Böyük bəstəkar, böyük
vətəndaş
Arif Məlikovun vəfatı çağdaş musiqi sənətimiz üçün ağır itkidir. Parlaq bəstəkarlar nəslinin sonuncu mogikanlarından birisi də dünyasını dəyişdi.
Ariflə çoxdan tanışdıq. 1987-ci ildə birlikdə ABŞ-da olmuşduq, dəfələrlə Türkiyədə birgə səfərlərə çıxmışıq. Deyirlər, insanı ən yaxından yolda tanıyırsan. Arifin çox yaxşı yol yoldaşlığı vardı və xarakterinin ən üstün cəhətləri bu səfərlərdə üzə çıxırdı. Amma mən bu böyük bəstəkarımızı daha yaxından 1989-1991-ci illərdə SSRİ xalq deputatı olduğumuz zaman tanıdım.
Bu illər xalqımızın taleyində ən çətin, ən ağır illər idi. Sovet parlamentinin İttifaqlar Şurasında Azərbaycanın iyirmidən artıq deputat yeri vardısa, Ariflə mənim üzvü olduğumuz Millətlər Sovetində respublikamızın yalnız beş yeri vardı. Bu beş Azərbaycan deputatından yalnız Ariflə mən rusca danışa bilirdik. Odur ki, bu palatada bütün ağırlıq bizim üstümüzə düşürdü. 1990-cı ilin Qara yanvarından sonra tətildən qayıtmış parlamentin elə ilk iclasında Ariflə mən dəfələrlə çıxış etdik, xalqımızın başına necə dəhşətli müsibət gətirdiklərini dedik.
Amma Arif Məlikov bu deputat fəaliyyətindən başqa, rus dilində "Ya obvinyayu" ("Mən ittiham edirəm") adlı kitab da yazdı. Bu kitab mənə Arifin daha bir cəhətini tanıtdı - qanlı hadisələrin obyektiv, ciddi, eyni zamanda hiddətli salnaməçisi olduğunu bildim.
Arif Məlikov ölkəmizin tarixində yalnız
dünyanı gəzmiş baletiylə, sanballı
simfoniyalarıyla, başqa dəyərli musiqi əsərləriylə deyil,
həm də xalqın faciəsini sənədlər əsasında
açıb göstərən vətəndaş yazar kimi qalacaq.
Arif böyük bir
ardıcıllıqla, dəqiqliklə Qara
Yanvarda həlak olanların,
yaralananların, zədə alanların adlarını bir-bir sadalamaqla, o günlərdə şəhərimizdə
törədilən başqa vəhşilikləri
göstərməklə bunları yaddaşlara
əbədi həkk etdi. Belə bir kitabı bir qrup jurnalist,
tarixçi alim hazırlaya bilərdi. Bu kitabı bir nəfər - bəstəkar
Arif Məlikov hazırladı və çap etdirdi. Rus dilində çıxan kitab mütləq azərbaycanca da nəşr olunmalı, başqa dillərə çevrilməlidir.
SSRİ Ali Sovetinin iclaslarında
o vaxtkı müdafiə
naziri Yazov Bakı qırğınını
danmağa çalışdı. "Orda heç bir qoca, ya
uşaq həlak olmayıb" deyəndə
biz - Azərbaycan deputatları
nümayişkaranə şəkildə
salonu tərk etdik. Sonra Qanlı yanvarda
şəhid olanların,
o cümlədən qoca
və uşaqların
siyahısını da
Qorbaçova təqdim
etdik. Yazovun bir yalanı da o idi ki,
Bakıya hücüm
axşam saat 12-də yox, gecə saat 4-də başlayıb,
yəni sözünün
məğzi bu idi ki, gecənin
bu çağında
küçələrdə qocalar, ya uşaqlar
ola bilməzdi.
Arif Məlikov bircə-bircə toplayıb
nəşr etdiyi faktlarla gələcəkdə
QKÇP avantürasının fəal iştirakçılarından
olan marşal Yazovun ağ yalanlarını darmadağın
edir. Bütün bunları biz Ali Sovetdə
çıxışlarımızda da deyirdik, amma
Qarabağla və Qara Yanvarla bağlı
məsələlər müzakirə
olunanda, adətən,
iclas translyasiya edilmirdi, TV kanallarında yer almırdı.
Arif Məlikov bu kitabının yaranma səbəbini izah edərək yazırdı:
"Sual verilə bilər ki, nəyə görə bu işlərlə bəstəkar məşğul
olur. Mən bu işi könüllü şəkildə
boynuma götürdüm.
İki
ay yuxu nədir bilmədim. Bütün günü öz
"Volqa" maşınımla
şəhəri gəzib-dolaşırdım".
Məhz bu fəaliyyətilə Arif Məlikov dürüst və təkzibolunmaz faktlar əldə etmişdi.
Amma
SSRİ-nin o vaxtkı
rəhbərliyi bu faktları vecinə almırdı. İnsan haqlarına
guya ki, həssas yanaşan dünya ictimaiyyəti isə sanki kor və kar
olmuşdu.
O məşum günlərdə
Arif həm vətəndaş, həm
bəstəkar idi. Tez-tez o vaxtkı Şmidt, sonra Səttərxan adlanan zavodda görüşlər keçirirdi
və kimsə rişxəndlə "sizin
royalınızı da
zavod direktorunun otağına qoyaq" deyən də yanılmırdı. Doğrudan da,
ictimai fəaliyyətinin
ən gərgin anlarında belə, Arif bəstəkar olduğunu unutmurdu, qəlbində yeni musiqi əsərinin ilk qığılcımları alışırdı.
Qorbaçov yarı zarafat, yarı kinayəylə: "bəlkə,
bu hadisələrlə
bağlı bir simfoniya yazasınız"
- deyəndə, bəstəkar
"amma bu çox faciəvi simfoniya olacaq" cavabını verdi
və sözünə
əməl etdi.
Hər xalqın
həyatında elə
zamanlar olur ki, hamı, ilk növbədə, siyasətçilərin
deyil, sənətkarların
sözünə ehtiyac
duyur. Başqa daha dinc və sakit zamanlarda
sənətkarları unutmaq
da olar, onlarla hesablaşmamaq da. Amma tarix gec-tez hər şeyi yerbəyer edir. Faciəvi hadisələr haqqında
simfoniya, roman, ya poema yazmağa mənəvi haqqın olması üçün
bu hadisələrin kənardan müşahidəçisi
yox, onların içində yaşamalısan.
Səhhətinin, sağlamlığının
bahasına belə... Öz həyatını riskə
atmalı olsan da.
Arif Məlikov
bu haqqı həm ölməz musiqi əsərlərilə,
həm də fədakar vətəndaşlıq
əməllərilə qazanmış
insanlarımızdandır. Əsərləri
daima bizimlə qalsa da, vətəndaş
kimi, müəllim kimi, dost kimi yeri həmişə görünəcək.
Allah Arifə rəhmət eləsin!
9 may 2019
ANAR
Ədəbiyyat qəzeti.- 2019.-
11 may.- S.3.