Sirlərin sərgüzəşti

 

Romandan parçalar

 

Əvvəli ötən saylarımızda

 

"Payız" fəsli

 

İkiminci sirr

 

Axşam Həsən müəllimin qardaşı oğlu Zöhrab gəldi. Əvvəlcə yemək yedi. Sonra onlar (Həlimə və əmisi oğlu Zöhrab) mətbəxdə oturub bir xeyli söhbət etdilər.

Zöhrabla Həlimə arasında yaş fərqi böyük olsa da, Həlimə də, qardaşları da Zöhrabı az qala özlərinə qardaş hesab edirdilər. Əslində, Zöhrab Həsən müəllimin qardaşı oğlu yox, əmisi oğlu idi. Onu şəhərdə oxudub sənət sahibi edən elə Həsən müəllim özü olmuşdu. Zöhrab ev-eşik yiyəsi olana qədər Həsən müəllimgildə ailənin bir üzvü kimi yaşamışdı. İndi artıq onun öz evi, ailəsi, qurduğu ticarət qovşağı var idi. Zöhrab bu gün də Həsən müəllimin ailəsinə qardaşlıq edirdi.

Zöhrab Həlimənin fədakarlığını yüksək qiymətləndirirdi. Həlimə təvazökarlıq elədi:

- Elə demə. Bu mənim borcumdu. Mən eləməsəm, kim edəcək?!

- Hər adam bu ağır yükün altına girməyə cəsarət etməz. Sənə halal olsun.

- Zöhrab, yaxşı da, başqa söhbət elə. Bu gün Nuruş bilirsən, nə deyib mənə?

- Yox. Nə deyib?

- Deyir, baba mənə göz vurdu. Bilmirəm, inanım, ya inanmayım. - Həlimənin üz-gözündə təbəssümə oxşar ifadə yarandı.

- Nə deyim, vallah. Yəni deyirsən, ola bilər? Həkim sənsən, sən bilərsən... - Zöhrab çaşıb qaldı.

- Yox, ola bilməz. - Həlimə ciddiləşdi. - Uşaqdı, gözünə elə görüküb. O artıq nəvələrini də tanımır. Heç kim yadında deyil. Çox qəddar xəstəlikdi bu xəstəlik. Hərdən mənə elə gəlir, anamı xatırlayan kimi olur. Nə deyim, bəlkə mənə elə gəlir... Çay içirsən?

Zöhrab dünənki dolmanı artıq yeyib qurtarmışdı:

- Olar, - dedi və stəkan-nəlbəkini stolun üstü ilə Həliməyə tərəf sürüşdürdü. - Əmicanımı çox istəyirdi.

...Həsən müəllim kabinetdə yazı masasının arxasında oturub dərin fikrə dalmışdı. Qarşısındakı divardan asılmış xəritədə yaxın uzaq ölkələr, şəhərlər, bir-birindən aralı dağlar, dənizlər daha onun üçün maraqlı deyildi. Uşaqları ilə birgə bu xəritədəki şəhərləri az gəzməmişdi, onlar üçün əsl Sindbad kimi dənizlərdən dənizlərə az üzməmişdi. Amma artıq onun diqqətini özünə cəlb edən qarşısındakı bu rəngli xəritə deyildi. Qarşısındakı kağızlar və onların üstündə hardansa peyda olan yazılar idi.

Get-gedə Həsən müəllimin təkcə marağı yox, həm də təəccübü artırdı. Qarşısındakı kağızların dərinliyindən üzə çıxıb  canlanan yazıları oxuduqca qoca professorun beyninə qəribə fikirlər, suallar girirdi:

"Necə olub ki, o, "Kitabi-Dədə Qorqud" dastanını dərindən bilən (bəlkə də pis bilməyən) bir alim dostu ilə Dastanı dəfələrlə müzakirə edib, amma bu incə məqama diqqət yetirməmişdi?! Dostu da bu barədə heç bir söz deməmişdi?!

Necə olub ki, dastan haqqında dəyərli yazılar yazan başqa alimlər də Beyrək və Banuçiçək münasibətlərindəki bu vacib məqama fikir verməyiblər?! Həqiqətən də, bu iki gəncin yarışmalarında əsl qalib hansı olmuşdu?!".

Canlanan yazılar Həsən müəllimin qarşısında yeni suallar qoyurdu.

