Xadaa Sendoo: Ədəbiyyat

əqlin ən qiymətli məhsuludur

 

Dünya şöhrətli şair Xadaa Sendoo ilə müsahibə

 

Qısa arayış:

Xadaa Sendoo 1961-ci ildə Ulan-Bator şəhərində anadan olub. 1989-cu ildən bəri onun 19 şeir kitabı çıxıb, 2006-cı ildən Dünya poeziya almanaxını nəşr etdirir. Təkcə 2017-2018-ci illərdə alman ("Avrora"), holland ("Mavi ləkələr"), Norveç ("Yerin küncü"), fars ("Otun şirin qoxusu"), gürcü ("Uzun mahnı") və  digər əcnəbi dillərdə 12 şeir kitabı çıxıb. O, Hindistanda, ABŞ-da, Kanadada, Yunanıstanda, Çində, Monqolustanda, Rusiyada ədəbi mükafatlara layiq görülüb.

Hal-hazırda Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədridir.

 

Sentyabr ayının 30-dan oktyabr ayının 3-dək Bakıda Avrasiya Materikinin ədəbiyyat üzrə 4-cü "LiFFT" festivallar festivalı keçiriləcək. BMT-nin himayəsi ilə, Avrasiya Millətlər Assambleyasının, LiFFT Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ərsəyə gələcək bu festivalda 50 ölkənin 150 nüfuzlu ədəbiyyat xadimi iştirak edəcək.

Onlardan biri dünya şöhrətli şair və ictimai xadim, BMT-nin himayəsi ilə işıq üzü görən World Poetry Almanac dərgisinin naşiri, Dünya Sülh mükafatı laureatı Xadaa Sendoo "Ədəbiyyat qəzeti"nə  müsahibə vermək təklifinə həvəslə razılaşdı. Yaşadığı Ulan-Bator şəhərinə uzun sürən xarici səfərdən sonra yenicə qayıtmışdı. Yorğun olsa da, dedi, qarşıma bir fincan qəhvə qoymağıma imkan ver, müsahibəyə başlayaq.

 

- Cənab Xadaa Sendoo, sizcə, poeziyanın yaranmasını nə zəruri etdi?

- Poeziyanın yaşı çox qədimdir, o, şifahi ədəbiyyatın bir nümunəsidir, epik janrın, rep-artın sələfidir. Poeziya - qədim insan təfəkkürünün, insanlığın sivilizasiyasıdır, canlıların, hətta cansızların qəlbinin vəsfi, yol işıqlandıran məşəl, bir etnosun, xalqın ruhudur. Poeziya Günəş kimi, Ay kimi yaranıb. O, heç vaxt yox olmayacaq. Nə qədər ki, insanlıq var, poeziya da mövcud olacaq.

- İlk şeiriniz yadınızdadırmı? Bəs onu yazarkən ilk oxucunuz kim olub?

- İlk  şeirim "Həyat" adlanırdı. Çox qısa idi. Mən onu son dərəcə gənc ikən qələmə almışam. İlk oxucum da atam olub. Düzünü deyim ki, bu şeirim atamın elə də xoşuna gəlməmişdi. Çünki o, peşəkar ədəbiyyatçı idi, ədəbi dərginin redaktoruydu. Özüm isə həmin şeiri o qədər bəyənmişdim ki, çox keçməmiş "Şir" adlı ikinci şeirimi də yazmışdım.

- Bəs ilk uğurunuz yadınızdadırmı?

- İlk uğurlar dalbadal səpələndi üstümə, amma ilk böyük uğurum barədə danışmaq istəyərdim. 1999-cu ildə Ulan-Batorda qarlı bir gecəydi, Yeni ili qeyd etməyə hazırlaşırdıq, qəfildən xəbər tutdum ki, Dehlidə "Minilliyin şairi" (Poet of the millennium) baş mükafatına layiq görülmüşəm.

- Cənab Xadaa Sendoo, ilk kitabınız nə zaman işıq üzü görüb?

