Arif BUZOVNALI

 

şeirlər

 

Ümid etdim gələr bir gün, nəhayət, xoş xəbər səndən,

O bir gün gəlmədi, ey bəxti-biçarə, həzər səndən.

 

Mənə məndən yetişdi hər bəla, ey binəva könlüm,

Sənə, sən barı yol vermə toxunsun bir xətər səndən.

 

Sevinc həddin aşır, divanələrtək rəqs edir ruhum,

Haçan ki, söz açır, ey nazənin yarım, kədər səndən.

 

Ömürlərdir yatan bəxtin qulağın dəng edib hər gün

Səadət bir qədər məndən pıçıldar, bir qədər səndən.

 

Üzüm dönsün, əgər üz döndərib bir özgəyə baxsam,

Dilim yansın, şikayət eyləsəm bir yol əgər səndən.

 

Sabah gəl ruhumu məğlub elə, idrakımı fəth et,

Səni qalib görəndə şad olur könlüm betər səndən.

 

Nigaran Arifəm, gəl yarım ol, bu bəxt ilə olsun

Nə bir kəs bəxtiyar məndən, nə bir kəs bəxtəvər səndən.

 

Üçlük

 

Sənsizliyə tab eyləyə bilsəydi bu könlüm,

Məcnun kimi gündüz-gecə çöllərdə gəzərdim,

Məcnun kimi çöllərdə gəzərdim və dözərdim.

 

Qəlbimdə əgər bilsə idim vəslə güman var,

Köksümdəki hər bir ucalan dağı çapardım,

Köksümdəki hər dağı çapardım və tapardım.

 

Olsaydı əgər mümkün o dünyaya gedəndə

Bir dəfə səni görməyimi arzu edərdim,

Bir dəfə səni arzu edərdim və gedərdim.

 

Getdin, nədi sevda qəminin zilləti bildim,

Gəlsəydin əgər sevgidəki zövqü bilərdim,

Gəlsəydin əgər zövqü bilərdim və ölərdim.

 

Bəxt ulduzumu olsa idi görməyə imkan,

Zülmətlər içindən özümə bir yol açardım,

Zülmətlər içindən yol açardım və qaçardım.

 

Qədrini bil qismətin,

Bir gün elindən çıxar.

Mən sənə

Hamıdan əvvəl dedim,

Bilmədin.

 

Olsa əgər müşkülün,

Özgələrə açma əl.

Ərk ilə

Aç qapımı, gəl, - dedim,

Gəlmədin.

 

Ver yelə dünya qəmin,

Ruhunu qat ruhuma,

Qönçətək

Dərdi soyun, gül, - dedim,

Gülmədin.

 

Yollara həsrət düzüb

Qəm çiləyən gözlərin,

Dön geri

İzlərini sil, - dedim,

Silmədin.

 

Kimsə dedi hardasa

"Ölmüşə yoxdur günah".

Gəl, - dedim,

Bircə saat öl, - dedim,

Ölmədin.

 

Bağlayın pərdələri

 

Cahangir Novruzova

 

Bağlayın pərdələri,

Tamaşa bitib, kimsə qalmayıb,

Hamı gedib.

Bir mən qalmışam, bir də bu səhnə,

Daha heç kim, daha heç nə...

 

Bağlayın pərdələri,

Yalandır bu zülmət, bu işıq,

bu kədər, bu sevinc,

məhəbbət, yaraşıq

Hamısı yalandır,

Hamısı gedəndir,

Pərdələr qalandır.

 

Bağlayın pərdələri,

Mənə soyuqdur,

İsinmək istəyirəm,

Onlara bürünmək istəyirəm,

Bircə gün, cəmi bir dəfə

ağappaq görünmək istəyirəm.

 

Bağlayın pərdələri,

Onlara toxunum,

Onlardır dünyada

ən doğmam, yaxınım.

Neynirəm Hamletin zirehin,

Qacarın xələtin.

Xosrovun tacını,

Bəhramın gücünü neynirəm,

Səhnələr bəzəyi

bu şahlar, sultanlar

bu ağ pərdələrə yenilib,

bu ağ pərdələrə basılıb,

Qiymətli zirehlər, xələtlər

Səhnədən alınmış bac kimi

Hansısa qaranlıq otaqda asılıb.

 

Bağlayın pərdələri,

Onlar anamın saçlarıdır,

Qoy öpüm, oxşayım,

Kaş mən də

qürbətdə ağaran saçımla

bu ağ pərdələrə oxşayım.

Bağlayın pərdələri.

 

Yaşa, Azərbaycan

 

Ey müqəddəs Vətənim, ey gözümün nuru mənim,

Ey mənim ruhumun ustadı cəfakeş Vətənim.

Ey bu dünyada məhəbbət sözünün timsalı,

Ey məhəbbət becərən alilərin amalı.

Ey Xəzərtək sözü eşq ilə coşanlar Vətəni,

Kür kimi, ey həvəsi, hissi daşanlar Vətəni.