Həsən müəllimin şübhələri əsaslı idi. Dastanın hər iki qədim mətni və bu mətnlər əsasında hazırlanan bütün nəşrlər deyirdi ki, bu yarışların qalibi Beyrək olub. Onun atı Banuçiçəyin atını keçir, onun oxu Banuçiçəyin oxunu vurub yarır və güləşəndə məhz o, yəni Beyrək qalib gəlir. Bu, bir həqiqətdir ki, ona yüz illər boyu müxtəlif nəsillər inanıb və bu iki gəncin sevgi münasibətlərinin məhz bu cür başlanması heç kimdə zərrə qədər şübhə doğurmayıb.

Amma! Amma və lakin sən demə, bu məqamla bağlı bir başqa həqiqət də varmış. Yazılarda üzə çıxan, Hacı Mir Həsən ağa tərəfindən ona göndərilən həqiqət.

Həsən müəllim düşünür, düşünür və qarşısındakı Səyyahın mətninin bu ikinci həqiqətini beynindən hec cür silib ata bilmirdi. Kağızlar əsrlərdən üzü bu yana gətirib-gətirib bu sirri ona, nəhayət, faş etmişdilər. Gözü ilə gördüyü və oxuduğu bu yazılardan başqa, indiyə qədər bildiklərinə tamam əks fikirlər yer almışdı. Bu yazılar tanış olmayan qəribə mətləblər üzə çıxarırdı. Bu yazıya əsasən, məlum olurdu ki, Beyrəklə Banuçiçəyin yarışmasının qalibi məhz Banuçiçək olmuşdur. Beyrək yox, Banuçiçək! Məhz Banuçiçəyin atı Beyrəyin atını vurub keçmiş, məhz Banuçiçəyin oxu Beyrəyin oxunu vurub yarmış, nəhayət, məhz Banuçiçək güləşərkən Beyrəyi vurub yerə yıxmışdı. Bu yeni həqiqət Həsən müəllimin həqiqəti deyildi, bu yeni həqiqət göz qabağında öz-özünə doğulan kağızlardakı qara hərflərin həqiqəti idi. Hacı Mir Həsən ağa Səyyahın həqiqəti idi. Və bu həqiqətlərin (yeni və köhnə həqiqətlərin) toqquşmasından yenə də sirr yaranırdı. Həsən müəllim ciddi elmi dəlillərə və möhkəm məntiqə inanan bir adam kimi yeni həqiqətin və amansız gəlişini qəbul etməkdən başqa çıxış yolu görmürdü. Bunu qəbul etməyin əsl məntiqi səbəbi barədə bu yazılar öz sözünü hələ sonra deyəcəkdi. Beyrək nişanlısı Banuçiçəyin toyuna gəlib çıxandan sonra (Dastan belə deyir) onların arasındakı mükalimənin dərin qatında yatan sirr məhz o zaman aşkar olacaqdı. Və yeni həqiqətin həqiqiliyinə daha heç bir şübhə qalmayacaqdı. Həsən müəllim hələ yazının bu yerinə gəlib çıxmamışdı. Daha doğrusu, yazı hələ bu yerinə qədər zühur etməmişdi.

Həlimə mətbəxdə yemək hazırlayır, beynində isə yeddi yaşlı qızı Bəyimi üç aydan sonra hansı məktəbə qoyacağını götür-qoy edirdi. Atasının köməyinə ümid eləmirdi, amma hər halda, o, məsləhət verə bilərdi. Həlimə onun münasib vaxtını tutub bu barədə söhbət salacaqdı. Daha doğrusu, o olardı ki, bu barədə Zöhrabla danışsın, çünki onun dostu-tanışı olmayan yer yox idi.

Həsən müəllimin axşam yeməyi üçün yemək otağına gəlməsinə beş dəqiqə qalırdı. Düz beş dəqiqə. Həlimə xatırlamırdı ki, atası nə zamansa gündə üç dəfə - səhər 8:30-da, günorta 13:30-da, axşam isə 19:30-da yemək otağına gəlməsin. Əlbəttə ki, bəzən xüsusi axşamlar olurdu, rəhmətlik anası ilə toya, yasa getdikləri axşamları nəzərə almasaq, Həsən müəllimin yemək rejimi az qala bir rituala çevrilmişdi. Həlimənin ürəyi qısıldı. Yadına bir hadisə düşdü.

