Faiq İsmayılov
şeirlərinin minimalist
təhlili antiminimalist kontekstdə
"Sevgi
adamın içində" şeirində kadrarxası vizuallıq
Şeir oxucuya müxtəlif cür təsir edir. Poeziya sənəti
öz poetik imkanlarını daha çox nitq prosesində
göstərir. Hətta Yəhya Kamala görə,
şeirin yaxşı və ya pis olması qiraət, ifadəli oxu
zamanı aydınlaşır. Ustad Yəhya Kamal
şeiri iki yerə bölür. Xalis və
saxta. Şeir sənətinə dəxli
olmayan şeir oxucunun və ya bədii qiraət
ustasının nitqində sönük və məzmunsuz bir
şəkildə yaddaşdan silinir. Xalis
şeir isə bir nəğmə kimi dili, nitqi və ruhu
şəffaflaşdırır. Faiq
İsmayılovun şeirləri də xalisdir. Orqanik sözlərdən yaranan şeir sənətidir.
F.İsmayılov poeziyasında vizuallıq kadr önündən
çox, kadr arxasında davam edir:
Sevgi
adamın içində
çiçək kimi açır.
Səssiz-sözsüz
nəğmələr kimi,
kəpənəklər uçur
solumdan,
sağımdan.
...Yaşım
azdı,
boyum
uzun,
xəbərim yoxdu ağlımdan.
Hərə
öz ağlına görə
ağlımı ölçür...
Sevgi
adamın içində
çiçək kimi açır!
"Sevgi adamın içində" şeiri sübut
edir ki, İsmayılov poeziyası kadr arxasında, ən məhrəm
və mübhəm bir məqamda öz poetik enerjisini, bədii
gücünü genişləndirir. Çünki sevginin
daxili qatı, mahiyyəti onun vizual tərəflərindən
daha doğmadır. Elə Faiq də bu
duyğunu şeir sənətinə çevirir. "Sevgi adamın içində çiçək
kimi açır". Hadisələr
kadrdan kənarda, arxa planda davam edir. İçə,
daxilə çəkilməyin estetikası dərinləşir.
Şairin və oxucunun qəlbində dərinləşən
sevgi bumeranq effekti ilə ətrafa yayılır. Dalğa impulsları öz əzəli və əbədi
funksiyasını yerinə yetirir. Ömür
ötüb gedir. Və biz
sığınırıq sevginin qoynuna. Axı
orda daimi yaşamaq şansı var. Faiq kimi.
Saat
metaforu:
mikro və
makro miqyasda
Bəzən:
Vaxtın
yarpaq-yarpaq
töküldüyünü,
saatlar
istəmir
bizə
bildirə...
saatlar
gündüzlər
səssiz
işləyir.
"Saatların səssizliyi" şeirində fiziki və
metafiziki ölümün vaxt, zaman kəfkirindəki poetik
sükutu ilə üzləşirik. Gündüzlər
ölür, gecələr ölümün sürəti
yaxalayır bizi. Onda hara qaçıb gedək.
Necə edək ki, bir anın, saatın,
ayın, ilin və ömrün ölümünü əngəlləyək?
Bu hal ancaq və ancaq "sevgi adamın
içində çiçək kimi
aç"dığı məqamdan etibarən
başlayır. Faiqin nadir və zərif
sevgisitək. "Ölüncə neçə-neçə
qapıdan keçir adam" deyən Ramiz
Rövşənin ölüm haqqında poetik-fəlsəfi
birləşdirdiyi ovqat necə idi? Ana bətnindəki həyatın
ölümü, uşaqlığın, gəncliyin
ölümü, hər anın və saniyənin əldən
çıxaraq ölməsi... Faiq
İsmayılov sevgi və mərhəmət duyğusu ilə
yaşamağı seçir. Şair belə
bir həqiqətə çatmaq üçün çaba
göstərirsə, sərhədlər aradan
götürülür. Saatların
gündüz və ya gecə səssizliyi heç bir əhəmiyyət
daşımır. Zaman, məkan, bədən,
yemək kimi sərhədlərdən, lokallıqdan ruh xilas
edir özünü. Faiq lokallıqdan
qlobal mühitə, mikro poeziya çevrəsindən makro sənət
dünyasına daxil olur.
