Məhəmməd İqbalın
"Qərbin soyuq
düşüncəsini isindirən"
"Peyam-i Maşrik" əsəri
XX əsr Şərq dünyasının böyük
mütəfəkkir şairlərindən biri olan Məhəmməd
İqbalın yaradıcılığında "Peyam-i-Maşrik"
- "Şərqdən xəbər" əsəri
mühüm yer tutur. İnsanın mənəvi təkamülülndə,
kamilləşməsində eşqin rolunu yüksək dəyərləndirən
İqbal bir çox əsərlərində olduğu kimi,
"Şərqdən xəbər" mənzuməsində
də Mövlana Cəlaləddin Ruminin təsəvvüf fəlsəfəsindən
bəhrələnmişdir. Əsəri türk dilinə
tərcümə edən Əli Nihat Tarlan İqbal və
Mövlana münasibətlərini çox doğru şəkildə
ifadə edir: "Mövlananın ən böyük
müridi, şübhəsiz ki, İqbaldır. Çünki
onu ancaq bu dərəcədə dərin mədəniyyətə
sahib bir beyin, bu dərəcədə atəşli və həyacanlı
bir ruh idrak etmək haqqını qazana bilər".
M.İqbal
fars dilində yazdığı "Şərqdən xəbər"
əsərini 1923-cü ildə nəşr etdirir. Kitab XVIII əsrin
ikinci yarısı - XX yüzilliyin ilk onilliklərində
yaşamış görkəmli alman ədibi Y.V.Hötenin
"Şərq-Qərb divanı"na nəzirə
olaraq yazılır. İqbal Əfqanıstana
ilk səfəri zamanı kitabı ingilis imperiyasına
qarşı mübarizə aparan Kral Emanullah Xana təqdim edir.
Əsər Əfqanıstan hakimiyyəti tərəfindən
yüksək dəyərləndirildiyi üçün
1933-cü ildə Kabul Universitetinin açılışı
ilə bağlı keçirilən tədbirlər zamanı
İqbal rəsmi qonaq kimi də Əfqanıstana dəvət
olunur.
Əsər üzərində bir
neçə il
çalışan İqbal hələ 1919-cu ildə dostu və
tanınmış alim Seyid Suleyman Nadviyə yazdığı
məktubunda kitabından da bəhs edirdi: "Hal-hazırda mən
Qərb şairinin Divanına cavab yazıram və onun təxminən
yarısı bitmişdir. Bəzi şeirlər
farsca, bəziləri isə urdu dilində olacaq". Digər
məktublarında da İqbal əsərin Hötenin
"Şərq-Qərb divanı"na
cavab kimi yazıldığını, bu kitabın Qərb
dünyasında böyük maraq doğuracağı və
ona təsir göstərəcəyini qeyd edirdi: "İndi
Hötenin Divanına cavab olaraq farsca şeir məcmuəsini
yazıram, artıq üçüncü qismi yazılmağa
başladı. Bu mənzumənin tərcümə
ediləcəyinə inanıram, çünki Avropanın
intelektual həyatının hər sahəsində Qərbin
soyuq düşüncələri və fikirləri bir qədər
isindirilməyə çalışılacaqdır".
İqbal bu əsərdə özündən əvvəlki
mərhələdə Şərq ədəbiyyatının
Qərbə təsirini xüsusi olaraq vurğulamağa
çalışır və dünya bədii təfəkküründə
Şərq ruhunun zəruriliyini ön plana çkirdi.
Əsərin "Müstəqil Əfqanıstan
Dövləti hökmdarı Əmir
Emanullah Xan həzrətlərinə" adlı
"İthaf" bölümündə də İqbal bu barədə
yazır:
Qərb
diyarının piri, müqtədası alman şairi, o qədim
İran şeirinin məftunu (Höte)
Şux,
canlı dilbərləri
təsvir edərək Frəng
diyarından Şərqə salam göndərmişdi.
Mən də ona nəzirə olaraq
"Peyam-i Maşrik" adlı əsərimi yazdım. Bu surətlə
Şərqin gecəsinə ay işıqları səpdim".
"Qərbin soyuq
düşüncələrini" Şərqin eşq təlimi ilə
"isindirməyə" çalışan İqbal bu
kitabını da həmin düşüncə prizmasından
yazır. Buna görə də bu əsərdə Şərq
və Qərbin ictimai və mədəni həyatını
düşündürən bir çox məsələlər
özünə yer tapmışdır.
Müsəlman birliyi ideyasının tərəfdarı olan İqbal türklərin
imperializmə qarşı mücadiləsini örnək
göstərərək hind və digər müsəlman
xalqlarının da müstəmləkəçilərə
qarşı mübarizəsini vacib hesab edir, mürşidi
Mövlana Ruminin fikirlərini də əsas alaraq dünyaya və
insanlara ilahi eşq bucağından yanaşır. İslam dini və
təsəvvüf təliminə əsaslanan İqbal yeri gəldikcə
Qərb fəlsəfəsi, xüsusilə də pozitivizmini tənqid
edir, müzakirəyə cəlb edir. İnsanın
ilahi varlığının dərki, eşq ilə
yaradılış sirrlərinin açılması kimi fəlsəfi
məsələlərə diqqət yetirir.
