Milli ədəbiyyatımızın
şərəfli tarixi, faktı və məxəzi
Müstəqillik
illərinin əvvəllərində - həmin o
qarışıqlıq və xaos dövründə Heydər
Əliyevin söylədiyi bir ibrətamiz fikir onun bütün
fəaliyyət xəttini dəqiq xarakterizə edir:
"Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla
çox ehtiyatlı, çox diqqətli davranmaq
lazımdır. Bu işləri bazar iqtisadiyyatının
ixtiyarına vermək olmaz!" Heydər Əliyev yalnız
milli müstəqilliyi qazandığımız 1990-cı illərdə
deyil, eləcə də hakimiyyətdə olduğu sovet
epoxası daxilində ədəbiyyatı nəinki
iqtisadiyyatın, eləcə də siyasətin, gücün
ayağına vermədi. Bütün fəaliyyəti
dövründə ədəbiyyata, onun müxtəlif
dövrlərində yaşayıb-yaratmış ədiblərinə
qədirşünas mövqedən yanaşan Heydər
Əliyevin rəhbər kimi özəlliyi, bəlkə də,
elə buradan başlayır. Bu mövqe Heydər Əliyevin ədiblərlə
şəxsi görüş və söhbətlərində,
onlar haqqında imzaladığı fərmanlarda, təşkil
etdirdiyi yubiley tədbirlərində, ucaltdığı abidələrdə,
açdığı ev-muzeyləri, məqbərələrdə
və yaradıcılıq evlərində sərgilənməklə
mənalanmır, həm də onlara can
yanğısının izharında özünü göstərirdi.
Necə
ola bilirdi ki, Heydər Əliyev sovet hakimiyyətinin rəsmi
tribunasından sözünü öz xalqına
ünvanlayırdı, onun dəyərlərini qoruyurdu, milli
heysiyyatını uca tuturdu?! Axı kim dana bilər,
toxunduğu bütün məsələlərdə liderin fəaliyyəti
o zamanın dalğasından azadlıq
anlayışının oyanışı kimi keçir.
Bəzi təfərrüatlara
varaq. Məsələn, Bəxtiyar Vahabzadənin
"Gülüstan" poeması dünyanı olmasa da,
özünü dünyanın məhvəri sayan nəhəng
Sovetlər İmperiyasını silkələməyə
müvəffəq olmuşdu. Ona qədər heç bir əsərdə
milli dil, milli varlıq və kimlik məsələsi bu qədər
kəskinliklə qoyulmamışdı, bu qədər cəsarətlə
sərgilənməmişdi. Bu əsərdə yaddaşı
oyatmağa yönəlik olan missiya vardı və bu missiya XX əsrin
birinci yarısının aydınlarının əsərlərindən
sonra ilk dəfə məhz Bəxtiyar Vahabzadə
poeziyasında bu çalarda, bu miqyasda şeirə gətirilirdi.
Amma bir anlıq düşünək, "Gülüstan"
poeması yalnız daxili azadlığın təzahürü
idimi? Düşünmürəm. Poema 1958-ci ildə
yazılmışdı. Heydər Əliyev bu zaman Dövlət
təhlükəsizliyi orqanlarında
çalışırdı. Vəzifəsindən irəli gələn
səlahiyyəti isə millətin milli-mənəvi dərdlərinin
tərcümanı olmağa, onun ehtiva olunduğu məqamları
qorumağa imkan verirdi. Onun çıxışlarında bu məqamlara
aydın işarələr kifayət qədərdir: "Mən
hələ Dövlət Təhlükəsizliyi Komitəsində
işləyən zaman Bəxtiyar Vahabzadənin həbs
olunması məsələsi meydana
çıxmışdı. "Gülüstan"
poemasını yazmışdı. Ondan ötrü o zaman həbs
etmək məsələsini qoymuşdular. O vaxt mən onu
xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla
dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi
verdim. Belə bir insan o vaxtlar böyük fəlakət
qarşısında idi. Nəyə görə? Heç bir
cinayət yox idi. Ona görə ki, millətini sevirdi, millətin
qayğıları haqqında yazılar, şeirlər
yazırdı".
