ANAR
Təvazökarlığı
inanılmaz dərəcədədir. Xalq şairi Rəsul
Rzanın oğlu, məlumdur ki, yaxşı bir tərbiyə
görüb və özünü gözə soxmamağı
öyrənib. Romanlarını bir neçə ildə oxudum
və bunu açıqca ifadə etdim: Azərbaycanda nəsr
bizdən irəli keçib.
Hay-küysüz, təmkinli bir vətənpərvərdi.
Millətsevərdi.
12.05.2019
"Hürriyyət" qəzeti
Azərbaycan
ədəbiyyatının böyüklərindəndir.
Yazıçılar Birliyinin rəhbəri olduğu
üçün deyil, insanlarla və çətin adamlar olan
yazarlarla ən yaxşı yola gedən, haqqı qoruyan şəxs
olduğu üçün. Anarı çoxdan
tanıyıram. 1968-ci ildən. Mirzə Fətəli Axundzadə
haqqında "Dost" jurnalına bir yazı
yazmışdım. Bu məqaləni "Qobustan"
jurnalı üçün tərcümə etdilər. Salim
Şengül bu dərgini mənə çatdıranda xəbərim
oldu, qiyabi tanış olduq. Şəxsi
görüşümüz 1983-cü ildə Strasburqda Azərbaycanın
və Türk dünyasının ən sevilən bilicilərindən
olan İren Melikoffanın keçirdiyi Azərbaycan simpoziumunda
oldu. O tarixə qədər bu ölkəni
tanıdığımı zənn edirdim. Fərqli insanlar
vardı. Elya adlı çox tez qaynayıb-qarışdığımız
Eleonora fransız dilindən kamil bir tərcüməçiydi.
Səlis və səhvsiz çevirirdi mükəmməl bir tələffüzlə
rusca, fransızca tərcümələr edirdi. Təbii ki, Azərbaycan
dilini bilirdi, amma İstanbul Türkcəsiylə də rahat
danışırdı. Sonra Heydər Əliyev onu Parisə səfir
göndərdi.
Millətçi vətənpərvər
Anarın
təvazökarlığı inanılmaz dərəcədədir.
Xalq şairi Rəsul Rzanın oğlu, bəlli ki,
yaxşı bir tərbiyə görüb və
özünü gözə soxmamağı öyrənib.
Romanlarını da bir neçə ildə oxudum və bunu
açıqca ifadə etdim: Azərbaycanda nəsr bizdən irəlidədir.
Rus dilini
və ədəbiyyatını Azərbaycan
aydınlarının hamısı kimi o da yaxşı bilir.
Hay-küysüz, təmkinli bir vətənpərvərdir.
Millətsevərdir. Bu onun rus mədəniyyətinə və
dilinə ögey və düşmənçilik bəsləməsi
üçün səbəb deyil, Xalqının tarixini və
yaşadığı sıxıntıları yaxşı
bilir. Bir-birimizi tanıdıqca bunları mənə də
anladırdı.
Aydın bir yazıçı
Film
rejissorudu. Filmlərini izləyə bilmədim. Məni ona
yaxınlaşdıran yazıları, bir də sovet
dövründə Polşaya, Özbəkistana, Macarıstana,
Bolqarıstana, Qazaxıstana səfərlərimizdi. Sovet
İttifaqının bir çox yerində
tanınırdı. Moskvanı onun qədər sevən,
özünəməxsus sifəti olan şəhəri onun qədər
yaxşı anladan az tapılar. Avropaya səfərlərindən
sonra bu bacarığı Avropa şəhərlərindən
söz açarkən də ortaya çıxır.
Anarın
teatr əsərləri də, mənim görə bilmədiyim
ssenariləri gənc yaşlarında şöhrət
tapmasına səbəb oldu.
Cəmiyyəti
yaxşı təmsil edən ziyalı bir yazardı.
Çingiz Aytmatovla olan dostluq söhbətlərinə
qısa vaxtda da olsa şahid oldum.
Düşünməyə sövq
edir
Bundan bir
müddət əvvəl İstanbul türkcəsinə
çevirilərək çap olunan "Yaşamak
haqqı" əlimdəki son əsəridir. 600 səhifədən
artıq əsərdə şəxsi xatirələrinə, sənədlərə,
Azərbaycanın seçilmiş zümrəsi arasında
duyduqlarına, gördüklərinə və ciddi
yazılı qeydlərinə əsaslanır. "Yaşamak
haqqı" xronoloji sırasına görə
düzülmüş yazılardan ibarətdir. "Mir Cəfər
Bağırovun çöküşü", "Mir Cəfər
Bağırovun iki mələyi" məqalələrində
Bağırovun mənfi tərəfləri qədər iradəsi,
Stalini bəzi uğursuz qərarlardan əl çəkməyə
inandırdığı anladılır. Beləliklə, Azərbaycanın
İkinci Dünya müharibəsinin sonunda çox sayda əhalisinin
uzaq yerlərə köçürülməsinin,
sürgün olunmasının qarşısı alınır.
"Azərbaycandakı Pantürkizm qorxusu", "Sovet Azərbaycanının
qurucusu sayılan Nəriman Nərimanovun möhtəşəm
kişiliyi" kimi mövzularda yazıları, doğrusu,
çağdaş Azərbaycan tarixini bildiyini zənn edən
mənim kimilərini belə yenidən öyrənməyə
və düşünməyə sövq edəcək
yazılardır.
Anarın
millət vəkili, yüksək təbəqədəki Azərbaycan
heyətində yer alması onun çağdaş sovet liderlərilə,
xüsusilə, Qorbaçovla görüşüb
danışmasını gerçəkləşdirdi.
Baxışları
və dəyərləndirmələri fövqəladə
maraqlı və orijinaldır.
Varlığı böyük
şans
Bu
xronoloji tarixi seçərək bir araya gətirən son
yazıları - Türkiyədə Azərbaycan həsrətini
mütləq oxumaq lazımdı. Anar bu həsrəti doğru
dəyərləndirir. Nə Turançılığa
bağlayır, nə də başqa bir təlimə. Təbii
bağlar mədəniyyətdir, mədəni olduqları
üçün də yaşayırlar.
Anar kimi
soyuqqanlı, danışmaqdan çox dinləyən və
oxuyan bir yazarın varlığı həm Türkiyə, həm
Azərbaycan üçün şansdır. Onun
yaşaması, çalışması və
yazdıqlarının çap olunması, Türkiyə
türkcəsinə çevrilməsi vacibdir. Ədəbiyyatımızın
geniş bir coğrafiyada, birlikdə inkişaf edərək
dünyadakı yerini alacağına heç şübhə
yoxdur. Anar bunun örnəyi və təmsilçisi olan
yazarlardandır.
İlbər ORTAYLI
Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.2.