Anası rəhmətə gedəndən az sonra o, bir dəfə axşamüstü atasıgilə gəlib qapını öz açarı ilə açdı. Hər tərəf sakitlik içində idi. Həlimə mətbəxə keçib diksindi. Gördü ki, atası tərpənməz bir halda öz yerində oturub, gözlərini də pəncərəyə dikib. Qarşısındakı boşqab tərtəmiz idi, qaz plitəsində də Həlimənin sabahdan qoyub getdiyi xörək dolu qazan dururdu. Yeməyi, sadəcə, qazandan götürüb boşqaba qoymaq lazım idi. Həsən müəllim bunu etməmişdi. İstəməmişdi, ya bacarmamışdı?! Orası da var idi ki, hələ o vaxtlar Həsən müəllimin xəstəliyi təzə-təzə başlayırdı, öz şiddətli "pik" nöqtəsinə çatmamışdı. Təzə-təzə adları unudur, uzaq qohumlar yaddan çıxırdı. Bəlkə xörəyi götürüb qaba çəkmək də yadından çıxmışdı?! Hər halda, Həlimə belə düşündü.

Həlimə saata baxdı. 8-dən keçirdi. Deməli, atası 19:30-da mətbəxə gəlmiş, öz yerinə keçib oturmuş, ancaq yeməyini çəkib yemək üçün heç nə eləməmişdi, əlini ağdan-qaraya vurmamışdı. Eləcə, gözlərini pəncərəyə dikib oturduğu yerdəcə qalmışdı. Atasının yolçəkən gözlərinin dərinliyində Həlimə rəhmətə getmiş anasının əksini görmüşdü. Həsən müəllimin çənəsi əsirdi. Həlimənin ürəyi o zaman yamanca sıxılmışdı.

Bundan sonra Həlimə arxayın olsun deyə, səhər və axşam yeməyi zamanı atasıgilə gəlməyə başladı. İllər boyu müəyyənləşmiş vaxtda onun yeməyini qaba özü çəkdi. Ta ki, atası birdəfəlik xəstələnənə qədər bu belə davam elədi. Xəstəlikdən sonra isə o, birdəfəlik atasının evinə köçdü. Qızı balaca Bəyimlə birgə burda yaşamağa başladı. Əri ilə münasibəti onsuz da əvvəldən gərgin idi. Şahin (Həlimənin əri) üçün bu variant, üzdə göstərməsə də, ürəyindən oldu. Qızını görmək istədiyi vaxt gələ bilirdi, bundan kənarda isə - yaşasın azadlıq! (Əgər azadlıq bu qədər bəsit idisə və Şahinlə xəstəxanada bir yerdə işləyən tibb bacısı Esmeralda ilə məhdudlaşırdısa, belə azadlığın düz üç qəpiklik qiyməti var). Həlimə nifrətlə və acı-acı gülümsədi.

Həsən müəllim öz vaxtında mətbəxə gəldi və keçib öz yerində oturdu. Həlimə yeməyi (toyuq qızartmasını) onun qabağına qoydu. Həsən müəllim həvəslə çəngəl-bıçağı işə saldı. Bir qədər keçəndən sonra:

- Səndən, qızım, bir məsələ barəsində soruşmaq istəyirəm, - Həsən müəllim yeməyinə ara verdi və Həliməyə xüsusi bir nəvazişlə müraciət etdi.

- Buyurun, Həsən müəllim, - Həlimə təəccüblənsə də, bunu büruzə verməməyə çalışdı. Atası xeyli vaxt idi ki, ona bu cür istiqanlılıqla müraciət etməmişdi.

- Sənin ali təhsilin var?

- Var.

- Hansı ixtisasın sahibisən?

- Jurnalistəm (əslində, həkim idi, ancaq son zamanlar əri Şahinlə bir yerdə işləmək üçün həkimliyə nifrət edərək peşəsini atıb jurnalistika ilə məşğul olurdu).

- Əla. Onda, mən bilirəm, sən mənim sualıma cavab verəcəksən. - Həsən müəllim yerindəcə canlandı və yenə də həvəslə yeməyinə davam elədi.

Həlimə ondan daha heç nə soruşmadı. Çünki bilirdi ki, atası nə zaman mətləbi başlayırsa, onu hökmən axıra çatdırır. Sual verməklə onu bu mətləbdən ancaq yayındırmaq olardı. Həlimə isə bunu istəmirdi.

Həlimənin qəlbinə dəli bir ümid doldu. Bəlkə atası nəyi isə xatırlayıb, yaxud xatırlamaq istəyir?! Bəlkə Bəyimin o gün dediyi sözlər (babasının ona göz vurması) həqiqətdir?! Bütün bunlar axı belə davam edə bilməz. Bunun bir axırı olmalıdı axı. Necə ola bilər ki, insanın beyni bu cür təmizlənsin, hər şeydən azad olsun?! Belə necə yaşamaq olar?! Necə dözmək olar?! Yada salmaq əziyyətdisə, xatırlamamaq axı əsl məşəqqətdi...