Bu fikirlər
həm də Heydər Əliyev şəxsiyyətinin
bütövlüyünə dəlalət edir. Heydər
Əliyev ədəbiyyata qayğı və diqqətini elə
Sovet İmperiyasının daxilində - ən yüksək
postda əyləşərək, ən əzəmətli
kürsüləri bölüşərək, ən mötəbər
tribunalardan səslənərək gerçəkləşdirirdi.
Xalqın itirilən milli-mənəvi yaddaşını
özünə qaytarmaq məramı uğrunda vuruşurdu.
Heydər Əliyev sovet ideologiyasının müdaxilə
etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin
- xalqın öz soy-kökündən, milli müəyyənliyindən,
inancından qoparılması kimi gerçəklərin mahiyyətinə
enir, buna qarşı elə həmin siyasətdən istifadə
edərək, əksinə, milliləşmə
strategiyasını həyata keçirirdi.
1970-ci illərdə
ümumən respublikamızda klassik mədəni irsimizin
öyrənilməsi baxımından tamamilə yeni mərhələ
başladı. Həmin mərhələ bilavasitə
xalqımızın ümummilli lideri Heydər Əliyevin
adı ilə bağlıdır. "Kitabi-Dədə
Qorqud" abidəsinin millətə qaytarılmasında Heydər
Əliyevin gördüyü işlərin miqyası
ölçüyə gəlmir. Eləcə də
böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə
bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi
işlər bu şairin irsinin yeni təfəkkür
qatına, milli şüur və yaddaşa bədii-estetik
çalar qatmasını izləməyə imkan verir.
Bildiyimiz kimi, bu il Prezident İlham Əliyevin Sərəncamı
ilə İmadəddin Nəsimi ili elan olunub. Belə
böyük qədirşünaslığın əsası
Heydər Əliyev zamanından başlayır. Heydər
Əliyevin Sərəncamı əsasında 1973-cü ilin 13
sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi
keçirilmişdi. Elə həmin il Həmid Araslının
tərtibatı ilə Nəsiminin divanı çap
olunmuş, Nəsiminin ölkə miqyasında
tanınmasına və təbliğinə yol
açılmışdı. Heydər Əliyev Nəsiminin
yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə
nail olmuşdu. 1980-ci ilın fevral ayında Bakının mərkəzi
parklarından birində Nəsiminin abidəsi qoyulmuş və
heykəlin açılış mərasimində şəxsən
özü iştirak etmişdi.
Nizami Gəncəvinin
irsinə də Heydər Əliyev münasibəti konseptual səciyyə
daşımışdır. O, 1979-cu il 6 yanvar tarixli qərarı
ilə bu istiqamətdə kompleks vəzifələr irəli
sürərək, Nizami irsinin və ümumən orta əsrlər
Azərbaycan mədəniyyətinin sistemli
araşdırılması üçün geniş perspektivlər
açmış, 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin
anadan olmasının 840 illiyi haqqında qərarı ilə
isə nizamişünaslıqda əsaslı dönüş
yarada bilmişdir.
Habelə
1976-cı ildə Məhəmməd Füzulinin qəbrinin
qorunması və məqbərəsinin bərpası ilə
bağlı İraq səfirliyi ilə apardığı
aramsız mübarizə, 1982-ci ildə Şuşada tikdirdiyi
Vaqif məqbərəsi, elə həmin il Hüseyn Cavidin nəşinin
Sibirdən vətənə gətirilməsi Heydər
Əliyevin milli məfkurədən müstəqil dövlətə
gəldiyi yolun addımları idi.
