Tərəddüdlü eşq
Minimalist ssenari
1-ci epizod
Yay axşamlarından
biridir. Şəhərin
gur axınlı küçələrindən birində
orta yaşlı bir kişi
ilə gənc qız asudə gəzişirlər. Zövqlə geyinmiş qız kişinin qoluna girib, ona sığınır.
Kişi siqaret çəkir.
Qız:
- Bir dəqiqə dayan. (Ayaq saxlayır). Gəl bir selfi çəkdirək.
Kişi razılaşır. Qız başını kişinin
çiyninə qoyur, kişi də
boynunu qıza tərəf əyir, qız əlindəki telefonla selfi çəkir. Hər ikisi məmnunluqla
gülümsəyirlər.
Kişi:
- Mən zəng vurmasam, səndən səs çıxmır da. Heç yadına düşmürəm.
Qız:
- Əsas odur ki, mən sənin
yadına düşürəm
(şıltaqcasına gülür).
Kişi:
- Qəribə qızsan
e, vallah. Gah günlərlə itib-batırsan,
gah zənglərimə
cavab vermirsən, yazdığım mesaja da beş
aydan sonra cavab yazırsan.
Qız:
- Bax, bayaqdan baxıram, gözün elə qızlardadır. Yaman şorgözsən!
Kişi:
(dayanır, qız da məcbur olub dayanır) - Daha sənə sözüm yoxdur e. Dediklərim vecinə deyil, amma qızlara
baxdığımı nə
tez gördün?
Qız:
(ayağını yerə
vurub kişinin qolunu dartır) - Eee, istəyirəm ancaq mənə baxasan da, ancaq
mənə.
Qızın sözü kişinin xoşuna gəlir, gülümsəyir, qızın
çiyinlərini qucaqlayır.
Kişi:
- Ay dəli, sənə
baxmamış kimə
baxacam?
Yolboyu addımlayırlar. Qız kişiylə
indicə çəkdiyi
şəkli votsapla kiməsə göndərir.
Kişi bunu görür.
Kişi:
- Kiminlə yazışırsan?
Qız:
(laqeydcəsinə) - Heç,
dostumdur. Bəlkə gedək bir
yerdə oturaq? O
da gəlsin, sizi tanış
edərəm.
Kişi tutulur, kefi pozulur. Amma bunu
büruzə vermək
istəmir.
Kişi:
- Sənin nə qədər dostun var, ay qız? Hamısı
da oğlanlardır.
Qız:
- Yaxşı oğlandır,
özün də görəcəksən. Noldu e? Niyə mısmırığını
salladın?
Kişi dinmir.
Qız:
- Mənim dostum ola bilməz
ki?
Kişi:
- Ola bilər, niyə
olmur...
Bir müddət
heç biri dinmir, səssizcə addımlayırlar. Yaxınlıqdakı restoranın yanından
keçəndə qız
ayaq saxlayır.
Qız:
- Gəl burda oturaq. Hə, nə deyirsən?
Kişi:
- Yaxşı, oturaq.
2-ci epizod
Restorana daxil olurlar. Ofisiant oğlan
onları qarşılayır.
Ofisiant:
- Xoş gəlmisiniz!
Qız:
- Çox sağ
olun. Ayrıca kabinetiniz var?
Ofisiant:
- Əlbəttə. Buyurun.
Qızla
kişi kabinetə keçirlər.
Kişi hələ də dilxordur. Masa arxasında üzbəüz
otururlar. Qızın istəyilə
kofe sifariş verirlər. Qızın telefonuna zəng
gəlir.
Qız:
(telefonla danışır)
- Hə, canım! Biz "Sevgilim" restoranındayıq. Hə, gəl.
Kabinetdə oturmuşuq. ("No" düyməsini basır).
Kişi gərgindir. Özünə yer tapa bilmir.
Kişi:
- Sənin bu dostun hardan çıxdı
e? Olmazdı ki, elə ikimiz olaq?
Qız:
(laqeydcəsinə) - Beş-on
dəqiqə oturub gedəcək də. Onsuz da elə həmişə
ikimiz bir yerdə oluruq da.
Kabinetin qapısı astaca döyülür, ofisiant hündürboy, cüssəli
bir oğlanı içəri ötürür. Oğlanın
görkəmindən idmançı
olduğu hiss olunur. İçəri girib qızla
olduqca mehriban görüşüb dodaq-dodağa
öpüşür, əlini
uzadıb kişiylə
də görüşür.
Kişi əsəbidir.
Oğlan oturur, qolunu saymazyana qızın boynuna dolayır. Kişi qıza
baxır, qız ona tərəf baxmır. Heç elə bil qarşısında
adam oturmayıb,
oğlana gülümsəyir.
Oğlan:
- Mesajımı oxudun?
Qız:
- Hə.
Oğlan:
- Bəs niyə cavab yazmadın?
Qız:
(əzilib-büzülür) - Hamamdaydım, gec gördüm. Fikirləşdim ki, onsuz da axşam görüşəcəyik
də.
Yenə nəsə demək istəyir, gözucu kişiyə tərəf baxır, susur. Kişi axmaq
vəziyyətə düşdüyündən
neyləyəcəyini bilmir.
Ofisiant üç kofe gətirir.
Kişi:
- Mən içmirəm,
mənimkini apar!
Qız:
- Aaa, niyə
içmirsən? Bəlkə çay
gətirsin sənə?
Kişi:
(ofisianta) - Apar, heç nə gətirmə.
Oğlan kişiyə əyri-əyri
baxır. Əlini qızın üzünə
çəkir, saçlarını
sığallayır.
