Ağ dərvişdə Həllac Mənsuru
görə bilənlərin kitabı
Görkəmli yazıçı Kamal
Abdullanın "Sehrbazlar
dərəsi" romanı
bu dəfə rumın dilində
Mənzil
başına az, lap az qaldığı yerdən
başlayır bu hekayət. Və ən azından, dünyagörmüş Karvanbaşı
bunu heç nədən olmasa da, sazaqdan bərkimiş
torpağın yavaş-yavaş
dəyişən tanış, olduqca doğma rəngindən
hiss edib, duyur...
Bir az da keçəcəkdi, gözətçilər
onu tanıyıb-tanımadıqlarını
büruzə vermədən
rəsmi qaydada ondan gecənin adını soruşacaqdılar.
O da ürəyində
"bilməsəm nə
edəcəksiniz?" - deyə düşünsə
də, dili ilə "Qıpqırmızı
üfüq" cavabı
verəcəkdi. Gözətçilər
ötüb-keçəcək, qaranlıqda əriyəcəkdilər...
Ancaq o unudulmaz
başlanğıc upuzun
vaxt-zaman məsafəsi
boyunca onu eşidib-dinləyənlərin yadından heç vəchlə çıxmayacaqdı. O doğma,
tanış rəng heç vəchlə unudulmayacaqdı.
Hər gecənin sirli-sehrli bir ad daşıdığından
agah olanlar bu aləmdə kənar, yad bəndə hesab edilməyəcəkdilər.
Necə
ki, görkəmli yazıçı Kamal Abdullanın dünyanın
bir çox dillərinə tərcümə
edilmiş "Sehrbazlar
dərəsi" romanını
rumın dilinə çevirən, Rumıniyanın
"Al və Kuza"
Yas Universitetinin dosenti Lyudmila Bejenaru (və onun tələbəsi
İrina Milsa) artıq ədəbiyyatımızın
təəssübkeşi, yaxın
dostu kimi indi doğmamıza çevrilib, bax elə, o cür... Bilinən odur ki, hər iki
tərcüməçi xanım
bu maraqlı əsərin,
sanki tül pərdə arxasından özünü büruzə
verən dünyasının
heyranlığını heç
də bizlərdən
az yaşamayıb.
"Sehrbazlar dərəsi"nin iç dünyasından yansıyanlar,
hər kəs kimi, onlara da
olmazın zövqünü
yaşadıb. Hər
kəs kimi onlar da fərqinə
varıblar ki, hər cür sirdən, sehrdən agah olanların dərəsidi bu dərə. Təkcə onun möcüzkar köməyinə iman gətirənlərin yox, təkcə sirli sehrbazların həyat mənbəyinə döndüyünə
görə yox, təkcə bu məkanda bulunanların birinin qazancından hamıya pay düşdüyünə
görə yox, həm də (və ən başlıcası), dünya
çapının, çeşidli
nəşr evlərinin
diqqətində olduğuna
görə xüsusi maraq doğurur "Sehrbazlar dərəsi".
Ağ dərvişdə
Həllac Mənsuru görə bilənlərin
kitabıdı "Sehrbazlar
dərəsi". Bu maraqlı əsərdə
tül pərdə arxasındadı, sanki hər şey almanın sirri Həvvanı cəzm etdiyi kimi çəkir
oxucu marağını.
Dünya
naşirlərinin, çoxsaylı
tərcüməçilərin "Sehrbazlar dərəsi"nə
olan hədsiz marağı da bu üzdəndi. Türkiyədə, Rusiyada,
Litvada, Qazaxıstanda,
Fransada, Amerika Birləşmiş Ştatlarında,
Yaponiyada nəşr edildiyi hər kəsə məlum...
Hər kəsə məlum ki, mistik əhvalatların
baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən,
atası Cəlladbaşını
axtaran Karvanbaşının
taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib
çıxmasından, burada
ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı
ruhla Karvanbaşını
görüşdürən, Sufi dərvişlərin həyatından
bəhs edən bu mistik roman müxtəlif dillərdə
və müxtəlif ölkələrdə çap
edilməklə dünya
oxucusunun da diqqətini çəkib.
Müxtəlif dillərdə
çap olunan "Sehrbazlar dərəsi"
romanı Orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin
mühüm komponentlərindən
biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.
Elə mayın 6-da Bakı Kitab Mərkəzində
"Sehrbazlar dərəsi"nin rumın dilindəki nəşrinin
təqdimatı mərasimində
də bu barədə danışıldı.
Tədbirdə Rumıniyanın Azərbaycandakı
fövqəladə və
səlahiyyətli səfiri
Dan İanku, Azərbaycan
Dillər Universitetində
keçirilən "Heydər
Əliyev: Multikulturalizm
və tolerantlıq ideologiyası" adlı
II Beynəlxalq elmi konfransın qonaqları, universitetin professor-müəllim
və tələbə
heyəti, ziyalılar
iştirak edirdilər.
Sözügedən Mərkəzin rəhbəri
Günel Anarqızının
açılış nitqindən
sonra görkəmli yazıçı Kamal
Abdulla təqdimatda iştirak
edən hər kəsə təşəkkürünü
bildirdi. Bakı Kitab
Mərkəzinin fəaliyyətindən
danışaraq, onun işini yüksək qiymətləndirdi. Rumıniya mədəniyyətinin
qədim tarixə malik olduğunu deyən yazıçı
müəllifi olduğu
kitabın bu mədəniyyətin nümayəndəsi
- tanınmış ədəbiyyatşünas
alim və tərcüməçi Lyudmila Bejenaru tərəfindən
tərc\ümə olunmasından məmnunluq duyduğunu bildirdi.
