Tofiq İsmayılov nəvələrinin diliylə

 

Mən Tofiq İsmayılovun nəvəsiyəm.

Məhz bu cümləni həyatımın 27 ili ərzində həmişə fəxrlə demişəm. Ola bilsin yerli, ola bilsin yersiz, ola bilsin kiməsə özümü göstərmək üçün, ya da kimliyimi bildirmək üçün. Amma nə fərqi var ki, mənim üçün həyatda əsas o olub ki, mən məhz Tofiq İsmayılovun nəvəsiyəm. Həmin o Tofiq İsmayılov!..

Sənlə o qədər fəxr etmişəm ki, hər zaman və hər zaman bunu ürəkdən, qürurla demişəm və deyəcəm də. Çünki sən mənə və digər nəvələrinə, övladlarına, həyat yoldaşına bütün dost və qohumlara məhz belə bir ad qoyub getdin.

Getdin, baba...

Getdin...

Mənim üçün bilirsən necə bir dəhşətdir bunu yazmaq? Axı sənin deyiminlə mən səni baba edənəm. Mən səni ən çox sevindirənəm. Axı mən sənin "atamın balası"yam.

Bilirsən, baba, mənə deyiləndə ki, "baba xəstədir" - mən heç elə bir əhəmiyyət vermədim. Çünki sən bir insanın iradəsi və əzmi ilə xəstəlikləri necə yox edə biləcəyini mənə artıq göstərmişdin. Bir neçə il bundan əvvəl deyiləndə ki, baba ağır bir xəstəliyə tutulub, inanmaq istəmədim. İnanmadım və bir an belə şübhə duymadım ki, sən bu xəstəliyi çox yüngül bir soyuqdəymə kimi keçirdib, əvvəlki kimi ayaq üstə olacaqsan. Və elə də oldu...

Sən sağaldın və sanki mən sənin qədrini bundan sonra daha çox anladım, babam...

Bəlkə, bu mənim günahım idi, bəlkə də, bu insanın yaradılışında var ki, əlindəkinin dəyərini ancaq çətinə düşəndə və ya onu itirəndə anlayır.

Məni həmişə əl üstündə saxlayan, bir dediyimi iki etməyən, bu həyatda verdiyin sözün üstündə durmağı, çətinlikləri keçib özünü doğrultmağın nə olduğunu öyrədən, məni hər zaman çox sevən bir babam oldu.

Yoxluğunu dərk etmək o qədər çətindir ki...

Sənin getdiyinə, olmadığına alışa bilmirəm. Alışa bilməyəcəm, baba.

Hər zamankı kimi hansısa bir kino festivalında olduğunu, ya da bir incəsənət tədbirində ölkəmizi təmsil etdiyini düşünürəm.

İlk zamanlar özümə sənin xarici səfərdə olduğunu düşünərək təsəlli verirdim. Artıq görürəm ki, bu təsəlli özümün qurmuş olduğu bir reallıq aləminə çevrilib. Və bu şəkildə yaşayıram.

Çünki sən yanımda olmayanda sənin mənə verdiyin tövsiyələri, məsləhətləri nəzərə alaraq hərəkət etmişəm bu həyatda və belə də olacaq...

Amma bilirsən, baba, sənin üçün çox darıxıram. Müdrikliyini, baxışındakı kəskin ifadəni, ən əsas da səsindəki məni rahatladan, arxayınlaşdıran rəngi çox özləyirəm.

Bax, o dediyin gün gəldi. Sən bizlə deyilsən və mən sənə məktub yazıram.

Heç istəmirdim bu yazını yazım, heç... Qaçırdım rəsmən.

Çünki bu yazı sənin artıq bizlə olmadığının sübutudur mənim üçün və bu məni çox, çox incidir.

Məni əlimdən tutub gəzdirməyin. Məni qucaqlamağın. Nə verə bilər ki, bunun yerini? Heç bir şey! Çox canım yanır bunları yazanda, həm də çox. Sənin artıq kitablarda, videolarda, şəkillərdə, filmlərdə olmağının reallığı çox təsiredici və çox incidicidir.

Bu dünyada hər kəs bir gün babasını itirir. Mənim hər kəsdən fərqim isə sənin kimi bir insana baba demək şərəfinə nail olmağımdır. Səninlə, bəlkə də, fiziki olaraq vidalaşa bilmədim, ancaq indi bunları yazarkən, sanki... sanki əlvida deyirəm sənə, babam...

Həyatımda o qədər dərin və gözəl izlərin var ki... Mənim formalaşmağımda o qədər əməyin, o qədər haqqın var ki, babam...

Bunun haqqını ancaq sənin verdiyin öyüdlərə sadiq qalaraq ödəyə biləcəyimi düşünürəm... Və bil ki, mən Tofiq İsmayılov yolu ilə gedirəm.

Bir ömrü bu qədər möhtəşəm, şərəfli və layiqincə yaşayan insanın yolu ilə...

Hər zaman zirvələrdə oldun, baba. Hər zaman, hər kəsə örnək bir insan oldun.

Əsl kişi, əsl dost, əsl ailə adamı oldun.

Mənə həm dost, həm sirdaş, həm baba idin..

Əlvida, həyatdakı ən yaxın, ən gizli, ən əziz dostum...

Bir dost kimi sənə çox sağ ol deyirəm, Babam mənim...

