Mən göylərin əsrarını dərk
etdim...
“Peyğəmbər”lərdə
tipoloji yaxınlıqlar
Dünya ədəbiyyatında peyğəmbərlər
haqqında məşhur filosofların fikirləri ilə
yanaşı, dahi yazıçıların nəzm və nəsr
əsərləri, esseləri də yazılmış və
bu gün də yazılmaqdadır.
Bu bəşəri mövzu bütün əsrlərdə
dahilərin diqqət mərkəzində olmuşdur. Tarixi, dini
şəxsiyyətə ciddi maraq klassik şairlər Nizami Gəncəvi,
Məhəmməd Füzuli yaradıcılığında
xüsusi önəm kəsb edir. XX əsrin
əvvəllərində Azərbaycan romantiki Hüseyn Cavidin
də "Peyğəmbər" (1923) əsəri diqqəti
cəlb edir. Müqəddəs qəhrəman - Məhəmməd
peyğəmbərin həyatının bədiiləşdirib
vəsf olunması təkcə Hüseyn Cavid tərəfindən
deyil, sonralar ədəbiyyatımızda Çingiz Hüseynovun
"Merac" romanında, xalq şairləri Nəbi Xəzri
və Zəlimxan Yaqubun "Peyğəmbər"
poemalarında əksini tapıbdır.
Ümumiyyətlə,
dünya ədəbiyyatında dini-mifoloji mövzuda
yazılmış qüdrətli sənət nümunələri
az deyildir. Alman
yazıçısı Höte 1772-1773-cü illərdə
"Məhəmməd" faciəsini yazmışdır.
Cavidşünas alim Sona xanım Vəliyeva onun bir fikrini Məhəmməd
peyğəmbər haqqında olan fikirlərin ən
maraqlılarından olduğu qənaətindədir: "Biz
avropalılar mədəni imkanlarımıza rəğmən,
Həzrət Məhəmmədin ən yuxarısına qalxdığı
pilləkənin ilk pilləsindəyik. Şübhəsiz ki,
bu yarışda heç kim onu qabaqlaya bilməyəcək".
Hötenin fikirləri bu gün də dünya ədəbiyyatının
qızıl fondunda
qalmaqdadır. Biz Höte və Cavid
peyğəmbərlərinin müqayisəli təhlilini vermək
fikrində deyilik. Sadəcə, bu əsərlərdə
fərqli xüsusiyyətlər də yox deyildir. Hötenin "Məhəmməd" faciəsində
ən maraqlı surətlərdən biri Fatimə
obrazıdır. H.Cavidin "Peyğəmbər"
əsərində Fatimə surəti yoxdur, amma Hötenin əsərində
həm Fatimə, həm də Əli obrazları mövcuddur.
Hətta Məhəmməd peyğəmbərin
süd anasının da obrazı yaradılıb.
Fransız mütəfəkkiri F.M.Volter, Ukrayna şairəsi
Lesya Ukrainka və b. öz dövrlərində bu mövzuya
müraciət etmişdilər. Höte və Volter,
Lesya da məlum əsərlərini yazmaqla (təbii ki,
zamanına görə) peyğəmbəri - Məhəmmədi
göylərə qaldırmaq niyyətində deyildilər,
onlar dinin mahiyyətini açmaqla, onun puç
ideyalarını ifşa etmək prinsipini irəli
sürürdülər.
Bu kimi əsərlər
sırasına A.S.Puşkinin 1826-cı ildə
yazdığı "Peyğəmbər"i də daxil edə bilərik. Dünya poeziyasının korifeylərindən olan
A.S.Puşkin "Quran"ı, şair M.İ.Verevkinin
1790-cı ildə işıq üzü görən tərcüməsində
oxumuşdur. Hətta bir yazısında qeyd edir:
(""Quran"a bənzətmələr") "Bir
çox əxlaqi həqiqətlər "Quran"da
güclü və poetik şəkildə ifadə olunub".
Puşkin poetikasının xüsusiyyətlərinə
xas olan bir cəhət - şeirin süjeti qəhrəmanına
tam uyğundur.
Çünki bu cür süjet
bütövlüklə peyğəmbərin xarakteroloji müəyyənliyinə
və onun həyatı təcəssümünə əsaslanır.
