Ağ ilanın gizlini

 

Hekayə

 

Yazını oxuyub qurtardı, ruhunda xoş bir yüngüllük duydu; yazı belə olar, insanın ruhunu təmizləyir, qəlbin çöllərində yaz çiçəkləri açdırır, bahar yelləri əsdirir...

Dünyadan xoşluğun, xoşbəxtliyin ətri gəlirdi...

Yaz çiçəklərinin işığında, bahar yellərinin xoş yüngüllüyündə əlini telefona uzatdı və qəfil bir hikkəyə diksindi: Dayan! - İçində çalxalanan boz-bulanıq qışqırtını susdurmaq istədi; iki kəlmə xoş söz deməyin yeridir, həqiqətən yaxşı yazıdır. Yox, səndən adam olmayacaq, hələ bir az gözlə, səbr elə, eşitməmisən ki, "səbr elə, halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından...".

Xoşbəxtlik ətri yaz dumanı kimi çəkilib gedirdi...

Yaz çiçəkləri soluxub saralır, bahar yelləri susub səngiyirdi.

Narazı halda başını buladı, qəti hərəkətlə telefonun dəstəyini götürdü, hətta ilk rəqəmi də yığdı; içində çalxanan hikkə yenə dirəndi, qəlbinin qapılarını qıfılladı; heç bir zəngdən, xoş bir sözdən, təbrikdən-filandan söhbət gedə bilməz; yaxşı yazıdır, gözümüz aydın, dünyada o qədər yaxşı yazılar yazılıb ki... Bəlkə götürüb Füzuliyə, ya Şekspirə də zəng edəsən!

Küskün uşağın oynatdığı ağappaq şar qaratikana ilişmişdi...

Deşilən, havası azalan şar kimi boşaldı, taqətsiz halda əlindəki dəstəyi telefon aparatının üstünə atdı, qəlbinin göylərində yazıq bir hava, gözü yaşlı yetim bir duyğu dolandı; iki kəlmə xoş söz deməyə niyə belə can çəkirsən, sənin axırın nə olacaq, bədbəxt...

Havanın üzü döndü.

Qəfil külək əsdi, qara yel qopdu, toz-tozanaqdan göz açmaq olmurdu. Külək solub-saralan yaz çiçəyini yerdən-yerə çırpır, ləçəklərini didib dağıdır, yazığa divan tuturdu. Didilib dağılan duyğuları ruhunun çöllərində qan ağlayırdı...

Ağlartı səsləri Nuh tufanına dönmüşdü...

Yumruğunu stola elə çırpdı ki, taqqıltıya özü də diksindi. Bərəlib hədəqəsindən çıxan, qan sızan gözlərini dörd tərəfə dolandırdı, hələ də düyünü açılmayan yumruğuna baxdı. Barmaqları bir-birinə elə sıxılmış, yumruğu elə kilidlənmişdi ki, sanki bir də heç vaxt açılmayacaqdı... Qordi düyünü olub mənimçün, - tərs-tərs yumruğuna baxdı, - açıl görüm, qələmdən belə möhkəm tut eyy... - Yumruğunu açdı, əllərini ovuşdura-ovuşdura qəfildən şaqqanaq çəkdi; dəlisən vallah, bu hirs-hikkə ac qurd, yaralı yalquzaq kimi yeyib dağıdacaq səni; iki kəlmə xoş söz deyəcəkdin, yaxşı, demə, gözəl yazı münasibətilə neçə illik dostunu təbrik edəcəkdin, yaxşı, eləmə, daha bu nə hoqqadır, çıxarırsan! Şeytandır, İblisdir, Demondur, Mefistofeldir, hər kimdirsə, hər nədirsə, qurtar bu bazarı, bağla bu alverxananın qapılarını, özün özündən azad ol, ruhunda yanan, yandırılan şamları söndürmə, işığa yazığın gəlsin...

Dağ çayı illərin zindanından çıxan gülüşə, qəhqəhəyə dönmüşdü...

Qəlbində yaz yağışına, ruhunda bahar sellərinə dönən axını sözlərlə deyib qurtarmaq mümkün deyildi; bunu bilincə susdu, eləcə göz yaşlarına dönüb daşdana-daşdana ayağa qalxdı, təzəcə yarpaqlayan min yaşlı çinar kimi dəli-dolu yaz yağışında titrədi. Qəribə bir qalibiyyət eşqiylə telefonun dəstəyini götürdü, illərin tanışı olan nömrəni yığdı və qəfləti, anlaşılmaz bir hikkənin hökmüylə dəstəyi yenidən telefon aparatının üstünə çırpdı...

Dağ çayı qupquru qurumuşdu, min ilin su həsrətkeşi idi...

Şeytan idi, Demon idi, İblis idi, Mefistofel idi, hər kim idisə, hər nə idisə, dəli bir eşqlə şaqqanaq çəkib gülürdü; qəlbi qanadan, ruhu küsdürən, çarələri çarmıxa çəkən, Allahın "Ol" sözünə olmazın əzab verən arsız gülüş idi; elə gülüş idi ki, yerlər və göylər dözüb tablamırdı, sinəsindən çat verirdi...

