Məmməd Cəfər teatr tənqidi
haqqında
Azərbaycan milli teatr sənəti XIX əsrdən
başlayıb, bu günümüzə qədər
keçdiyi mürəkkəb tarixi mərhələlərdə
cəmiyyət həyatının qaynar fikir və mənəviyyat
meydanı olmuşdur. Yaşanan illər teatr tariximizdə gah
yüksəliş, gah da uğursuzluq faktları ilə diqqəti
cəlb edir. Amma burada digər az əhəmiyyətli
olmayan mətləblər də vardır. Və
bu, tamamilə təbii görünür. Yəni həvəskar
truppaların sonralar peşəkar teatr kollektivlərinə
çevrilməsi, peşəkar aktyor qüvvələrinin,
elə buradaca, az bir zaman içərisində
peşəkar rejissor fərdiyyətlərinin meydana
çıxması, bu sənətlərin milli
dramaturgiyanın inkişafını şərtləndirən
yaradıcılıq əməkdaşlığı fövqəladə
əhəmiyyət kəsb edən tarixi həqiqətlərdir.
Amma o da həqiqətdir ki, peşəkar Azərbaycan
teatrı dramaturq-aktyor-rejissor üçlüyü ilə
uzun illər boyu irəlilədikcə, həmin dəstəyə
teatr sənəti mövcudluğunu mənalandıran digər
komponentlərin daşıyıcıları, o cümlədən
teatr rəssamları, bəstəkarları, teatr tənqidi və
s. qoşulmuşdur.
Ötən dövrlər ərzində, dialektik anlamda qəbul
etsək, teatr sənəti çox dəyişmişdir. Və dəyişən
dünyamızın dəyirmanında üyüdülən dəyərlər
az olmasa da, milli mədəniyyətimizin
öz təbiəti etibarilə çevik sahəsi olan teatr sənətimiz
zamanın dəyirmanından diri çıxmışdır.
Bu diriliyi şərtləndirən səbəblər, təbiidir
ki, az deyil, amma onların içərisində
tənqidin rolunu xüsusi qeyd etməyə haqqımız
vardır.
Teatr tənqidimizin tarixi üzərində dayanmaq
ehtiyacı duymasaq da, onu qeyd etmək olar ki, tənqidimiz milli
teatr sənətimizlə yaşıddır və bir zamanlar
yanaşı addımlamış, biri digəri
üçün zəruri yanaşma ahəngini təmin
etmişdir.
Milli teatrın yenilik axtarışları ilə mənalanan
müxtəlif mərhələləri tənqidçilərin
diqqət mərkəzində olmuşdur. Bunlar ədəbiyyatşünaslıq
elmimizdə, eləcə də ədəbiyyatımızda
kifayət qədər tanınmış M.İbrahimov, M.Arif,
Mir Cəlal, Ə.Şərif, M.Rəfili, M.Cəfər, C.Cəfərov,
A.Zamanov kimi şəxsiyyətlər idi. Elə
şəxsiyyətlər ki, hər birinin fikri və
mövqeyi ilə teatr ictimaiyyəti hesablaşır, ictimai rəy
formalaşırdı. Burada onu da qeyd etmək vacibdir ki, ədəbi,
eləcə də elmi-nəzəri fikrin görkəmli
yaradıcıları olan bu insanlar milli təəssübkeşlik
mövqeyi ilə nailiyyətlərə hədsiz sevinib,
uğursuzluqlara dərin təəssüflə yanaşmaqla bərabər,
ədəbiyyatımızın tutduğu yolu tənzim etdikləri
kimi, milli teatrımızın da bədii-estetik istiqaməti
qayğısına qala bilirdilər. Bu dövrdə
istər mətbuatda, istərsə də ayrı-ayrı
müzakirələrdə səslənən mülahizələr,
bir küll halında, elmi-nəzəri fikrin, teatr prosesinin
poetik-fəlsəfi mündəricəsini zənginləşdirirdi.
Azərbaycan ədəbiyyatşünaslığında
cəfakeş əməyi sayəsində silinməz izlər
qoyan, ədəbi tənqidin metodoloji əsaslarını zənginləşdirən,
ədəbi prosesin tənqidi sahəsində əsl
ağsaqqallıq səlahiyyəti qazanan Məmməd Cəfər
teatr tənqidində xüsusi münasibətilə
seçilir.