- 1989-cu ildə 1000 nüsxədə ilk şeirlər kitabım çıxmışdı, şeirlər köçəri insanların talelərindən bəhs edirdi. Maraqlıdır ki, düz 30 ildən sonra sizin bu müsahibənin ərəfəsində həmin kitabın Almaniyada çapı ilə bağlı müqavilə bağlamışam.

- Şeirlərinizin tərcümə olunduğu dillərin hamısını sadalaya bilərsiniz?

- İngilis, fransız, alman, italyan, ispan, yunan, rus, ivrit, ərəb, fars, İsveç, holland, Norveç, makedon, türk, kürd, Litva, alban, rumın, qazax, tacik, özbək, gürcü, yapon, Çin, Vyetnam, İndoneziya.... Və təbii ki, hamısını demədim, mütləq bəzilərini unutdum.

- Azərbaycan dili yoxdur içlərində?

- Yoxdur.

- Yəqin ki, tezliklə o da olar. Bəs ən çox sevdiyiniz şeiriniz hansıdır?

- Düzü, zaman keçdikcə "ən sevdiyim şeirim"də dəyişir. Amma xalq mahnılarımızı çox sevdiyimdən sevdiyim şeirlər, məhz mayasında xalq mahnıları, deyimləri, dastanları olan şeirlərimdir. Bu gün sizin sualınıza cavab olaraq inamla deyə bilərəm ki, ən sevdiyim şeirim çox qısa olan "Səhra gecəsi" şeirimdir.

 

Səhra gecəsi

 

Ay

şirin-şirin yatır,

ana xeyir-duası ilə.

Və bütün səhra

bir vedrə süddə

köçəri oğlan uşağının

yuxusu kimi

əks olunur.

 

- Şeirlər beyində yaranır, düşüncənin məhsuludur,  yoxsa ürəkdə yaranır, hissiyyatın məhsuludur?

- Məncə, şair və yazıçının görməyə alışdığımız bir cüt adi gözdən savayı əlavə iki cüt dərin gözləri də var. Bunlardan biri beyində, digəri ürəkdədir. Yazar əqli və duyğusu ilə görür. Onun beyin ehtirası və qəlb ehtirası fırtına qoparmağa qadirdir.

- Cənab Sendoo, hazırda bütün dünyada mədəniyyət, xüsusən də ədəbiyyat internetin, müxtəlif qadjetlərin təcavüzü altında inləyir. Mənəvi dünya tam olaraq maddi dünyaya uduzur. Sizcə, mənəviyyatı necə xilas etmək olar?

- Əlbəttə, İKT-nin sürətli inkişafı faydalıdır, gözəldir. İnternet bütün sərhədləri yarır, bütün məhdudiyyətləri aradan götürməyə müvəffəq olur. Amma bununla belə, onlayn-mədəniyyət çox qorxuludur. Get-gedə kağız fotolar, kağız qəzetlər, kağız kitablar, kağız cib dəftərləri arxaikləşməyə doğru gedir.

Bizim biliklərimiz artdıqca, müdrikliyimiz dərinləşdikcə beynimiz, sanki narkotik asılılığı kimi internet asılılığına məruz qalır. Eynən, get-gedə maddi olanın fetişizmi bizi mənəvidən uzaqlaşdırır. Amma mən tam məsuliyyətlə deyə bilərəm ki, Uzaq Şərqdə mənəvi ehkamlar kifayət qədər sərtdirlər, maddi basqılara tab gətirə bilirlər. Bir baxın, Yaponiya iqtisadi cəhətdən ən güclü inkişaf həddinə çatmış ölkədir, amma orada insanlar maddiyyatla mənəviyyatın balansını yüksək səviyyədə qoruyub saxlamaqdadırlar.