Şeirdə
bumeranq effekti
Və:
Korlar əsasının
səsinə,
quşlar
baharın nəfəsinə
tapır
yolları
Bir də
hər işi
müşkülə düşən talesizlər,
ilıq,
doğma
nəvazişdən xəbərsizlər
var bu
dünyada.
Yolları
insan mərhəmətində
gəzirlər.
Mərhəmət
it
qabağına atılan sümük,
dilənçi camına atılan qəpik
deyil...
Korlar əsasının
səsinə,
quşlar
baharın nəfəsinə
Tapır yolları.
"Mərhəmət it qabağına atılan
sümük, dilənçi camına atılan qəpik
deyil". Bu,
mərhəmət hissi haqqında oxuduğum ən fərqli misradır.
Axı mərhəmət qarşılıq tələb etməyən
ali duyğudur. Sevgi ən
azından bir ümid, bir baxış, nəvaziş
arzulayır. Mərhəmət bu keyfiyyəti
ilə sevgidən belə fərqlənir. Faiq
İsmayılov kadr arxasında yaratmış olduğu bumeranq
effektini davam etdirir...
Olum və
ölüm
xoşbəxtlik kontekstində
Faiq
xoşbəxtliyə tələsməsə də, iynə
boyda şeirlərinin daxili və xarici təsir gücünə
görə xoşbəxtdir:
Xoşbəxtliyi
əlindən salmamaq üçün.
xoşbəxtlər dönürlər qorxağa.
Xoşbəxtlik
Yaş
balıq kimidi, dostum...
Doğrudan da, xoşbəxtlik yaş balıq kimidir. Arzu və istəklərin
ekstaz halında belə, səksəkədəsən. Qorxursan, qorxursan ki, bu xoş anlar bitəcəkmi?
Faiq xoşbəxtliyi ölüm və həyat
arasında qalmağa bənzədir. "Yaş
balıq kimi" təşbehi ilk baxışda qəribədir.
Daha sonra balığın yaşlığı
ilə yaddaşı-yaddaşsızlığı arasında
əlaqə yaradanda duyğu estetikası ilə fikir
poeziyası birləşir. Bir neçə
saniyədənbir yaddaşı təzələnən yaş
balıq su hövzəsindən kənarda çabalayır.
Yaddaş təzələndikcə şok effekti
yaşanır. Beyin bütün bədəni
sarsıdır. İnsan da xoşbəxtlikdən
həmişə qorxur. O qorxunun travması ağır,
ömürlük fəsadlar buraxır ruhda və bədəndə.
Cismin patologiyası ilə ruhun metafizikası
tarazlanır. Ekzistensial,
çıxılmaz anlar başlayır. Faiq
xoşbəxtlik fobiyasını poeziyaya gətirir. Dostoyevski "Cinayət və cəza"
romanında, Faiq "Yaş balıq" şeirində
xoşbəxtliyin şüuraltındakı xassəsini,
obrazını üzə çıxarır. Xoşbəxtlik barədə retrospektiv bir
baxış bucağı formalaşır. Bəlkə də, ən böyük xoşbəxtlik
o duyğudan qaçmaqdır, imtinadır. Bəlkə də, şairin özünə və
bütün oxucularına verdiyi təsəllidir. Bu təsəlli
ardıcıl və inadkar bir tezlikdə yenilənir:
Heç
vaxt tələsmirəm
Xoşbəxt
olmağa!
Daxilə
çəkilməyin estetikası: təbiət
"Sevgi adamın içində" şeirində
başlayan daxilə, içə çəkilməyin
estetikası başqa bir şeirdə kadr arxasına, kulisə
keçidlə davam edir. İnsan təbiətə üz tutarsa,
bütün dərdlərdən arına, təmizlənə
bilər. Faiq "Təmizlənmə"
şeirində Tanrının təşbehi təbiət
qoynunda təbiətin təşbehi insanı sakral bir katarsisə
dəvət edir. İnsan təbiətlə
anlaşırsa,
xoşbəxtlik və bədbəxtlik seçiminə
ehtiyac qalmır. Hətta həmin an bu haqda
baş yormağa dəyməz:
Oturmuşam
Ay
işığının,
ot ətrinin,
Böcək nəğməsinin içində.
