Xatirə
Hekayə
Kənd toylarında bütün oğlanların
bacısı sifarişlə Xatirəni oynadırdı. Qız
qollarını qaldırıb elə süzürdü ki, elə
bil bu saat qanadlanacaq. Hamının
gözü onda qalırdı. Yeddi
bacının ən gözəli Xatirəydi. O boyda kənddə
onu sevməyən oğlan yoxuydu. Qonşu kəndlərdən
də dəfələrlə elçi gəlmişdilər,
getməmişdi. Adətə görə
evdə özündən böyük bacısını qoyub ərə
getmək olmazdı. Onun qabağında hələ
dörd bacısı dururdu. Hamısı
da biri-birindən gözəl. Ancaq gözəllikdə
Xatirəyə çata bilməzdilər. Elə
bil üzünü rəssam işləmişdi. Mərmigözlü, gəlinqaşlı, naqiltelli,
qanlıyanaq qız idi. Yeriyəndə
deyirdin əlbət, ayağının altında yumurta
qalıb. Qanad çırpıb
uçmağa gedən durnalar kimi yeriyirdi. Qapqara, gur saçları kürəyindən
sünbül şələsi kimi sallanmışdı.
Xatirənin atası kənd ağsaqqallarından biriydi. Nəinki kənddə,
bütün rayonda onun sözünü iki eləyən adam tapmazdın. Uşaqlıqdan
ayağının biri qısa qalmışdı, elə bil
topuqdan yuxarı, dizdən aşağı bir qarış kəsmişdin.
Əlindəki çəliyin
açmadığı qapı yoxuydu. O çəliyi
yerə dirəyib neçə nəfərin qanını
bağlamış, neçə nəfərə can
vermişdi, Allah bilir. Kənddə toyuğu itəndən
tutmuş, dövlət idarələrində nəsə
işi, çətinliyi olan adama qədər hamı gəlirdi
ki, Qədir kişi, mənim bu işimi
gör. Heç kimə yox deməzdi Qədir kişi.
Tək ayağıyla hamının arxasında
dayanırdı.
Nə qədər ki, qızlar köçməmişdi,
Xatirənin böyük qardaşı Malik əlini ağdan
qaraya vurmurdu.
Kəndin işıq idarəsinin müdiriydi,
tezdən gedib, axşam gəlirdi. Kiçik
qardaşı isə bütün günü ancaq mal-qarayla məşğul
olurdu. Ailənin sonbeşiyiydi deyə, ərköyün
böyümüşdü. Heç kim
deyə bilməzdi ki, Cəmil, gözün üstə
qaşın var. Hirslənib qab-qacaq qoymazdı,
sındırardı.
Allah Qədir kişiyə o qədər imkan, var-dövlət
vermişdi ki, yetmiş yeddi qız köçürüb,
iyirmi iki oğul evləndirə bilərdi. Tövləsinin
ucu-bucağı yoxuydu. Tayaları yan-yana
düzülürdü. Bağ-bağçası,
bor-bostanı, mərci-noxudu öz yerində, hektarlarla
taxıl əkirdi. Bəlkə də kəndin
yarısı Qədir kişinin pay torpağıydı. Pulunu balta kəsmirdi.
Bacıları köçdükcə Xatirə sevinirdi. Böyük
bacısı Şahnazın toyunda göydən fındıq
boyda yağış tokürdü deyə, gəlini
"vilis"lə apardılar. Xatirə
ayaqyalın oynayırdı. Bəlkə də
atasına nökər olmaqdan bezmişdi, tələsirdi ərə
getməyə. Növbəsi
çatar-çatmaz qonşu kənddən
tanımadığı yaraşıqlı bir oğlana
qoşulub qaçdı. Aylar sonra
barışığa gəlib toy elədilər. Ağ gəlinlikdə qanlıyanaq, şən Xatirədən
əsər-əlamət qalmamışdı. Sanki qaçdığına peşman olmuşdu.
Mərmi gözləri su içində
oynayırdı.