Yəni o, bir tərəfdən teatr tənqidinin mühüm
elmi sahə kimi ümummilli mədəni prosesdə tutmalı
olduğu yeri yüksək qiymətləndirir, digər tərəfdən,
teatr mühitini, bəzi hallarda peşəkarlıq baxımdan
səriştəsiz münasibətinə görə teatr tənqidinin
özünü əsl tənqid atəşinə tutur, onu
açıq-aşkar və özünəməxsus
obyektivliklə ittiham edir. Onu da qeyd etməyə
ehtiyac vardır ki, bütün hallarda Məmməd Cəfər
eyni dərəcədə səmimi və barışmaz
mövqe bildirir.
Hələ
1946-cı ildə dramaturgiya məsələlərinə həsr
edilmiş konfransda M.Cəfərin söylədiyi fikirlər
bu gün, yəni üstündən yetmiş il
keçməsinə baxmayaraq, aktuallığını itirməmişdir.
Əlbəttə, bu faktın özü ikili
münasibət oyadır. Birincisinə, təbii
olaraq, sevinmək olar. Sevinmək olar ki, alim fitri
istedadı, fəhmi, uzaqgörənliyi ilə teatr tənqidinin
mövcud olan və ola biləcək
problemlərini görə bilmiş, səriştəli elmi-nəzəri
baxışlarını diqqətə
çatdırmışdır. Amma elə
buradaca təəssüflənməmək də olmur,
çünki həmin fikirlərin öz
aktuallığını çağdaş dövrümüzdə
də itirməməsi teatr prosesinin mövcud vəziyyətini
xüsusi şərh etməyə və qürrələnməyə
əsas vermir.
Söz
yox ki, yuxarıda qeyd edilən mülahizələrdə bu
günümüz üçün mübahisəli, az qala, təfərrüatlarına qədər
məlum olan, yaxud problemi bir daha nəzərdən keçirmək
ehtiyacı yaradan məqamlar da az deyil.
Məsələn, teatr tənqidinin çox çətin
və mürəkkəb bir elm olduğunu xüsusi qeyd edən
müəllif, onun təkcə teatrla deyil, eyni zamanda
dramaturgiya ilə məşğul olduğunu bildirir. Ehtimal etmək
olar ki, burada söhbət ənənəvi bölgüdən
gedir. Yəni şərti olaraq, "oxucu
üçün", yaxud "tamaşaçı
üçün" bölgüsü ilə nişanlanan
pyeslərin tənqidi nəzərdə tutulur, çünki
birincilər, əsas etibarilə, ədəbiyyatşünaslığın
tədqiqat obyekti olduğu halda, ikincilər daha çox
teatrşünasların maraq dairəsinə düşür.
Amma burada uzun illər müşahidə edilən belə
bir faktı da xatırlamaq yerinə düşər ki, milli
teatr prosesinin ayrı-ayrı mərhələlərində
praktik teatrın estetik problemlərinin
araşdırılması və həlli
qayğılarını teatrşünaslardan daha çox ədəbiyyatşünaslar
çəkmişdir. Əslində, işlərin bu sayaq gedişini, teatr
prosesində ədəbiyyatşünasların ön cəbhədə
görünməsini şərtləndirən amillər az olmamışdır. Hər
şeydən əvvəl, yəqin, onu göstərmək
lazımdır ki, teatrşünaslıq müstəqil elm sahəsi
kimi fəaliyyət göstərənə qədər teatr sənəti
ədəbiyyatşünaslığın himayəsi və nəzarəti
altında olmuşdur. Digər, az əhəmiyyətli
olmayan və diqqətçəkən səbəblərdən
biri də budur ki, özünün uzun illik inkişaf tarixi
boyu Azərbaycan milli teatrı aktyor və rejissor qüvvələri
sarıdan korluq çəkmədiyi halda, sağlam tənqid
sarıdan, dramaturgiya kasadlığından sıxıntı
çəkmiş, repertuar seçkisində ideya-bədii tələbləri
hər dəfə ödəyə bilməmişdir. Odur ki, teatr işinin ilkin şərti, dramaturgiya
bolluğu məsələsi ədəbiyyatşünaslığın
da əsas qayğısına çevrilmiş, teatrın
narahatlığına həmrəylik nümayiş
etdirmişdir.
Dövrün görkəmli səhnə xadimlərinin,
tanınmış aktyor simalarının yaradıcılıq
xüsusiyyətləri, fərdi oyun üslubu barədə bu
və ya digər obrazın səhnə təcəssümündə
təzahür etdirdikləri sənətkarlıq hünəri
M.Cəfərin diqqətini çəkir, nəticənin
uğurlu-uğursuz cəhətləri onun qələmi ilə
dəyər qazanırdı. Alimin dövrün məşhur
aktyorları ilə dostluğa çevrilən təmasları,
teatra məhrəm münasibəti onun obyektivliyinə xələl
gətirmir, mövcud çətinlikləri, bəzən
tamaşaçı üçün gizli qalan
irili-xırdalı səhnəarxası mətləbləri nəzərə
alsa da, o, "düzü düz, əyrini əyri"
(M.Ə.Sabir) şərh etməyi özünə borc bilirdi.