Qu tükütək yüngüləm.
Heç bilmirəm.
nə
var, nə yox
Ay
işığının,
ot ətrinin,
böcək nəğməsinin içində.
Mən də belə dəliyəm.
Təbiətə, ilkinliyə qayıdış nəsrin
və kinonun mövzusu kimi maraq doğurur. Nəsr və
kinonun təsvir imkanları bu mövzunu geniş planda işləməyə
rəvac verir. Mövlud Süleymanlı nəsri
və Jan-Lük Qodar filmi (fərqli aspektlərdən olsa da) təbiət
və insan mövzusuna yeni söz, rəng, plastika və fikir gətirib.
M.Süleymanlı "Yel Əhmədin bəyliyi"
əsərində pul, karyera və hərisliyin insanı təbiətdən
ayırma faciəsi unikal bir dil kateqoriyasında canlanır.
Yel Əhməd pul və ərazi zəbt etmək
üçün təbii, orijinal olan bütün dəyərlərdən
uzaqlaşmağa üz tutur. Qodar
"Əlvida, dil" filmində Tanrı-təbiət- insan
münasibətlərini bir itin bədənindəki natural
gözəllikdə qovuşdurur. İtin təbiətlə
əlaqəsinin natural vəziyyəti ən canlı, orqanik
dildir, ünsiyyət vasitəsidir. İnsan
isə hımin təbiilikdən uzaqlaşdığı
üçün nə özünü, nə təbiəti,
nə də ki, ünsiyyət saxlamaq üçün məxsusi
bir dil vahidini tapır. Bu baxımdan Faiq İsmayılov "çiçək ətirli
duyğuları" poeziya ilə nəsrin sərhədlərində
ifadə edir. Təbiətlə özünü
- insanı qovuşdurur. M.Süleymanlıdan
da, Qodardan da fərqlənir. Axı birləşdirir,
təsdiq edir. İnkar etmir, uzaqlaşdırmır:
Bir bəyaz
gecədi
adamlar
çoxdan yatıb.
Mənəm
səssiz-səmirsiz
pəncərənin önündə
göz
qırpmadan oturan.
Sükut
necə gözəldi,
lap həzin
nəğmə kimi.
Çiçəklər
çoxdan solub,
Amma
çiçək ətri var
bütün duyğularımda
Poeziya və
nəsrin sərhədləri: "Tanış nəğmə"
"Tanış nəğmə" şeirində isə
poeziya və nəsrin sərhədləri musiqili, ritmik, ahəngdar
bir üslubda bir-birindən ayrılır.
Faiqin heca vəzninə müraciəti də
fərqlidir. "Bənövşə",
"Sənin əlin - ürəyim" şeirləri də
hecadadır. Ancaq poetik fiqurlar, qafiyə və
bölgü sistemi yenidir. Təkrarlamır,
yenini yaradır. "Tanış nəğmə"də
yağış damcısı ilə kədər, musiqi ilə
hüzn izdivaca girir. Nəhayətdə poeziya sənəti
doğulur:
"Damcı
pəncərədə sürüşən kimi,
sürüşür qəlbimdə bir soyuq kədər.
O tanış nəğməni kimdi oxuyan?
deyin
oxumasın, mümkünsə əgər.
Ya da susdurmayın qoyun oxusun.
Onunçün
şirindi bəlkə bu nəğmə
Ürəyim
titrəyir... Yoxdu qorxusu,
Yumub gözlərimi dinləyirəm mən.
"Sənin
əlin - ürəyim" şeirində klassik forma,
modernist məzmun
"Sənin
əlin - ürəyim" şeirində sevgi lirikası
tarıma çəkilmiş orijinal metafor poetikası əsasında
yazılıb. Şeirin vəzni və qafiyə quruluşu şeir
üçün məxsusi bir dəyər ifadə edir. Çünki məzmun forma ilə uzlaşır.