Oğlan:
- Nolub? Niyə belə birtəhərsən?
Qız:
(ədayla) - Nə olmalıdır ki? Hər şey əladır.
Oğlan:
- Biz axı danışmışdıq.
Bu gün hara
getməliydik? Yadından çıxıb,
deyəsən.
Qız:
- Heç yerə getmək istəmirəm. Yorğunam, niyə başa düşmürsən? Çox təkid
edirsən e.
Hiss olunur ki, qızın
cavabı oğlanı
razı salmır.
Oğlan:
- Mən, deyəsən,
sizə mane oldum axı. Durub gedə bilərəm.
Qız başını
aşağı salıb
dinmir.
Oğlan:
(əsəbidir) - Başını
qaldır, üzümə
bax. Bu nədir,
mənimlə oyun oynayırsan?
Qız:
- Mən oyun-zad oynamıram. Yaxşı da, qoy oturmuşuq, qanımızı
qaraltma.
Oğlan:
- Mən səndən
baş aça bilmirəm. Fikrin nədi e sənin?
Kişi ayağa qalxır.
Kişi:
- Məni bağışlayın,
getməliyəm. Siz işinizdə
olun.
Qız da yerindən sıçrayır. Hiss olunur
ki, o da əsəbidir.
Qız:
- Hara gedirsən? Gözlə, birlikdə çıxarıq.
Oğlan:
- (kinli-kinli aşağıdan
yuxarı qıza baxır) Otur, söhbətim var səninlə.
Qız:
- Mən də gedirəm!
Oğlan:
(qızın qolundan tutur) - Gör nə deyirəm də. Daydayı yola salaq getsin. Mən səni maşınla apararam!..
3-cü epizod
Hesabı
kişi ödəyir. Restorandan çıxırlar.
Kişi:
- Yaxşı, sağ
olun. Mən gedim.
Qız:
- Hara gedirsən? Gəl səni
maşınla aparaq.
Kişi:
- Siz gedin.
Kişi iti addımlarla uzaqlaşır. Oğlan qızın qolundan
tutub gümüşü
rəngli son model "Hunday"
maşınına doğru
aparır. Qız maşına
minmək istəmir, kişinin getdiyi yola tərəf boylanır. Oğlan maşının qabaqdan yan qapısını
açıb qızı
oturacağa itələyir
və qapını çırpır. Özü də
sükan arxasına keçir. Kişi əlləri cibində
asta addımlarla ətrafa baxmadan səkiylə gedir. Təhqir olunmuş görkəmdədir.
Əlləri əsə-əsə
telefonunu cibindən çıxarıb qıza
mesaj yazır: "Məni alçaltmaqdan zövq alırsan?". Sonra siqaret çıxarıb
alışdırır, dalbadal
dərin qullab vurur.
Bayaqkı "Hunday" kişinin böyründə dayanıb
siqnal verir. Kişi əhəmiyyət
vermədən irəliləyir.
Qız maşından düşüb
kişinin dalınca qaçır. Maşın durduğu
yerdə dayanıb.
Qız:
(kişiyə çatır)
- Nolar, incimə, qurban olum! Heç nə
sən düşündüyün
kimi deyil. Mən sonra sənə hər şeyi başa salaram.
Kişi onun üzünə baxmadan irəliləyir.
Kişi:
- Get.
Qız:
(astadan danışır)
- Vallah, mən istəmirdim belə olsun. Bu məni
əməlli-başlı bezdirib.
Bayaq səninlə çəkdirdiyimiz
şəkli də qəsdən ona yolladım ki, məndən əl çəksin. İstədim, gəlib görsün ki, mən səninləyəm,
cəhənnəm olub
getsin. Məni başa düş,
nolar.
Kişi:
(sakitcə) - Get.
Qız həyəcanlıdır,
sağ əlinin yumruğunu sol əlinə,
ovcuna sıxıb.
Oğlan maşınla onlara yaxınlaşır, maşını
saxlayıb düşür,
qıza yaxınlaşıb
qolundan dartır.
Oğlan:
(əsəbi şəkildə)
- Gəl otur maşına!
Qız qolunu dartıb oğlanın əlindən çəkir. Oğlan əl
çəkmir, qızı
maşına doğru
sürüyür.
Oğlan:
- Sən artıq mənim əsəblərimlə
oynayırsan ha!
Qız:
(inad edir) - Burax qolumu! Camaat baxır,
burax.
Oğlan:
(qızın qolunu buraxır) - Keç otur maşına.
Qızın gözündən yaş süzülür. Maşının qapısını açıb oturur və qapını zərblə çırpır.
Oğlan
sükan arxasına keçir, maşın yerindən tərpənir,
amma asta-asta gedir. Kişi hələ də
küçəylə addımlayır.
Maşın asta sürətlə
kişinin böyründən
keçir. Oğlanla qız
maşının içində
möhkəm mübahisə
edirlər. Kişi artıq
arxada qalıb. İrəlidə maşının yenə dayandığını
görürük. Qız maşından
düşüb qapını
çırpır. İrəliyə doğru gedir. Maşının təkərləri asfaltın üzərində
tükürpədici səs
çıxararaq sürətlə
uzaqlaşır.
Kişi
bütün bunları
görür, əvvəlki
sakit addımlarla irəliləyir, növbəti
siqaretini yandırır. Qız ayaqlarını sürüyür,
geriyə baxmaq istəyir, amma baxmır. Qızın çiyinləri atılıb-düşür. Səssizcə ağlayır...
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2019.-
4 may.- S.9.