Elə əsərin
ilk bölümündən İqbal
Höteyə öz münasibətini bildirir, Qərb şairi
qismində alman ədibi və Şərq şairi simasında
özünü müqayisə edir, ümumi və fərqli cəhətlərə
diqqət yetirir.
İqbala görə, Şərq və Qərb şairləri ölümlü
dünyaya əbədi həyatdan müjdə verən vəhy
sahibidirlər.
Lakin Şərq şairi hələ də qan
içində çırpınır. Onun
incisi hələ də dünyaya sirrli və gizli
qalmışdır. Burada İqbal Şərq
dünyasının, xüsusilə də müsəlman
ölkələrinin böhranına diqqət yetirir. "Mənim quşum öz gülüstanımda qəribdir"
deyən şair yüksək qiymətləndirdiyi, "gənc,
lakin ixtiyarlar kimi kamil" Əfqanıstan hökmdarına
müraciət edərək müstəmləkə
zülmündən, ictimai-siyasi həyatın müxtəlif
problemlərindən əziyyət çəkən müsəlman
Şərqinin ümumi mənzərəsini canlandırır.
Əmir Emanullah Xanı "sənin himmətin
mənim xəyalım kimi yüksəkdir.
Parçalanmış bir milləti o himmət birləşdirmiş,
monolit bir varlıq halına gətirmişdir" sözləri ilə təsvir
edən İqbal digər müsəlman dövlətlərinin
ağır vəziyyətini önə çəkir:
Ey məqamı
yüksək padişah,
görürsən ki, bizim günəşimizi buludlar örtməyə
başladı.
(Şərq və islam aləmi fəlakətə
doğru gedir).
Ərəblər səhralarında yollarını
itirdilər. Artıq sözlərində
illallahın hərarəti qalmadı.
Misirlilər Nil girdabına düşmüşlər,
böyük filə bənzəyən Turanlıların himmət
damarları açılmış.
Osmanlı dövləti hadisələrin
pəncəsi altına
düşmüş, iztirab içində. Şərq və
Qərb onun tökülən qanlarından laləzara
dönmüş.
Eşqdə Salam tərzi və üslubu
qalmadı. İran torpağı hələ də var, lakin
iranlı yox.
Onun gövhərindəki
həyat, şövq
və hərarət uçub getdi. Könlündə o qədim
atəş dondu qaldı.
Hind müsəlmanı mədəsinin qulu
olmuş, xudbin olmuş, könlündəki din hissini
qoparıb atmış.
İqbal kiçik mənzum parça içərisində müxtəlif
Şərq ölkələrinin üzləşdiyi daxili və
xarici çətinliklərin xülasəsini təqdim edə
bilir. Çünki klassik Şərq mütəfəkkir
şairlərinin izi ilə gedən İqbal "Haqq mənə
mülk və din rəmzlərini bildirdi.
İqbala
görə, Qərbi
"aydınladan", inkişaf etdirən,
"ayrandan yoqurt yaradan" pozitivizmin qaynaqları
"Quran"da da mövcuddur...
İqbalın Qərb pozitivizminə qarşı Şərqin eşq fəlsəfəsini
qoyması bütün əsərin əsas məzmun və
ideya xəttini təşkil edir. Fiziki göz və bəsirət
gözünü müqayisəyə gətirən mütəfəkkir
şair çox mənalı şəkildə yazır:
Mənim bu görən gözdən bir şikayətim var.
Çünki mən təcəlli edincə nəzər mənə
pərdə olur.
Əsərin "Allah ilə insan arasında bir
söhbət" bölümünün "Eşq"
adlı parçasında İqbalın eşq təlimini və
onun əsas qaynaqlarını aydın şəkildə
müşahidə edirik. İqbal yazır ki, həqiqətləri
aradığı zaman kilsəyə, Kəbəyə gedir.
Bütün dini ehkamları və fəlsəfi
təlimləri nəzərdən keçirir,
axtarışları qəlbinə ilahi eşqin daxil olması
ilə bitir. "Bu əsnada sənin
eşqin məni yaxaladı və müşkülümü həll
etdi. Varlıq nədir, yoxluq nədir, mənə
öyrətdi. Ağıl bütxanəsini Kəbəyə
çevirdi" deyən şair yazır: "Mən artıq
eşqdən başqa bir şey bilmirəm,
düşünmürəm. Hər kəs mənə nə
deyirsə, desin, vecimə deyil. Artıq elmə
daha ehtiyacım yoxdur. Mən sadəcə
yanaram, ağlaram, qıvranaram, əriyərəm".
