Rəsədxana və məscid

 

Rəsədxanaların məscidə

bənzəri var. -

Orda olanın da,

burda olanın da

göylərə nəzəri var...

 

***

 

Kainatın böyüklüyü,

Yaradanın böyüklüyü

mütləqdi, qətidi...

Kiçikliyini dərk eləmək

İnsanın böyüklüyün

ilkin əlamətidi...

 

Yaşadım

 

Mən sevdalar diyarında

Olub ulu şah yaşadım!

Bir kimsəyə əyilmədim,

Ömrüm boyu şax yaşadım!

 

Az dodaqdan söz çəkmədim,

Az ocaqdan köz çəkmədim,

Gözəllərdən  göz çəkmədim

Edib yüz günah yaşadım.

 

Yarı yalan, yarı doğru,

Hey can atdım yara doğru.

Ürəyimdə nisgil, ağrı,

Dodağımda ah yaşadım.

 

Danışanda sözüm güldü,

Nəfəsinlə közüm güldü,

Həmişə bir gözüm güldü,

Gah ağladım, gah yaşadım.

 

Qonaq çağır, yar, odana!

Alovlanım yar oduna!

Ömrüm boyu Yaradana

Aparıb pənah yaşadım...

 

Ola bilmərəm

 

Mənə yaraşmayan kəsə

Yaraşıq ola bilmərəm...

Dəyərimi bilməyənə

Mən aşiq ola bilmərəm.

 

Ucayam, dağlar oğluyam,

Özüm də köksü dağlıyam,

Bəsirət gözü bağlıya

Nur - işıq ola bilmərəm.

 

El məni çətin unuda,

Budağım dəyir buluda, -

Qosqocaman bir palıdam,

Sarmaşıq ola bilmərəm...

 

Gedirəm

 

Bir günüm dənizsiz olmur,

Qəlbimdə nəşə gedirəm...

Gecikmirəm bircə an da,

Elə bil işə gedirəm...

 

Dalğaların qucağında,

Yanıram eşq ocağında,

Ömrümün qürub çağında

Üzü günəşə gedirəm...

 

Dad varmı sevgi dadında?

Qovruldum həsrət odunda,

Canki ayağım altında

Qırılmış şüşə gedirəm...

 

Nisgil sayrışır gözümdə,

Sanki deyil yer özündə,

Tapmadım bu yer üzündə

Bir mərhəm guşə gedirəm...

 

Bir yan torpaq, bir yan göydü,

Hey baxdım, gözümü döydüm.

Bu ömür nəmənə şeydi? -

Arabir huşa gedirəm...

 

Vurğunam ota, çiçəyə,

Baxıram gülə, böcəyə.

Hərdən üzü gələcəyə,

Hərdən keçmişə gedirəm...

 

Doğmalarımı itirdim,

Kirpiyimlə od götürdüm,

Altmış doqquzu bitirdim,

Üzü yetmişə gedirəm...

 

Mənim sükutum

 

Həmişə yağmır ki, qar xışma-xışma? -

Yerində gözəldi hər söz, hər kəlmə!

Susub durduğumu görüb, qızışma,

Özgə yerişiylə üstümə gəlmə!

 

Məni ram edə bilməz hər "huri-pəri",

Görürəm nə oda alışdığını.

Üyüdüb tökürsən səhərdən bəri,

Unutma kiminlə danışdığını!

 

Dünyanı dolaşmaq xoşuma gəlir,

Hürmə hər karvana, qısıl yerinə!

Kimin kimliyini el yaxşı bilir,

Sırıma dəmiri qızıl yerinə!

 

Mənim eşq külüngüm qayalar çapar,

Sözün sərrafına saxta söz atma!

Könlünə bal düşüb, xoşluqla apar,

Arı yuvasına çubuq uzatma!

 

Qədrini bilirəm halal yerimin,

Qədirbilənlərdir başımın tacı!

Mənim od püskürən orkestrimin,

Naşı dirijora nə ehtiyacı?

 

Özünə, sözünə yiyə çıx, yiyə!

Qızışma, özünü bir az yığışdır!

Sanma sözüm yoxdu susuram deyə,

Mənim sükutum da elə çıxışdır...

 

Şeir çəmənzarı saralıb, solub,

İncikdir nəğməmin kövrək notları.

Ətirli çiçəklər görünməz olub,

Bürüyüb hər yanı alaq otları...

 

Aqil dinmədikcə, nadanlar çaşır,

Köpəyi qocalıb, əniyi gəlir!

İçimdə dalğalar kükrəyir, daşır,

Mənim sükutumdan qan iyi gəlir...

 

Qarışıq salıblar xeyiri, şəri,

İçimdə şimşəklər çaxır, İlahi!

Nə qədər yerini bilməyənləri

Yerində oturdum axı, İlahi?!

 

Tanrı əsirgəməz səxavətini

 

Əlini qoynuna qoyub ağlama,

Könül sirdaşını axtar, ara bir!

Hər şeydə taleyə sən bel bağlama,

Kömək əli uzat ona arabir!

 

Heç zaman sındırma öz qürurunu,

Görəndə çabanı, hərəkətini,

Qəlbindən boylanan iman nurunu,

Tanrı əsirgəməz bərəkətini...

 

Əgər sidq-ürəklə əhd eləməsən,

Halallıq mayası hopmaz qanına.

