbaş cəngavəri, əslində
İsmayılın babası Şeyx Cüneyid idi. Bəlkə də,
oğlunu bir tək o şanlı əqidələrinin iti qılıncı
kimi görə bilir, belə övlad yetirdiyinə görə
qürurlanırdı. Və onu
başlarına toplaya biləcəkləri qızılbaş
ordusuna örnək hesab edirdi.
Şeyx Cüneydin varlığı elə bil ilahi nurdan
yoğrulmuşdu. Həmin nur bir an olsa
parıltısını itirməyib, nurani sifətindən bərq
vururdu. Həmin nur zaman-zaman
düşündükdən sonra, həmin müqəddəs
adamın ürəyini qızılbaşlığına
döndərmişdi. Bu içinə
düşdüyü cahanı ağlı, dərrakəsi ilə
ucala bildiyi bir zirvədən həm görə, həm dərk
edə bilən adamı həmin əqidəyə əzanı
ilə oyandıqları, namazı ilə əlləri, uca
Allahda əyilib qalxdıqları müqəddəs dinlərinin
başı üstə uçan yad, qara
"çalağanlar" gətirmişdi. Həmin
"çalağanlar" öz din casuslarını müsəlmanlar
arasına salıb onları sünni və şiəyə
çevirə bilmişdir. Halbuki, Rəsulillahları
bir din və iman sahibi olmuş müsəlmanlarını həmin
yeganə din və imanın yolçusu etməyə
çalışmışdı.
Şeyx Cüneyd öz qızılbaşlıq əqidəsi
ilə həmin yeganə din və imana qayıdışı
mümkün hesab edirdi. Onu həzrət peyğəmbərin
özünün imanı hesab edib, həmin yolda savaşa
hazırlaşırdı. Şeyx
Cüneyd bunu sünni və şiə davası hesab etmirdi.
Sünni və şiələrin bir imanda birləşib
nifrət kamanlarının oxlarını yad
çalağanlara tuşlaya bilməsi sayırdı.
İsmayıl
bütün uşaqlar kimi, babasına daha çox mehr və məhəbbət
salırdı. Onun gözü və
sözünün nuruyla ürəyini qızdırır,
gözü və zəkasını
işıqlandırmağa çalışırdı.
İsmayılın ən böyük
bayramları babasıyla təbiət qoynuna səfərləri
olurdu. Belə yürüşlərində
o, babasını həm kənardan necə var elə görə
bilir, həm də ünsiyyətləri zamanı neçə
mənzil yaxınlaşmağı bacarırdı.
Elə bil təbiət də həmin nur
parçasının bütün canlılarıyla yolunu bərabər
gözləyirdi.
Çiçəklər kəpənək, kəpənəklər
quş olub onun əllərinə qonmağa
çalışırdı. Quraq yerlər dil
çıxarıb ondan su, səfərdən qalmış
qanadı qırıq quşlar əlac istəyirdi.
Baba-nəvə söhbətləri zamanı biri
bağbana, o biri də onun fidanına çevrilirdi. Və hər
dəfə, həmin səfərlərdə çöllərin
neçə qönçələri sayağı
İsmayılın arzu və diləkləri
açılırdı.
Nəvəsinin gözlərinin cığırlara
dikildiyini görəndə bir dəfə babası, onun gələcək
arzularına doğru yol açmağa
çalışmışdı.
-
Gördüyün o cığırların hərəsi bir səmtə
uzanır. Hamısı da böyük yola calamaq
istəyir. İndi İsmayıl qoçum
söyləsin görüm o öz cığırıyla
hansı məsələnin böyük yoluna çıxmaq
istəyir.
İsmayıl onsuz da babasının
baxışlarından bir şey gizlətməyi
mümkünsüz hesab edirdi. Ona görə ürəyini
babasına oxutdurmur, eşitdirirdi.
- Mən
hər sözü, kəlməni eşitdikcə,
gözümlə onun şəklini də çəkirəm.
