Əhməd Bədi Rəcəb oğlu
Triniç
Əvvəli ötən
sayımızda
Sentyabr 1927-ci ildə S.M.Kirov Leninqrada getdikdən sonra Azərbaycana
təyin olunmuş daşnak erməni Levon Mirzoyan Əhməd
Triniçin qəsdinə durub.
"Ermənilər tərəfindən təqib edilən
Triniçə əngəllər yaradılmağa
başlayıb; 19 sentyabr 1927-ci ildə "Kommunist" qəzetinin
redaktoru olan Əhməd Triniçin məzuniyyət müddəti
heç bir səbəb olmadan 15 noyabra qədər uzadılıb. Qəzetin
redaktorluğu Əliheydər Qarayevə həvalə edilib.
1928-ci ildə yenidən öz vəzifəsinə başlayan
Triniç Almaniyaya, Köln şəhərində
keçiriləcək mətbuat sərgisinə rəsmi dəvət
alsa da, Levon Mirzoyan Mərkəzi Komitənin Rəyasət Heyətinin
10 may 1928-ci il tarixli qərarı ilə Ə.Triniçin
Almaniyaya səfər etməsini uyğun görmür".
Bir tərəfdən ermənilər ona əngəl
olmağa çalışır, digər tərəfdən
isə dostu, ölkə rəhbəri tərəfindən əməyi
mükafatlandırılır. "Kommunist" və "Bakinski
raboçiy" qəzetlərinin 27 aprel 1933-cü il tarixli
sayında "Türk teatrının 60 illiyi"
başlığı altında gedən rəsmi materialdan
teatrın 60 illiyinin təntənəli yığıncaqda
qeyd olunması, yığıncağı Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin sədri Sultan Məcid Əfəndiyevin
açması, Azərbaycan SSR maarif komissarı Məmməd
Cuvarlinskinin məruzəylə çıxış etməsi
ilə yanaşı, təntənəli yığıncaqda
Mir Cəfər Bağırovun imzaladığı rəsmi qərarın
elan edilməsi də məlum olur. Qərarda deyilir:
"SSRİ Mərkəzi İcraiyyə Komitəsindən
xahiş edilsin ki, Şahbazov, Məmməd Cuvarlinski və
Əhməd Triniç Qırmızı Əmək
Bayrağı ordeni ilə təltif olunsunlar". Triniçin "Qırmızı Əmək
Bayrağı" ordeni ilə təltif olunması haqqında
məlumat Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
elmi-məlumat kitabxanasında saxlanılan "Azərbaycan
arxivi" jurnalında dərc olunmuş Milli Dram
Teatrının tarixinə aid sənədlər də öz əksin
tapıb. Sənədlərdən birində deyilir ki,
1933-cü il aprelin 27-də Azərbaycan teatrının 60
illiyinin bayram edilməsi mərasimində Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin sədri Sultan Məcid Əfəndiyev
elan etmişdir ki, Azərbaycan Türk Dram Teatrının
direktoru Əhməd Triniçin "Qırmızı Əmək
Bayrağı" ordeni ilə təltif olunması SSRİ Mərkəzi
İcraiyyə Komitəsindən xahiş edilmişdir".
Dövrün xronikasını izlədikcə
görürük ki, bu illərdə yüksək məqamlarda
yad millətdən olanlar, xüsusilə ermənilər daha
çox yer tutmuşdur. Məsələn, Çkalovdan və
Polonskidən sonra, 1933-cü ildə daşnak Ruben Azərbaycana
göndərilmişdir. Ruben də sələfləri
kimi, 1918-ci ildə Quba qəzasında daşnakları "əsir
almış", öldürmüş Əhməd Triniçdən
qisas almaqda qərarlı olmuşdur. Həmin
dövrdə Əhməd Triniç Azərbaycan Türk Dram
Teatrının direktoru vəzifəsində
çalışmasına baxmayaraq, Mərkəzi Komitənin
qərarı ilə onun işini araşdırmaq
üçün komissiya
yaradılmış və təftiş olunmuşdur.