Modern, sərbəst şeirin təmsilçisi
Faiq klassik şeir şəklinə də yeni deyimlər
qazandırır. "Sənin
əlin - ürəyim" şeirinin fonetik strukturu, ahəngi,
harmoniyası, ritmi, daxili estetikası, stilistikası, fərdi
və ümumi məzmunu Faiqin nəzəri və praktiki bilik
və bacarıqlarına əyani sübutdur. Heca
vəzni məna estetikası kontekstində yeni bir forma
libası geyinir. Necə ki, şeirdə
aşiqin ürəyi məşuqun əllərinə verilir.
Metaforun köçürmə -
köçürülmə əməliyyatı duyğularda
baş verir. Məzmun olduqca sərbəst,
müstəqil hərəkət edir. Ancaq
bu asudəlik formanın sərhədlərində sonsuz bir məna
çaları ilə dövrə vurur. Fonetik
və leksik vahidlər bircə bəndlik şeirdə
geniş bir estetika xəritəsi çəkir. Oxucu - şair - mətn və duyğuların
harmoniyası öz ritm intervalında qovuşur. Faiqi görmək oxucuların əksəriyyətinə
qismət olmayıb. Ancaq onun şeirləri
ilə görüş daha məhrəm və doğmadır.
Faiq fəlsəfə və ədəbiyyatı
birləşdirən metafor ustasıdır. Özü də bu məcazlar fikri hadisə olaraq
qalmır. Şeir sənətinin parametrləri
ilə təqdim edildiyi üçün fərqlidir. Faiq "Sənin
əlin - ürəyim"
şeiri ilə formanın eynilik, məzmun və ifadənin
fərqlilik adlı qızıl ortasını yaradır:
Baxmaq istəyirəm
gözlərinə mən,
Ancaq baxışların dönüb qaçır hey.
Əllərin
üşüyür, gizləmə məndən,
Verim
ürəyimi əllərinə gey!
Bu tip bənzərsiz
metaforlar tək və
unikal istedad Musa Yaqubun şeirlərində də əsas
keyfiyyətlərdən biridir. Musa Yaqub şeirlərində
təşbeh və metaforlar təbiətin özüdür.
Faiqin təbiət şeirləri modernist səciyyə
daşıyır. Üşümək və
qızınmaq, ölüm və həyat, tənhalıq və
qələbəlik tematikası sənətin transestetik mərhələsi
olan modern həyatda duyğu reflektorlarıdır.
Şeirdə
qeyri-müəyyənlik dövrünün peyzajı
Faiqin
"Yarpaqsız budaqlar" şeiri ölüm haqqında
transestetik elegiyadır:
Külək
əsir,
yarpaqsız budaqlar
qəzəbli barmaqlar kimi
hədələyir payızı.
Hardasa cənubda,
köçəri quşların yuxusuna
bit
daraşıb.
Dağılır
quşların
Soyuqdan
yox,
Yalqızlıqdan
üşüyən
çör-çöp yuvası.
Ömrün payızı üçün orijinal məcazlar
sistemi yaradılıb. İnsan bəzən bədənindən
keçən soyuq bir küləyi, üşümək hissini
tənhalıq, kimsəsizlik kimi qavrayır, dərk edir.
Yalqızlıq duyğusu əl çəkmir bəzən
də. Ancaq şeirdə tənhalıq,
qocalıq, ayrılıq çağı, soyuqluq köçəri
quşların həyatına transformasiya edilib. Yalnız şeirin finalında ömürlərin
qürub çağı olan payızın poetik mahiyyəti,
semantik ovqatı özünü aşkara çıxarır.
Deməli, Faiqin şeirlərində daxili rəmzlər,
simvollar fərqli, gözlənilməz anları sonun
başlanğıcına, mifoloji yaddaşa qaytarmaq
üçün mövcuddur. Bu məqamda
modern həyatın ən vacib elementi özünü göstərir.
Qeyri-müəyyənlik. Həyatın başlanğıc və sonu
kimi hər bir anı qeyri-müəyyənlik estetikasına
söykənir. Axı dəqiq şəkildə
bəlli olmayan hər şey həyəcan və heyrətvericidir.