Ürəyi ata-ata Həlimə atasının sualını gözləyirdi. Həsən müəllim həmişəki kimi yeməyini aramla yeyib qurtardı, gümrah bir halda ayağa qalxaraq Həliməyə təşəkkür elədi:

- Çox sağ olun. Hər şey çox dadlı idi. Mən kabinetə keçirəm. Zəhmət olmasa, siz də ora gəlin.

Bir qədər sonra kabinetə daxil olan Həliməyə Həsən müəllim (o artıq öz yazı stolunun arxasında oturmuşdu) əli ilə yastıqlı divanda yer göstərdi. Həlimə keçib oturdu. Həsən müəllim kreslosunu ona tərəf döndərdi.

-  Balaca necədi? Bu gün nəsə ondan səs-səmir gəlmədi,  - deyə Həsən müəllim Həlimədən dəcəl qızı (öz nəvəsi) barədə soruşdu.

- Yatır. Bu gün havada çox olub, əldən düşüb. Səs-küy salmağa heyi də yox idi.

Həlimə günorta Həsən müəllim yatandan sonra balacanı gəzməyə aparmışdı. Sahil bağında Bəyim, elə bil, qanad açmışdı, həvəslə ora-bura qaçmış, yelləncəkdə qışqıra-qışqıra doyunca yellənmişdi. Onlar geri dönəndə Həsən müəllim hələ də yatırdı.

Həsən müəllim Həlimənin cavabını qulaqardına vurub (cavab ona maraqlı deyildi) bu qısa girişdən sonra dərhal mətləbə keçdi:

- Siz "Dədə Qorqud"u, yəqin ki, oxumusunuz... Dastanı deyirəm.

Həlimə tutuldu. O, peşman olmuşdu. Çünki əlbəttə ki, başqa sual gözləyirdi. Amma neynək? "Dədə Qorqud" da pis deyil. Hər halda keçmişlə kontakt "Dədə Qorqud" vasitəsilə də baş tuta bilərdi.

"Dədə Qorqud"u oxumuşammı? Azı mənə beş dəfə oxudan sən olmamısan?" - deyə düşünüb cavab verdi:

- Bəli, oxumuşam.

- Əla. Çox gözəl. Çox pakizə (bu "pakizə" sözünü Həsən müəllim tez-tez və sevə-sevə işlədərdi). Onda bir məsələni mənim yadıma salarsınızmı, qızım?

- Buyurun, hansı məsələni deyirsiniz?

"Bəlkə yaddaşı bu cür qayıdır, - yavaş-yavaş?! Dədə Qorqud vasitəsilə?! Allah, sən özün kömək ol" - Həlimə düşündü.

- Yadınızdamı Beyrəklə Banuçiçəyin ilk görüş səhnəsi?

Həlimənin cavabı ləngimədi:

- Bəli, yadımda.

- O zaman söyləyin görüm, onların yarışmaları nə yarışı idi və bu yarışmalarda kim qalib gəlmişdi?

Həsən müəllim gözlərində gizli bir ümid Həliməni süzməyə başladı. Çünki o, əslində, özünə yenicə əyan olmuş həqiqətin qum sarayı kimi dağılmasını gözləyirdi. Ona elə gəlirdi ki, Həlimənin cavabı bu müəmmanı alt-üst edəcək və o, yenə əvvəlki kimi öz düzənli aləminə qayıda biləcəkdi. Bu düzənli aləmdə yarışda qalib gələn Beyrək olurdu, buna şübhə yox idi. İndiki həqiqət isə başdan-başa şübhələrin və gümanların içində idi və Həsən müəllimin düzəninə xələl gətirirdi. O, bu ikinci həqiqəti, hardansa uzaq zamanlardan özü öz ayağı ilə gəlib onun yazı masasına quş kimi qonan həqiqəti qəbul etmək istəmirdi. Nə isə itirdiyini duyan və bununla itkisinin daha da böyüdəcəyindən qorxan bir adam kimi istəmirdi.

Həlimənin cavabı onun gözlədiyi kimi olmadı.

- Yaxşı. Bu sual elə də çətin sual deyil. Qızın şərti belə olur ki, onlar at çapıb ötüşsünlər, ox atıb yarışsınlar və ... - Həlimə duruxdu.

- Və?.. - Həsən müəllimin gözləri işıldadı.

- Hə, bir də güləşsinlər. Mən təsəvvür eləmirəm, o qədim zamanda oğlanla qız necə güləşə bilərdi?!

