Axırın əvvəlində
"Segah" havası var, hava nəmlidi...
"Segah" havası var bu yazılarda!
Dünənin ruhundan qopub gəlirik, sabaha düşürük
bu yazılardan:
Ruhumu cənnətdə gördüm,
Pəncərədən baxırdı.
İlahi,
mən içdən öldüm,
Bu nə uğursuz
axırdı?!
Əbülfət Mədətoğlunun "Bir qadına" kitabında yer alan misralardı;
səmimiyyəti, duyğusallığı
ilə bir arada. Sözlər göz yaşıtək süzülüb gəlir...
Əsas olan fikrin şairanə,
gözlənilməz ifadəsidi. Əsas
olan oxucunun bu səmimi misranın təskinliyilə
barışmasıdır:
Seçdiyim yolu geyindim
Ümid
adına, adına...
Xalq yazıçısı
Elçinin əhatəli
və maraqlı ön sözü ilə açılır Ə.Mədətoğlunun "Bir qadına" adlı şeirlər toplusu. Annotasiyada deyildiyi
kimi, "bu, bir sevgi kitabıdı...". Oxunan hər misra,
hər bənd, hər deyim eyzən sevgi dərsi verir adama. Özü də daha çox,
daha huzurlu... Təbiidi və "bu şairin iti uclu poetik
texnikası var... O, sərbəst şeirdə
də, hecada da, destruktiv şeirdə də, qoşmada da, gəraylıda da professionaldır". Eyni zamanda
"Əbülfət Mədətoğlunun
lirik qəhrəmanın
ruhla bağlılığı
elədir ki, onun kədərində oxucunun hiss etdiyi, duyduğu həmin poetik ruh olmasa,
o da bir bədii surət kimi məhv olacaq" (Elçin).
Bu maraqlı fikirləri Ə.Mədətoğlunun oxunduğu
andaca yaddaşa hökm edən, zövqü oxşayan könül nəğmələri
izləyir eyzən:
Bu səhər yenə də mənsiz açıldı,
Sən öz tellərini say ki, gün keçsin...
Sayıb
qurtarmağa səbrin
çatmasa,
Sinənin üstünə yay
ki, gün keçsin!..
...Oğul istəyirəm dərdi yeridə,
Yuyub göz yaşında, asa şəridə!
Ruhum uzaqlarda, cismim bəridə -
Sayılsın hər həftə,
ay ki, gün keçsin!
Belə uğurlu, yaddaqalan deyimlər, mətləblər
təqdim olunan kitabda sıx-sıx yer alıb. İstinad edəsi
olsaq gərək bütöv bir kitabın üzünü
köçürək yazımızın
bu yerinə. Amma dadını-tamını
bilmək üçün
dəryanı içməzlər
ki... Tək bircə bu şeir
bəs eləyir ki, Əbülfət haqqında qəlbən yazasan:
Elə istəyirəm qovuşsun
yolum,
Bir az önə
çıxım, öndə
dayanım.
İndi
ki, kölgənəm
- qoy özün olum,
Mən də günə çıxım, gündə
də yanım...
...Allahın hər cürə payı içində
Əbülfət gün görmür ayı içində.
İtim
adamların sayı içində -
Çıxıb adamlıqdan, gendə
yaşayım!
Poeziyada isə daha çox
fərdiyyətə hesablanıb
Əbülfət Mədətoğlunun
yolu. Uğurunu çoxdan diləyiblər.
Biz bəhərini görür, bəhərindən
barınırıq.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 11 may.- S.31.