Çox sağ ol ki, belə bir nəvə böyütdün. Çox sağ ol ki, bu yaşa kimi hər zaman məni dəstəklədin və mənə çox inandın! Və son olaraq sənə deməliyəm ki, çox sağ ol ki "dostunun" toyunu gözlədin, gün saydın...

Söz vermişdin, baba... Əsl kişi kimi son sözünü də tutdun. Dostunun toyunu da yola verdin və elə getdin.

Zatən sənin kimi bir insan necə sağollaşa bilərdi ki, bu həyatla? Möhtəşəm bir həyat və möhtəşəm bir əlvida..

Projektor işıqları... kameralar... alqışlar... hazıııır. Və motor!!!

Mən Tofiq İsmayılovun nəvəsiyəm!

 

Rəsul Rzayev

 

27 fevral 2017

 

Kamranın məktubu

 

Bu gün sənin ad günündür, əziz Babam! Səni təbrik etmək, səni öpüb qucaqlamaq istəyirəm. Amma sən artıq mənimlə deyilsən.

12 gün oldu... nə keçib ki, buna baxmayaraq mən sənin o gözəl və mənə doğma olan və ancaq və ancaq sənə xas olan iyini, mehriban gözlərini, gülümsəyən üzünü hər yerdə axtarıram. Bu hisslər məni göz yaşlarına boğur.

Sən mənə tərbiyə verdin, sən məni böyütdün və mən sənə layiq bir oğul olmağa çalışdım, çalışıram və çalışacam.

Baba, mən sənin həyat fəlsəfəni özümə nümunə tutaraq həyat yolumda addımlayacam.

O ağır gündən etibarən artıq bu yolda mən özüm, sənsiz, hər zaman ehtiyac duyduğum məsləhətlərin, söhbətlərin olmadan irəliləməliyəm. Bunun nə qədər çətin olduğunu da çox gözəl bilirəm. Çünki sən böyük təcrübəyə sahib müdrik bir insan idin. Bunu keçmiş zamanda yazdığıma inanmaq istəmirəm, sənsiz qaldığıma inanmaq istəmirəm. Axı biz bir-birimizə baba nəvədən daha çox ata oğul olmuşuq. İndi isə mən səni təbrik etmək yerinə bu duyğu dolu məktubu özüm-özümə yazıram. Bir bilsən sənin yerin necə görünür! Ağlıma hey səninlə söhbətlərimiz gəlir. Sən bəzən deyərdin "Kamran, bir gün gələcək və mən dünyamı dəyişəcəm"... mənə elə gəlirdi ki, belə bir şey heç vaxt olmayacaq və mən deyərdim, - Allah eləməsin! Baba, yaxşı da...". Əslində, bilirdim, başa düşürdüm ki, bu, həyatın bir qanunudur. Bu, hər insanın başına gəlir. Amma səninlə belə olacağını ağlıma gətirmirdim. Buna görə sən bu söhbəti açanda mən söhbəti başqa yerə çevirirdim.

İndi isə... O dediyin şey baş verdi... Amma sən mənin yanımda olsaydın mənə deyəcəkdin "Mətin ol Kamran, oğlum. Bu, həyatdır, sən ağıllı oğlansan". Çox, çox heyif ki, sən bunu mənə deyə bilmirsən.

Bu gün sənin 77 yaşın oldu. Mən bilirəm ki, bu gün sən burdasan. Hər şeyi görür, hər şeyi eşidir və bilirsən. Mən bunu hiss edirəm. Və mən sənə bir şey demək istəyirəm. Mən xoşbəxtəm! Bilirsən niyə? Səndən ən son eşitdiyim "sən yaxşı övladsan" sözlərinlə.

Elə bil ürəyimə dammışdı ki, nə isə baş verəcək. Bir gün əvvəl, axşam Turanı da götürüb səni görmək üçün sizə gəldim. Ürəyim yaman sıxılırdı. Səninlə bir az güldük danışdıq və mən qalxıb evə getmək istəyəndə sən mənə gülümsəyərək dedin: "Sən yaxşı övladsan". Bu sözləri eşidəndə güldüm və sağollaşıb otaqdan çıxdım. Çünki o an kövrəldim, gözlərim də dolmuşdu və sənin bunları görməni istəmədim. Əslində isə mənim üçün bu sözlərdən dəyərli heç bir şey ola bilməzdi. Bunu səndən çox eşitmək istəyirdim və hey düşünürdüm. Mən babama layiq övlad ola bildimmi? Babam məndən razımı?

Ertəsi gün, günorta saat 2-dən etibarən sən səssiz, yuxulayaraq komaya girməyə başladın. Hardasa Allahıma şükür edirəm ki, o səni incitmədən yanına götürdü. Amma mənim üçün bu çox ağır və dözülməz idi. Çünki mən Baba dediyimdə heç bir zaman sənin səsini eşitməyəcəm.

Əziz babam, hər şey üçün sənə minnətdaram! Hər şey üçün çox sağ ol! Həyatımda olduğun üçün, məni həqiqətən sevdiyin üçün, mənim əziyyətimi çəkdiyin üçün, mənə həyatımda sevincləri bəxş etdiyin üçün. Və sən, məhz sən mənim babam - atam olduğun üçün Allahıma şükür edirəm.

Allah sənə qəni-qəni rəhmət eləsin! Amin!

 

Kamran İsmayılov

 

Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.7.