Mənəviyyatın öz əzəlki funksiyalarını qoruyub saxlamasında qətiyyətlə deyirəm, ədəbiyyat misilsiz rol oynayır. Ədəbiyyat uçurumdan qoruyandır. Elə sizin Azərbaycanın necə zəngin ədəbi ənənələrinin olması məlumdur. Böyük Nizami Gəncəvinin vətəni olan Azərbaycan öz şanlı tarixini, çoxillik ənənələrini milli mədəniyyətinin tərkib hissəsi kimi gələcəyə daşımaqdadır.

Bilirsiniz, bir söz deyim: Məhz söz yiyələri sos siqnalı çalmalı, insanları mənəvi deqradasiyadan uzaqlaşdırmağa çalışmalıdırlar.

Maddi cəhətdən kasıb olmaq rəzillik sayılmaz, bununla belə, mənəvi cəhətdən kasıb olmaq ən böyük rəzillikdir.

- Cənab Sendoo, bir qədər də naşiri olduğunuz məşhur "Dünya poeziyası" almanaxı barədə danışaq.

- Hazırda "beynəlxalq poeziya" və "qlobal poeziya" terminləri paralel olaraq işlədilir. Xoşbəxtəm ki,  mən "dünya poeziyası" konsepsiyasını 2006-cı ildən  illik antalogiya şəklində istifadə etməyi bacarıram. Hər bir xalqın poeziyası dünya poeziyasının ayrılmaz hissəsidir. Bu, bütün ölkələrin mədəniyyətinə, insanlığın sivilizasiyasına bir səmt vermədir, işıqtutmadır. Hələ sağlığında Nobel tərəddüd etmədən poeziyaya böyük meydan açmışdı, ədəbiyyat üzrə Nobel mükafatı məhz poeziyanın gözqamaşdıran aurasına diqqət yönəltmək cəhdi hesab oluna bilər. YUNESKO martın 21-ni ümumdünya poeziya günü elan etməklə bu ilahi sənət növünə layiqli qiymət vermişdir. Hər il dünyanın əksər yerlərində müxtəlif poeziya  həftələri, poeziya festivalları keçirilməkdədir. Bununla belə, mütəxəssis kimi poeziyanın mövcud vəziyyəti məni heç də qane etmir. Öncədən axı qeyd etdik, mənəvi deqradasiya baş alıb getdikcə insanların poeziya sevgisi də azalır.

Poeziya Tanrıdan gəlir, Tanrının pıçıltısıdır, Yer kürəsinin gücüdür. Dünya poeziyası almanaxı bax bu pıçıltını insanlara çatdırmaq, bu gücü insanlara göstərmək missiyasını həyata keçirir. Bu 13 ildə bütün dünyada oxucular və ədəbiyyatşünaslar poeziyanın statusunu və səviyyəsini bizim almanaxla müəyyənləşdirirlər. Bu gün bizim almanaxın bütün cildlərinə ABŞ Konqresi kitabxanasında, BMT kitabxanasında, Britaniya kitabxanasında, İsveç Akademiyası kitabxanasında rast gəlmək olar. Yeri gəlmişkən, 2016-cı il almanaxında azərbaycanlı şair Nəriman Həsənzadənin də şeirlərini dərc etmişik. Və mən çox əminəm ki, indi sizinlə yaxın münasibətlərimiz var, bu münasibət almanaxda Azərbaycan poeziyasının layiqincə təmsil olunmasına rəvac verəcək. Siz mənə gözəl şairiniz Ramiz Rövşənin yaradıcılığını da tövsiyə etmisiniz, yeri gəlmişkən.

-Sentyabrın sonu, oktyabrın əvvəllərində Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü LİFFT festivallar festivalı Azərbaycanın paytaxtında - Bakı şəhərində  keçiriləcək. BMT-nin himayəsi altında, Avrasiya Millətlər Assambleyasının, LİFFT Fondunun və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək bu festivalda siz də iştirak edəcəksiniz. Bu, mən biləni, Azərbaycana ilk gəlişiniz olacaq. Hansı hissiyyatınız var?