Triniçin 1918-ci ildə Mart qırğınlarında bir
xeyli ermənini öldürməsini həzm edə bilməyən
ermənilər
onu məhv etmək üçün hər anı
dəyərləndirir, fürsət
gözləyirdilər. Onlar üçün belə bir fürsət
1936-cı ildə yaranır. 1936-cı ilin aprel
ayında Daxili işlər orqanları Moskvadan ittifaq
komissarı Yejovdan gizli əmr alır. Əmrə
görə, antisovet partiyaların üzvləri (eserlər,
gürcü menşevikləri, müsavatçılar,
ittihadçılar, daşnaklar və b.) həbs edilməli,
"Üçlük" tərəfindən (3 nəfərdən
ibarət məhkəmə) işlərinə son verilən
kimi güllələnməlidir. Bu qərardan
faydalanan erməni Tevosyan dərhal qərar qəbul edir (19
aprel 1936). Hazırlanan qərarda göstərilir ki, Vətəndaş
müharibəsi zamanı əksinqilabi fəaliyyətinə,
türk ordusunun zabiti olduğuna və s. əməllərinə
görə Triniç Əhməd Bədi DTK (KQB) tərəfindən
saxlanılsın."
Qərara bolşeviklərin Azərbaycan KQB-də vəzifəyə
gətirdikləri üç erməni - Tevosyan, May, Avanesyan
imza atır.
Beləliklə, ermənilərin qəbul etdiyi qərarla Azərbaycanda
milli kadrların hazırlanmasında böyük işlər
görən, müxtəlif illərdə müxtəlif vəzifələrdə
çalışan
A.Triniç 1936-cı ilin yanvar ayında KQB tərəfindən
Türkiyə casusu kimi həbs edilir. Sovet
İttifaqını dağıdaraq Vahid Türk-Tatar Dövləti
qurmağı planlaşdırmaqda
günahlandırılır. Triniçin həbs
olunmasını eşidən zaman Abdulla Şaiq deyir: "Bədbəxti
"Türkiyəyə casusluqda" ittiham eləyiblər, əslində,
alban türkü olan Triniç o vaxt Qubada baş verənlərin
güdazına gedib, Levon Mirzoyan çoxdan onu
gözaltılayıbmiş, üç il əvvəl
yaradılmış komissiya bu məsələni
araşdırırmış, "troyka" üzvlərinin
ikisi erməni, biri yəhudiymiş. İndi, yəqin, o bədbəxti
tanıyanları bir-bir çağırıb
danışdıracaqlar: Əhməd Rəcəb Triniçi
nə vaxtdan, necə tanıyırsan, onunla hansı əlaqələrin
olub; "xalq düşməni"nin əməllərindən
xəbərin vardımı və s. Triniç qəsdinə
duran, istintaqı aparan və ona işgəncələr verən
ermənilərə boyun əymir,
bəzi mənbələrdə düymə udaraq, bəzi
mənbələrdə özünü asaraq intihar edir (8 iyul
1937).
Oğlu
Fridrix Triniçin keçmiş Azərbaycan SSR Dövlət
Təhlükəsizlik Komitəsinə yazdığı məktuba
cavabda atasının ölümü haqqında
yazılır: "1937-ci il iyul ayının 8-də vətəndaş
Triniç Ə.B. kamerada asılmış vəziyyətdə
tapılmışdır. Onun ölümü
barədə başqa digər məlumatlar yoxdur". Son illər tədqiqatçı alim Adıgözəl
Məmmədovun araşdırmalarında geniş şəkildə
bəhs edilən Triniçin oğlu Fridrixin xatirələri
atasını tanımaqda oxucuya kömək edir. O, atası haqqında xatirələrində
yazır: "Həmin illərdə atam Azərbaycanda kifayət
qədər tanınmış bir şəxs olmuşdur. Atam üç dəfə də evlənmişdi.
Mənim anamla (üçüncü arvadı) Moskvada tanış olmuş, 1931-ci ildə hələ
20 yaşı olmayan anamı Bakıya aparmışdır;
baxmayaraq ki, aralarındakı yaş fərqi 18 il olmuşdur.
Maraqlıdır ki, atam elə az sayda
adamlardan idi ki, beynəlxalq münasibətlərlə məşğul
olur, qəzetlərdə İran və Türkiyədəki vəziyyətdən
yazırdı, sanki mənim peşəmi qabaqcadan duymuşdu.