Bu baxımdan, M.Cəfərin görkəmli aktyor Sidqi Ruhulla
haqqında yazdığı monoqrafiya dediklərimizə bariz
örnək ola bilər. Belə ki, essevari
üslubda başladığı monoqrafiyada M.Cəfər sənət
və yaradıcı şəxsiyyət məsələlərini
özünəməxsus sadə dildə, eyni zamanda elə dərindən
təhlil edir ki, gətirdiyi misallar, ayrı-ayrı
yaradıcılıq faktları dövrün, eləcə də
bu qüdrətli aktyorun şəxsiyyətinin və
istedadının miqyasını, həmçinin milli teatr
tariximizdə tutduğu yeri təsəvvürümüzə
həkk edir.
S.Ruhullanın
səhnə obrazlarının taleyindən bəhs edəndə
də, həmin obrazların yaradıcısı olan aktyorun səhnə
davranışını, oyun texnikasını, tərəf-müqabilləri
ilə ifa münasibətlərini qeyd edəndə də M.Cəfər
bu mətləblərə böyük rus teatr xadimi
K.S.Stanislavskinin məşhur "sistem"inin prizmasından dəyər
verir. Bu zaman o, qəti mövqeyini bildirir ki, hər
hansı obrazı yaradarkən aktyor, hər şeydən əvvəl,
müasirlərinin qəlbinə və şüuruna təsir
edir. Çünki o, səhnədə
"insan ruhunun həyatını" (K.S.Stanislavski) ifadə
edir.
Əlamətdardır ki, sənətkarlarımızın
son dərəcə mürəkkəb hesab etdiyi səhnə
fəaliyyətindən bəhs etdiyi məqamlarda M.Cəfər
digər xalqların aktyorlarının yaradıcılıq
xüsusiyyətləri ilə uğurlu müqayisələr
aparır. Bu zaman alimin bir vətəndaş olaraq, fərəhini
gizlətmədiyi əlamətdar olsa da, təəssüf
hissi ilə diqqətdən yayınmır.
M.Cəfərin
bir zamanlar yazdığı: "... Bizim də
səhnəmizdə Kinlər, Moçalovlar çox
olmuşdur. Ancaq səhnə sənəti
nəzəriyyəsi ilə ayrıca məşğul olan
Lesinqlərimiz, Didrolarımız olmamışdır"
sözlərində acı təəssüfdən daha
çox, mövcud vəziyyəti teatr sənətinin tərəqqisi
naminə dəyişmək yanğısı diqqəti cəlb
edir. Aydın məsələdir ki, alimin niyyəti bir
neçə ilə başa gələn iş deyildir və
bunu o özü hər kəsdən daha artıq duya bilirdi.
Amma o da aydındır ki, elmi metodologiya teatr tənqidinin əsaslanan
fəaliyyəti üçün əlverişli şəraitin
yaranması, onun elmi sahələr içərisində öz
yerini müəyyənləşdirməsi, eləcə də
teatr sənətində gedən bədii-estetik proseslərə
fəal müdaxilə etməsi M.Cəfərin mühüm
hesab etdiyi və uğrunda çalışdığı məsələlər
idi.
Teatrşünaslıq
tədricən öz yerini tutduqca, səsi artdıqca,
xüsusilə, XX əsrin 60-cı illərindən
başlayaraq artıq teatrların daxilində "ssenari
dramaturgiyası" meyilləri yarandıqca, get-gedə həmin
"dramşünaslıq" dairəsində
araşdırmalar aparmağa başladı. Və
dünya, o cümlədən Avropa
dramşünaslığı ayrıca elm sahəsi kimi diplomatik
mənada tanınmalı oldu.
Əlbəttə, bu, çox sonralar olacaqdı. M.Cəfərin
nəzərdə tutduğu və fəaliyyətinin bəzi
xüsusiyyətləri ilə onu qane etməyən teatr tənqidi
milli teatr sənətimizin ən yaddaqalan tarixi mərhələsinin
bələdçisi olmaq missiyasını yerinə yetirməli
idi. Və bu işdə problemlər az
deyildi. Odur ki, M.Cəfər xüsusi həssaslıq,
təmkin və tələbkarlıqla gündəliyə
çıxardığı məsələləri zaman və
milli mədəniyyətimiz kontekstində nəzərdən
keçirirdi.