Burada Mövlananın
"Həmdim, bişdim,
yandım" sözləri ilə ümumiləşdirdiyi
düşüncəsinin təsirini görməmək
mümkün deyil. Mövlanaya görə, yalnız eşq, sevgi ilə
Haqqa bağlanan qəlb ona yetişə bilər:
"Ağıl ilə insan Allaha çata bilməz, yarı
yolda qalar. İnsan ilə Allah arası bir dəniz
məsafəsidirsə, ağıl bu dənizdə
üzgüçü, eşq isə bir gəmidir. Üzmək gözəldir, lakin uzun bir yolçuluq
üçün yetərli deyil. İnsan
üzərkən yorula bilər, boğula bilər. Lakin gəmiyə minən hədəfinə
qovuşar". Mövlana "eşqi nə
qədər izah etsəm, tərif etsəm, yenə də onu təsvir
etməyə insan dilsiz qalır" düşüncəsinə
sahib mütəfəkkir şairdir. Mövlanaya görə,
eşq sözlərlə anlatılmaz, yaşanır, ruhunda
hiss edilir, eşqin dəlili eşq özüdür,
çünki o ilahi xislətə sahibdir:
Eşqi və aşiqliyi yenə eşq izah edər.
Günəşə dəlil yenə günəşdir.
Sənə dəlil lazımdırsa, günəşdən üzünü
çevirmə.
İqbal da öz mənəvi
mürşidinin düşüncəsini davam etdirərək,
eşqi yaradılışın əsasında və Yaradana
qovuşduran yeganə qüvvə kimi şərh edir. Şərqin təsəvvüf
təliminin eşq fəlsəfəsini Qərb pozitivizminə
qarşı qoyan İqbal "Fransız filosofu Ogüst Kont ilə
bir işçi arasında söhbət"
bölümünün "Mövlana və Göte"
adlı hissəsində Mövlananın dilindən Qərb
mütəfəkkir ədibini dəyərləndirir.
Burada təsvir edilir ki, alman şairi Höte ilə
Mövlana İrəm bağında rastlaşırlar.
İqbalın "Höte də o yüksək insan kimi
peyğəmbər olmadığı halda, kitab sahibi olan bir
şairdir" kimi təqdim etdiyi alman ədibi "qədim
sirrlərə aşina olan" Mövlanaya "Faust" əsərindən
"Şeytan ilə hakimin sözləşməsi" hekayəsini
oxuyur. Höteni dinləyən Mövlana onun şairlik qüdrətini
belə şərh edir:
Ey şeirə can verən, sən
mələkləri, hətta Allahı
ovlayan bir şairsən.
Sənin təfəkkürün könül
köşəsinə çəkildi və
bu əski cahanı yenidən yaratdı.
Sən tən içində ruhun iztirab
və səadətini görən insansan.
Sən sədəf içində
incinin yarandığını görən
insansan!
İqbal
Mövlananın dilindən
Hötenin eşq sirrinə sahib
olduğunu xüsusilə diqqətə yetirərək, əsas
düşüncə hədəfinə doğru yönəlir:
Eşq sirrindən
hər kəs xəbərdar
olmaz. Hamı
bu dərgaha daxil ola bilməz.
Yalnız xeyirli yaradılan və xilqətin əsrarına məhrəm
olan insan anlaya bilər ki, zəka və məharət
şeytandan, eşq isə Adəmdən gəlir.
Bu nümunədən İqbalın Göteyə
münasibəti tam aydınlaşır. İqbal alman ədibini
yüksək qiymətləndirir və Mövlananın dili ilə
ona dəyər verməklə Hötenin dünya ədəbiyyatı
və fəlsəfi fikrindəki yüksək mövqeyini
göstərir. Bu bölümdə
Ogüst Kont, Hegel və Berqsondan da bəhs edən İqbal
onlardan fərqli olaraq yalnız Höteni Mövlananın dilindən
və eşq əhli kimi səciyyələndirir. Burada
Avropada təhsil alan və Qərb
dünyasını yaxından tanıyan İqbalın
insanlığın ağıl, elm və təcrübə ilə
yanaşı, qəlb sirrlərinə vaqif olması, eşqi
bilməsinin zəruriliyini önə çəkməsinin
şahidi oluruq. Ona görə də "Qərbli ruhu"
bölümündə şair fransız aliminə müraciətlə
yazır:
Eşq sehrbaz ağıldan daha cəsurdur.
Göz yalnız
gül və lalənin
rəngini görür. Halbuki o rəng pərdəsinin altında
azacıq görünən bir şey də var.
Elmi toplayıb
yığmısan, lakin
qəlbə laqeyd olmusan. O itirdiyin böyük sərvətə
nə qədər acıyıram.
Bəsirə Əzizəli
Ədəbiyyat qəzeti.- 2019.-
11 may.- S.28.