Atam 1918-1920-ci illərdə türk əks-kəşfiyyatına
işlədiyinə görə təqsirli bilinərək
1936-cı ilin aprelində, daha doğrusu, əvvəllər
raykomun təlimatçısı kimi bizim evdə tez-tez qonaq
olmuş Bağırovun hakimiyyətə gəlişindən
az sonra həbs edilmişdir (20-30-cu illərdə o,
özünün "İttihad" partiyasının
üzvlüyündə olmasını gizlətməyərək
bir neçə dəfə partiya "təmizlənməsindən"
keçmişdi).
Uzun-uzadı sorğu-sual zamanı o, təqsirli
olduğunu boynuna almamış, özünə qarşı
olan ittihamları iftira adlandırmışdır. 1936-cı ilin
oktyabrında istintaq başa çatsa da, atamın tələblərinə
və müstəntiqlərin vədinə baxmayaraq, məhkəmədə
onun işinə 9 ay ərzində baxılmamışdır.
1937-ci il iyulun 8-də atam kamerada
asılmış vəziyyətdə tapılmış və
istintaq bunu özünəqəsd kimi qiymətləndirmişdir.
Buna inanmaq çətin idi, çünki mühafizə
olunmuş həbsxana gündəliyi onun əhval-ruhiyyəsinin
yüksək olduğunu və özünün müqəssir
olmadığını sübut etməyə cəhd etdiyini
göstərir: "Neyləyə bilərsən, qələm
düşmən əlindədir, mən isə müdafiə
hüququndan məhrum olunmuşam. Eybi yox, belə
nömrələrlə mənim iradəmi qıra bilməzlər".
"Atamın müəmmalı ölümündən
sonra anam Bakıdakı mənzilimizi tərk edərək,
1938-ci ildə mənimlə birlikdə Moskvaya valideynlərinin
yanına getdi.
Görünür, bu da onu həbsdən
qurtarmışdı. Uzun illər atam barədə
əsl həqiqətləri məndən gizlətmişlər".
Fridrixin də vurğuladığı kimi,
Əhməd Bədi Triniç haqqında həqiqətlər
gizlədilmişdir, lakin yalnız ondan deyil.
Əhməd
Bədi Triniç Rəcəb oğlunu daha yaxından
tanımaq üçün KQB arxivində saxlanan istintaq sənədlərinə
və bu sənədlər əsasında aparılan
araşdırmalara nəzər salmaq kifayətdir. Məsələn,
Sovetlərə qənim kəsilən
Əli bəy Zizikskinin və dostu Əhməd Triniçin ismi Sovet çekisti
K.Əfəndiyevin N.S.Xruşşova Mir Cəfər
Bağırovu tanıtmaq,
"maskasını düşürmək" və
faktlarla sübut etmək məqsədi ilə
yazdığı 7 oktyabr 1953-cü il tarixli məktubunda xüsusi olaraq
qeyd edilir. Məktub sahibinin yazdığından öyrənirik
ki, "M.C.Bağırov Əli bəyə və Əhməd
Triniçə
himayədarlıq edirmiş. Sovetlərə
qarşı gələn, silaha sarılaraq döyüşən
Əli bəy Zizikskinin zərərsizləşdirilməsinin
Bağırova tapşırılmasına baxmayaraq, o, Zizikskini
nəinki zərərsizləşdirməmiş, əksinə,
himayəsinə almış, Beriyaya "Mən onu (Zizikskini)
tanıyıram. Ondan təhlükə
gözlənilmir!" - demişdi. Əslində isə "qorxulu və həyəcanlı
xəbərlər gəlirdi ki, Kaleybugurt şeyxlərilə,
qolçomaqlarla "Türkiyə könüllüləri ilə"
birgə - onların fikir babaları Triniç Əhməd
adlı birisi olub - müsavatçılar Qaraqoyunlu
üsyanı hazırlayırlar. Bütün
çalışmalar pantürkizm şüarı ilə
aparılırdı". Hər dəfəsində
fikrini möhkəmləndirmək üçün "Bu, təsadüf ola bilərmi?"
