Cadugərin çörəyi
hekayə
Marta Meçamın küçənin
tinində kiçik bir un məmulatları
dükanı var idi. Qarşısında üç pillə
olan və qapıdan içəri girəndə zəng çalınan yeri deyirəm.
Qırx yaşlı Martanın
bank hesabında iki min
dolları, ağzında
iki süni dişi və yumşaq ürəyi var idi. İmkanları
Martanınkından dəfələrlə
az olanların
çoxu çoxdan ərə getmişdi.
Dükana həftədə iki-üç
dəfə gələn
bir müştəri onda maraq oyatmışdı. Orta yaşlı, eynəkli, sarımtıl saqqalı səliqəylə vurulmuş
bir kişi
idi.
Kişi ingilis dilində alman ləhcəsi ilə danışırdı. Paltarı qırış-qırış,
yamaqlı və nimdaş idi, üst-başı tökülürdü.
Ancaq yenə də səliqəli görünürdü.
Həm də ədəb-ərkan
bilən biriydi.
Həmişə iki boyat çörək
alırdı. Təzə çörəyin biri beş sentə
satılırdı. Bu qiymətə iki boyat çörək almaq olurdu. Kişi boyat çörəkdən
başqa heç nə almırdı.
Bir gün
Marta onun barmaqlarında
qırmızı və
qəhvəyi boya izləri gördü. Ancaq bundan
sonra onun kasıb bir rəssam olduğuna əmin oldu. İndi şübhə etmirdi ki, o, çardaqda yaşayır, rəsmlərini
də elə orada çəkir, boyat çörək yeyərkən isə Martanın dükanındakı
dadlı yeməkləri
düşünür.
Marta tez-tez üzərində
mürəbbə, isti
çörək dilimləri
və çay olan masa arxasında
əyləşdiyi zaman
köks ötürər,
soyuq çardaqda quru çörək yeyən nəzakətli rəssamı öz zəngin süfrəsinə
qonaq etməyi arzulayardı. Əvvəldən də dediyim
kimi, Marta ürəyiyumşaq
idi.
Kişinin peşəsi haqqında olan fərziyyəsini isbat etmək üçün, o vaxt hərracda aldığı
tablonu otağından
gətirib piştaxtanın
arxasındakı divardan
asdı.
Tabloda Venesiya mənzərəsi təsvir
edilmişdi. Ön planda, sanki suya gömülmüş
dəbdəbəli mərmər
bir saray vardı (tablonun üstündə belə yazılmışdı). Rəsmin qalan
hissəsində qayıqlar
(bir qadın əlini suya salmışdı), buludlar,
səma və işıq kölgələri
təsvir edilmişdi.
Heç
bir rəssam belə bir mənzərəni
nəzərdən qaçıra
bilməzdi.
İki gün sonra müştərisi gəldi. "Zəhmət olmasa,
iki boyat çörək verərdiniz"
- dedi, "Gözəl
tablonuz var, madam",
- deyə Marta çörəkləri
kağıza bükəndə
əlavə etdi.
Marta öz hiyləgərliyindən
zövq alaraq:
- Doğrudan? Mən incəsənətin və rəsm əsərlərinin vurğunuyam
(yox, bu qədər tez "sənətkarların" demək
düz olmazdı), - deyə sözünü tamamladı. Həqiqətən də, yaxşı tablo olduğunu düşünürsünüz?
Müştəri dedi:
- Sarayı düz çəkməyiblər. Perspektivi düzgün
deyil. Gününüz uğurlu olsun,
madam.
O, çörəkləri götürdü,
başıyla xəfifcə
təzim etdi və tələsik getdi.
Bəli, doğru düşünürdü,
rəssam idi. Marta tablonu otağına apardı.
Gözləri eynəyin arxasından necə nəzakət və mərhəmətlə
parlayırdı. Necə də nəzakətlə
baş əydi. Bir baxışdan rəsmin perspektivi haqda mühakimə yürütmək
qabiliyyəti, üstəlik
də, quru çörəklə yaşamaq.
Amma dahilərin hamısı məşhur olanadək belə çətinliklərlə
üzləşirlər.
Belə
bir dahi bankda iki min dolları, un məmulatları dükanı
və yumşaq ürəyi olan biri tərəfindən dəstəklənsəydi, incəsənət
üçün necə
də yaxşı olardı... Ehh, Marta,
Marta... Bunlar hamısı xəyal
idi.
İndilərdə isə, rəssam gələndə piştaxtanın
qarşısından Marta ilə
söhbət edirdi. Hiss olunurdu
ki, kişinin Martanın xoş sözlərindən ötrü
ürəyi gedir.
Kişi boyat çörək almağa davam edirdi. Başqa heç nə
almırdı. Nə tort, nə
piroq, nə də dadlı kökə. Çörəkdən
başqa heç nə...
Marta onun sınıxdığını
və getdikcə bədbinləşdiyini düşünməyə
başlamışdı. Martanın
ona ürəyi
yanırdı, onun aldığı bu quru çörəyə
nəsə yaxşı
bir şey əlavə etmək istəyirdi, amma buna cəsarəti çatmırdı. Onu təhqir
etmək istəmirdi.
Sənətkarların necə qürurlu
olduqlarından xəbəri
vardı.