Nəzəri cəhətdən qəhrəmanın
xarakteri ilə onun həyatının süjeti arasında dərin
üzvi vəhdət olmalıdır. Puşkin
də klassikləri və müasirləri kimi, bu bəşəri
obrazı əvvəlcədən təyin etdikdən, ona inam gətirdikdən
sonra peyğəmbər yazarlar sırasına daxil olmuşdur.
Ə.Hamidanə əsərlər yazmaq istəyində
olan və yazan ədib, Hənəfi Zeynallının təbirincə,
"Cavid əşkal cəhətdən nə qədər
Hamidanə isə, üslub cəhətdən Fikrətanə
və fəlsəfə cəhətdən Tofiqanə bir əsər
yaratmaq istəmişdir". Cavidin "Peyğəmbər"dən
əvvəlki əsərlərinə diqqətlə nəzər
yetirdikdə Sənanın sətirləri arxasında nəyinsə
gizləndiyini, məqamı gələndə boy
atacağını görmək olar və ümumiyyətlə,
romantik sənətkarın Məhəmmədə daha
sevgili mayıl olduğu nəzərə çarpır.
"H.Cavid
Bakıda dörd pərdəli "Peyğəmbər" əsərini
yazır, eyni dövrdə okeanın o tayında Amerikaya hicrət
etmiş, orada yaşamış Şərqin ən
böyük yazarı Cübran Xəlil də "Peyğəmbər"
əsərini qələmə alır. Onun
yazdığı "Peyğəmbər" dram şəklində
deyil, esse formasındadır" (S.Vəliyeva).
Ehtimal ki,
H.Cavid Allaha bağlı obrazları (peyğəmbərləri)
yaradan dünya ədəbiyyatı klassiklərinin əsərlərinin
bir çoxu ilə tanış
olmuşdur. Şübhəsiz, romantik şairin
uzun illər mövzuya aid materiallar toplaması da
inandırıcı görünür. Lakin
mütəfəkkir dramaturqun A.S.Puşkinin "Peyğəmbər"indən
hali olub-olmaması sual doğursa da, ehtimal ki, Cavid bu əsəri
mütaliə etməyib. Dini mövzuda
yazılmış Puşkin və Cavid peyğəmbərləri
arasında səsləşmələr, oxşar nüanslar
olub-olmadığı üçün Puşkinin əsərini
nəzərdən keçirək. Məramımız
tipoloji yaxınlıqlara diqqət yetirməkdir. Çünki ayrı-ayrı yüzilliklərdə
yazılmış, dili, dini, əqidəsi, dünyaya
baxışı, milli adət-ənənələri, poetik
prinsipləri bir-birindən fərqli iki görkəmli sənətkarın
bəşəri və insani məsələlərə
münasibətində birləşmə-ayrılma, yoxsa ortaq
tərəflərin olub-olmamasını bilmək
düşüncəmizcə maraqlıdır. H.Cavidin
"həqiqət və məhəbbət" fəlsəfəsinə
bağlılığı öz təsdiqini, (düzdür,
"Şeyx Sənan" faciəsində istədiyi səviyyədə
mükəmməl alınsa da) - əsas istəkləri
"Peyğəmbər"də gerçəkləşdi.
Professor Məsud Əlioğlu yazır: "Peyğəmbər"
dramında da Hüseyn Cavid bəşəriyyəti idarə
etməkdə əqli-kamalın, mərifət nurunun və mənəvi
eşqin böyük əhəmiyyətini, dərin həyati
gücünü sübuta yetirməyə
çalışmışdır". Eyni
zamanda, müəllif, "pyesdəki Peyğəmbər,
Cavidin həqiqət və ədalət axtaran ənənəvi
qəhrəmanlarından biridir və onunla tarixi islam peyğəmbəri
arasında eyniyyət işarəsi qoymaq doğru deyildir"
qənaətindədir.
Əvvəla, "Peyğəmbər" pyesi Azərbaycan
ədəbiyyatı tarixində Hüseyn Cavidin ən çox
mübahisə doğuran əsəridir. İkincisi,
romantik Cavid dinin mahiyyətini açmaq, onun yaramaz, puç
ideyalarını tənqid etmək arzusu ilə mütərəqqi
mövqedə duran sənətkarların səsinə səs
vermişdir. Dramaturq bu əsəri ilə fərdi ədəbi-bədii
və fəlsəfi konsepsiyalarının bir komponentinin
orijinal təzahürünü istedadla yaratmağa nail
olmuşdur.
