Oxu
Ustad Mirzə
Cəlilə
Hər
gördüyün bir yazıdı, ay adam,
Sənə bu aləmi oxu deyirlər.
Ruh
Tanrının şah sözüdü, ay adam,
Özündəki məni oxu deyirlər.
Bu qibləsiz
dünya kimi süst olma,
Dost ilə
dost olmayana dost olma,
Meydə
öz əksinə baxıb məst olma,
İçdiyin badəni oxu deyirlər.
Sevincin
bir damla qəmdə itəndə,
Gülüşün
kükrəyən kində itəndə,
Bu
dağlar dumanda, çəndə itəndə
Gözündəki çəni oxu deyirlər.
Sən də
sökül hər sökülən dan ilə,
Sən də
doğul hər doğulan Gün ilə...
Bir
quş dimdiyindən düşən dən ilə
Saçındakı dəni oxu deyirlər.
Şəhriyar
könlündə qubara dönən,
Bəxtiyar
ruhunda havara dönən,
Gülüstanda
qanlı qumara dönən
O dərdi,
o qəmi oxu deyirlər.
Yeri-göyü
sətir-sətir oxu, yaz,
Gödək
ömrü uzun sürən yuxu yaz,
Nadan
oğlu nadan heç nə oxumaz,
Sənə
adam kimi "oxu" deyirlər.
Gözlərini
örtən nədi tor kimi,
Öz bədənin
öz ruhuna gor kimi,
Keçib
getmə öz-özündən kor kimi,
Olduğun hər dəmi oxu deyirlər.
Sən eşqin şahı ol...
Dağlar
da yumşalır gül baxışından,
Daşlar
da ovulur qum olur, Allah.
Bu sevgi
dediyin nə olan şeydi,
Adam öz-özünə mum olur, Allah.
Əlbəttə,
eşq ilə dağlar çapılar,
Sən eşqin şahı ol, taxt-tac tapılar.
Ağıldankəm
olsa, əlac tapılar,
Bu insan sevgidən kəm olur, Allah.
Sevinc
ümman-ümman, qəm damla-damla...
Görən bu nə sirdi, bu nə müəmma?
Adamlar Məcnuna
daş atır, amma,
Heyvanlar başına cəm olur, Allah.
Dönür
sirli-sirli bu sirr kürəsi,
Əbədi bir eşqin əsir kürəsi.
Görəsən,
haradı bu Yer kürəsi,
Bəs bu
Bağıroğlu kim olur, Allah?
Vaxtın əllərində
sovruldu getdi
Ürəyin
sözüylə oturub-durdum,
Ağılın sözünə baxmayan vaxtı.
Başımı
daşlardan daşlara vurdum,
Ağlımı başıma yığmayan vaxtı.
Sinə -
Cıdır düzü, söz - atlar kimi,
Göyərdi
qəm-kədər göy otlar kimi...
Tutdu
göy üzünü buludlar kimi,
Bəxtimə Günəştək doğmayan
vaxtım.
Quş
kimi gözündən vuruldu getdi,
Dən
kimi sac üstə qovruldu getdi,
Vaxtın
əllərində sovruldu getdi
Mənim bu dünyaya sığmayan vaxtım.
Nə yaxşı göydədi hələ
göy üzü
Həvəsim
yox özgələri ötməyə,
Mən yenə özümü qabaqlayıram.
Fanidə
fanidən fani olsam da,
Əbədi olanı soraqlayıram.
Nə
yaxşı göydədi hələ göy üzü,
Nə yaxşı udmayıb gecə gündüzü.
Səhərtək
açılır qəlbimin gözü,
Nəfsimin gözünü torpaqlayıram.
Kim deyir
bu ömür, bu gün havayı...
Hər ürək bir eşqin uçmuş sarayı.
Səhərlər
Günəşi, axşamlar Ayı,
Gecələr özümü varaqlayıram.
Dağlar kimi
Durub
dünyadan çıxarıq,
Çıxmarıq bu meyxanədən.
Boylanıb
fani dünyaya,
Baxmarıq bu meyxanədən.
Ayağımızın
tozudu,
Torpağıdı bu dünya.
Nəfsimizin
xəzəl olan
Yarpağıdı bu dünya.
Qalmarıq
tozlar altında,
Qısılmarıq bucaqlara.
Nə
satılar, nə satarıq,
Pərvanəyik ocaqlara.
Qovduqca
qovar nurumuz
Ürəklərdən şeytanları.
Biz
eşq ilə təmizlərik
Ürək adlı meydanları.
Günəşlə
Ay üzün sürtər
İzimiz düşən yerlərə.
Düşməz
bir də gün işığı
Sözümüz düşən yerlərə.
Haldan-hala
düşə-düşə
Ələ düşməz hal yaşarıq.
Bu
dünyanın dərdlərini
Dağlar kimi lal yaşarıq.
Eşq bük ömrün
boğçasına
Fariz
Yunisliyə
Haqqa
söykə kürəyini,
Haqdan dilə diləyini.
Dünya
sıxsa ürəyini
Saz ilə sazla ruhunu.
Göz
yum dünya axçasına,
Eşq bük ömrün boğçasına.
Döndər
eşqin bağçasına
Hər gələn yazla ruhunu.
Nə
düşmənə qarğış elə,
Nə də
bağrını daş elə,
Hər
gün bağrıbadaş elə
İlahi sözlə ruhunu.
Ruhum aləmlərə
yol açır daha
Daha
gözlərimdə solur bu dünya,
İrfan çiçəkləri gül açır
daha.
Gör
necə mənasız olur bu dünya,
Ruhum aləmlərə yol açır daha.
Axır
aşıb gəldim Ağrı dağımdan,
Mən də
yarıdım bu Ağrı yarımdan,
Quş
dili öyrəndim ağrılarımdan,
Dindirsəm daşlar da dil açır daha.