Həsən müəllim Həlimənin son sualını qulaqardına vurdu.

- Bəs bu yarışlarda qalib gələn kim olur? - Həsən müəllim səbirsizliklə soruşur.

- Kim olacaq? Beyrək! Dastanda belə yazılır.

- Əminsən? - Həsən müəllim çarəsiz adamlar kimi qətiyyətsiz bir halda pıçıldadı.

- Əminəm. - Həlimə qətiyyətlə cavab verdi.

Bu şəkildə həm Həsən müəllim, həm də Həlimə bir-birindən gözlədiklərini ala bilmədilər. Onun üçün də hər ikisi pəjmürdə olmuşdu. Həsən müəllim ona görə pəjmürdə olmuşdu ki, ona agah olan yeni həqiqətin "ayaq tutub yeriməsi"nin qarşısını ala bilməmişdi. Həlimə isə ona görə pəjmürdə olmuşdu ki, atasının yaddaşının qayıtmasına olan ümidi növbəti dəfə boşa çıxmışdı.

Həlimənin düşüncə tərzi, oturuşu, duruşu, ədası, hərdən doluxsunması (Həsən müəllimə qızın bu halı tam əsassız olaraq, xeyli süni görünürdü) yavaş-yavaş Həsən müəllimi darıxdırmağa başladı. Beyrəklə bağlı mükalimə isə (qızın inamlı cavabı, elə bil, ondan nə isə gözləyən gözləri) Həsən müəllimi lap hövsələdən çıxardı. Amma o səfər Həsən müəllim özünü zorla saxladı, qıza artıq-əskik bir söz demədi, dəftər-kağızını bir yerdən o biri yerə götürüb qoymağa başladı. Bu o demək idi ki, söhbət qurtarmışdır. Həlimə kabinetdən çıxdı və qızı Bəyim yatan otağa keçdi.

Həlimə kabinetdən çıxan kimi Həsən müəllim bir daha yazısı yazılan kağızları qarşısına çəkdi və yenidən onları oxumağa başladı. Şəkk ola bilməzdi - həmən yazı, həmən həqiqət! Yenə də bütün yarışların qalibi Beyrək yox, Banuçiçək idi. Həsən müəllimi bu dəfə əməlli-başlı xof bürüdü. Elə bil, daim arxasında hiss elədiyi, arxasını verdiyi bir divar yavaş-yavaş sökülür, o isə yuxudaymış kimi nə qədər çabalasa da, bunun qarşısını almaq üçün heç nə edə bilmirdi. "Dədə Qorqud" bir bəhanə idi, əslində, onun həyatının bundan əvvəlki böyük bir hissəsi o divar kimi (ya da o divarla birgə) yox olurdu. Həsən müəllim ürəyi döyüntülü, təlaş içində ancaq bunları hiss eləyirdi. Hiss eləyirdi ki, keçmişlə əlaqəsi üzülür, kəsilir, özü də bu, geriyədönməz şəkildə baş verir. Onun üçün də keçmiş özünü onun yadına bu cür salırdı - kağız üzərində hardansa gəlib peyda olan yazılar vasitəsilə. Bu yazılar bitən zaman, Nitsşenin sözləri olmasın (Həsən müəllimin yadına alman filosofu düşdü, onun adını isə unutmuşdu), "səhra böyüyüb böyüyüb" onu Həsən müəllim də öz içinə alacaqdı.

Hacı Mir Həsən ağa Səyyah Beyrək haqda zaman-zaman eşidib duyduqlarını yazarkən, elə bil, duyuq düşmüşdü ki, risalə ilə tanış olanları bu həqiqətə inandırmaq üçün sonda xüsusi və möhkəm bir dəlilə böyük ehtiyac vardır. Və bu dəlili, yəni Beyrəklə Banuçiçəyin ilk görüşündə baş verənlərin sirrə çevrilməsini və bu sirrin sonrakı sərgüzəştini o, belə təsvir edir.

Beyrək on altı il Bayburd hasarında həbsdə qalır. Nəhayət, atasının göndərdiyi bəzirganlar uzaq-yaxın ölkələri çox gəzib-dolaşdıqdan sonra onun izinə düşüb Bayburd qalasına gəlib çıxırlar. Onlar Beyrəyə xəbər çatdırırlar ki, Oğuzda onu hamı ölmüş bilir və nişanlısı Banuçiçəyi Oğuz gənclərindən birinə ərə vermək tədarükünə başlayıblar. Düyünə artıq çox az qalıb.

