Gülümsəyən şeirlər...
Gənc şair Elnur Uğurun
şeirləri haqqında
Çölünə
baxsan alovdu,
İçinə
girsən tüstüdü.
Elnur Uğurun
şairliyi bu misralardan başlayır. Burda onun yaşı da var, təcrübəsi
də. Həyatı da var, istedadı da. Ümümiyyətlə, "şair" sözünün əvvəlinə
qoşulan epitetlərdən
xoşum gəlmir.
Məsələn, istedadlı
şair, vətəndaş
şair, görkəmli
şair, tanınmış
şair və sair bədii sifətlər yazını
bir az
genəltmək, bir az da müəllifə
yarınmaq üçün
işlədilir... "Şair" sözündə
hər şey ifadə olunur, vəssalam. Vətandaşlıq
da, istedad da, vətən də...
Elnur haqqında
bu yazım nədənsə gec alındı. Bəlkə səbəb bu
idi ki, bir
də heç kəs haqqında yazmayacağıma qərar
vermişdim. Olsun. Amma Elnurun
şeirləri məndən
əl çəkmirdi
axı. Yəni onun
şeirləri haqqında
fikirlərim məni yaxşı mənada narahat edirdi. Hər dəfə kitabını
vərəqlədikcə yeni
nəsə tapırdım.
Elə yuxarıda
misal gətirdiyim misralar uzun müddət
hara getdimsə, qarşıma çıxdı. Fikir verin,
alovla tüstünün
yerini dəyişməsi
həyatın özüdür.
Bax, burda həyat yanır. Əslində gözə görünənlərin
hamısı tərsdi.
Düzünü şair deyir.
Tərslikləri düzəldir. Sən demə baş verənlərin üstündə
alov içində tüstü varmış.
Xalqda belə bir misal var:
od olmasa,
tüstü çıxmaz.
Demək,
tüstü odun xəbərçisidir. Bəs burda
necə?
Artıq adamlar indi siyasiləşib. Özlərini alov kimi göstərsələr
də içlərində
burum- burum tüstünü gizlədirlər.
Əgər bu misralar yeni dövrün aforizminə çevrilirsə,
demək, Elnur maraqlı şairdir.
Elnurun şeirlərində
çox gizlin mətləblər var. Bunlar
elə də üzdə deyil. Bir az oxucudan
bələdçilik tələb
edir ki, gizlində olanları aşkar eləyə bilsin. Çünki Elnur həmin
gizlinlərin nişanlarını
aldadıcı rənglərlə
işarələyib. Aşağıdakı
bəndlərə fikir
verək:
Naşı yolur kal meyvəni,
Bağı bağlığı yandırır.
Qara utanmır ləkədən,
Ağı ağlığı yandırır.
Tanrım,
bağışla səhvləri,
Yoxsa oynar yer məhvəri.
Ölünü hesab - dəftəri,
Sağı sağlığı yandırır.
Bağ, meyvə, qara, ağ, ölü, hesab-dəftər - bütün bu detalların hamısı yaşadığımız həyata, cəmiyyətə aiddir. Bu görüntülərin üzərində cəmiyyətin faciəsi, əzabı aşkarlanır. Şairin şeirlərinin əksəriyyəti ictimai məzmun daşıyır. Ancaq bu məzmun sadəcə didaktika deyil, poetik həqiqətlər fonunda göstərilir.
Ayaqlarımız üzümüzə,
Üzümüz özümüzə,
Addamlayaq.
Gəl çox yox,
Vur-tut bir arzu tutaq,
Geriyə qayıdaq.
Bəli, harda olursa olsun
ayaqlar düzünə
çıxıb getməməlidir. O, bir gün üzümüzə,
üzümüz də
özümüzə qayıtmırsa,
demək həyat baş - ayaqdır. O zaman o, ayaqlar bizə qayadar ki, gərək ürəyimizdə bir arzu tutaq. Arzu insanın
kompasıdır, yol göstərənidir. Artıq hər
şey geridə qalıb. Geridə qalan isə
əslində gələcəyin
özüdür.
Elnurda xoşuma
gələn əsas cəhət odur ki, o nədən yazırsa- yazsın, misraları poetizimlə yükləyir. Yəni, onun şeirləri
poeziyanın əbədi-əzəli
düşməni olan
publisistikadan min ağac
uzaqdır. Aşağıdakı
şeirə nəzər
salaq:
Heç
olmasa bir dəfə
Çox
yox e, bircə dəfə
Bir anlıq heç nəsiz
Gözlərim açıq,
Bata biləydim suların altına...
Bu arzu kimin ürəyindən keçməyib? Heç burada
məqsəd təkcə
suların altı deyil, insanların, cəmiyyətin içi və çölüdür.
Elnurun şeirlərindəki
qafiyə sistemi çox maraqlıdır. Hamı elə
bilir ki, qafiyə təkcə misraların sonunda olur. Elnur göstərir ki, qafiyə misranın əvvəlində və ortasında da ola bilər.
O sahildən bu sahilə keçməmiş
Bu körpüdə neçə
körpə keçindi.
Burada fonetik cəhətdən "körpə"
və "körpü"
sözlərinin səsləşməsi
qafiyə yaradır. Həm də
"körpə" və
"körpü" sözlərinin
poetik anlamı eynidir. Körpə də insanlar,
xüsusən valideynlər
arasında körpüdür
və adını unutduğum bir şairin dediyi kimi valideynlər arasında "və"
bağlayıcısıdır.
Elnur bəzən
şeirlərində sadəcə
detalın adını
çəkir. Detalın leksik mənası
gözümüz önündə
baş verə biləcək hər hansı bir hadisəni canlandırır.
Baxaq:
Şüşələrdən qan axır,
Pəncərədən baxan var?!
Şüşə əlimizi kəsə bilər və qan axar. Tam doğru. Bu yaddaşımızda var. Amma bu şeirdə kimsə pəncərədən baxırsa və gözlərdindəki yaşı Günəş şüaları qırmızı rəngə boyayırsa, bu başqa bir anlayışdır. Bu cür düşüncə Elnur Uğurun uğuru olmaqla bərabər müasir şeirimizin uğurudur. Şüşələr və pəncərədən baxanın arasında yaranan assosiasiya çox maraqlıdır. Əslində qan "ağlayan" pəncərədən baxandır.
Necə ki, M. Füzuli deyir:
Gülü-rüxsarına qarşu gözümdən
qanlı axar su,
Həbibim, fəsli-güldür bu,
axar
sular bulanmazmı?
Mətləb həmin mətləbdir. Yazıçılar Birliyinin Natəvan klubunda Elnurun "Təkcə sən bilirsən" kitabının
təqdimatında dediyim
kimi, onun şeirlərində mətnlərarası
əlaqə güclüdür.
Bu sözümdən o vaxt çoxları incimişdi ki, guya mən Elnuru
təsir altında olan şair kimi təqdim edirəm. Amma yaxşı ki,
Elnur özü həqiqəti bildi və məndən incimədi. Şairin şeirlərində mətnlərarası əlaqənin
olması çox vacib məsələdir və bu, şairin
ən böyük uğuru hesab olunmalıdır.
Mən Elnuru çox oxuyuram. Elə bilirəm ki, onun şeirləri oxucunun üzünə gülümsəyir. Bu gülümsəmənin altında kədər də var, sevgi də. Həm də heç kəsə bənzəməyən bir şair ürəyi. Uğur olsun, şair dostum!
Qəşəm
Nəcəfzadə
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.27.