- şəklində suallar vermiş Sovet
çekisti yazır: "Məlumdur ki, 1918-ci ildə Türk əsgərləri Azərbaycanı işğal etdilər,
gənc Sovet hökumətini boğdular. Belə
bir zamanda Bağırov özünün dediyinə görə,
Qubadan Həştərxana getmişdi. Həmin
vaxt Qubaya Şükrü Paşa gəlmişdi. Türklərin qərargah rəisi Əhməd Bedin
idi. Bir çox
antisovet elementləri Türklərin və
Müsavatçıların tərəfinə
keçmişdi. Mən və bacım (məktubu
yazan şəxs) o vaxt Qubada idik. Quba
"Uyezdrevkom"unun müavini Məhəmməd Mehdini bizim
gözümüz önündə ipə asdılar. Bunu
Əhməd Bedin, Əli Zizikski, Hacı Ağa Şahverdiyev
(indi Sov.İKP-nin üzvü və Bağırovun dostu) etdi.." Quba "Uyezdrevkom"unun
müavini bolşevik Məhəmməd Mehdinin ipə
asılmasını faciə kimi dəyərləndirən"
sovet çekisti unudur, ya da bilərəkdən üzərinə
gəlmir, bu illərdə Qubada, Şamaxıda, Bakıda,
Naxçıvanda kütləvi şəkildə öldürülən
müsəlmanları).
Qubada
Əhməd Bedin kimi tanınan şəxsın Triniç
olduğunu təsdiq etməyi qarşısına məqsəd
qoymuş sovet çekisti K.Əfəndiyev davam edir: "Nəhayət
ki, Azərbaycanda Sovet hökuməti quruldu. Bağırov
Azərbaycan FK-nın (fövqəladə hal komitəsi) rəhbəri
oldu. Mən və bir sıra kommunistlər Əhməd
Bedini tanıyırdıq, o, ÜİK(b)P-nin
üzvü və vəzifə sahibi Əhməd Triniçə
çevrilmişdi". Xruşşova yazdıqlarını
konkret faktlarla sübut etməyə çalışan Sovet
çekisti bunun üçün gördüyü işləri
sadalayır: "Partiyanın (bolşevik partiyası) kəşfiyyat
xətti ilə birbaşa özüm Bağırova xəbər
verdim ki, Qubaya daxil olmuş Türk əsgərlərinin
qərargah komandiri olan Əhməd Triniç həmin Əhməd Bedindir. Bu o şəxsdir
ki, bolşevik Məhəmməd Mehdini ipə
asmışdı. Rəsmi informasiyalarla sübut
edilmişdir ki, bu Əhməd Triniç məşhur türk
kəşfiyyatçısı, antisovet qruplaşmaların təşkilatçısı,
pantürkizmin ideoloqudur, O, müsavatçılarla əlbirdir
və s. Ancaq Bağırov (FK komissarı) bunu qulaqardına
vuraraq gözə kül üfürür və deyir: "Azərbaycan
MK-ya məlumdur ki, Əhməd Triniç partiya tərəfindən
düşmən düşərgəsinə iş
üçün göndərilmişdir, bu hamımıza məlumdur.
Mənim xəttimlə (kəşfiyyat) sərəncam
daxil olmuşdu ki, "Triniçin işini bitirin. Bu qədər
təsadüf ola bilərmi?". Sovet kəşfiyyatçısı
bununla da kifayətlənməyib Trinçin fəaliyyətini
ortaya qoyur: "Əhməd Triniç öz əksinqlabi
fəaliyyətini belə davam etdirdi: "Yüksək pedaqoji
təhsil təşkil etmək adı altında Azərbaycan
Pedaqoji İnstitutuna (APİ) Türkiyədən müəllimlər
dəvət olundu. Həmin müəllimlər
elmin və Azərbaycan dilinin bilicisi" kimi
tanıdıldı. Triniçin xeyir-duası,
Bağırovun başçılığı ilə Azərbaycana
"mütəxəssis müəllimlər"in gəldiyini
vurğulayan sovet kəşfiyyatçısı davam edir:
"Tez bir zamanda mən ("Ayaz" ləqəbi ilə) yenə
xəbər ötürdüm (təbii ki, Moskvaya) ki, APİ
müəllim-mütəxəssis yox, türk kəşfiyyatçıları
hazırlayır. Onların hamısı Əhməd
Triniçlə bağlı idi. O isə nüfuzunu
artırır və hökumətdə yer tutmuş burjua millətçiləri
ilə sıx əlaqə saxlayırdı". Ancaq həmişə mənim ağzımdan vururlar,
yəni ki, bu sənin obyektlərin deyil, "əngəl
olma".
Davamı
gələn sayımızda
Lütviyyə
Əsgərzadə
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.25.