Ey şəhid qanları ilə suvarılmış yurdum,

Xain əllərdə qalıb bağrı yarılmış yurdum.

Bu rəzalətlərə qalib gələcəksən, bilirəm,

Qurtulub faciələrdən güləcəksən, bilirəm.

Bir nida yüksələcək göylərə yerdən o zaman:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

 

Bu təbiət salıb azadlığa meylin, həvəsin,

Çalışır sındıra dünyada rəzalət qəfəsin.

Yığılıb bir yerə ahlar qoparır zəlzələlər,

Yerin ahın göyə doğru aparır zəlzələlər.

Silkələndikcə yerin köksünə çökmüş dağlar,

Çevirib göz yaşını gur selə çağlar, çağlar.

Ağ buludlar həyəcandan sarılar zirvələrə,

Küləyin nəfsi dayanmaz bu şirin cilvələrə,

Sovurar qumları coşqun Xəzərin sahilinə,

Bu təbiət dili birdən dönər insan dilinə,

Yayılar aləmə nitqindəki titrək həyəcan:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

 

Qana doymaz ayaq altındakı çat-çat torpaq,

Vay o gündən ki, üzü düşmənə olsun tapdaq.

Qara torpaq ki, nə canlar uyuyur altında,

Günbəgün isti bədənlər soyuyur altında.

Ey vətən oğlu, onun hər ovucu insandır,

Həmin insan sənin öz kimliyinə ünvandır.

O atandır, o babandır, ulu əcdadındır,

Qara torpaq sən özünsən, sənin övladındır.

Öp, qoru, tut gözün üstündə, müqəddəsdir o,

Vətən övladı adın almaq üçün bəsdir o.

Elə nemətdi ki, ruhundadı keçmiş-gələcək,

Səni də ağuşa aldıqda dilindən deyəcək

Kainata açaraq ağzını yarğan-yarğan:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

 

Dədələrdən, babalardan bizə mirasdı Vətən,

Qoyma yurdunda sənin at çapa hər yoldan ötən.

Bu Vətən tarixini qanla yazıb yaddaşına,

İnsafından gəlib axır nə gəlibsə başına.

Yoxsa, bir dövləti olmuş ki, dənizdən-dənizə.

O nəhəngdən kiçicik parça gəlib çatdı bizə.

Vətəni tariximizdən alıb ibrət qoruyaq,

Əbədi andımız olsun bizim üç rəng bayraq.

Hər kiçik zərrəsi yurdun dağımızdır şəksiz,

Bu Vətən torpağı son torpağımızdır şəksiz.

Ululardan bizə qiymətli əmanətdi, bilək,

Başı vermək onun uğrunda səadətdi, bilək.

Yazacaq torpağa qanilə gedən hər qurban:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

 

İftixarla adına ey Vətənim söylədiyim,

Şad günündə sevinib, qəmli günü göynədiyim.

Ey bu şair ürəyin sevgisi, sevdası Vətən,

Ey bütün varlığımın məqsədi, mənası Vətən.

Varsa ruhumda dəyanət, əzəmət səndəndir,

Məndə hər yaxşı əməl, yaxşı cəhət səndəndir.

Sənin eşqindi vücudumda yanır məşəltək,

Sənin eşqinlə keçir oddan, alovdan bu ürək.

Sənin eşqindi bu dünyada həyatım, nəfəsim,

Sənin eşqindi bu könlümdəki hissim, həvəsim.

Məndə eşqim qədər olsaydı əgər istedad,

Sən böyüklükdə sözü sözdən edərdim icad.

Elə bir nərə çəkərdim ki, eşitsin bu cahan:

Yaşa, Azərbaycan, çox yaşa, Azərbaycan.

 

Oyan

 

Oyan, ey qəmlərə aludə könül, yatma, oyan,

Bu şəfəqdən süzülən rəngə boyan,

Dön qığılcımlara, yan -

Azad ol.

 

Sevməsən torpağı qoynunda məzar yoxdu sənə,

Onu peşkəş eləmə hər ötənə,

Bu atılmış Vətənə

Övlad ol.

 

Sözümün hikkəsi vicdanını bəlkə oyada,

Sənə miras olanı vermə yada,

Ya ucal ərşə, ya da

Bərbad ol.

 

Ruhun ölmüş, o sükunət bədənin canlı qəbir,

Yatmısan, səndə nə səs var, nə səmir,

Bu coşan qəlbimə gir

Fəryad ol.

 

Olma öz nəfsin üçün düşmən önündə baş əyən,

Gələcək nəslə qürur bəxş eləyən,

Məni xatırla deyən

Əcdad ol.

 

Haqsızı, yolsuzu susdurmağa çatmırsa gücün,

Barı, haqqın dilinə vurma düyün,

Özün öz nəfsin üçün

Cəllad ol.

 

Arif, ustad sayılırsan şüəra içrə, vəli,

Həqqi icranın əməldir təməli,

Sözə çatdır əməli

Ustad ol.

 

Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.10.