Gördüklərimiz özləri əcdadlarımıza
adlarını yaradıb. Şırıldayan
bir şeyə şırşır, quruldayana qurbağa
dedizdirib. Sözləri sapa düzüb
incilər yarada bilənləri Nizami, Firdovsi olub, ustad Məhəmmədlər
də onları fırçalarıyla canlandırmaq istəyib.
- İndi sənə ipəkdən saplar, ya ceyran
tükündən fırça almaq lazımdı.
- Hələlik,
içimdə pəhləvanlar kimi iki arzum
güştünü tutmadadı. İnşallah, bir az səbr edib onların hansının o
birisinin kürəyini xalıya vurmağını gözləyəcəyəm...
...Uşaq
yaşlarından İsmayılın bir qulağından
babası Şeyx Cüneydin, o birisindən atası Şeyx Heydərin
"sırğaları" asıldı.
Şeyx
Cüneyd: Sənət eşqi gördün ki, qanına
qarışıb, ona dönüklük etmə. İnsan məhəbbət övladı eşqdir.
Onu söndürsə sönər...
Şeyx
Heydər: - Sən günlərin bir günü əqidəmizin
sərkərdəsinə çevrilə bilərsən. Bax o zaman qərarlarını, qələminin yox,
qılıncının gücüylə ver. Çünki qələm
ürəkdən qidalanıb dəmirçi
körüyündəki polad kimi maye olur. Sərkərdəliyin
qərarları həmin ərintinin qılınca çevrilməsinə,
suyla bərkiməsinə bənzəməlidi. Sərkərdə qərarı ağıldan güc
alıb, qılınc kimi iti olmalıdı.
***
Ərdəbilin gündoğan səmtinin ən
gülüstan guşəsində Səfəvi nəslinin dədə-baba
daima yanan ocağı vardı. Şəhərin qibləsində...
Yanar ocaqdan qızılbaşlıqla şölələnən
bir yürüş başladı. Onun önündə
başında qızıl çalma Şeyx Cüneyd getdi.
Qiblədəki Səfəvi türbəsinə (yəni
sönən ocaqlarına) da onu, - qızılbaşlıq
inancının ilk şəhidini gətirib, əsl-nəcabəti
sırasında böyük hüzn və izzətlə
torpağa tapşırdılar.
Müridləri onu məğlub ələm kimi torpaqda,
balaca İsmayılsa tükənməz hüzn və ələm
kimi ürəyində dəfn elədi. Amma ürəyindən
axıb, gözündə gilələnən damcılar
günəşin şəfəqləri ilə ümiddən
qalaylanmağa başladı: "Məzarın üstə lalələr
açacaq, baba. Onlar da yürüş edib
dünyanın cümlə çöllərini, çəmənlərini
tutacaq. "Və həmin gündən
irigözlü yeniyetmənin ürəyinə
qızılbaşlığın lalə rəngli
toxumları səpildi. Şeyx Cüneydin bir al rəngli əqidədən
güc almış kəlamları hər azan
çağı Şeyx Heydər başda olmaqla
qızılbaş yanlı və
yanıqlılılarının qulaqlarına səslənirdi:
Məğlub olunduğu yerə qayıda bilmək, məğlub
olmamaq deməkdi...
Və ora qayıda bildilər. Bu dəfə əlində
qızılbaşlıq ələmi dalğalanan Şeyx Heydərin
arxasınca.
Yanar ocaqda sönər ocağa çiyinlərdə
Şeyx Heydər özünün hüznlü şəhid
yürüşünü etdi. İsmayıl iri,
yaşlı gözləriylə elə hey
qızılbaşlara baxırdı. Onların
məğlubiyyətdən
sarsılıb-sarsılmadığını bilmək istəyirdi.
Babası Şeyx Cüneydin məğrur səsi
qızılbaş azanına dönüb yenə onları səfərbər
edə biləcəkmi? Məğlub
olduqları yerə üçüncü dəfə döndərməyə
qadir olacaqmı? Yoxsa başlarındakı
al rəngli çalmalar qırmızısını itirəcəkmi?
