Yeni düşüncənin Elçini
Elçinin doğum
gününə
Elçin müəllimi Azərbaycan
Yazıçılar Birliyində
katib işlədiyi zamandan tanıyıram. Yüksək mədəniyyəti, dərin
zəkası, analitik təfəkkürü, istedadlı
gənclərə qayğıkeş
münasibəti ilə
bizim yetmişincilər
nəslinin yadında,
yaddaşında məxsusi
iz qoyub. Onun çoxşaxəli yaradıcılığında
klassik və müasir düşüncənin
vəhdəti mənəvi
mədəniyyətimizin yüksəlişinə
öz payını verib. Elçin haqqında danışmaq
dünyavi təfəkkürdən
doğulan böyük
bir elm və ədəbiyyat adamı haqqında danışmaq qədər məsuliyyətlidir.
İlk hekayələrindən
tutmuş romanlarına,
dramlarına qədər,
ilk məqalələrindən başlamış monoqrafiyalarına
kimi Elçin imzası müasirliyin, yeni düşüncənin
ehtiva etdiyi rəmz kimi yadda qalıb. Onun canlı,
koloritli xalq dilində yaratdığı
bədii əsərlərindəki
obrazlar xarakter səviyyəsinə yüksəldiyi
üçün oxucu
və tamaşaçı
təəssüratı unudulmaz
olur.
Təbii
ki, nasir, dramaturq, tənqidçi ədəbiyyatşünas, ictimai
və dövlət xadimi Elçin haqqında, onun çoxşaxəli yaradıcılığı
barədə söz demək, fikir söyləmək, öncə
vurğuladığım kimi,
o qədər də asan deyil. Onun
"Açıq pəncərə",
"Bir görüşün
tarixçəsi", "Mahmud və Məryəm",
"Ağ dəvə",
"Ölüm hökmü",
"Qarabağ şikəstəsi"
kimi nəsr əsərləri milli və müasir proza təfəkkürümüzdən
uluslararası oxucu auditoriyasına çıxmağa
layiq və çıxmış mükəmməl
sənət nümunələridir.
Yazıçı Elçinin təhkiyə
leksikonuna diqqət yetirəndə onun folklora, xalq ədəbiyyatına, milli-mənəvi
dəyərlərə nə
qədər bağlı
olduğunu görürük.
Eldən
gələn obrazlı
deyimlər, frazeoloji birləşmələr, metaforalar
onun nəsr dilinə poetik ovqat gətirir.
Sovet dönəmində
şəhər nəsri,
kənd nəsri deyilən yanlış bir bölgü vardı. Əyalətdə yaşayan yazıçılar
daha çox mövzularını kənddən,
təbiətdən götürürdülər.
Mərkəzdə yaşayanlar isə
şəhərli tematikasından
çıxa bilmir, yaxud da çıxmaq
istəmirdilər. O üzdən
belə bir formalist yanaşma mövcud idi. "Şəhərli"
Elçinin isə əsərlərində həm
şəhər, həm
də kənd həyatı, bu həyatı yaşayan insan obrazları sözügedən bölgünün
sınırlarını əridir.
Yəni xalq yazıçısı
istər şəhərdə
olsun, istərsə də kənddə xalqın içindədir.
Dediklərimi onun teatrlarımızın
repertuarından düşməyən
dram əsərləri də
təsdiq edir.
Tənqidçi, ədəbiyyatşünas Elçinin
ədəbiyyatımızın problemləri ilə bağlı (istər klassik, istər müasir) sanballı monoqrafiyaları elmi auditoriyanın hər zaman diqqət mərkəzində olub. Yeni meyillər, çağdaş
istiqamətlər və
bunların milli zəmində, klassik bazada inkişaf etdirilməsinə alim kimi öz töhfəsini
verən Elçinin
"Tənqid və ədəbiyyatımızın problemləri", "Şəxsiyyət
və istedad",
"Ədəbiyyatımızın yaradıcılıq problemləri",
"Tənqid və nəsr" kimi monoqrafiyalarında ədəbiyyatımızın
mənzərəsinə həm
tənqidçi, həm
də ədəbiyyatşünas
kimi müdaxilənin şahidi oluruq. O, hər hansı bədii əsərin təhlilini verərkən
həm tənqidçi,
həm də ədəbiyyatşünas kimi
mətni görə bilir. Ona görə də
tənqidçi Elçindən
hançı yazıçınınsa
incidiyini eşitməmişəm.
Filologiya elmləri doktoru, professor Elçinin araşdırmalarında
zaman və məkan, köhnə və təzə anlayışı yoxdur. "Klassiklər
və müasirlər" əsəri
buna canlı nümunədir. O, təkcə
yazılı ədəbiyyat
müstəvisində deyil,
şifahi örnəklər
istiqamətində də
dəyərli və sanballı araşdırmaların,
monoqrafiya və məqalələrin müəllifidir.
"Klassik aşıq
ədəbiyyatında dünya
obrazı" əsərində
Elçin folklorşünas
kimi diqqəti çəkir. Bir sözlə, Tanrının
ona bəxş etdiyi təfəkkürün
və istedadın universallığı qələmindən
çıxan müxtəlif
janrlı əsərlərində
aydın görünür.
Sonda vurğulayım
ki, Elçin dövlət xadimi kimi tutduğu vəzifələrdə həmişə
müstəqil dövlətimizin
mədəni, mənəvi
və iqtisadi yüksəlişinə bir
vətəndaş kimi
öz enerjisini verməkdən zövq alıb. Bu enerjinin sahibini
Tanrı qorusun!
Adil Cəmil
Ədəbiyyat qəzeti.- 2019.-
11 may.- S.3.