Abbasqulu ağa Bakıxanovun tarix fəlsəfəsi
Azərbaycan tarixşünaslığında tarixə
yalnız müxtəlif hadisələrin xronoloji
ardıcıllığı kimi baxmaqla kifayətlənməyib,
həm də ondan müəyyən sosial-fəlsəfi nəticə
çıxarmaq təşəbbüsü,
görünür, "Gülüstani-İrəm" müəllifi
Abbasqulu ağa Bakıxanovdan başlayır. Və bu təşəbbüsün
bir məziyyəti də ondadır ki, mövcud ümumi
tarixşünaslıq ənənəsini də inkar etmir.
M.Şərifli yazır:
"A.Bakıxanov "Gülüstani-İrəm" əsərini
yazarkən təqribən yüzdən artıq məxəzdən
istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot,
Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi,
İbn-Hövqəl, İbn-əl Əsir, Yaqut Həməvi,
Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin
Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi,
Qolikov, Karamzin, Ustryalov və b. bu kimi məşhur yunan, Roma,
rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin
əsərləri vardır.
A.Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş,
dövrünün tələbinə görə arxeologiya,
epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri,
xalq arasında yayılmış rəvayət və əfsanələrdən
də istifadə etmişdir. Onun tətbiq etdiyi bu
üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə
birinci addım olmuşdur. "Gülüstani-İrəm"in
mətnindən anlaşılır ki, A.Bakıxanov yuxarıda
adları çəkilən mənbələrdən
başqa, qədim, orta və yeni dövrlərə aid daha bir
çox məxəzlərdən geniş surətdə istifadə
etmişdir. Lakin bu məxəzlərdən bəzisi
bizə məlum deyildir. Buna görə,
"Gülüstani-İrəm"in bizə gəlib
çatmayan bu mənbələrə əsasən
yazılmış müəyyən hissələri indi əsas
məxəz şəklini almış olur".
Əlinə
qələm alıb tarix yazan hər bir şəxsin (əgər
o, həm də bir mütəfəkkirdirsə!) borcudur ki,
özünün kim olduğu, hansı
"məzhəb"ə qulluq elədiyi barədə
aydın təsəvvür yaratsın ki, yazdığı
tarixlə mükaliməyə girənlər də öz həddi-hüdudlarını
bilsinlər.
Abbasqulu
ağa Bakıxanov tarixin xaosuna bütün miqyası ilə
müdaxilə etməkdən çəkinmədiyi kimi,
öz mütəfəkkir şəxsiyyətini mütəvaze
bir təfsilatla bəyan etməkdən də imtina eləmir:
"Tarix
elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini
bütün təfsilat və təriflərilə xələflərə
bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və
tənəzzül yollarını anladır... Bundan daha
yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada
yaşayan xalq üçün faydalıdır; çünki
tarix ona öz millətinin təbiət və adətlərindəki
xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından
məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqənin
əsas xeyir və zərərini ona məlum edər.
Buna görə, mən günahkar bəndə, Qüdsi təxəllüsü
ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd
xan Saninin oğlu, yol göstərmək məqsədilə,
işin çətinliyindən xəbərdar olduğum halda,
müxtəlif dövrlərdə Şirvan, Dağıstan
vilayətləri və ətrafında baş verən hadisələri
toplayaraq bir kitab yazmağa başladım".
Və
müasir Azərbaycan tarixşünaslığının
"atası" "Gülüstani-İrəm"in sonunda
özünün kim olduğunu, əsil-nəcabətini,
hansı həyat yolu keçdiyini, kimlərlə
oturub-durduğunu bir daha xatırladır.
Əsərin
kifayət qədər sadə (və eyni zamanda mükəmməl)
quruluşu var: "Şirvan və Dağıstan vilayətlərinin
hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin
mənşəyi, dilləri və dinləri haqqında" ətraflı
məlumat verən müqəddimədən sonra "islam
dövlətinin zühuru"ndan başlayaraq
"Gülüstan" adlı yerdə... sülh müahidəsi"nin
bağlanmasına qədərki min ildən artıq bir tarix
beş müfəssəl fəsildə təqdim olunur. Və
hər şeydən əvvəl diqqəti çəkən cəhət
odur ki, müəllif istər Şirvanda, istərsə də
Dağıstanda baş verən (və xeyli dərəcədə
xaotik) hadisələrin təfərrüatına nə qədər
varsa da, "Gülüstani-İrəm" hər fəslində
açıq-aydın hiss etdirir ki, həmin hadisələr
qlobal tarixin bilavasitə tərkib hissəsi kimi, demək olar
ki, heç bir muxtariyyətə və ya müstəqilliyə
malik deyil. Odur ki, fəsillərin adlarında da məhz qlobal
tarixin "addımlar"ı əks olunur: 1) islam dövlətinin
zühurundan ərəb qoşunlarının gəlməsinə
qədər; 2) ərəb qoşunlarının Azərbaycana
gəlməsindən moğolların istilasına qədər;
3) moğol istilasından səfəvilərin zühuruna qədər;
4) səfəvilərin zühurundan Nadir şahın vəfatına
qədər və 5) Nadir şahın vəfatından
"Gülüstan" sülh müahidəsinə qədər.