Təzə çatlardan kül sovrulurdu...

Çatlar get-gedə böyüyür, zülmət quyusu kimi dərinləşirdi. Zülmət quyusunun görünməz, dibsiz dərinliyindən iki mələyin naçar səsi gəlirdi... Bu iki mələk özünü onlara təslim edən gözəl bir qadınla cadugərliyin sirlərini vermək əvəzində yaxınlıq etmişdilər və nə müddətdir ki, həmin günahın cəzasını çəkirdilər; Harutla Marutun qanlı göz yaşlarından yeraltı çaylar yaranır, zülmət dəryaları qabarırdı...

Harut deyirdi:

- Biz bunu edə bilmərik.

Marut deyirdi:

- Amma o, çox gözəldir...

Qadın doğrudan da çox gözəl idi... Xaliq xoş gündə, xoş saatda səxavətlə xəlq eləmişdi, heç bir gözəlliyi əsirgəməmişdi ondan. Təzə açan qızılgülün bahar busələrinə bənzəyirdi, səhərlər sultanı yaz günəşinin tanrısal təbəssümündən köynək geyinmişdi, ilahi nurunun xoş tale tülünə bürünmüşdü; tülü öpüşlərə qərq edən gümüşü göbəyinin haləsində, sinəsindən qabarıb şahə qalxan təzətər döşlərinin min bir möcüzəli qövsi-qüzehində, gülüşlərinin məstanə bahar leysanlarında, gözlərinin sirri-xuda duruluğunda, dibsiz bulaq dərinliyində, əlçatmaz, ünyetməz zirvə ucalığında elə bir sehrli cazibə, elə bir dəli sevda, odlu ehtiras vardı ki, təslim olmamaq mümkün deyildi...

Və iki mələk o gözəllik, ehtiras xaqanı qadının cani cazibəsində, dəli sevdasında, qarşısıalınmaz arzu girdabında çapalayır, can çəkişirdi.

Harut deyirdi:

- Bu bir yaman yuxudur, oyanmaq, mələk mərtəbəsinə qayıtmaq, bu Tanrısız tilsimdən qaçmaq lazımdır!

Marut deyirdi:

- Lakin onun gözəlliyi yaman yaxşıdır, ehtiras odu qaçılmazdır, yaxıb-yandıraraq xoşbəxtlik badəsi içirir; xoşbəxtlik badələri yaradılıbsa, varsa, niyə də içilməsin?!

Qadın gülürdü və güldükcə mələklər mələkliyini unudurdu, dəlisov sevda sahillərində təslim olurdular, bayrağın kəfənini geyirdilər; yerlər-göylər ağ bayraqlar içində çırpınırdı...

Harut deyirdi:

- Allahım, yandır, yox et məni, bircə təslim olmayım, mələk şərəfim tapdanmasın, lənətlənməsin. Bizi cənnətdən qovulmuşların gününə salma, Allahım!

Marut deyirdi:

- O, həqiqətən çox gözəldir, duyğuların ən gözəlidir; onu niyə belə gözəllik zirvəsində yaratmısan, Allahım?! Axı... Sevmədən belə gözəllik yaradıla bilməzdi, Sən onu...

Və Qadın gülürdü, gülə-gülə deyirdi:

- Mənə cadugərliyin sirlərini öyrədin, əvəzində gözəlliyimə sahib olun, eşqimi satın alın... Gözəlliyim, sevgim mənim günahım deyil, məni belə eşqlə yaradandan gəlir...

Bir an qədər qısa, min illər qədər uzun çəkən bu şeytan bazarlığında, haramxana alverində heç vaxt təslim olmayanlar təslim oldular və həmişə gülən yenə də güldü...

Dünya kül təpəsi kimi sovrulurdu...

Harutla Marut cadugərliyin sirlərini gözəl qadına öyrədib, əvəzində onunla yaxınlıq, bədən bazarlığı, ehtiras alveri etdiklərinə görə Allahın qəzəbinə gəldilər, ayaqlarından asılaraq dərin-dibsiz zülm - zülmət quyusunda əbədi dustaq oldular...

Yeddi gün, yeddi gecə keçmişdi. Qəlbinin qıfıllı qapıları arxasındakı qarayaxa zülmət tənhalığında Harut-Marut zülmü hələ ki, davam edirdi. Neçə dəfə telefonun dəstəyini götürüb təzədən yerinə qoymuşdu, qıfıllı qapını açıb təzədən bağlamışdı, neçə dəfə şimşək kimi çaxıb, bulud kimi boşalmışdı, daşan çay kimi sellənib, azan bulaq kimi qupquru qurumuşdu...

Dünya çamur içində eşələnirdi...