Yenə dəli
könül dindi ney kimi,
Kim bilə bildi ki, Göyü Göy kimi?
Hər
sözü göylərdən enir vəhy kimi,
Şair şeirilə fal açır daha.
Ürək
eşq odunda qovruldu getdi,
Göy
Yerdən, Yer Göydən qırıldı getdi,
Dərd
açıb-örtməkdən yoruldu getdi,
Bu taxta qapımı yel açır daha.
İlahi bir eşqin yolçusuyuq biz
Hər ox
dəyə bilməz öz hədəfinə,
Hər qılınc qınından sıyrılan deyil.
Dünyaya
doğulan hər adamın da
Xəmiri nur ilə yoğrulan deyil.
Göylərin
yerlərdə var-yoxuyuq biz,
Hədəfə
atılmış can oxuyuq biz,
İlahi
bir eşqin yolçusuyuq biz,
Hər
yetən bizimlə dost olan deyil.
Bişməz
od üstündə insanın çiyi,
Açmaz hər ürəkdə eşqin çiçəyi.
Süzmə
badəsinə, süzmə, o meyi,
O, bizim
mey ilə məst olan deyil.
Qoyma bu dünyaya uduzaq sözü
Öz
ruhundan ruh üfürər gecələr,
Abıra mindirir hər çılpaq sözü.
Şair
ürəyinin yağı yandırar
Sizin gözünüzə o çıraq sözü.
Yeri-göyü
bir də gözdən keçirək,
Hər nə görsək, bir-bir sözdən keçirək.
Uca
göydən ulu qəlbə endirək
Sevən könüllərə uçuraq sözü.
İlahi
kəlməni sən çağır, gələr,
Demə:
"Söz, yoxsa ki, dağ ağır gələr"?
Dünyanın
özündən çox ağır gələr
Qoysaq tərəziyə bir varaq sözü.
Bir
söz de, cəhənnəm atəşi sönsün,
Bir söz de bu dünya cənnətə dönsün.
Qoy
günəş, qüruba ensə də ensin,
Sən qoyma qüruba ensin haqq sözü.
Biz ki
daş atmağın daşını atdıq,
Hər yıxılan sözün dadına
çatdıq.
İlahi,
dünyanı söz ilə udduq,
Qoyma bu dünyaya uduzaq sözü.
Qərib kimi
Nə
axtarır, nə gəzirsən
Bu dünyada qərib kimi?
Bu
dünya aldadar səni
Baxma ona hərif kimi.
Nəyi
yada salır belə
başın üstə uçan quşlar?
Nə
pıçıldar qulağına
ayağına dəyən daşlar?
Dərd
oxuma, dərdsiz adam,
Dərd oxuma avaz ilə.
Bildinmi
niyə böldülər
bu yurdu
bu Araz ilə?
Sən ki
qəlbi sınanlara
Sınan qolundan danışdın.
Özləri
yol olanlara
Özgə yolundan danışdın.
De, kim durub deyə bilər
Bu dünya necə fırlanır.
Xamları
yuxuya verib
Deyirlər gecə fırlanır.
Özgə
daşı atma bir də
öz
yolunu tapanlara.
Gültək
açan ruhumuza
ətir
kimi hopanlara.
Nədən
payızın son ayı
Kədərlidi qürub kimi.
Nə
axtarır, nə gəzirsən
Bu dünyada qərib kimi.
Dünya hazır deyil, söz necə
gəlsin
Hər
şey vədəsində gələr dünyaya,
Vədəsindən əvvəl tez necə gəlsin?
Dünya
hazır deyil sən deyən sözə,
Dünya hazır deyil, söz necə gəlsin?
Dərdini
daşıyan quru qamışam,
İnsan
olduğumu yadırğamışam,
Təpədən-dırnağa
buz bağlamışam,
Sənsiz bu ürəyə yaz necə gəlsin?
Cəhalət
tor qurub insan gözündə,
Bu insan Allahı görmür özündə.
Yalan at
oynadır bu yer üzündə,
De əyri dünyaya düz necə gəlsin?
Göylərin uca bir qatına
çıxdım
Başıma
göylərdən yağan daşları,
Bir-bir ayağımın altına yığdım.
Qaldı
aşağıda göyün quşları,
Göylərin uca bir qatına çıxdım.
Gəldi
mələklərdən bir səs, bir səda:
"Tanrı səni sevdi, səni bəyəndi.
Söylə
günah dolu yerə əlvida,
Gəl, gəl gördüyün bu göylər sənindi".
İndi
yerdəkilər daş atır mənə
Söyürlər, deyirlər, düş gəl
aşağı.
Elə
bilirlər bə çıxmaq asandı
Belə ucalara zalım uşağı.
Mən eşqin astarı, sən
eşqin üzü
Yenə əsir
düşür göz gözəlliyə,
Nə deyim yaraşsın söz gözəlliyə?
İlahi,
dəyməsin göz gözəlliyə,
Gözəllik solmasın yanağın üstə.
Göylərə
sovrular yerlərin tozu,
Mən eşqin astarı, sən eşqin üzü.
Sevirəm
deyəndə "sevirəm" sözü
Canın tapşırmasın dodağın üstə.
Yoxluğun
məni də heçdən heç elər,
Dünyanı
gözümdə puçdan puç elər,
Ağıya
çevrilər ağrım gecələr,
Yanıb kül olaram varağın üstə.
***
Üzündəki
kədərin üzünü
təbəssümlə
örtmüsən yenə.
Yenə
təbəssümün arxasından
boylanır kədər.
Axı
nədən belə
sevinə
bilmirsən
kədərlənə bildiyin qədər?..
Hüseyn Bağıroğlu
Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.3.