Marta piştaxtanın arxasında mavi xallı ipək köynəyini geyindi. Arxa otaqda
heyva toxumlarıyla kimyəvi bir turşunu qarışdırıb
sirli qatışıq
hazırladı. Çoxları dərisi üçün
bundan istifadə edirdi.
Bir gün yenə həmin müştəri dükana
gəldi, həmişəki
kimi pulu piştaxtanın üstünə
qoyub boyat çörək istədi. Marta çörəkləri götürmək
üçün təzəcə
əyilmişdi ki, yanğınsöndürən maşın
qulaqbatırıcı səslə
dükanın qarşısından
keçdi.
Müştəri hamı kimi, baxmaq üçün qapıya tələsdi. Qəfildən Martanın ağlına fikir gəldi və fürsəti əldən vermədi.
Piştaxtanın arxasındakı rəfdə
südçünün on dəqiqə
əvvəl gətirdiyi
yarım kilo təzə
kərə yağı
vardı. Marta bıçaqla
hər iki çörəyi ortadan kəsib, aralarına bolluca yağ
sürtdü və çörəkləri yenidən
birləşdirdi.
Müştərisi piştaxtaya tərəf çevriləndə Marta çörəkləri
kağıza bükürdü.
Kişi həmişəkindən fərqli
şən və qısa söhbətdən
sonra çıxıb
getdi. Marta öz-özünə
gülümsünür, ürəyi
həyəcanla döyünürdü.
Görəsən, həddini çox aşmamışdı? İnciməzdi ki? Şübhəsiz ki, yox.
Yeməklərin ki dili-ağzı
yox idi. Subay qızların həddini aşması kərə yağıyla ölçülmürdü...
Həmin gün elə hey bu barədə düşündü. Kələyinin üstü açılanda
nələr olacağını
fikrində canlandırdı.
O,
palitrasını və fırçalarını
əlindən yerə
qoyacaqdı. Kənarda molbertinin üzərində
dəqiq perspektivli, qüsursuz tablosu olacaqdı. Boyat çörək və sudan ibarət
səhər yeməyini
hazırlayacaqdı. Çörəyi
dilimləyəcəkdi... və
ah! Marta qızardı.
Görəsən, çörəyi yeyəndə yağı ora sürtən əli düşünəcəkdimi?
Qapının zəngi bərk çalındı. Kimsə hay-küylə içəri
girirdi.
Marta qapıya tərəf
tələsdi. İki kişi gəlmişdi.
Biri heç vaxt görmədiyi cavan idi, qəlyan çəkirdi. Digəri isə
daima düşündüyü
rəssam.
Rəssamın üzü qızarmış,
şlyapası boynuna düşmüş, saçları
da dağılmışdı. Yumruqlarını sıxıb Martanı hədələyirdi.
- Axmaq! - deyə,
bərkdən qışqırdı,
sonra isə almanca Martanın da anlamadığı bir neçə söz dedi.
Dostu onu kənara çəkməyə
çalışdı.
"Ona sözümü
deməmiş heç
yana getmərəm",
- deyə hiddətləndi. Rəssam Martanın
piştaxtasını yumruqlarıyla
nağara kimi döyəcləyirdi.
Eynəyinin arxasındakı mavi
gözlərində alov
parlayırdı: "Məni
məhv etdin", - deyə qışqırdı,
Hə, deyəcəm sənə, sən hər işə burnunu soxan cadugərin
birisən!".
Marta taqətdən düşmüş
halda piştaxtaya söykəndi və əlini ürəyinin üstünə qoydu.
Kişi
rəssamı yaxasından
tutub: "Gəl də, kifayət qədər danışdın,
daha bəsdir". O, əsəbi dostunu çəkib qapıdan çölə çıxardı
və geri qayıtdı:
- Məncə, nə baş verdiyini bilsəniz yaxşı olar, xanım. O, Blumbergerdir, çertyojçudur.
Mən onun iş yoldaşıyam. Üç aydır ki, yeni şəhər bələdiyyəsi binasının
çertyoju üzərində
işləyirdi. Çertyoj üçün
müsabiqədə o da
iştirak edirdi.
Dünən bütün cizgiləri
qələmlə haşiyələyib
bitirmişdi. Bildiyiniz kimi,
çertyoju əvvəlcə
karandaşla çəkirlər.
O, həmişə çertyoju
çəkib qurtarandan
sonra karandaş izlərini bir ovuc boyat çörəklə
silir. Çörək pozandan yaxşıdır.
Blumberger
çörəkləri sizdən
alırdı. Bu gün
isə... bilirsiniz, xanım, o yağ...
həmin yağ Blumbergerin çəkdiyi çertyoju tamam korladı. İndi o çertyoj sendviç
bükməkdən başqa
heç nəyə yaramaz.
Marta arxa otağa
keçdi. Mavi xallı ipək
köynəyini çıxardı,
həmişə geydiyi
köhnə qəhvəyi
donunu geyindi. Sonra da heyva toxumlarından
hazırladığı qatışığı
pəncərədən aşağı,
zibilqabına tulladı.
O.Henri
İngilis dilindən tərcümə
etdi:
Nigar Yəhyazadə
Ədəbiyyat qəzeti.- 2019.- 18
may.- S.7.