Bəsdir daha! Namərdəm, əgər elə bu dəqiqə, bu an zəng edib o yaxşı yazı münasibətilə o xoş sözləri dostuma deməsəm! Axı, aradan yeddi gün, yeddi gecə keçib, deməzmi ki... Deməz!  Deməz! Deyərəm ki, burada yox idim, bu gün qayıtmışam, o yaxşı yazını da elə indicə oxumuşam... Sən deyəcəksən, o da inanacaq, ay-hayy; bəlkə qalsın növbəti yazıya, onsuz da zalım oğlu zalımın bütün yazıları yaxşı olur da! Yox, elə bu dəqiqə, bu an zəng eləyəcəksən, canın çıxsa da zəng eləyəcəksən və əsl həqiqəti deyəcəksən, dostunu böyük ədəbi uğur münasibətilə təbrik edəcəksən, vəssalam, şüttamam! Hanı o telefon? Sən niyə bu küncə qısılıb gizlənmisən?! Şeytan dağarcığı!

Dəstəyi götürüb dostunun əzbər bildiyi nömrəsini yığdı, çağırış səsi bir neçə dəfə təkrarlandı. Yoxdur, bəlkə sonra... Yox, səbr elə, götürəcək və sən də tam səmimiyyətlə hər şeyi deyəcəksən, onu böyük ədəbi uğur münasibətilə təbrik edəcəksən! İndi, bu saat, bu dəqiqə, vəssalam, şüttamam!

O başda telefonun dəstəyini götürən susurdu.

- Alo...

Cavab vermirdi, səbrlə susurdu.

- Sənsən?

- ...

- Niyə susursan? Keçən həftə qəzetdə çap olunan o yazını elə indicə... Burda yox idim... Lap indicə oxudum və sənə zəng etdim deyəm ki...

- O... yoxdur... - Ağlar qadın səsiydi. Səsi elə kədərli idi ki, duyğularda qanlı şırımlar açırdı kotan kimi...

- Necə yəni? Hara gedib?

Uzun-uzadı susub, qəribə kinayə ilə dilləndi:

- Nə bilim... Demədi... - Hıçqırdı.

Təzəcə açılan şırımlarda qan göllənirdi.

- Axı... Cib telefonunu yığım... Niyə ağlayırsan? Nə olub? Dostum...

Qan gölməçələri aşıb-daşırdı.

- Dostunuz... O... - Qəfildən hönkürdü...

Təsəlli verməyə çalışdı:

- Niyə ağlayırsan, bacı?.. O, elə adam deyil, hara gedibsə, qayıdıb gələr öz evinə, öz ailəsinə, mən özüm onunla...

- Yeddi gündür ki, sizin zənginizi gözləyirdi; elə hey deyirdi ki, ev telefonunu məşğul etməyin, dostum zəng edəcək. Son nəfəsində də telefona baxdı, sənin zənginə boylandı. Sən isə...

Qəfildən qışqırdı:

- Ola bilməz!

- Birisi gün üçüdür, Təzəpir məscidində... - Yenə hönkürdü, sinəsi sökülə-sökülə ağladı.

Dünya ağlar günə qalmışdı...

Telefonun dəstəyini yerinə qoyub, durduğu yerdə qaya kimi titrədi, ayaq üstə dayana bilməyib uçqunladı, diz çökdü.

Yerlər-göylər ağappaq idi, bilmək olmurdu kəfəndir, ya bayraq...

Və ona elə gəldi ki, ürəyində, ruhundakı dərin-dibsiz zülmət quyusunda ayağından asılıb. Kəndir ayağını kəsib yaralamışdı. Yara yerindən qan damırdı. Bir yandan da Harutla Marutun iniltisi, zarıltısı aman vermirdi. Ən qəribəsi və dözülməzi də o idi ki, yaralı inilti, zarıltı səsləri həmin zülmət quyusundan gəlirdi: Biri deyirdi, götür telefonu, zəng elə, o biri inadla dirənib dururdu ki, hələ bir az gözlə, hara tələsirsən; ikisi də sınıb tökülə-tökülə inildəyirdi, zarıyırdı, duyğuları didən, ruhu göynədən soyuq səslər girdabında, zülm-zülmət quyusunda boğulurdu; bütün gücünü toplayıb quyunun ağzında çırpınan işığa can atırdı, əslində, buna işıq da demək olmazdı, haradansa düşən işığı əks etdirən, ağappaq ilana oxşayan kəndir idi; qeybdən gələn işıq ağappaq ilanla - ipək kəndirlə qolboyun olmuşdu, ilahi şövqün şahanə dəmlərini yaşayırdı...

Dünya gedər-gəlməz yolunun mənzil başındaydı...

Kəfən kimi kədərə bükülən, ağappaq bayrağa bənzəyən pıçıltıları inilti, zarıltı səslərinə qarışdı: Allah amanında, dostum... Yazın yaxşı idi, çox yaxşı idi, səni təbrik edirəm; bil və agah ol ki, yeddi gün, yeddi gecə davam edən qanlı döyüşdə o yazının işığı qalib gəldi; həmişə işıqda olasan - gəldiyin və qayıtdığın, gələcəyin və gedəcəyin hər yerdə...

 

Sadıq Elcanlı

 

Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.14.