Türkiyə nəsrinin güldürə-güldürə
düşündürənləri - Afili Filintalar
1990-cı illərin
sonlarında türk nəsrində yeni imzalar doğulmağa başladı. Fərqlilikləri
ilk kitablarından sezilsə
də, 2000-ci illərin
ortalarında onların
adları artıq hər kəsə bəlli idi. Sevənləri də çox idi, sevməyənləri də.
Əsas rəqibləri mühafizəkarlar
və "nesinçilər"
idi. Türk nəsrinə "yüngüllük gətirdiklərinə"
görə qınansalar
da, xalq dilində sadə dilli və qısa
hekayələri ilə
müxtəlif zövqlü
oxucu camialarının
sevimlilərinə çevrilmişdilər.
Bütün qəhrəmanları hazırcavab olan bu yazarların başqa bir özəlliyi isə güldürə-güldürə düşündürmələri idi.
Həmin yazarlar özlərinə yazıçı Murat Menteşi
"başqan" seçsələr
də, Menteş əfəndi 2000-ci illərin
sonlarında yaratdığı
Afili filintalar onlayn dərgisi ilə onları bir "komanda qərargahı" ətrafında
toplaya bildi. Əsas məqsədləri
isə oxucularını
əyləndirə-əyləndirə düşündürmək idi.
"Açılmaz, aça bilməzsən şeyxim, sıfrın ortasından bir dəlik daha" - deyən Murat Menteş şeirdə nə qədər "mizahlı"
idisə, nəsrdə
də bir o qədər qara komediyaya yer verirdi.
Afili filintalar
nə deməkdir?
"Afili" sözünün
tərcüməsi heç
bir şeyi sevməyən elmli adamlar deməkdir. Yəni heç
nəyi bəyənməyən
filosoflar. Əslində, qondarma bir sözdür
və "Afili filintalar" ailəsinin yaratdığı və cəmiyyətin beyninə
hopdura bildiyi bir kəlmədir. "Filinta" isə
XVIII əsrdə Fransada
istehsal olunan qısa lüləli tüfəng növüdür.
"Afili filintalar"ın
türkiyəli bu yazarlara görə mənası "heç
nəyi bəyənməyən
elmli parabeyinlər"
anlamına gəlir.
Bəs
"Afili filintalar"ın
türk nəsrinə
qazandırdığı imzalar
kim idi?
İlk başda
Murat Menteşi qeyd etdik. Son aylarda çıxan "Antika Titanik" romanı ilə bir daha
Türkiyənin ədəbi
camiasına səs sala bildi. Artıq kitab üç-dörd dilə tərcümə olunub. Avropaya qədər ayaq
aça bilib.
"Afili filintalar"ın
ikinci nəhəng imzası heç şübhəsiz ki, Emrah Serbesdir. Hazırda həbsdə
olan yazıçı
"Erkən itirənlər"
romanı ilə diqqəti özünə
çəkə bilmişdi.
Özü də ilk kitabı
ilə. 45 min nüsxə ilə çap olunan kitab ilk üç gündə satılmışdı. "İletişim"
yayınları kitaba marağı görür və Emrah Serbeslə
müqavilə imzalayır.
Yazıçı ardınca qısa
hekayələrini çap
etdirir. "Hər təmas iz buraxır" adlı romanı isə Türkiyə türkcəsində çap
edildikdən cəmi iki-üç həftə
sonra alman dilində çapdan çıxır. Hətta
gənclik illərində
müxtəlif qəzetlərdə,
dərgilərdə yazdığı
məqalələri "Şən
professorlar: Metafora ilə səadət olmaz" adı altında kitablaşdırılır.
Kitab
2006-cı ildə yazıçıya
bir neçə ay ərzində 20 min ABŞ dolları
qazandıra bilir.
Bundan sonra Emrah Serbes ssenarist
kimi qələmini sınamağa başlayır
və "Behzat
Ç" serialı, ardınca
da filmi ekranlara daşınır. Müəllifin məşhurluq yolundakı
ulduzu bərq vurmaqla yanaşı, onu daha da
şöhrətləndirir. Heç şübhəsiz ki, Emrah Serbesin ən mükəmməl hesab edilən kitabı "Müptəzəllər"
və "Yuxarı mərtəbədəki terrorçu"dur.
Bu əsərlər türk oxucusunun hafizəsində gülə-gülə
düşünməyin, faciəyə
təbəssüm etməyin
toxumlarını əkə
bildi. "The Literature" nəşri Emrah haqqında bu fikirləri yazmışdı:
"O, modern türk nəsrinin
tragikomik imzasıdır.
E.Serbesin
son kitablarından olan
"Deliduman" kriminal
romançılıqda yeni
mərhələ kimi
qiymətləndirilir. "Qansız
qətllərin" - psixoloji
qatillərin obrazının
təsviri verilən bu romanda əsas
hadisələr bacı
və qardaş arasında baş verir. Pula olan
hərislik Türkiyənin
ən ucqar nöqtəsindən İstanbulun
səsli-küylü küçələrinə
qədər gedib çıxır. Əsər 11 dəfə nəşr edilib. Hazırda həbsdə olan
yazıçıya on minlərlə
türk lirəsi qazandırıb.