Modern həyatda isə yaşamaq, var olmaq
davası fərdi, ictimai, mədəni və siyasi mühiti
qeyri-müəyyənliyə itələyir. Baş çıxarmaq üçün dəyanət,
dözüm, iradə və elastik münasibət, ünsiyyət
tələb olunur. Faiq "Yarpaqsız
budaqlar" şeirinin son misrasında ölümün
obrazını yaradır. Elə
"yarpaqsız budaq" ifadəsi ölümə bərabər
deyilmi?
...Yarpaqsız
budaqlar
qəzəbli barmaqlar kimi
hədələyir payızı.
Payız
fəsli ölüm arxetipi kimi
F.İsmayılov "Dünyada payızdı"
şeirində "Yarpaqsız budaqlar"da arxa planda, rəmzi
çalarda təsvir etdiyi
ölüm və onun kölgə arxetipini üzə
çıxarır. Ölüm ali məqamdır.
Ancaq onun ayrılma və ayırma xüsusiyyəti
qaranlıq, "murdar" və dözülməzdir.
Transestetik vəziyyət həmin qaranlıq
murdarlığın şeirdə gözəl və məhzun
ifadəsidir:
Payıza
baxıram pəncərələrdən,
Yarpaqlar
tökülür, bir-bir,
iki-bir.
Yarpaqlar
tökülür,
Örtür
torpağı,
Bir
qarış yer hanı
Addım atasan?
Payıza
baxıram pəncərələrdən,
budaqlar
cansızdır,
rəngi
qapqara.
Budaqlar səmaya
mıxlanmış kimi,
ağaclar çarmıxa
çəkilmiş kimi.
Mələklər
hardadı,
qeybə
aparsın.
Payız
baxıram pəncərələrdən,
yarpaqlar
hamısı
ürək şəklində.
Saralmış
ürəklər,
Solmuş
ürəklər
Son dəfə
xırıldar
əgər tapdasan.
Alım
ayağımı çiyinlərimə!
Ölüm mövzusu həyatın, var olmağın
yaddaşı ilə silinir. Çünki
ölüm yaddaşsızlıq deməkdir. Silinməkdir.
Lui Araqon
və Faiq İsmayılovun şeirində ayrılıq motivi
Faiq "Aylı bir gecədə" şeirində
ölümün yaddaşsızlığına etiraz edir. Burada
vaxtın əldən çıxmasını, gəncliyin
hissizliyini, qadınsızlığın mənasızlığını
əks arqumentlərlə obrazlaşdırır. Faiqin bu
şeirdəki poetik kəşfi budur: Kədər,
ayrılıq və dərd ölümdən, heçlikdən
daha yaxşıdır. Lui Araqonun "xoşbəxt
sevgi yoxdur" misrası ilə Faiqin "deməli,
görmüsən səadət nədir" ifadəsi
arasında estetik planda bir ünsiyyət, rabitə yaranır.
İlk baxışda bir-birinə zidd
görünən bu misralar eşqin mahiyyətindəki kədərdə
qovuşur. Çünki Faiq eşqin verdiyi səadəti
ayrılıq, hicran əzabında belə yaşayır:
Aylı
bir gecədə oturub yalqız,
Qəmli
bir nəğməni söyləyirsənsə, -
Deməli,
baş qoyub sənin köksünə
Xısınca ağlayıb nə vaxtsa bir qız.
Deməli,
görmüsən səadət nədir, -
İndi bəyaz
ayı gördüyün kimi -
İndi bəyaz
ayı gördüyün kimi
Görürsən köksünə baş qoyub kədər.
Araqon eşqin ayrılıq bucağında mövcud
olmaqdan şikayətlənir. Sevgidən kam almayan
modern aşiqin ekzistensial üsyanı baş qaldırır. Faiq isə mütləq
sevgidə nə dərd, nə qəm, nə də ki,
ayrılıq görür. "Sevgi
adamın içində çiçək kimi
açır". Sevgi və ruh birləşəndə
səadət hissi yaranır. Aşiq
zindanda belə olsa saraylarda yaşayırmış kimi bir
duyğuya bürünür.