Qədir kişi böyük oğlu Malikə də toy
elədi. Cöngələr kəsildi, qazanlar
asıldı, üç gün, üç gecə
aşıqlar əl çəkmədilər. Həm də
böyük bacısı Gülənbərin nəvəsini
evinə gəlin gətirirdi deyə, Qədir kişi
sevincindən səmalarda süzürdü. Gəlin
köçmüş bütün qızları gəlmişdi.
Hamısı cani-dildən işləyir,
aşıqlara nəfəs aldırmırdılar. Təkcə Xatirə susub bir kənarda oturmuşdu.
Elə bil qardaşının toyu deyildi. Nə qədər elədilər qol
qaldırmadı.
Xatirənin toydakı susqunluğu, heç kimə
heç nə deməməsi anası Sumarənin ürəyinə
daş kimi dəymişdi. Tez-tez zənbil
hazırlayıb qızına dəyməyə gedirdi. Amma ələk üstünə bir şey
çıxmadı. Xatirə susurdu ki,
susurdu.
Sonuncu
qızı Lətifədən başqa, bütün
qızlarını köçürmüşdü Qədir kişi. Oğlunun da birini evləndirib
ayırmışdı, biri dururdu. İşi-gücü
arvadı Sumarəni də yanına salıb uşaqları
yoxlamaq idi. Hansının nə çətinliyi
olurdusa, yerindəcə yoluna qoyurdu. Təkcə
Xatirənin bilinməyən dərdinə əlac eləyə
bilmirdi. Əgər Xatirə
danışsaydı, dərdini-sərini dilə gətirsəydi,
bəlkə də onu da yerindəcə həll edərdi.
Daldalığa salıb nə qədər
qızına təpinirdisə, xeyri yoxuydu. Xatirə heç nə demirdi. Elə
deyirdi ki, hər şey yaxşıdır, narahat olma. Amma narahat olunası məsələydi, qız
quruyub çöpə dönmüşdü. Nə ağ dinirdi, nə qara.
Xatirənin həyat yoldaşı Yaşar Rusiyaya gedib-gəlirdi,
hündürboy, yaraşıqlı kişiydi. Pula pul demirdi.
Üç aydanbir gəlib kənddə
beş-on gün dincəlirdi. Qazancının
çoxunu bacılarına, qardaşına xərcləyir,
Xatirəyə çöp də almırdı.
Yaşar öz əmisi oğlu Fitatxanla bacanaq idilər. Fitatxan Xatirədən
bir yaş kiçiyini - Çibnazı almışdı.
Qədir kişiylə Sumarə arvad Xatirənin
dərdini, necə yaşadığını Çibnazdan
öyrənmək istəyirdilər. Nə
də olmasa, iki qardaşın gəlinləriydi. Amma Çibnaz ərinin namını atasına,
anasına vermədi. Xatirə haqqında
elə danışdı ki, elə bil çöpə
dönmüş qız yağ-bal içində
yaşayır.
Novruz
bayramında Qədir kişi
arvadını da yanına alıb yenə də
qızlarını yoxlamağa getdi. Şəhərə
köçən qızı Almazdan başqa, hamısına
bayram sovqatı apardı. Xatirəgilə gedəndə
kişinin gözləri az qaldı təpəsinə
çıxa. Elə bil yas yerinə gəlmişdi.
Qızının qayınatası Fətan kişi
soğan-çörək yeyirdi. Qayınanası
Xanım arvad yerdən sərilmiş süfrəyə
dalını çevirib uzanmışdı. Baldızları hərəsi bir küncdə
mıcıllanırdılar. Əri
Yaşar hələ də Moskvadaydı. Özü
isə qapının ağzında göz yaşlarını
sel eləmişdi.
O vaxt
Xatirə ayın-günün içindəydi. Bu gün, sabah doğacaqdı. Hamilə
qızının bu vəziyyəti Qədir kişini cin
atına mindirdi. Hirsindən
qızını da götürüb evə qayıtdılar.
Onlar həyətdən çıxanda heç
kimin qılı tərpənmədi. Elə
bil Xatirənin gedişi ürəklərindən imiş.