"Afili filintalar"
ailəsinin ən böyük üç nəhəng yazarından biri də heç
şübhəsiz ki,
Onur Ünlüdür. Azərbaycan oxucusunun
və tamaşaçısının
"Leyla ilə Məcnun" serialından
tanıdığı ssenarist
yazarın ilk çap
edilən əsəri
"Gediş budur"
adlı şeirlər
kitabıdır. 2000-ci
illərin əvvəlində
"gülə-gülə ağlayanların" ən
sevimli kitabına çevrilən bu əsər dünyanın
12 dilinə tərcümə
edilib. Müəllifinə Bolqarıstanda və
Bosniyada mükafatlar qazandırıb. "Bir çox nigarançılıq" adlı
hekayələr kitabı
ilə oxucuların qapısını döydü.
Onlarla filmin ssenaristi, 100-dən artıq musiqinin bəstəçisi olan O.Ünlünün "dəlilər
xoşbəxtdir, çünki
ağıllılar üçün
anlaşılmadıqlarına görə, iftiradan sığortalanıblar" - fikri
artıq qardaş ölkədə zərb-məsələ
çevrilib. Onun qısa
və lakonik hekayələrinin alt qatı
çox ağrılıdır.
Amma oxucular yorulmur. Çünki ifadələr sadə,
cümlələr qısa
və dodaqqaçırandır.
Müsahibələrinin birində
"Qırıq qəlblər
bankı" filminin ssenarisini "Qısaca
bank..." adlı dörd
cümləlik hekayədən
götürdüyünü deyən yazıçı,
sonradan hekayənin hər sətrini bir bölümə çevirdiyini vurğulamışdı.
"Afili filintalar"
ailəsinin ilk dördlüyünü
yaşca ən böyük yazıçı
Alper Canıgüz tamamlayır. "Şirin
yuxular" əsərini
oxuyanlar, yəqin ki, bu yazıçının
məharətinə bələddir.
Öldürə-öldürə güldürmək bir yana, Alper
əfəndi faciəyə
şaqqanaq çəkdirməyi
bacarır. Özü də bunu çox ustalıqla edə bilir. Hadisələrin dili yüyrəkdir.
Təhkiyə üsulu isə
olduqca şirin üslubdadır. Obrazların
dilindəki söyüşlər
də olduqca ali səslənir.
Qəribə - "kübar və
elit formada alçaltma üsulları"ndan
istifadə etməklə
türk oxucusunun diqqətini cəlb edən cənab Canıgüz özünə
ideal kimi Dostoyevskini seçdiyini deyir. "Cəhənnəm çiçəyi" əsəri
ilə 2013-cü ildə
Türkiyədə ən
çox kitabları satılan imzalardan biri olmağı bacarıb. "Qan və gül"
romanı isə fantastik üslubda yazılmış detektiv romanıdır. Ümumiyyətlə, fantastik-yumoristik detektiv adlı "xüsusi janr" "Afili filintalar" ailəsinin bütün üzvlərinə
xas bir üslubdur.
Əsərin qəhrəmanı isə
hələ baş verməmiş bir cinayətin izinə düşür və onu çözməyə
çalışır. O, bu işdən yorulduğu gün isə "cinayət" baş verir. Olduqca maraqlı süjet
xəttinə sahib bir
romandır. Bütün qəhrəmanlar
isə intellektual əbləhlərdir. Hamısının içərisində zaman-zaman
üzə çıxardıqları
və gizlətmək
istəmədikləri "bəstəboy xainlik"lər
yatır.
Ümumiyyətlə, "Afili filintalar" ailəsinə mənsub yazarlar öz mütaliəsi, dərinliyi,
hazırcavablığı və ictimai-siyasi hadisələrə fərqli
baxışları ilə
seçilirlər. Heç şübhəsiz
ki, bu, onların
yazdığı kitablara
da yansıyıb.
Amma siyasətdən də uzaq olduğunu söyləyirlər.
Vaxtilə Murat Menteş müsahibələrinin
birində vurğulamışdı
ki, "biz türk ədəbiyyatına oxucularımızı
əyləndirmək üçün
gəldik. Onlara dərd verənlər
məğlub olmuşdur"
- ifadəsini səsləndirmişdi.
Afili filintalar ocağının
Afşin Kum, Ahmet Murat, Ali Lidar, Cem Tunçer, Erkan Şimşek, Fatih Altınöz, Ferhat Uludere, Hakan Günday, Kaan Çaydamlı, Meltem Gürle, Sinem Sal, Serhat Uyurkulak, VEYasin kimi tanınmış imzaları hazırda Türkiyə romançılığını,
nəsrini nisbətən
rəngləndirən gənc
imzalardır. Azərbaycanda onların davamçısı
isə "Gördüm
və artırıram"
romanı ilə Nurlan Həsənlidir.
Belə bir ədəbi camianın bənzərinin
təkcə Türkiyədə
deyil, Kosovo, Bolqarıstan
və Albaniyada da yavaş-yavaş yetişdiyi söylənilir.
İndi isə mən soruşuram, görəsən,
o əjdahadan bizdə
niyə yoxdur? Bəlkə də,
olmaması məsləhətlidir.
Bizə işıqlı Qafqaz rənglərini özündə
göstərə biləcək
modern yazarlar və ədəbi camialar lazımdır.
1 may 2019
Tural Turan
Ədəbiyyat qəzeti.- 2019.-
11 may.- S.9.