Hamlet... həyat - olum
və
ölüm arasında məsafədir
Səhər açılandan insanlar kimi evindən qaçır, kimi evinə qaçır, kimi kökəlməkdən qaçır, kimi qatara gecikməkdən qaçır. Kimi xəstəlikdən qaçır. Hamı tələsir. Bir sözlə, mətləb birdi. Hamı ölümdən qaçır! Amma heç kəs bilmir ki, ölüm hansı səmtdədir. Bəlkə elə ölümün qoynuna qaçırsan? Əslində, bütün dünyada insanlar hamısı böyük bir marafon yarışının iştirakçısıdır. Bu yarışda hər kəs bir dəfə qalib olur, zəfər çalır! Onun əzizləri, qohumları, tanışları onu uğurlamağa, haqqında gözəl sözlər deməyə gəlir. Yarışı başa çatdığı üçün onu marafondan uğurlayıb yola salırlar. Əbədi bir sakitliyə, dincliyə... Qaranlığa, bəlkə də, aydınlığa, bilmirəm...
Saat on birə işləmişdi. İşə qaçmağa hazırlaşırdım.
- Dayan, - dedi - xanımım.
- Buyur...
- Çörəyi yedin?
- Hə.
- Otur.
- İşə gecikirəm. Katiblik var.
- Otur, sakitləş. Bax belə. Gülay zəng eləmişdi.
Gözlədim rahat çörəyini
yeyəsən, sonra deyim.
- Nə oldu?!
- Hamlet...
Dik qalxdım. Tez özümü
ələ aldım.
"Sakit ol, sakit ol, sakit
ol!". Ürəyimdə öz içimə
əmr verirdim. Dərin bir nəfəs aldım, oturdum. Nə gizlədim, səksən yaşımı keçəndən
sonra özümlə
bacara bilmirəm, kövrək olmuşam.
Bilirəm, qarım da
mənim üzümə
baxmaqdan çəkinir.
Hönkürüb ağlamaqdan qorxur.
Bu xəbər üç aydır mənim başımın
üstündə qılınc
kimi asılıb yellənirdi. Mən də hər telefon səsindən, hər qapı zəngindən qılıncın
boynuma enəcəyini
gözlərimi qırpa-qırpa
gözləyirdim, o da
oldu! Hamlet Qoca
mənim dördüncü
qardaşımdı. Fransız dili
və ədəbiyyatı
üzrə mütəxəssis
idi. SSRİ Afrika və Asiya Ölkələri ilə Həmrəylik Komitəsinin əməkdaşı
idi. Malidə, Əlcəzairdə tərcüməçi işləmişdi.
Daha sonra həmin komitənin Azərbaycanda məsul katibi vəzifəsində çalışmışdı.
Müstəqillik dövrümüzdə isə Milli Məclisin Tərcümə
şöbəsində çalışırdı.
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, klassik və müasir fransız ədəbiyyatının Azərbaycanda
təqdimi və təbliğinə görə
Fransa dövləti onu Fransanın "İncəsənət və
ədəbiyyat komandoru"
ordeni ilə təltif etmişdi.
Son üç ay idi
evdə xəstə yatırdı. Yeriməyi çətinləşmişdi.
Sonuncu dəfə onu görməyə getdim.
Qonaq otağında gözlədim,
yatağından qalxdı,
geyinib divardan, mebellərdən tuta-tuta qonaq otağına gəldi.
- Maşallah, yaxşısan
- dedim.
- (Gülümsədi). Hə, əməlli-başlı
gəzməyə çıxıram
bu divar, mebellər yol boyu düzülsə.
- (Mən də gülümsəmək istədim,
bacarmadım). Adam yemək
yeməyəndə bu
hala düşür.
Daşdan, divardan, taxtadan
imdad umur.
Hamletin həyat
yoldaşı Tünzalə
xanım həkimdi. Sözü
havada tutdu:
- Fikrət qardaş düz deyir. Ən güclü dərman yeməkdi. Mən sizə bir şey hazırlayım mətbəxdə.
Hamlet zorla gülmək istədi:
- Yox, çəkimi azaltmaq istəyirəm, adamların çiynini ağırlığım əzməsin
- dedi.
- Acından sənin yumorun da acılaşıb,
- dedim. - Otur.
Mən anladım
ki, zarafat eləmək istəyir. Amma bu zarafat boğazımdan keçəndə elə
yandırdı, elə
bildim, qulaqlarımdan tüstü çıxır.
Düşündüm, balaca qardaşımın
başı marafona elə qarışıb, gəlib məni də keçib. Öz finişinə çatır.
Düşündüm, onun kədərli
zəfərini yaxın
vaxtda qeyd etməli olacağıq.
Susdum.
Özümə təsəlli verməyə
başladım. Həyat yoldaşım
Raya da "Hamlet" deyib
sonrasını gətirmədi.
Yaxşı bilirdi ki, onu başa düşdüm.
O da üzümə baxmaqdan çəkinirdi.
- Tez yığış, gedək - dedim.
Uzun illər azadlıqdan məhrum edilmiş insan zindandan qaçdığı kimi,
yanımdan yataq otağına qaçdı.
Mən də azadlıq tapdım. Özümə təsəlli verməyə
başladım. Əslində, mən yaşamıram ki, ömrüm boyu içimdəki dəcəl bir uşağı tərbiyə
edə-edə, qocaltmaqla
məşğulam, özünə
təslim olmuş qulam. Belə anlarda həmişə
də ordan başlayıram ki, insan özü boyda bir enerjidir.
Elmə çoxdan məlumdur ki, enerji ölmür,
şəklin dəyişir.
Gündəlik həyatımızda buna özümüz də dəfələrlə
şahid oluruq. Görürük, amma görüb-götürmürük,
dərs almırıq.
İpəkqurdunun yetişdirməsini hər birimiz görmüşük. Hətta
ölməz müğənnimiz
Bülbülün sevimli
mahnısında "Bəsləsən,
atlas olar tut yarpağından"
- deyilirdi. Həmin o qurdu yarpaqla
bəsləyirlər, yeyir,
böyüyür, qurd
öz boyuna kəfənini biçir.
Özü kəfənində qalır, ölür.
Vaxt keçir, baramanın içində
qurd dirilir, baramanı özü deşib çıxır.
Artıq
sürünən qurd
deyil, gözəl bir kəpənəkdir, uçur. Amma enerji həmişə
enerjidir.
- Hə, mən hazıram, gedək.
Mən də artıq hazır idim. Kiçik qardaşım məndən
irəli düşüb,
marafonun bugünkü
qalibi odur.
- Gedək alqışlayaq.
- Hay?
- Heç, başım çaşıb, arvad.
- Çaşar da...
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2019.-
11 may.- S.11.