Abbasqulu ağa Bakıxanov əsərin həm
quruluşu, həm də "təhkiyeyi-kəlam"ı ilə
hər cəhətdən nəzərə
çatdırır ki, istər Şirvanda, istərsə də
Dağıstanda baş verən hadisələrin xronologiya,
yaxud gedişatını yalnız şərti mənada
"tarix" adlandırmaq olar. Və bu, əslində,
dərəbəylik xaosudur ki, hərdən bir tarix
yaratmağa cəhd edən tək-tək böyük şəxsiyyətlər
(məsələn, Şirvanşah İbrahim və ya
qubalı Fətəli xan kimi) ortaya çıxırsa da,
bütövlükdə, tarix adlandırılmağa layiq olan
hadisə-münasibətlərin (xüsusilə
İran-Türkiyə-Rusiya maraqlarının) diktəsi
altında baş verir.
Lakin məsələ burasındadır ki,
"Gülüstani-İrəm" müəllifi həmin
xaosun hər bir detalını, epizodunu xüsusi həssaslıqla
təsvir edir.
Məsələn:
"Nadir şahın vəfatından sonra, İran
qoşunu bu ölkədən çıxıb getdi. Hər bir
vilayətdə bir həşəmət sahibi baş
qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına
tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli
xan Sultan Əhməd xan oğlu, Xudat qalasını
köçürüb, indiki Quba şəhərinin Qudyal
adlı yerində tikdirməyə başladı. İğtişaş zamanında bu ölkənin
özbaşına qalan bir çox mahalını itaətə
məcbur etdi.
Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən
bəy Qorçunu xanlığa seçdilər.
Nadir şahın yaxın əmirlərindən
sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah
xan oğlu, Bakı ölkəsini müstəqil olaraq
ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı
olan Hacı Məhəmmədəli Sufi Nəbi oğlu Zərnəvaini
hökumətə keçirdi. Xançobanı
tayfasından olan Əskər bəy Allahverdi bəy oğlu Sərkarın
oğlanları Şirvan elatı arasında hakimiyyət
bayrağı qaldırdılar. Nuxalı
Hacı Çələbi Qurban oğlu istiqlaliyyət
bayrağı qaldıraraq, Şəki, Ərəş və
Qəbələ mahallarını özünə tabe
etdi".
Və bu
təsvir "analitizm"i hər cür çapqınçılıq-soyğunçuluğun,
qətl-qarətin təsbitinə qədər "dərinləşir":
"Əmir Həmzə üsmi 3000 igid qoşunla Dərbənd,
Quba və Şirvan ölkələrindən keçib Ərdəbilə
getdi. Buraları çalıb-çapdıqdan sonra
Qarabağdan keçib Gəncəyə gəldi. Buranı da Ərdəbildən daha pis qətl-qarət
etdi, hədsiz qənimətlə Şəki, Axtı və
Kürədən keçib öz mülkünə
döndü. Adıçəkilən
ölkələrin əmirləri ona qarşı durmağa
cürət etmədilər. Bunlardan bəzisi
hədiyyə göndərmək vasitəsilə
özünü onun şərrindən qurtarmaq istəyirdi".
Abbasqulu
ağa Bakıxanovun tarix fəlsəfəsi
"Gülüstani-İrəm"in "Nəticə"sində
birbaşa ifadə olunur ki, burada müəllif belə bir qənaətə
gəlir: "Əgər bu ölkə əhalisinin təbii
istedadını inkişaf etdirmək üçün
lazım gələn asayiş və tərbiyə
üsulları yaradılsaydı, o zaman bunlar nə böyük
tərəqqiyə nail olardılar!" Və o əmindir ki,
orta əsrlərdə Şirvani, Gəncəvi, Bakuyi, Beyləqani
ünvanları ilə məşhur olan onlarla görkəmli
mütəfəkkirlər dərəbəyliyin hökm
sürdüyü şəraitdə yetişmişlərsə,
əgər "asayiş və tərbiyə
üsulları" olsaydı "bu ölkə əhalisinin təbii
istedadı", yəqin ki, daha zəngin bir tarix
yaradardı... Düşünmək olarmı
ki, Gülüstan müqaviləsinin ölkəyə
asayiş, əmin-amanlıq və mütərəqqi idarəçilik
üsulu gətirdiyinə inanan Abbasqulu ağa Bakıxanov ən
müxtəlif səbəblərdən məhz Rusiya tərəfdarı
kimi çıxış edir? Və ona görə də
öz əsərində Azərbaycanın Şimalını
Cənubundan "ayırır"?.. Bu suala birbaşa cavab vermək çətindir.
