NƏSİMİ
Beşpərdəli
dramın üçüncü pərdəsi
Nəsimi Nəimi və müridlərin
həbsindən xəbər tutur və şahın yanına
getmək istəyir ki, onun müqabilində Nəimi və
müridləri azad etsinlər. Şəms buna
mane olmaq istəyir.
Şəms:
- Getmə,
ey ruhum rəvanım, getmə, dur,
Aşiqi zarını nalan etmə, dur.
Zahidin
zöhdü riyası, fitnəsi,
Dininin bətnində
aşiq kinəsi,
Səni də
bizdən alar mütləq, yəqin,
Aşiqə
qarşı çıxarlar əqlü din.
Qoyma kim bu bağü bostanım sola,
Getmə,
o sonu ölüm
dolu yola.
Eşqdir
gər sən üçün məqsəd, Nəsim,
Məni seç sən özünə məbəd, Nəsim.
Get aman
istə ki, sənsiz ey pirim,
Məbədəm mən, amma yoxdur zairim.
Ol
dağam ki, yoxdu başında duman,
Əl-aman,
ey dərdə dərman, əl-aman!
Nəsimi:
- Mən
ki, həqqəm, mən ki, aşiqlər şahı,
Mən ki, Tanrı sirrinin üstürlabı.
Ölməzəm,
həm laməkanam, lazaman,
İstəməm haşa ki, mən şahdan aman.
Həqqi,
gər, kəssəydi şahın hökmü, kim,
İndiyə nə həqq qalardı, nə Nəsim.
Ol həqqəm
ki, cariyəm bir su kimi,
Sariyəm cənnət qoxan ol bu kimi.
Alsalar gər
cismimi sən qəm yemə,
Sənlədir ruhum, sən hicrandan demə.
Ey mənə
məbdə, yəqin et məqsədə,
Zair axtarsan dönərsən mərqədə.
Aşiqin
nə piri var, nə məbədi,
Aşiqin olmaz nə dinü mərqədi.
Din sevər
mərqədləri, eşq, məqsədi,
Din sevər
zairləri, eşq, məstlədi.
Şəms:
- Ey Nəsimi,
həqq səninlə başlamır,
Getsən, amma həqq səninlə daşlanır.
Gər ənəlhəqsən
o nahəqdən qorun,
Gər ki, mütləqsən o "mütləqdən"
qorun.
Aşiqi
zaram ki, sənsən mərhəmim,
Bircə sənsən bu cahanda həmdəmim.
Ey evim, ey
aşiyanım, ey özüm,
Güzgüdən mənə baxan qəmli gözüm.
Ey ki,
sirrim sözlərinlə çözülür,
Ey ki, dünyam gözlərinlə
ölçülür.
Ey mənim
mülküm, mənim şahım, Nəsim,
Alnımı qoymağa dərgahım Nəsim.
Ey
ayağın basdığın yer səcdəgah,
Ey hamıya sən Nəsimi, mənə şah.
Rəhm
elə, qıyma mənə bu hicranı,
Getmə, ey şəms, tarik etmə dünyanı.
Ey mənim
çöhrəmdə "illa"nı
görən,
Ey mənim
gözümdə sən "la"nı
görən.
Surətimdə
sirətimin hərfi var,
Hansı ki, "kon"dan qalıbdır yadigar.
Surətimi
çözginən, çoxdur hələ,
Sirlərimi surətimlə bir elə.
Ey
qaşım qoy qurşağı, sən də
yağış,
Yağmasan
mən doğmaram, susma, danış!
Dodağınla
nöqtə qoy sən sirlərə,
Yanağımı etmə məkan gövhərə.
Nəsimi:
- Ey
canımın afəti, ey nuri-can,
Sirri həqsən, məndə olmuşsan nihan.
Cismi
zarü, cismi bimarım mənim,
Mən qəmü, sən isə qəmxarım mənim.
Mən
ki, külli kainata sığmazam,
Yoxdu bir
gün kim namazın qılmazam.
Mən
ki, həm həqqəm və həm həqqin piri,
Səndə buldum öz həqqimi, ey pəri.
Ruhumu
ruhuna sən mehman elə,
Cismimi mən borcluyam, amma elə.
Mən
deməzsəm, sən deməzsən, kim
deyər,
Kim bu xalqın həqqini bəs söyləyər?
Gah molla,
gah zahid, gah-gah
Gah mömin, gah da məmuri şah.
Dinü
dövlət birləşibdir, ey pəri,
Xəlqin üstünə yeriyir ləşgəri.
Biri dinlə,
digəri şəmşir ilə,
Zülm çıxıbdır pərdə
üstündən zilə.