Fətan kişinin evində bayram nədir, bilinmirdi. Sanki
hamısı zombiləşmişdilər. Deyilənə görə, hərdən Xanım
arvad qızlarını da başına yığıb Fətan
kişini döyür, gün verir, işıq vermirmiş.
Həqiqətən də kişinin
günü-güzəranı yox idi. Ona
görə də bütün günü mal tövləsindən
çölə çıxmırdı. O qədər
tövlədə qalırdı ki, inəkdən betər iy
verirdi.
Qədir kişi evə çatar-çatmaz
qırğın saldı. Arvadını
qızına qatdı, qızını oğluna. Səsi otağı bürümüşdü.
Hirsindən partlayacaqdı. Qonşuluqda
olan böyük qızı Şahnazı
çağırtdırdı. Böyük
oğlu Malikin dalıyca uşaq göndərdi. Təkbaşına qərar verə bilmirdi. Həm də Xatirəni ancaq bu adamlar
danışdıra bilərdi.
Şahnaz gəldi, nə gəldi? Bir dizinə,
bir üzünə vura-vura, "canın ölsün, ay
canım" deyə-deyə heyifsilənir, Xatirənin
üzünün qızartısına, əllərinin göyərtisinə
baxıb deyinirdi. Malik heç nə
olmamış kimi keçib yuxarı başda dirsəkləndi.
Bircə onu dedi ki, adamı əri döyər də, söyər
də. Amma Xatirənin üzünə baxanda
görürdün ki, onu təkcə əri döyməyib.
Elə bil hamilə gəlin indicə rinqdə
uduzmuşdu.
Axır ki, Xatirənin dilini açdılar. Məlum oldu
ki, əri ona toy gecəsi yaxınlaşandı. O vaxtdan
bəri bir yastığa baş qoymayıb, kəlmə də
kəsməyiblər. Yazıq qızı hər
gün qayınanası döyüb baldızlarına
verirmiş, baldızları döyüb qayınatasına.
Hələ bir ay öncə böyük
baldızı Tahirə onun başını divara elə
çırpıb ki, neçə dənə dişi
qarnına gedib. Qorxularından yerinə qızıl
diş qoydurublar. Hamı da elə bilirdi ki, Xatirə
bəxtəvərdi, qızıl diş-zad qoydurur.
Həmişə pis xəbər tez yayılır. Xatirənin
acıq eləyib atasıyla gəlməsi xəbəri kəndlə
bir oldu. Hamı gözləyirdi ki, Qədir kişi Fətanın evini başına
yıxacaq. Hamilə qızına işgəncə
verən baldızlarını polisə verəcək.
Ancaq Qədir kişi hələ də
susur, haya gələn qızlarını bir-bir dinləyir, nələrsə
düşünürdü. Xatirənin
Qazaxıstanda yaşayan bacısı Ədiləyə də
xəbər yetişmişdi. Zəng eləyib
Yaşarda dədə-nənə, əbi-əjdad qoymadı,
söydü.
Xatirənin ürəyi açılmışdı. Hər
şeyi danışırdı. O danışdıqca
anası Sumarə qohumu Xanım arvadın ölü-dirisini
yağlayırdı. Qız ağladıqca
göz yaşları dayanmırdı. Necə ki, dedi - "mənə
quru çörək vermirdilər, acından
ölürdüm, bir əlcə çörək
oğurlayıb tualetə getdim, orda tələsik yedim, ətəyimi
də açdım ki, qırıntılar yerə
tökülməsin, bilib məni öldürər
baldızlarım", - Qədir kişinin saqqalı islanmağa
başladı. Elə bil indicə dəstəmaz
almışdı.
Yaşar kəndə gələndə, sanki heç nə
dəyişməmişdi. Heç
soruşmadı ki, Xatirə hardadır. Gətirdiyi
pay-parçanı həmişəki kimi qardaşına,
bacılarına bölüşdürdü. Elə bil
heç vaxt evlənməmişdi, yaxında balası
doğulacaq kişi bu deyildi.