Bioqrafiya:
"Ürəyin pəncərəsi"
Faiqin ayrılıq duyğusuna münasibəti yalnız
onun şeirləri ilə məhdudlaşmır. Ayrılıq
bioqrafik xarakter daşıyır. Bəlkə
də, şairin həyatı ilə bağılı heç
kimin bilmədiyi məqamlar ikili fikirlərin yaranmasına səbəb
olur. Faiqin şeirlərində
ayrılıq sükut və təmkinlə
qarşılanır. Sevginin mahiyyəti ilə
uyuşmyan hay-haray, patetika yoxdur. "Ürəyin
pəncərəsi" şeiri sevginin gözü ilə baxa
bilməyin ekzistensiyasıdır. Bəzi adamlar isə bu
baxışa tab gətirə bilmir. Cəsarətli və qəti
olmamaq həyatı ölümlə əvəzləyir:
Bir ildi
bu şəhərdən
getmişəm.
İndi qərib-qərib
gəzirəm küçələri.
Qapıları
döyməyə utanıram,
gözlərimlə döyürəm pəncərələri.
Kimin
ürəyində varamsa,
pəncərədən
baxacaq...
Pəncərəni gözlərlə döymək
içdəki məhrəm hisslərin aynada əks olunmasıdır. Faiqin Bakı
ilə, sevgisizliklə, gücsüzlüklə
vidalaşmasıdır. Hətta həyatla
xudahafizləşməkdir. Şeirlərini
Tanrıya əmanət etməkdir.
Su:
qarğış və alqışın
məcaz
dekorasiyası kimi
Həmişə
qərarsız
sevgililər eyni estetik məkanda
görüşür və ayrılır. Sevgi
qərarsızlığa, gümansızlığa
çevrilirsə, yarımçıqdır, natamamdır.
Ancaq Faiq İsmayılovun "Su" şeirində
sevən adamın sevdiyi qadından gələn hər cür
münasibəti qəbul etməsi zahiri planda klassik səciyyə
daşıyır. Ancaq forma və bədii yanaşma, təfəkkür moderndir:
Mənə
bir xoş söz de,
xoş
söz de,
ömrümə illər calansın.
Mənə
bir qarğış de,
qarğış de,
gümanım Allaha qalsın...
Arxamca ya
daş at,
ya da su!
Maleviçin
"Qara kvadrat"ına postekzistensial reaksiya
Faiq yalqızlığı Avropa modernistləri kimi lənətləmir. Tənhalıq
hissini mənimsəyir, doğma, məhrəm duyğuya
çevirir. Kazimir Maleviç "Qara
kvadrat"da incəsənətin tənhalığını,
bəlkə də, sonunu təsvirsizliyin və rəngsizliyin
qara kölgəsinə çevirdiyi kimi, Faiq "Qara"
şeirində insanı kölgətək izləyən mənliyin,
eqonun zərif bədii strukturunu yaradır. Çünki "Qara" şeirində üsyan
yoxdur, təsdiq, razılaşma var. Faiq insanın özüylə
- kölgəsiylə barışmağının
poeziyasını yaradır. Modernist struktur antimodernist məzmunda
təqdim edilir:
Bir mənəm,
bir də
ağ divarda
qara
kölgəm...
Deyirəm
nə yaxşı
tək
deyiləm.
Unutmaq:
yaddaş səhnəsi
"Bircə dəfə" şeirində antimodernist xətt
davam edir.
Kafka, Sartr, Kamyu və Coysun şüurda, cisimdə və
yaddaşda axtardığı patoloji emosiyalar Faiq
İsmayılovda bircə anlıq münasibətə,
özünüdərkə qayıdış çabası ilə nəticələnir.
Faiq çox yaxşı bilir ki, insanın
özünü bircə dəfə tapması belə mistik,
irreal hadisədir. Çünki insan
özünü mütləq şəkildə tapsa,
yaşamaq həyəcan və qovğası öləziyəcək.
Ona görə də "Bircə dəfə"
şeirinin qısaldılmış, minimal həddə
tarıma çəkilmiş böyük süjet xətti
oyun estetikası sərgiləyir. Axı insan olmaq daim
özündən qaçmaqdır, unutmaq
çabasıdır, yaddaşa qarşı mübarizə
aparmaqdır, savaşdır:
İnsan
özünü bircə dəfə
tapır
bu dünyada.
İnsan
özünü iynə kimi
salıb
itirə də bilər.
Əgər
özünü tapsan,
möhkəm yapış yaxandan.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.22-23.