Tərcüməçi Lyudmila Bejenaru
2013-cü ildə Bakı
Slavyan Universitetində
Yanus layihəsində
10 ay iştirakçı olduğundan
və həmin müddət ərzində
Kamal Abdullanın yaradıcılığı ilə
tanış olmasından
söz açdı.
O, bildirdi ki, "Sehrbazlar dərəsi"
romanı noyabr ayında Buxarestdə beynəlxalq yarmarkada Avropa nəşriyyat idarələrinin iştirakı
ilə təqdim olunacaq. Tərcümə prosesindən danışan
tərcüməçi Rumıniyada
bu romanın maraqla qarşılandığını
diqqətə çatdırdı.
O, "Sehrbazlar dərəsi"nin Kamal Abdullanın yaradıcılığında
mühüm rol oynayan əsərlərdən
olduğunu qeyd etdi. Tərcümə prosesindən danışan
ədəbiyyatşünas fərqli mədəniyyətə
malik olduqlarına görə tərcümənin
asan olmadığını
diqqətə çatdırdı.
Ədəbiyyatşünas alim L.Bejenaru yazıçı
Kamal Abdullanın yaradıcılığını araşdırdıqdan sonra
onun haqqında
2014-cü ildə "Kamal
Abdulla: Bütövlüyün fəlsəfəsi" adlı
fundamental monoqrafiya yazdığını
da vurğuladı. Bildirdi ki, rumın dilinə tərcümə
olunan "Sehrbazlar dərəsi" romanı
ötən ay Moldovanın
paytaxtı Kişinyovda
XXIII beynəlxalq Kitab
Sərgisi çərçivəsində
də təqdim edilib.
Tədbir boyunca Kamal Abdulla daha çox "Nəyə görə məhz bu roman?" sualı ətrafında düşüncələrini bölüşdü,
"Məqsəd nə
idi?" prizmasından
fikirlərini açıqladı,
öz yozumunda (və məlum bədii mətnin fonunda) nəyə görə bilinənlərin
əksini qabartdığının
səbəblərini incələdi. "Sirlərin sərgüzəşti"nə
vardıqca "Sirr burdadı ki, niyə bu əsərdə
Beyrək yox, ilkin mətndə deyilənlərin əksinə
olaraq Banu Çiçək qalib gəlir?" yozumuna aydınlıq gətirirdi.
Və dərin səmimiyyətlə "Sirlərin
sərgüzəştləri"nə öz səhifələrində
geniş yer ayıran "Ədəbiyyat
qəzeti"nin baş redaktoru Azər Turanın uğurlu fəaliyyətini
də təqdir etməyi unutmurdu...
"Sadəcə bir not, sorğu yox, sual yox, sadəcə
bir not bəs edir ki, bütün
ömrün boyu taleyindən keçənlərin
bitib-tükənməyən ilməsini çəkəsən"
duyğusallığı öndəydi
"Sehrbazlar dərəsi"nin rumınca nəşrinin təqdimatı
boyunca. Hər məqamda bu
maraqlı romanın unudulmaz səhnələri
gəlib yenidən göz önündə dayanırdı. Elə bil
Karvanbaşı irəlidə,
Xacə İbrahim ağa onun arxasınca
çadırdan yenicə
çıxırdılar. Mehtərlər Karvanbaşının bədöy atını irəli çəkirdilər.
Və belə bir söhbət başlayırdı:
- Getdik, Qara...
- Hansı yolla düşək?
- Görünməz Təpənin
altından gedən yoldan sal karvanı.
- Sehrbazlar dərəsindən?
- Bəli, ordan:
...O yerdən ki, oradan baxanda bütün dünya Karvanbaşının gözündə
ağ bir
kəfən kimi görünürdü.
Təkcə Ağ dərviş
inanırdı ki, həqiqətən, bircə
andı hər şey... "Hər
şey bu bircə anın içindədi - keçmiş
də, gələcək
də".
Seyid Sarı
deyilən birisi "O
an mənim üçün
yoxdur, çünki o
anın hələ adı yoxdur" - deyib durmuşdu.
Ağ dərvişsə israrlıydı:
"O anın adı var - yox, dəxli
yoxdu, mən onu ürəyimin içində görürəm...".
Şeyx
Manuçöhr uzun, ağ saqqalını
tumarlaya-tumarlaya gülümsəməyindədi
ki, "var artıq adı! Onun adı dolğun
andır! Hər şeyi - keçmişi də, gələcəyi də içinə yığan dolğun an...".
Bəlkə elə həmin dolğun anın sehrindən, bərəkətindəndi
ki, oxucu cəllad, zalım Məmmədqulunun tər qönçə kimi açılmış bir
gözəlin ahu baxışı altında
bircə göz qırpımında dönüb
dünyanın ən məsum, insaflı adamına çevrilməsinə
qəlbən inanır? Cəllad
Məmmədqulu da həmin o dolğun anın hüzurundaca o günə qədər bombalanboş qəlbinə
gəlib coşqun bir eşqin (deməli, insanlığın)
dolmasını Allahın
inayəti kimi qəbul edir...
Bəlkə elə "Sehrbazlar
dərəsi"nin bütün naşirlərini,
fərqli tərcüməçilərini
də öz cazibəsində saxlayan həmin o dolğun anın alt qatından yansıyan həyat həqiqətləridi? Ya elə görkəmli yazıçının bənzərsiz
üslubu, bənzərsiz
təhkiyəsi, doyulmaz
təsvirlərinin nostalji
əsintiləri?!
Təqdimat boyunca həmin
o dolğun anın gizlinlərinə, sirli aləminə yetərincə
qayıdıldı, suallar
verildi, cavablar alındı... Dolğun bir an yaşandı...
Sərvaz
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.19.