- Düzü, bu nüfuzlu ədəbiyyat festivalının növbəti dəfə məhz Bakıda keçirilməsi mənimçün çox sevindiricidir. Axır ki, Bakını da görəcəm. Mən ən çox tarixi və ədəbiyyatı sevirəm, ona görə də, Azərbaycan mənimçün neft ölkəsindən çox, Nizaminin vətənidir, Qobustan qayaüstü rəsmlərinin vətənidir. Böyük məmnuniyyətlə həm Nizaminin məqbərəsini ziyarət etmək istəyərdim, həm də Qobustan qayalarını. Onlar Bakıya yaxındırlarmı?

- Nizaminin məqbərəsi Bakıdan xeyli uzaqdadır, Gəncə şəhərindədir. Amma Qobustan qayalarına, yəqin ki, baş çəkə biləcəksiniz, Bakıdan ora təqribən bir saatlıq yoldur.

- Mütləq həmin o sehrli qayaüstü rəsmləri görməyə çalışacağam. Bakının Qız Qalasını, Şirvanşahlar sarayını, Atəşgahı da görməyə səbirsizlənirəm. Azərbaycanda maraqla görüşünə can atacağım bir ünvan da Sumqayıtın möcüzəvi bulvarı olacaq. Mən ötən il mediadan Sumqayıt bulvarı barədə çox maraqlı məlumatlar oxumuşam. Qeyd olunub ki, 160 hektar ərazini tutan, Xəzər dənizi boyunca 4 km məsafədə uzanan bu nəhəng bulvar rekord qisa müddətdə - cəmi 330 günə inşa olunub və hətta o, Ginnesin Rekordlar Kitabına düşməyə belə iddialıdır.

Araşdırmışam ki, Sumqayıt Bakıya çox yaxındır, hardasa 30 km-lik məsafədədir.

- Cənab Sendoo, yəqin ki, Azərbaycanın ən böyük problemi, dərdi olan Qarabağ problemi barədə məlumatlısınız. 26 ildir ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. Problem Uzaq Şərqdən necə görünür?

- Lap öncədən mən münaqişənin sülh yolu ilə, "ərazi bütövlüyü"  şərti altında həllinin tərəfdarı olmuşam, bu gün də öz fikrimdə qalıram. Bir müddət öncə BMT-nin Baş katibi Antoniu Quterreş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının təşəbbüsü ilə Vyanada keçirilən görüşlərini alqışlayan bəyanatla çıxış etdi. Mən əminəm ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə tezliklə əsl sülh baharı bərqərar olacaq. Və mən azərbaycanlı şairin şeirlər kitabını intonasiya ilə oxuyub məmnun qalan bir erməni oxucusuna da tezliklə göz şahidliyi edəcəyimə əminəm.

-  Bir qədər də yaradıcılıq planlarınızdan danışaq.

- Planlarım yazmaq, kitablar çıxarmaq, poeziyanı dünyaya sevdirdikcə sevdirməkdir. Niyə də olmasın, Azərbaycan dilində kitabımın çıxması da artıq  planlarım siyahısına daxil oldu.

Mənimçün böyük şərəf  olar ki, dahi Nizaminin yüksək poetik zövqü olan həmyerliləri mənim şeirlərimlə tanış olsunlar.

- Və sonda oxucularımıza sözünüz.

- Mən həmişə bilirsiniz nə barədə düşünürəm? Oxucular yazarlara qarşı daha tələbkar olmalı, onlardan keyfiyyətli əsərlər tələb etməlidirlər. Ənənəvi yanaşmalar, məncə, arxaikləşməlidir artıq. Ədəbi əsər, əgər onun oxucusu yoxdursa, makulaturadır. Yaxşı yazıçının yaxşı da oxucusu olur. Ədəbiyyat reklam və təbliğat vasitəsilə yox, bədii dəyəri, gücü hesabına yaşayır. Ədəbiyyat əqlin ən qiymətli məhsuludur. O, ona görə mövcuddur ki, ruhumuzu qidalandırmağı bacarır. Mən oxuculara müdriklik arzulayıram.

 

Söhbətləşdi: Varis

 

Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.6-7.