Qızılbaşlıq lalələrin xəzanınamı
düşəcək.
Və həmin müşahidələri zamanı
atasının əllərini yadına saldı. Qılınc
kimi sıyrılan qolları. Təşvişinə
son qoymağa yollar aradı. Tapdı da.
Şeyx Heydərin yeddisində məzarı ziyarətə
gəlmiş müridlərin heyrətləri xam köhlənlər
kimi şahə qalxası oldu. Hamısının da
qulağına at kişnərtisi, qılınc cingiltisi gəldi.
Şeyx Heydərin məzarının
sağı və soluna onun iki döyüş
qılıncı qoyulmuşdu. Və onlar
rəhmətliyin qollarına bənzəyirdi. Və cingiltilərilə haray çəkirdi. Qızılbaşlıq son damla qızılqanı
sonrası məğlub sayıla bilər.
Həmin harayı, axşam qəribliyində
atasının qəbri üstə qoyarkən İsmayıl
ürəyindən keçirmişdi. Və əks-sədasına da nail ola bilmişdi.
İsmayıl Səfəvi ocağında madar oğul
balası qalmışdı. Və bunu özü də
bütün isti və soyuqluğu ilə dərk edə bildi.
Soyuqluğu onu təbii uşaqlıq və yeniyetməlik
həyatı, yaşamağa səslədi. Yetkin
yaşına kimi səbr edib qılınca və ya qələmə
sarılacağını gözləməli idi.
Qəlbinin
hərarətindən körüklənən
çılğınlığı Şeyx Səfi türbəsində
yan-yana uyuyan baba və atasının ruhunun mübariz
qızılbaş harayını yetirirdi: "Bir nəslin son
ümidi kimi onun ocağında madar qalmısan.
Həmin nəslin və qızılbaşlar nəslinin
ümid çırağını yalnız və yalnız sən
yandıra bilərsən". Sanki həmin haray baba
və atasından sonra doğması və simsarına
çevrilmiş Lələ Hüseynə də
çatmışdı. Axşamların
birində sifəti də şər alaqaranlığına
çəkilmiş şəkildə İsmayılın
başının üstünü aldı. Qara əlbisəsində (əzizi Şeyx Heydəri
itirdikdən sonra matəm rəmzinə bürünməyi qərarlaşdırmışdı)
lələsini göylərdən yenicə enmiş qara məleykəyə
bənzətdi. Və məleykə dilində
sonrakı taleyi barədə göylərin fərmanını
eşitməyə hazırlaşdı.
- Bu dəfə
ehtiyat ucbatından gecə səyahətinə dəvət edəcəyəm.
Qara niyətlilər ucbatından qaranlıqlara
qarışmağımız lazım gəlib.
Uşağın iri gözlərinin heyrətdən
böyüdüyünü görüb, əlinin işarəsilə
arxasınca gəlməsini istədi.
Onu qəsrin damına çıxarıb balaca pəncərədən
mülkün darvaza səmtini göstərdi. Orda qara əlbisəli
adamlar gəzişirdi.
- Onlar kim,
lələ?
- Səfəvi
düşmənləri, həm də malikanəni üzük
qaşına alıb ondan quş da uçurmaq istəmirlər.
Bütün oxları da Səfəvi nəslinin
yeganə şahininə çevrilib.
Uşağın zəkasından xəbərdar lələ,
onun cavabından təəccüblənmədi.
- Yəni
İsmayıl Heydər oğluna.
- Elə
ona görə də malikanədən ayrılmalı
olacağıq. Silahsız dərvişə bənzər
bir bəndəylə bir tifil bu üzük qaşını
yara bilərmi?
Lələ cavabını hərəkətilə verməyə
hazırlaşdı. Əlinin işarəsilə bu dəfə
onu damından, qəsrin zirzəmisinə endirdi. Şeyx Cüneydin əntiq əşyaları
saxlanan, müşk-ənbər ətri verən,
divarlarından xalı asılmış, döşəməsinə
ceyran, cüyür dərisi sərilmiş otağa gətirdi.