Kimsə
gər ki, kökləməzsə pərdəni,
Dinü dövlət bərbad eylər bəndəni.
Pərdələr
var sirlər üstündə, pəri,
Kökləməzsən aşkar etməz sirləri.
Pərdə
torpaq, sirr də danə, eşq də su,
Su verərsən danə yırtar torpağı.
Şəmsi
can ol, suyla birləş, ta ki, can,
Pay verək,
dolsun cana külli-cahan.
Şəms:
- Xəlqin
ollam, ölkən ollam, ey Nəsim,
Həqqin ollam, bəndən ollam, ey Nəsim.
Qal
yanımda, etmə nalan Afəti,
Sənlə həqqəm, etmə yalan Afəti.
Bülbüləm
mən, naləmi zar eyləmə,
Şəmsini zülmət yerə yar eyləmə.
Olmasa yer
şəms olar ol şəm ki,
Yoxdur onun məst edən pərvanəsi.
Başıma
dön ki, verim mən can sənə.
Sən də "kon" de, daxilindəki "mən"ə.
Yer də bir "mən"dir ki, onun "mən"i
var.
O bizi var
eyləyib, biz onu var.
Biz cahana
sığımışıq, cahan bizə,
Sanki güzgü qoyulub önümüzə.
Cazibən qoymur uzağından keçəm.
Şəmsi
canam, amma sənsiz bir heçəm,
Yandırıbdır
canımı eşqin, sənəm,
Sənsən ol kəs ki, məni qoymur sönəm.
Nəsimi:
- Eşq,
ey afət, böyükdür fərddən,
Kamil insanlar yaranar dərddən.
Dərd
mülkü, dərd şahü, dərd ilah,
Yusifi dərd eylədi Kənana şah.
Qorxma qəmdən,
qəmdir insan eyləyən,
İnsanı, "Allah"ü "Quran" eyləyən.
Tək sənin
yox, cümlə afətlər üçün,
Söylədim əsrari bu dünyayi dun.
Xəlq
aşiq, dünya məşuq, mən də şəm,
Nura doldurdum cahanı bişü kəm.
Üryan
etdim eşqi də, məşuqu da,
Xəlqi də, xaliqi də, məxluqu da.
Mən
ki, qaldırdım cahanın pərdəsin,
Aşkar
etdim tanrıların nəsnəsin,
Mən
ki, dedim insana "sən tanrısan",
Mən
ki, verdim xəlqimə həqdən nişan,
De, necə indi geri dönüm, axı?
Ayrı
etmə, afət, ətdən dırnağı...
Şəms:
- Xəlq
özü öz haqqını yaxşı bilər,
Xəlq həqqi yox, məişət istəyər.
Xəlqin
Allahı çörəkdir, ey Nəsim,
Kütlənin
şahı, çörəkdir, ey Nəsim!
Aclıq
olsa bu cahanda bircə ay,
Xəlq
içində eşq olar iblisə tay.
Unudar xəlq
aclıq olsa şahı da,
Unudar xəlq,
eşqi də, Allahı da,
Sən
ürək vermə, çörək ver, xəlqinə,
Xəlq inanar onda ənəlhəqqinə.
Nəsimi:
- Eşq
çörək vermir cahana, afətim,
Güc
verir o cismü cana, afətim.
Su soruşmur dinini, imanını.
Heç
təmənnasız dirildir canını,
Torpaq
eşq ilə ucaldar buğdanı,
Heç çörək gördün soruşsun yar
hanı?
Həm çörəkdir, həm çörək
deyildir, o.
Həm ürəkdir, həm ürək deyildir, o.
O sənə
təlim edir ki, ol çörək
Sonra da çörək içində ol ürək.
Çörək
oldunsa soruşma yarını,
Ayrı etmə yarınü əğyarını.
Dəniz ol
ki, qoy bulud yağsın sənə,
Durnalar geri qayıtsın ölkənə.
Daş
daşı cəzb eyləyər, su da suyu,
Quyu Yusif idi, Yusif də quyu.
Cismin
aclığı çəkər bir ay, fəqət,
Ruhun aclığı əzəldən ta əbəd.
Mən
toxam, amma ki, ruhum acdır, ac,
Eşqdir ruhun yarasına əlac.
Aşiq
olsa, aclığa sınmaz bu xəlq,
Arif olsa, şaha aldanmaz bu xəlq.
Şəms nə etsə də Nəsimini yolundan saxlaya
bilmir. Şəms
Nəsiminin ətəyindən yapışaraq getməsinə
mane olmağa çalışır:
- Getmə,
ey can, rəhm elə cananına,
Ya da ki, doldur məni öz canına.