Onun xüsusi diqqət yetirdiyi və bu günün
özündə belə, mühüm olan problemlər
hansılardır? Səhnə əsəri haqqında elmi
araşdırmalar, milli teatr nəzəriyyəsi məsələsi
və onun praktik səhnə fəaliyyəti ilə
bağlılığı, səhnədə oyun üslubu və
nəzəri hazırlıq məsələləri və s.
M.Cəfərin elmi axtarış yanğısı onun vətəndaşlıq
təəssübkeşliyindən bəhrələnmişdir. 1940-cı illərdə dərc
etdirdiyi məqalələrinin birində o yazır: "Mən
1935-36-cı illərə qədər olan qəzet və məcmuələrin
səhifələrində axtardım ki, görüm hansı
məşhur bir aktyorumuzun sənəti haqqında
ağıllı bir məqaləyə rast gələrəm. Tapa bilmədim. Aktyorlarımız
haqqında bu illər ərzində mətbuatda savadsız
yazılar və mənasız quru təriflər istənilən
qədər boldur, ancaq elmi bir məqalə yoxdur".
Əlbəttə, ötən onilliklər ərzində
Azərbaycan teatrı, onun sədaqətli tərəfdaşı
olan teatrşünaslıq elmi mürəkkəb bir yol
keçmiş və həmin uğurlu-uğursuz mərhələlərə
bölünən yolda keyfiyyət göstəriciləri daha
çox müşahidə edilmişdir. Yaşanan
dövr ərzində teatr tənqidi sahəsində
çalışan neçə-neçə görkəmli
alimlər yetişmiş, yüzlərlə elmi məqalə,
onlarla monoqrafiya, cild-cild kitablar yazılmışdır.
Özünün o qədər də sadə olmayan problemləri
ilə əlbəyaxa olduğu bir zamanda belə teatr tənqidi
çalışmaqla, teatr prosesinin nəbzini tutmaqla, bir
küll halında teatrşünaslığın müxtəlif
istiqamətlərində fəaliyyət göstərməklə
öz "mən"ini təsdiq etməkdə davam edir.
Məmməd Cəfərin dərin inamına görə,
"teatr tənqidi sahəsində ağıllı bir fikir
söyləyə bilmək üçün həyatı da
gözəl bilmək, zəngin həyat təcrübəsinə
malik olmaq lazımdır". Başqa sözlə desək, təkcə
teatr sənətinin mühitinin sirlərinə bələd
olmaq teatr tənqidinin fəaliyyətinin faydalı iş əmsalı
üçün kifayət deyildir.
Alimin fikrincə, "bir var ağıllı, səbirli,
təmkinli, təvazökar və hər şeyi anlayan teatr tənqidi
ki, bu, ciddi bir elmdir. Belə sağlam və təmkinli teatr tənqidi
incəsənətdə olan gözəlliyi duya bilir və
gözəlliyi xələldar edən cəhətləri də
aydın dərk edib göstərməklə teatra əzəli
dərəcədə kömək edə bilir. Belə bir ağıllı və təmkinli teatr tənqidinin
olmadığı yerdə teatr sənəti və dramaturgiya
irəli gedə bilmir. Bir də var tənqidin
adından sui-istifadə edən, teatr tənqidçisi adı
ilə alverçilik edən atüstü
cızma-qaraçılıq ki, bu, əksinə, teatr və
dramaturgiyanın ən qorxulu düşmənidir. Harada bu xırdavatçılıq qüvvətli isə,
orada da teatr həmişə hərəkətsiz, şöhrətsiz
və qiymətsizdir." Bu sözlərin
ifadə etdiyi hikmətə əlavə etmək çətindir.
Amma yaşadığımız dövrün teatr prosesi,
xüsusən milli teatr sənətimizin 150 ili
haqlayan tarixi barədə düşüncələrimiz bəzi
mülahizələri ucadan söyləmək ehtiyacı
yaradır.
Əgər teatr sənətimizin
hazırkı bədii-estetik, istəsəniz, lap ideoloji səviyyəsi
bizi qane edirsə, heç şübhə olmasın ki, bunda
teatr tənqidinin, səhnədən kənarda fəaliyyət
göstərən, amma səhnəyə bilavasitə təsir
göstərmək qüdrəti olan bu sahənin əməyi
vardır. Buradaca, söylədiyimiz məntiqə
əks olan, başqa cür düşünsək, əgər
milli teatrın çağdaş vəziyyəti, yumşaq desək,
qənaətbəxş deyilsə, bu mənzərənin də
yaranmasında teatr tənqidinin gözəgörünməz fəaliyyəti
(yaxud fəaliyyətsizliyi) şübhəsizdir.
İsrafil İsrafilov
Ədəbiyyat qəzeti.- 2019.- 4
may.- S.5.