İsmayıl babasıyla bərabər bir
neçə dəfə həmin otaqda olmuş, onun əşyalarına
heyran kəsilmişdi. Xalılardan qiymətli
incilərlə bəzənmiş xəncər və
qılınclar asılmışdı. Ləmələrdə
Ərdəbil zərgərlərinin qiymətli əl işləri
bərq vururdu. Otağın qapısı
tuşunda qoz taxtalarından düzəlmiş rəflərdə
Təbriz rəssamlarının miniatürləri, xəttatlarının
müxtəlif xətlərdə əlyazmaları yerləşmişdi.
Babası gələcəkdə həmin əsərləri
oxumasını İsmayıla məsləhət
görmüşdü. Axı üzük
qaşı mühasirədə onları oxumaq əyyamı
deyildi. Lələ uşağın
gözlərini yenə heyrətdən böyütmək istəmədi.
- Atan,
baban rəhmətliklər tədbirli zatlar idi. Bax,
indi onların həmin keyfiyyəti İsmayıl
balalarının dadına çatır.
Lələ sözünün sübutuna doğru yeriyib
kitab rəfini var gücüylə çevirməyə
başladı.
Demə, qapı qənşərindəki həmin
nəhəng rəf özü də gizli qapı imiş.
Ordan gizli yeraltı yol uzanırdı.
- Bu yol
bizi Ərdəbilin kimsəsizlər qəbiristanlığına
aparacaq. Orda atanın müridlərinin sadiqlərindən
bir qismi yolumuzu gözləyir.
Hər ikisi qaranlığa qərq oldu. Həmin andan
qızılbaşların gələcək zümrüd
quşunun yarasa ömrü başladı. (Rəf
qapını örtdükdən sonra arxasında xeyli ləngiləməli
oldular. Və İsmayıl lələsinin
necə ehtiyatlı insan olduğuna tam, məəttəl
qaldı. Lələ yana
yığılmış kərpiclərdən rəfarxasına
hasar hördü. Yalnız belə olduqda malikanəni
ələk-vələk eləyənlər yeraltı yoldan xəbər
tuta bilməzdi.
Müridlər qəbiristanlıqda onları
qarşıladı. İsmayıl üçün də at
hazırlamışdılar.
- At
çapmağından xəbərdaram. Amma gecə
zülmətində, bələd olmadığın yolda
yüyəndən yapışmağın məsləhət
deyil. Mənim tərkimdə gedəcəksən.
İşıqlaşan kimi yalmana yatacaqsan.
Onlar Gilana doğru bütün gecəni atkeçməz
yollarla (bir kimsənin gözünə görünməmək
üçün) köhlənlərini çapdılar. Yolları
üstə (yenə bir qəbiristanlıqda) onları
qarşılayan, köhlənlərini dəyişən oldu.
Bax həmin yaşından qızılbaşların
yeganə ümid çırağı İsmayıl at
yalmanına yatası oldu. Yeniyetməliyinə, gəncliyinə
qədər ömrünün ən atkeçməz
yollarını keçəsi oldu. Yeri gəldikdə
qəbiristanlıq kümbəzində yaşadı. Günlərlə izinə düşənləri
azdırmaq üçün ayağı torpağa dəymədi.
Lənkəran xanı onu xalı sərilmiş,
asma beşikdə gizlədib, axtarışına gələnlərə
əlini "Quran"a basıb, ayağı Lənkəran
torpağına dəymədiyi barədə and da içdi.
Həmin ömür İsmayıla əzablı-əziyyətli
gəlmədi.
Bir gününü bəzən bir həftə,
bir ay əvəzi keçirəsi olsa da, əzablarını
canından çıxaran babasının, atasının
qulaqlarında sırğa olmuş sözləri idi. Təriqətimizin sonuncu sərkərdəsi sən
olmalısan.
Və nəhayət, yeni Qızılbaş sərkərdəsi
Şah İsmayılın atı şaha qalxıb Ərdəbildən,
Təbrizdən, məmləkətin hər yerindən
görünməyə başladı.