Məni də
apar özünlə, ey Nəsim,
Ey bu nakəs dünyada mənim kəsim.
Ək mənə
öz eşqini, torpağ olum,
Dirçəlim qoy eşqin ilə dağ olum.
Ol mənə
övlad, anan olum sənin,
Ol vətəndaş məndəki eşq ölkənin.
Ver mənə
övlad, quraq evimizi,
Qoy ki, xoşbəxtlik də qısqansın bizi.
Nəsimi:
- Mən əsiri
eşqəm, ey afət, burax,
Eşqi
öyrən, eşqi dərk et, eşqə
bax.
Mən təriqi
eşqə düşdüm, bir kərə,
Çatmışam
indi geri dönməzlərə...
Mənsur
üçün dar mükafatdır, bəli,
Zahid üçün dar mücazatdır vəli.
Mən o
Mənsuram ki, eşqin darına,
Gər çəkilsə çatar o dildarına.
Gər
ki, əksəz torpağa bir danə siz,
Heç nə əksilməz ki, torpaqdan, əziz.
Can verər
o danəyə ki, can olar,
Can dolar o
danəyə, canan olar.
Canını
verdikcə torpaq, çoxalar,
Verməsə küləklə birgə yox olar.
Mən də
canı verməsəm, can olmaram,
Sud yolunda keçməsəm, qan olmaram.
Anadır
eşqim mənə, xəlq övladım,
Dünyadır evim mənim, həqqdir adım.
Şəms:
- Ey Nəsimi,
eşq bilirdim mən səni,
Mən gəmiydim, sən gəminin yelkəni.
Aşiq
idim mən sənə, sənsə həqqə,
Mən sənə qail, sən isə mütləqə.
Yelkən
olmazsa, gəmi yolun azar,
Yusif ancaq yuxunu doğru yozar.
Mən
ki, simurğam, Qaf ol sən də mənə,
Vəhdətim bağlıdır ey Nəsim, sənə.
Etmə
saçımı pərişan, ey Nəsim,
Vəhdətimi
eylə dərman, ey həkim!
Nəsimi:
- Eşq
dünyada nə var mənasıdır,
Can deyil,
amma canın məvasıdır.
Nuri həqdir,
o, vücudun sirridir,
Hamı azadlar onun əsiridir.
Xəlq
olur "insani mütləq", eşqdə
İsmi əzəmdir "ənəlhəqq",
eşqdə.
Biz yoxuq,
yox, eşq vardır, eşq, var,
Eşq ilə Allah olur insana yar.
Mərifət
sahibi ol eşq ilə sən,
Qaçmaq
olmaz, qaçmaq olmaz
eşqdən.
Nadan olsan
bərbad eylər eşq də,
Agah ol ki, azad ol sən eşqdə.
Şəms:
- Ey Nəsimi,
hicr ağırdır, dözüm az,
Qəm dərindir, kaseyi-səbrim dayaz.
Nəsimi:
- Hicr
yoxdur bu cahanda, afətim.
Birdir indi ayrılıqla vəslətim.
Vəsldir dünya sərasər, vəsldir.
Ta əzəldən
vasil olmaq əsldir.
Darü dünya qiblədir aşiqlərə.
Dar nədir
ki, pillədir aşiqlərə
Pillə-pillə
böyüyür cismində can,
Cisminə sığmır olur külli cahan.
Ruhumuzla, canımızla,
dünyamız,
Güzgütək, sanki qoyulmuş üzbəüz.
Hər
cahanın daxilində bir cahan,
Vardı ki, onu çoxaldır bigüman.
Mən o
canın güzgüsündə bir həqəm,
Mən də güzgü vardı ki, mən mütləqəm.
Mütləq
ol kəsdir ki, ruhu güzgüdür,
Aşiqin cismindəki su güzgüdür.
Gər
çoxalsa güzgülər bu dünyada,
Cism olar ruh dəryasında bir ada.
Güzgülər
dünyasıdır dünya, əziz,
Yoxsa qalmaz kimsədən dünyada iz.
Çeşmətək
dəryaya sarı qoy gedim,
Getməyimlə qalmağı təbliğ edim.
Su durarsa
iylənər, məsmum olar,
Su gedərsə çeşməvü dərya dolar.
Dünya
gəldir, dünya getdir, dünya can,
İylənər, gər, canı alsan dünyadan.
Getməsəm,
gər, arifu aşiqlərə,
Zülm edərlər, bigüman, nahəq yerə.
Nəsimi Şəmsi tərk edib,
özünü şaha təslim etməyə gedir…
Sayman Aruz
Ədəbiyyat qəzeti.- 2019.- 11
may.- S.24.