Türkiyənin
tanınmış ictimai xadimi Kamal Akın qeyd edir ki, "Heydər
Əliyev Sovet İttifaqının tarixində uzun illər
sovetlər rejiminin, Kremlin zirvəsində oturmuş yeganə
türkdür". Bir aydınlatmaya ehtiyac var, zənnimcə,
həm də türk kimi türk olub Heydər Əliyev. Milli
müstəqillik dönəmində bu, bəlkə o qədər
də cəsarət tələb edən nəsnə deyildi.
Amma sovet epoxası daxilində bu mövqenin özündə
böyük millət sevdası, vətən fədailiyi ehtiva
olunurdu. Həmin illərdə Heydər Əliyevin həyata
keçirdiyi çoxyönlü gerçəklər
sırasını, həmin fədailiyin miqyasını bu
böyük şəxsiyyətdən bəhs edən
bütün şəxslər etiraf etmişlər.
Yazıçı Hüseynbala Mirələmovun
"İşığın izi ilə" tarixi-ədəbi
essesində oxuyuruq: "Heydər Əliyev ömrü boyu sərt
və prinsipial mövqeyindən çəkinmədən sovet
qoşunlarının diktaturası şəraitindən
özünəməxsus ustalıqla bəhrələnərək
xalqını qorumaqla onu dirçəltmək, onun
inkişafını təmin etmək yolu tutmuşdur.
Əslində, qeyri-real kommunizm ideallarının uğrunda
mübarizəni real Azərbaycan uğrunda mübarizəyə
çevirmişdir".
Heydər
Əliyev imperiya siyasəti ilə
çarpışırdı. Elə imperiya ki, vaxtilə
"parçala, hökm sür" tezisi üzərində
qurulmuşdu. Elə hakimiyyət ki, varlığı millətlərin,
xalqların milli kimliyini əlindən almaq, yadlaşdırmaq,
manqurtlaşdırmaq məqamı üzərində bərqərar
olmuşdu. Heydər Əliyev isə içindən
çıxdığı xalqın öz dəyərlərinin
böyüklüyünə əmin idi, onların nədə
ehtiva olunduğunu bilirdi. Şəxsiyyətlərini
tanıyırdı. Dövləti güclü edən amillərin
söykəndiyi bütün çıxış nöqtələri
ona məlum idi. Ədəbiyyatşünas alim Azər Turan
2000-ci ildə "Azərbaycanın gücü" məqaləsində
yazır: "O illərdə Azərbaycanda hadisənin daha
başqa və bənzərsiz forması təzahür
etmişdi. Azərbaycanda mövcud ictimai şəraitə,
sistemə, quruluşa rəğmən, dissident siyasəti tətbiq
olunurdu (kursiv mənimdir - E.A.). Cəmiyyət həmin siyasətlə
idarə olunurdu. Tabular və bütlər, ehkamlar və
sxolastika hər gün zərər çəkirdi: Nərimanov
Lenini, Mustafazadə Xrennikovu, Bəhlulzadə Deyneykanı... əvəz
edirdi. Kütlənin ümumi rəyi formalaşdırılırdı.
Moskva Azərbaycana uzaqdan baxmağa və köks ötürməyə
məcbur edilmişdi".
Bəli!
Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini
bu iki sözün birləşməsi uğurlu və dəqiq
ifadə edir: Dissident siyasəti! Azərbaycanın dəyərlərini
ona tanıtdırmaq və 1937-ci ildə
ziyalılığın sındırılmış
vüqarını dirçəltmək, reabilitasiya etmək
Heydər Əliyev diplomatiyasının çıxış
nöqtəsini təşkil etmişdir. Nə qədər
gerçəkləşə bildi bu missiya? Zənnimizcə,
bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi
meydana qoyuldu. İstər ölkə daxilində gedən
siyasi proseslərə, məhəlli ziddiyyətlərə,
istərsə də dünya siyasətində Azərbaycana
qarşı aparılan əks təbliğatlara, mürəkkəb
diplomatik çəkişmələrə baxmayaraq və
onlara önəm verməyərək, Heydər Əliyev
ölkə dəyərlərindən, ölkə
maraqlarından çıxış etməyi meyara çevirməyi
bacardı.