Və Şah İsmayıl babasının,
atasının keçə bilmədiyi yolları döşlədi. Əqidəsi
günəş yağmuruna bənzəyən lələdər
kimi açıldı.
Və nəhayət, üzünü sünni məzhəblərin
ən güclü məkanı olan Osmanlı
sultanlığına tərəf tutdu.
Həmin dövrünə qədər Şah
İsmayıl Şeyx Cüneydin, Şeyx Heydərin
sönmüş çırağını yandıra
bilmişdi. Özünün bir cüt ala gözdən ibarət
məhəbbət çırağında ömrünü bəxtini
işıqlandırmağa başlamışdı. (Ona elə gəlirdi ki, bir zamanlar qonşuluqda
gözlədiyi qızcığazın gözlərini bir
cüt məhəbbət çiçəyi kimi özü
böyütmüşdü. Həmin
gözlərin sahibi də Taclı xanıma dönüb evlərinə
gəlin köçmüşdü).
Uşaqlığının qəlbinin
yanğısı kimi qalmış bir arzusunu da müqtədir
"bağbanları" hesabına çiçəkləndirməyi
bacarmışdı. Ustad Sultan Məhəmmədi saraya dəvət
edib. Təbriz rəssamlıq məktəbi
yaratmış, özü də şagirdlərinin birinə
çevrilmişdi.
Lənkəranda içində günlərlə
yatdığı xalını da unuda bilməmişdi. Onun
böyükdən böyüyünə toxudub ən dəyərli
xalı gülüstanına çevirmişdi.
Atasının öyüd, anasının layla
lisanını özünün şeir, dövlətinin rəsmi
dilinə çevirmişdi.
Yavuz Sultan Səlimlə söz güləşləri, cəngləri
başladı.
Axır ki, döyüş meydanında
üz-üzə gəldilər.
Çaldıranın iki qütbündə eyni millətin
məzhəbləri ilə ayrılmış iki dövlətinin
düşərgəsi salındı. Səhəri onları özləri
və məzhəblərinin ölüm-dirim savaşı
gözləyirdi lələ Hüseyn (Şahın
çadırına istədiyi zaman girmək izni olan adam) təşvişlə söylədi.
- Firənglər
vasitəsilə Osmanlılar təpədən-dırnağa
top-tüfənglə silahlanıb. Gecəynən
qəfil hücuma keçib tərk-silah etməliyik.
(Şah
İsmayıl ömrünün yüz misli)
Şah İsmayılın qulaqlarının birindən atası
Şeyx Heydərin həmin kəlmələri
asılmışdı. Sərvərdəliyin zamanı qərarını
ürəyinlə deyil, ağlınla verməlisən.
Həmin an şairliyinin başına doğru ürəyindən
yolunu kəsə bildi.
- Bu əməliyyat
onu uyğun bilən lələmə tapşırılır.
Onlar Sultan Səlimin topunu-tüfəngini qənimət
kimi ələ keçirə bildi. Qızılbaş
ordusu İstanbula kimi zəfər marşını çala
bildi.
Topqapı sarayında Şah İsmayıl Osmanlı
sultanlarından birinin tacını öz,
xanımlarının da birininkini Taclı xanımın
başına qoydu.
Sarayda saxlanan Həzrət Məhəmmədin
möhürünü, yadigarlarını Səfəvi
türbəsinə göndərdi.
- Qoy
Şeyx Cüneyd, Şeyx Heydər Allahın elçisi Həzrətimizin
müqəddəsliyinə çəkilib sərdabələrində
rahat yatsın. Arzularını
İsmayılları gözlərində qoymadı. Bundan sonra Peyğəmbərimizin zamanındakı kimi
cümlə müsəlmanların bir imanı olacaq.
Dünya bir olub üstlərinə gəlsə də,
onları nə parçalaya, nə də məğlub edə
biləcək...
Vaqif Nəsib
Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.8-9.