Beyrək bir hiylə ilə (bu hiylə, əslində, başqa bir mətləbin mövzusudur - bu mövzu isə Bayburd bəyinin qızının sirridir) Bayburd həbsindən qurtulub qaça bilir. O, özünü Oğuza çatdırır və təğyir-libas olub nişanlısının toyuna gəlir. Oğuz xanı Salur Qazan Beyrəyi ozan bilib ona iltifat edir. Cəsarətə gəlmiş Beyrək xana belə bir arzusunu bildirir:

- Xan, izin ver, düyünü olan qız üçün mən saz çalım, o da oynasın, - deyir.

Xan ki, Beyrəyi tanımır, izin verir. Beyrək qadınlar oturan alaçığa gəlir. Deyir:

- Mən saz çalacağam, ərə gedən qız da oynayacaq.

- Mənim bu ozandan heç gözüm su içmədi. - Banuçiçək ətrafında çevrə qurub oturmuş qızlara deyir. - Mən onun çaldığına heç zaman oynamanam.

Beyrək Banuçiçəyin sözlərinə fikir vermir, bardaş qurub xalça üstünə oturur və sazını çalmağa başlayır. Çala-çala özünü Banuçiçəyə tanıdır. Beyrəyin çaldığı mahnı çox qəmli və həsrətli bir mahnı idi. Sazın sədaları, sanki dil açıb Beyrəyin nakam taleyini danışır. On altı il Bayburd zindanı, el-oba həsrəti, yar-yoldaşın kiminin dönük çıxması, kiminin də ömrünün başa vurması, nakam məhəbbəti, hər gün, hər gecə xatırladığı sevimli yarı oxuduqca dinləyənlərin gözü qarşısında xəyal kimi canlanır. Bu zaman Banuçiçəyin ürəyi qısılmırmı, qısılır. Amma yenə də Banuçiçək üz-gözünü saqqal basmış, saçı az qala  topuğuna çatan bu dərvişin dediklərinə inanmır. İnanmır ki, gördüyü, sevdiyi o Beyrək bu ozandır. Beyrək naəlac qalıb daha bilmir nə etsin. Sonunda kor-peşman halda əlacsız qalaraq belə deyir:

- Yaxşı, mənə ki inanmadın, məni ki Beyrək olaraq qəbul etmədin, o zaman barmağındakı üzüyü qaytar, onu sənə mən vermişəm.

Banuçiçəyin bu zaman ürəyinə xal düşür, zənlə bir daha bu dəli ozanı diqqətlə təpədən-dırnağacan süzür. Yenə də onu gördüyü və sevdiyi gənc Beyrəyə oxşada bilmir.

- Bu üzüyün sirri var, - Banuçiçək deyir. - Sən Beyrəksənsə əgər, bu sirri bilməlisən. Söylə o zaman görəlim, üzüyün sirri nədir?

Beyrək gülümsünmürmü, gülümsünür. Əlbəttə ki, o, bu sirri yaxşı xatırlayırdı. Bayburd qalasının zindanında Banuçiçəklə ilk görüş səhnəsi gözünün qabağında hər gün canlanır və uzun müddət getmirdi ki, getmirdi. Beyrək deyir:

- Bax, üzüyün sirrini sən istədin, mən açım. Taxsır məndən getdi. Biz səninlə ilk görüşümüz zamanı at çapıb yarışmadıqmı? Ox atmadıqmı? Güləşmədikmi?

Banuçiçək mat-məəttəl, əli ağzında qalır. O, artıq duyuq düşmüşdü ki, qarşısındakı Beyrəkdir. Amma yenə son dəfə ondan soruşur:

- Bəs, yarışdan qalib kim çıxdı?

- Yarışdan qalib çıxan mənim qarşımda dayanıb durub.

Banuçiçək artıq məsələni başa düşür. Amma yenə də Beyrəyi son sınağa çəkmək istəyir:

- Sonra, sonra nə oldu, bəy yigit? - Banuçiçək zəif səslə az qala pıçıltı ilə soruşur. Qızın əqli başından az qalır çıxsın.

- Sonra mən səni... Sirri açımmı? - Beyrək gözlərini qıydı.

Elə ki Beyrək gözlərini qıydı, daha Banuçiçək bu ozanın Beyrək olduğuna bilmərrə inandı.

- Aman... dur, danışma. Sənsən, bəli, sənsən ki, varsan! - Banuçiçək üzünü çadırdakı qadınlara tutdu. Qadınlar hamısı diqqət və maraqla bu söhbətə qulaq asırdılar, amma söhbət ki, sirli bir məcrada gedirdi, əlbəttə ki, onlar bir şey anlamırdılar. - Bəli, hamı qoy bilsin, bu, həqqən odur, Beyrəkdir!