Təsadüfi
deyil ki, həmin illərdə milli poeziyada Bəxtiyar Vahabzadənin,
Xəlil Rzanın və b. sovet dövründə yazılan əksər
şeirləri millilik, türklük ruhu üzərindədir
və bu şairlərin müstəqillik illərində
yazdığı şeirlər əvvəlkilərdən
poetik ovqat baxımından fərqlənmir. Bu ovqatı
poeziyaya qazandıran qüvvə nə idi bəs? Əlbəttə
ki, Heydər Əliyevin dissident siyasətinin gücü.
Yaşar Qarayev doğru yazır ki, "60-cı illərə
qədər Azərbaycanda da şeirlərin "dissident"
olmaq "imkanları" var idi. 1969-cu ildən sonra bu imkan
aradan qaldırıldı. Bəziləri təəccüb
edir ki, niyə Azərbaycanda
"altmışıncıların" sandıqdan, yasaqdan
çıxan əsərləri olmadı? Çünki
sandığa ehtiyac olmadı. Hətta Moskvada, mərkəzi
jurnallarda çap edə bilmədikləri əsərlərini
yazıçılar Bakıda çap edirdilər".
Akademik
İsa Həbibbəyli doğru olaraq, "XX əsrin
yetmiş-səksəninci illərindən etibarən Azərbaycanda
milli istiqlal ədəbiyyatının yeni mərhələsi
yaranmışdır", - yazır. Xalq
yazıçısı Anar - "Xatırlayıram ki,
yalnız Moskvanın deyil, hətta Pribaltika kimi sərbəst,
müstəqil fikrə alışmış regionların belə,
ziyalıları bizim bəzi kitabları oxuyanda, tamaşa və
filmlərimizi görəndə onların yasaqlanmamasına təəccüb
edirdilər", - deyə heyrətini gizlətmir. Nizami Xudiyev
mətbuatda çıxışında bu məqama
toxunmağı vacib bilir: "Keçmiş sovet məkanında
"dissident ovu" aparıldığı illərdə, əslində,
ən böyük dissident Azərbaycanın rəhbəri Heydər
Əliyev olmuşdur". Bunu Heydər Əliyevin özü də
bilirdi və bəyan etməkdən çəkinmirdi.
Anarın "Azərbaycanın ədəbiyyatı, incəsənəti,
mədəniyyəti" kitabında belə bir epizod yer
alıb: "Qurultayda Heydər Əliyevin
çıxış etdiyi iclası mən aparırdım və
belə bir replika atdım: - Heydər müəllim, bir dəfə
"Ən böyük dissident elə mən özüm
olmuşam" - dediniz.
- Tamamilə
doğrudur, - dedi Heydər Əliyev və: - Düzdür, mən
şeir yazmıram, roman və ya hekayələr yazmıram.
Ancaq 1969-cu ildən başlayaraq 1987-ci ilə qədər
Kommunist Partiyasında ən böyük dissident mən idim, -
deyə əlavə etdi".
Fransız
politoloqu Aland de Eskarın Heydər Əliyevə
ünvanladığı bir fikri var: "Cənab Əliyev!
1982-ci ildə Sizin Kremlə gəlişinizlə Sovetlər
Birliyinin Yaxın Şərqdəki siyasəti kökündən
dəyişdi, ona yeni impuls verildi". Bu, bir qərblinin qurucu
lider haqqında söylədiyi həqiqətdir. Belə ki,
Heydər Əliyev tarixə adını bu
dönüşün müəllifi kimi yazdıra bildi. Mədəniyyət
və Ədəbiyyatda yeni mərhələ yaratmağı
bacardı.
Heydər
Əliyev - milli ədəbiyyatımızın şərəfli
tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli
məxəzidir. Bu məxəz bütün estetik ruh halı
ilə fərqli duyumun, fərqli yaşamın şəklidi.
Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən
şəkli... Və siyasətdə göründüyü qədər
həm də ədəbiyyatın obrazıdır!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2019.- 4
may.- S.3.