Sən xoşbəxt olmağa cəhd eləməsən,

Xoşbəxtlik perikər, gəlməz yanına ...

 

Bu dünyanı necə tutsan

 

Axıra qədər elə də gedəcək

Bu dünyanı necə tutsan...

Elə bil yağışı tükətməyən

qara buludsan!

Ömrünü kədər səltənətinə

əsir eləmə,

gecə-gündüz

fikir çəkib ağlamaqla...

Heç zaman

gileylənmə bu həyatdan,

həmişə öz könül sazını

köklü saxla!

Qəlbimdəki sevgi çiçəklərini

dərə bilsən,

görəcəksən ki,

dünya necə gözəldi...

Yaxanı qayğıların

əlindən çəkib,

sevginin əlinə verə bilsən,

görəcəksən ki,

dünya necə gözəldi...

 

Bəyaz saçlar

 

İllər keçir, qoca dünya boşalır, dolur,

Əvvəl-axır ulu göylər bizi çağırır...

İllər keçir vərəqlər qapqara olur,

İllər keçir, bəs bu saçlar niyə ağarır?

 

Ömrümüzdə öz yeri var bəyaz güllərin,

Hər çiçək təbiətin bəyaz sözüdü...

Dümağ saçlar üstümüzdən ötən illərin,

Başımızda, üzümüzdə ayaq izidi...

 

Böyümüşük, dünya bizə dardı elə bil,

Qəlbimizi gizildədən həsrət dağıdı...

Bəyaz saçlar zirvədəki qardı elə bil,

Bəyaz saçlar qocalığın bayrağıdı...

 

Qocası, cavanı olmur şairin

 

Təmiz məhəbbətdir ömrə yaraşıq,

Ürəyim sevgidən doymaz heç zaman...

Şair qəlbindəki ilahi işıq

Onu qocalmağa qoymaz heç zaman...

 

Qopsa min fırtına, qopsa min tufan

Vecinə də deyil uca şairin.

Sevginin qədrini bilməyən cavan,

Yerini verərmi qoca şairin?

 

Qəlbi gözəllikdən deyil doyası,

Sevdalı sözlərdən kimlər güc almır?

Sevgiylə yoğrulub onun mayası,

Hər şey qocalsa da, sevgi qocalmır.

 

İlham  çiçəkləri solmur şairin,

Qanadı yoxdu ki, qartal tək uça.

Qocası, cavanı olmur şairin,

Şair gah uşaqdı, gah müdrik qoca...

 

Sənsiz yatağıma qor ələnsə də,

Tale qismətimə adını yazdı.

Şairin saçına qar ələnsə də,

Şairin qəlbində həmişə yazdı...

 

Bizim vaxt itirən vaxtımızdımı

 

Yaşıdlarıma

 

Min yol qəlbimizi çəkib sınağa,

Bizi  min bəladan Allah saxladı...

Sevgi məlhəm oldu qəlbi sınığa,

Çox şükür, qocalıq bizi haqladı...

 

Üşəndim, göllərdə baxıb əksimə,

Sevindim həyatı duyduğum üçün...

Şükür Yaradana, mənim köksümə

Sevdalı bir ürək qoyduğu üçün...

 

Gəzdim bu dünyanı mən qarış-qarış,

Necə olduğumu bu dağlar desin!

Necə sevdiyimi dənizdən soruş,

Necə yandığımı bulaqlar desin.

 

Oxşadı alnımı həsrət küləyi,

Dözdüm doğmaların  intizarına.

Çiçəkli düzlərdə gəzdim, ürəyim

Çevrildi arzular çəmənzarına...

 

Yaradan qəlbinə salmasın kölgə,

Şair, möhlət dilə,  Allaha yalvar!

Hələ  gəzmədiyin nə qədər ölkə,

Hələ üzmədiyin nə qədər göl var...

 

Həmişə  nur saçdı sevgidən üzün,

Ürəyin sevgilər muzeyi oldu...

Sevdin insanları, dağı, dənizi,

Sevgi həyatının bəzəyi oldu...

 

Qoymayın ömürümüz  dönə səraba,

Sevgiylə ödəyin mənim muzdumu...

Ömür günəşimiz enir qüruba,

Bizim vaxt  itirən vaxtımızdımı?!

 

Göydə Tanrı kəsib nikahımızı

 

Eşqinə şahid tut sən Ayı, günü,

Bənzəri yox imiş bu məhəbbətin...

Qəlbinə nur saçan böyük sevgini

Dilə gətirməyə yoxdu taqətin...

 

Güc al məhəbbətin qadir səsindən,

Onsuz da bilirəm ürəyin safdı.

Qorxub böyük eşqin vahiməsindən,

Susmağın özü də bir etirafdı...

 

Sevgi sağaldarmış  ruhu əlili,

Ağlıma gəlməyən başıma gəldi...

Gizli bir sevginin aşkar dəlili

Bilirsən heç necə xoşuma gəldi?

 

Ürək işindəymiş gözdən xəbərsiz,

Tanrı eşidirmiş gileyimizi...

Əzizim, sən demə bizdən xəbərsiz

O özü yazıbmış taleyimizi!

 

Heyranam sevginin qadir gücünə!

Qoy eşq nurlandırsın sabahımızı...

Yerdə nə deyirlər, alma vecinə,

Göydə Tanrı kəsib nikahımızı...

 

Rafiq YUSİFOĞLU

 

Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.12.