Banuçiçək bu sözləri qətiyyətlə deyib özünü Beyrəyin ayaqlarına atıb qucaqladı, göz yaşlarına qərq oldu. Amma bu göz yaşları sevincdən doğan göz yaşları idi.

Beyrəklə Banuçiçəyin sirri Beyrəyin onu üç öpüb bir dişləməsinin (sevişmələrinin) sirri idi ki, Beyrək bu vacib dəlili sonadək açıb ortaya qoymur və verdiyi əhdə bivəfa çıxmır. Banuçiçək də öz növbəsində yarışların qalibi olduğunu dilinə gətirmir. Bunlar bir-birini beləcənə qoruyurlar.

Beyrəklə Banuçiçəyin sirri açılmadan tarixin qaranlığında əriyib yox olur. Mən, Hacı Mir Həsən ağa Səyyah bu sirri sirlərin sirri sayıram və Beyrəyin sonrakı faciəli məhvini də qismən bu sirr ilə əlaqələndirmək mümkündür, deyə iddia edirəm.

 

***

 

Bir gün qəribə bir hadisə baş verdi. Əslində, bu hadisə yalnız Həsən müəllim üçün qəribə sayıla bilərdi, Həlimə bu hadisədən, sadəcə, pərişan olmuşdu.

Mətbəxdə səhər yeməyi zamanı yenə ikisi idi. Həlimə çaşıb Həsən müəllimə "ata" demişdi. Həlimə fərqinə varmadan (fikri özündə deyildi):

- Ata, bir stəkan da çay içərsən? - deyə soruşdu.

Həsən müəllim əməlli-başlı səksəndi.

"Ata" demək var, "ata" demək var. Bir var "ata" müraciəti sənə kənar bir adamdan gəlir və bu müraciət, əslində, hörmət mənasında işlədilir, elə bu cür də başa düşülür. "Amma bu "ata" sözü bu qızın dilində - Həsən müəllim fikirləşə-fikirləşə qalmışdı, - sadəcə, hörmət əlaməti kimi səslənmədi. Həsən müəllim bu sözün səslənişində başqa bir nəvazişi tutmuşdu. Bu səslənişdə Həsən müəllimin unutduğu və xatırlamadığı bir nəvaziş var idi. "Ata" sözünü bu cür ancaq doğma övlad deyə bilərdi. Həsən müəllim çaşmışdı.

Həlimə elə bil, özü də bunları duydu və sözünü dəyişib tez təkrar elədi:

- Həsən müəllim, çay içirsiniz? - Sonra da gözlərində qorxaq (daha çox - yaltaq) bir ifadə Həsən müəllimin üzünə baxdı. Yəni "bağışlayın", söz dilimdən çıxdı.

Həsən müəllim qızın daxili təlaşını hiss eləsə də, bunu üzə vurmadı, əksinə, Həliməni sakitləşdirməyə çalışdı. O da öz cavabına bir "qızım" sözünü əlavə elədi. Düşündü: "Qoy pərtliyi getsin":

- İçərəm, qızım. Nə bildin ki, mənim könlümdən elə bu dəqiqə çay içmək keçdi?! Özü də qəşəng, pürrəngi...

Əlbəttə ki, Həlimə Həsən müəllimin ona "qızım" müraciətini adi bir müraciət kimi qəbul elədi. Həm də ürək ağrısı ilə hiss elədi ki, atasının bu sözündə içdən, dərindən gələn heç nə yoxdur. Həsən müəllim küçədə yanından keçən naməlum bir qadına, qıza da bu şəkildə ("qızım" deyə) müraciət edə bilərdi. Həlimə doluxsundu. Atasının belə bir vəziyyəti onu yavaş-yavaş əməlli-başlı incidirdi, qəribə və anlaşılmaz duyğular aləminə salırdı, sakitliyini və rahatlığını əlindən alırdı. Bu necə ola bilərdi ki, atası ona həm yaxın idi, həm də xeyli uzaq?! Bu necə ola bilərdi ki, onun hərgünkü çalışması-nəvazişi, sözsüz məhəbbəti, hər arzusunu az qala onun özündən əvvəl hiss edib yerinə gətirməsi atasına təsir etmirdi. Atası bunu elə qəbul edirdi ki, sanki Həlimə bu evə xidmətçi kimi gedib-gəlir. Və heç cür anlaya bilmirdi ki (bəli, anlaya bilmirdi, Həlimə bunu onun gözlərində görürdü), bu qadın, yəni Həlimə nə üçün onlarda yatıb qalır, nə üçün anasının yatağında yatır. Həlimə özündən xəbərsiz artıq hər şeydən qıcıqlanır, bəzən hətta dözülməz olurdu. Bundan ilk zərbəni, əlbəttə ki, qızı və qardaşları qəbul edirdi. Həlimənin bu halı istər-istəməz ətrafdakılara da təsir edirdi. Həsən müəllim artıq bu hirsli qadının yanında özünü rahat hiss eləyə bilmirdi.