Yaşarın kiçik bacısı Fiqurə bulaqda
ağzından qaçırmışdı ki, Xatirə bizə
lazım deyil.
Onsuz da qardaşım Rusiyada evlənib, bir
oğlu da var, gül parçası. Hamının dərdinə
şərik olub dərman eləyən Qədir kişi
öz dərdinə eləcənə susurdu. Əlindən
gəlirdi ki, Yaşarı tutdursun, döydürsün, Fətanı
öz kəndlərində biabır eləsin. Ancaq, nədənsə, dilini udmuşdu. Sanki
böyük bir plan haqqında düşünürdü.
Malik işıq idarəsinin müdiriydi deyə,
sözü keçirdi, tapşırmışdı
Yaşargilin kəndinə - Lallara işıq verməsinlər. Bacısının
qisasını belə alırdı. İşıqsız
qalan Lallar kəndinin camaatı Fətan kişiyə
narazılıq edirdi. Çox çək-çevirdən
sonra kənd ağsaqqallarından biri Yaşarın
qardaşı Elşadı da götürüb Qədir
kişinin evinə gəldi. Öncə Fətan
kişini gətirmək istəyirdi, Tahirəylə Fiqurə
aman vermədi. Kənd bir yana oldu, iki
qız bir yana, qoymadılar ataları Xatirənin dalıyca gəlsin.
Fətan kişi qızlarından qorxurdu, dəfələrlə
döymüşdülər onu. Yaşarın qardaşı
Elşad susduqca yanında gələn ağsaçlı adam danışır, Qədir kişi qulaq
asırdı.
Xatirənin bütün bacıları gəlib
tökülmüşdülər, uzaqda yaşayanlar telefona
sarılmışdı. Hər ağızdan bir hava gəlirdi.
Sumarə arvad adətə sığınıb
Qədir kişinin qərarını gözləyirdi. Cəmil tövlədən çıxmırdı.
Malik tezdən işə gedən idi. Son söz Qədir kişinin boynuna
düşmüşdü. Xatirəni
çağırtdırdı otağa. Qaynı
Elşadın qabağına şərtlər qoydu. Söhbətə görə bundan sonra Xatirə ac
qalmayacaqdı, döyülməyəcəkdi, əziyyət
çəkməyəcəkdi. Elşad
dilucu razılaşdı, yanındakı ağsaqqal Qədir
kişinin şərtlərinə görə gəlməyinə
peşman kimiydi. Hamı bilirdi ki, Qədir kişi
"nemes" kimi adamdır, tək ayağıyla bir məsələnin
üzərinə yeridisə, çəliyinin qabağında
dağ da dayanmaz.
Xatirə ər evinə çatar-çatmaz Lalların işıqları yandı. Elə bil özüylə hər evə işıq gətirmişdi. Ancaq bir təşəkkürə, xoş gəldinə dəymədi. Sanki belə də olmalıymış. Fətan ailəsinin soyuqluğu bütün kəndə yayılmışdı. Adamların bir-birini görməyə gözləri yoxuydu. O qədər sevgisiz yaşamışdılar ki, robota dönmüşdülər.
Qədir kişi dünya görmüş adam idi. Bilirdi ki, belə getsə, Xatirənin ailəsi dağılacaq. Ona görə nəsə eləməyə çalışırdı. Çox götür-qoydan sonra bir qərara gəlmişdi. Ancaq qərarını uşaqlarıyla bölüşməkdən çəkinirdi. Qorxurdu ki, sözü yerə düşər, Xatirənin yeri daha da pis olar.
Çibnaz atası evinə gəlmişdi. Qədir kişi fürsət bilib qızını tinlədi. Xısıldadı ki, hal-qəziyə-iş belə: mən istəyirəm Cəmil Xatirənin baldızlarından birini qaçırsın. Qız-qıza eləyək. Bəlkə onda uşağın yeri yaxşı oldu. Əgər Xatirəylə yenə də pis davransalar, biz də onların qızını incidərik.
Davamı gələn
sayımızda
Elşad BARAT
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.26.