A.S.Puşkinin
də mütəmadi olaraq müraciət etdiyi
mövzuların bir komponenti insan, onun qəlbinin dərinliklərində
olub üzə çıxa bilməyən, sadəcə, həqiqi
istedadları, din və gözəlliyi zülmətdən
işığa çıxarmaq idi. Tədqiqatlar
nəticəsində aydın olur ki, fəlsəfə və
din, eləcə də, elm və incəsənət, həyat
və insan haqqında iki bir-birini inkar edən əks
dünyagörüşlər deyil, bir-birini tamamlayan iki mərhələnin
ifadəsidir. Özünün ruhi, təhtəlşüur
səviyyəsində insan dindardır, mənəviyyat
daşıyıcısıdır. Bu
ziddiyyəti, ikiləşməni Puşkin və Cavid də
yetərincə dərindən dərk edən, göstərən
sənətkarlardandır.
Puşkinin
"İsa dirildi" şeirində yəhudini pravoslavdan
ayıran mənfi və müsbət cəhətlər
gözəlliyə qurban deyilir. Cavid də
Tanrısının gözəllik olduğunu deyəndə, məhz
bu cür gözəlliyi hər cür Tanrıdan yüksək
tutur, gözəli, gözəlliyi dinin fövqünə
qaldırırdı. Sənan da sevgi naminə
müqəddəsliyi vurulduğu xristian qızına qurban
verir, hətta donuz otarmağa belə razı olur. Bəşəri ideyanın, fərdi idealın ifadəsi
nöqteyi-nəzərindən bu kimi tipoloji yaxınlıqlar hər
iki sənətkarın əsərində üstünlük təşkil
etməklə, doğmalıq da kəsb edir. V.Q.Belinski
Puşkin poeziyasını təhlil edərkən
yazırdı: "Onun poeziyasının başlıca
xüsusiyyəti adamlarda incəlik və insanilik hissini
doğura bilməsindədir; insanilik dedikdə biz insan ləyaqətinə
hədsiz bir hörmətini nəzərdə tuturuq.
Puşkinin
"Peyğəmbər" əsərindən təshihsiz
bir parçanı təqdim edirik:
Ruhani təşnəliklə
yorğun ikən,
Zülmətli
bir çöldə sürünürdüm mən,
Altı
şəhpərli İsrafil nagəhan
Əsnayi-rahimdə
oldu nümayan;
Mələkuti,
çismi-lətifilə
Röya
kibi dəsti-xəfiflə
Toqundu
çoq yavaş kirpiklərimə:
Kəramət
nuri gəldi gözlərimə
Baqdın bəsirətlə ərzü-səmayə.
Vaqif oldum həqayiqi əşyayə.
A.S.Puşkinin
poeziyasına yüksək qiymət verən Qoqol
"Puşkin haqqında bir neçə kəlmə"
adlı məqaləsində yazır: "Puşkini başqa
şairlərdən fərqləndirən və ancaq Puşkinə
xas olan məziyyətlərdən bəhs edildikdə, demək
lazımdır ki, bunlar təsvirin fövqəladə sürətli
olmasından və azacıq cizgilərlə bütün
predmeti təsvir etmək kimi fövqəladə
bacarığından ibarətdir. Onun epiteti o qədər
aydın və güclüdür ki, bəzən bir söz
bütöv bir təsviri əvəz edir, onun
fırçası, sanki uçur".
Mətndə Puşkinin peyğəmbəri
dalğındır, tək-tənhadır, zülmət bir
çöldə nagəhan İsrafil gəlir (Puşkinin əsərində
İsrafil göstərilib). Bütün elmi-dini mənbələrdə
Məhəmmədə peyğəmbərlik Hira
dağındakı mağarada mələk Cəbrayıl tərəfindən
verildiyi göstərilir.
XV əsrdə
Seyid Yəhya Bakuvi də "Şəfa əl-Əsrar" əsərində
yazırdı: "Allah-Taala Musaya şəriəti,
İbrahimə həqiqəti verdi. Amma
şəriəti, təriqəti, həqiqəti və mərifəti
Muhammad Mustafaya və ümmətinə verdi.
Onun ürəyini yarıb, şeytanın
payını oradan çıxarıb mərifət nuru ilə
doldurdu".