 

***

 

Hacı Mir Həsən ağa Səyyah uzandığı yerdəncə otağının pəncərəsindən eşikdə yağan payız yağışının ağır damlalarına baxa-baxa düşünürdü: "Görəsən, Beyrəyin və Banuçiçəyin sirri ilə tilsimə düşmüş odunçunun sirri arasında bir rabitə varmıdır, ya ki, bu rabitənin mövcudluğunu o, öz beyninə olmayan yerdən salmışdır?!".

Onun payız qədər sevdiyi və ləzzət aldığı başqa mövsüm yox idi. Elə bu sevgisinə görə də risaləsini "Payız" fəsli ilə başlamışdı. Eşikdə yağış yağa, hava tutqun, buludlu, küləkli ola, sən də girəsən isti bir otağa və bütün bu soyuğa, zillətə sobada çatır-çatır yanan odun parçalarının ruhu dincəldən çıqqıltısı altında pəncərə arxasından tamaşa eləyəsən. Həqqən, payız fəsillərin şahıdır, çünki qeyri-müəyyəndir, qəti deyildir, sözünü sonadək demir və sənə qarşı biganədir - yay kimi yandırmır, qış kimi dondurmur, bahar kimi ürəyi qüssə ilə doldurub ümidsizləşdirmir. Bəli, bahar ki var, insanda olan bütün ümidləri öldürür. İnsanı öz ətri ilə, rayihəsi ilə, civildəşən və sevişən quşlarının səsi ilə, torpağın oyanışı ilə, yaşamaq həvəsi ilə əvvəlcə yerindən oynadır, sonra zinhara gətirir, daha sonra isə az qalırsan hər şeyə, ətrafındakı hər şeyə nifrət edəsən.

"Payızı sevirəm, çünki bilirəm ki, payızın tutqun, boz, adamı riqqətə gətirən havasında insan kənar heç nəyə diqqət yetirmək istəmir. Özün öz içinə, özün özünə qayıda bilirsən, səni öz içindən kənarda heç nə saxlamır. Yalançı ümidlər yox, vədlər yox... Ancaq bu tutqunluq, ancaq bu külək, ancaq bu yağış, eşikdəki palçıq, qəlbdəki intizar payızla gəlir. İsinmək həvəsi, unutmaq həvəsi, ancaq özün üçün yaşamaq həvəsi də payızla gəlir. Sonra qış girir və bütün bunları dondurur. Sonra bahar bunları məhv edir. Yay fəsli bunları yenidən diriltməyə çalışır, amma alınmır - çünki yay fəsli huşsuzluq zamanıdır. Fəsil fəsli payızdır ki var. Görəsən, Beyrək Banuçiçəyə məğlub olmasını, onu öpüb əzizləməsini gizli bir şəkildə qıza açıb xatırlatmasaydı (o bunları on altı ilin həbsində ikən unuda da bilərdi), Banuçiçək Beyrəyi tanıyıb qəbul edəcəkdimi? Lap elə tanısaydı da qəbul edəcəkdimi? Görəsən, bütün bunlar payız ayında olmasaydı bu cür var ola biləcəkdimi?". Məsələnin canı bu idi.

Hacı Mir Həsən ağa Səyyahı payız yağışının ruh təmizləyən səsi altında yavaş-yavaş huş apardı və o, mürgü vurmağa başladı. Nə zaman yuxuya getdiyindən xəbəri olmadı. Yuxusunda alabəzək bir tutuquşu gördü. Tutuquşunun ətrafı cürbəcür risalələrlə dolu idi. Bu tutuquşu qəribə bir otaqda divardan sallanıb qalmışdı və cır bir səslə qışqırırdı: "Buraxın məni gedim, buraxın məni gedim, mən kiməm, mən kiməm, bilmirəm, bilmirəm, bilmirəm...".

 

Davamı gələn sayımızda

 

Kamal Abdulla

 

Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.16-17.