Ancaq bir məsələ var ki,
"Gülüstani-İrəm" müəllifi Şirvanla
Dağıstan tarixindən söhbət açsa da, əlaqədar
hadisələr onu məcbur edir ki, çox hallarda Azərbaycanın
bütün coğrafiyasını əhatə eləsin.
Lakin məlum səbəblərə görə,
"Gülüstani-İrəm" müəllifi mərkəzləşmiş
Azərbaycan dövlətçiliyinin əsası Şah
İsmayıl Səfəvi tərəfindən hələ XVI
əsrin əvvəllərində qoyulmuş
bütövlüyü təsəvvürünə ya malik
deyil, ya da həmin təsəvvürü əsərinin mərkəzi
ideyası kimi təqdim etmək iqtidarında
olmamışdır.
XIX əsrin ilk illərində Azərbaycanda elə hadisələr
baş vermişdi ki, Abbasqulu ağa Bakıxanov onları siyasi
mahiyyətinə varmayıb, sadəcə, Rusiya
imperiyasının maraqları nöqteyi-nəzərindən
qeydə almaqla kifayətlənmişdi. Məsələn,
ruslarla döyüşən Cavad xanın, yaxud ruslara
sığınan İbrahim xanın aqibəti barədə bəhs
edərkən onların hər birinin kiçik də olsa bir
dövlətin başçısı olduğunu, siyasi status
daşıdığını lazımınca dəyərləndirməyib
üstündən keçir. Və bunu
"tarix yazmaqda lazım gələn qaydalara riayət"
hesab edir.
Əsərin
"Müqəddimə"sində "tarix yazmaqda lazım
gələn qaydalara riayət etdim: mətləbləri
müxtəsər və sadə ibarələrlə
yazdım, tədricən diqqət etdim və hadisələr
arasındakı rabitəni gözlədim, millət təəssübündən
və vətən tərəfdarlığından çəkindim"
deyən Abbasqulu ağa Bakıxanov sonda göstərir ki,
"bu həqir müəllif fəzilət və şöhrət
iddiası ilə deyil, bəlkə, bu ölkəyə mənsubiyyət
etibarilə fəxr etmək üzündən öz tərcümeyi-halını
da bəyan edir:
Beyt
Başqaları
qızılgül və yasəmən,
Biz isə
tikan olsaq da,
bir
gülzarın pərvərdəsiyik".
Və
"Gülüstani-İrəm" müəllifi gənc
yaşlarından ruslarla "işlədiyini" -
"İran və Rum (Osmanlı) dövlətlərilə
olan müharibə və barışıq işlərində
rus əsgərlərinin fərmanfərması (baş
komandanı) böyük əmir Paskeviçin yaxın
adamlarından biri" olduğunu da gizlətmir. Ancaq onu da qeyd edir ki, "şəxsi ləyaqət
olmadan nəsəb və sülalə şərafəti
qürbətdə naməlum, vətəndə isə məzəmmətə
məruzdur. Bunlara təkyə etmək mənasızdır,
etibar ediləcək və arxalanacaq bir dövlət varsa, o da
hər bir halda elm və adabdan ibarətdir...".
Bununla belə, ruslarla "işləmə"si
Abbasqulu ağa Bakıxanovun həm
dünyagörüşünə, həm də tarixçi
"üslub"una hər halda təsir göstərmişdir.
Ümumiyyətlə
isə, "Gülüstani-İrəm"in (və Abbasqulu
ağa Bakıxanovun) tarix fəlsəfəsi ən azı
üç bünövrə üzərində qərar tutur
ki, bunlardan birincisi mövcud şərait daxilində
mümkün qədər obyektiv, ikincisi təvazökar milli təəssübkeşlik,
üçüncüsü isə ölkənin (və millətin)
gələcəyinə bəslənən ümidlərdir ki,
sonuncunun əsas şərti olaraq siyasi-ictimai əmin-amanlığa,
təhsil-tərbiyəyə böyük önəm verilir.
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.7.