Hər iki "Peyğəmbər" eyni şəkildə
başlayır. A.S.Puşkinin Məhəmməd peyğəmbərə
fövqəladə münasibəti 1825-ci ildə Vyazemskiyə
ünvanladığı məktubda əksini
tapmışdır. Şair Məhəmməd
peyğəmbəri görkəmli Şərq şairi Sədi
və Hafizlə bir tutur - Məhəmmədi şair-peyğəmbər
kimi qiymətləndirirdi. Mətndə Peyğəmbər
belə vəsf olunur:
Qulaqımı
ləms etdi o zamanda
Duydum
uçur mələklər asimanda,
Mən göylərin əsrarını dərk etdim.
Külli movcudatın səsin eşitdim.
Balıqların
dəryalarda sədasın,
Nəbatatın çöldə nəşvü-nümasın.
Qanlı əlin
ağzım tərəf uzatdı
Tutdu günahkar dilimi qopartdı.
Qoydu ora həkimanə
bir əfi
Nişi, asan olsun münkirlər dəfi.
Sonra
şəmşir ilə sinəmi yardı,
Həyəcanlı ürəyimi çıqardı.
Alovlanan od qoydu ol məkanə,
Ki daima yanıb çəksin zəbana.
Peyda olan mələk qanlı əlini peyğəmbərin
ağzına tərəf uzadıb günahkar dilini qoparıb
yerinə həkimanə bir əfi (hikmət iynəsini - ilan
dilini) onun dilinin yerinə qoyur. Sonra şəmşirlə
(qılıncla) sinəsini yarır. Bu
faktlar digər əsərlərdə və "Quran"da
göstərilir. Məhəmməd
peyğəmbərin köksünün
yarıldığı, ora nə isə qoyulduğu qeyd
edilmişdir. Cavidin peyğəmbəri
ürəkləri sözlə odlamağa qadirdir. İnsanları inama, imana çağırır.
Cavidin peyğəmbəri səma şairi kimi təqdim
edilir. Səmavi olmaq isə hər canlı varlığa
nəsib olan bir iş deyil. O, tanrılara yaxın olmaqla, bəşər
övladından, onların pis, eybəcər əməllərindən
uzaq durmaq üçün yüksəklikdə - tanrılardan
aşağıda dayanır. Məqsəd də
səma şairi olub tanrılara yaxın olmaq deyil, insan vəhşiliklərindən
- nadanlıqdan, insana xas olmayan cəhətlərdən uzaqda
dayanmaq üçün seçilən bir yoldur.
Puşkinin "Peyğəmbər"i bu sonluqla bitir:
Meyit kibi
düşmüşdü ol səhradə
Çismim yerdə, ruhım ərşi-əladə.
Təbliğ
etdi mənə əmri-xudanı:
"Ey peyğəmbər! Dur gəl, eşit qiyam et,
Get əmrimi
məxluqata elan et!
Səhra,
dərya movçudatın oyandır,
Kəlamimlə xəlqin qəlbini jandır".
Müqayisədə H.Cavidin peyğəmbərinə
kitab ("altun qablı") verilir. A.S.Puşkinin peyğəmbərinin
ürəyi - Alovlanan od qoydu ol məkanə
- alışan gözlə dəyişdirildi. Min
illərdir ki, Allahın Məhəmməd peyğəmbərə
göndərdiyi söz-kitab ("Quran") vasitəsilə (həm
də peyğəmbərlərə) insanları haqqa, ədalətə,
kamilləşməyə, sadiq bəndə olmağa, Uca
Tanrıya yaxın olmağa çağırırlar. Haqqa qovuşmaq çağırışı kamil
insanlığa çağırışdır. Cavid fəlsəfəsi ilə ("Məhəbbətdir
ən böyük din", "Mənim Tanrım gözəllikdir,
sevgidir"), Puşkin poeziyası müəyyən mənada
oxşar cəhətlərə malikdir. Hər iki dahinin
bədii irsi, elmi düşüncə və fəlsəfi
baxışı arasında qırılmaz tellər, tipoloji
yaxınlıqlar görmək mümkündür. Hər iki klassikin poetik-fəlsəfi duyumunda
"İnsandır ən böyük tanrı" ifadəsi
çağırışların məntiqi nəticəsinə
çevrilir.
Baba Babayev
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.29.