Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Elçinin
"Toyuğun diri
qalması" povesti əsasında çəkilmiş filmi təqdim
edirik.
Əsərin
süjeti: Povestin qəhrəmanı Zübeydə gəncliyində
qayğısız həyat yaşayan, gününü əyləncələrdə
keçirən, indi isə yaşlanmış qadındır.
Kənddə kimsənin sevmədiyi, ciddiyə
almadığı qadın qocalığında bazarda
süpürgə, ədviyyat satmaqla pul qazanır. O, həm
də kənd sakinləri arasında dedi-qoduçu birisi kimi
tanınır. Bir gün Zübeydə iki kənd
cavanı Ağagüllə Nisənin gizli
görüşünün şahidi olur. Onun
kənddə dedi-qodu yayacağından, Nisənin adını
bədnam edəcəyindən ehtiyat edən Ağagül
qadına rüşvət kimi toyuq hədiyyə edir.
…Zübeydə erkən yaşlarında valideynlərini
itirib və qoca nənəsinin himayəsində qalıb. O,
yoxsulluqdan bədənini satır. Qonşu
Şirinnazın evində tez-tez keçirilən
eyş-işrət məclislərinin yaraşığı
olur. Müharibə
zamanı əsgər ailələri aclıq çəkəndə,
onun zəngin həyat keçirməsi qonşularda nifrət
oyadır. Ona aşiq olmuş Əbdül
adlı mağmın bir kişiyə ərə getməsi isə
formal xarakter daşıyır. Zübeydə gəncliyində
onu sevən, sonradan müharibədə həlak olan Zakirin
duyğularını da cavabsız buraxır...
Zübeydənin fikirləri, iç dünyası
həm yazıçının, həm personajın
özünün daxili monoloqu sayəsində
açılır.
Finalda qadın əvvəlcə
tamah saldığı toyuğu, sonra
Ağagülgilin həyətinə atır...
Elçinin 1977-ci ildə yazdığı
"Toyuğun diri qalması" povesti ədəbiyyatımzda
qadın təbiətini psixoloji planda araşdıran, onun
emosional, düşüncə dünyasına, təhtəlşüuruna
detallı vurğular edən ən yaxşı əsərlərimizdən
biridir. Söhbət təkcə Zübeydədən getmir.
Povestdə özəlliklə diqqətimi çəkən
bir xətt oldu: mühafizəkar və hermetik mühitdə yaşayan,
onun qanunlarına zorən tabe olan qadının identifikasiya
sorunu. Başqa cür desək, özünü
mövcud reallıqda tapa bilməyən, sahib olduğu
qadın kimliyini təhrif edən, sosial münasibətlərə
daxilən uyuşmayan, amma fərqli davranış göstərməyə
məcbur, bir növ marjinallaşmış qadınlar.
Misalçün, əsərin bir
neçə epizodunda qadınların
Zübeydənin və onun rəfiqələrinin "hansı
yuvanın quşları" olduqlarını bilsələr də,
"Zübeydəgilin gözəlliklərinə, kef çəkmələrinə,
utanmazlıqlarına" həsəd aparması
vurğulanır.
Başqa qadınların həsədi,
qəhrəmanın baxış
bucağından yox, müəllifin nəqlində
yazılır.
Əks halda, həsəd, yəni belə bir
sosial psixoloji qiymətləndirmə subyektivləşərək
oxucunu inandıra bilməzdi, üstəlik, əsərin bədii
əhəmiyyətini, ideya yükünü də
azaldardı.
Çox güman ki, o qadınlar
Zübeydənin həyat tərzinə, seçdiyi yola yox,
onun azadlığına, gözəl, seksual görünə
bilmək cəsarətinə, kişilərin diqqətində
olmağına həsəd aparırdılar.
Çünki gözəl görünmək,
üstəlik, gözəlliyi ilə əks cinsi cazibəsinə
salmaq istəyi binayi qədimdən qadın təbiətinə
xasdır. Əsərdəki qadın həsədi,
həsəddən doğan nifrət, hikkə Cüzeppe
Tornatorenin "Malena" və Mixalis Kakoyanisin "Zorba"
filmlərində kənd qadınlarının həmcinslərinin
gözəlliyinə, kişilərin ağlını
başından aldığına görə onlara nifrətini
yada salır. Hər iki əsərdə həsəd
psixoloji basqıdan, mənəvi ittihamdan fiziki təzyiq səviyyəsinə
keçir.
Elçin namuslu qadınların gizli, alt istəklərini aşkara
çıxarır, onların realizə edə bilmədiyi istəklərinin
nifrət kimi sublimasiya olunması ilə əsəri freydist
qatda da işləyir.
Hərçənd, müəllifin münasibətində
Zübeydənin həyatına bir az
moralist pafos duyulsa da, ümumilikdə, qəhrəmanın
öz həyatını,
yaşantılarını yenidən dəyərləndirməsi,
özünü linçləməsi, saf-çürük
etməsi onun dilindən verilir və Zübeydə final səhnəsində
ağrılı, ruhi təmizləmə prosesi keçir. Nə
vaxtsa bədənini satan qadın
üçün maddi maraq üstün olsa belə, o, son anda
toyuğu geri qaytarmaqla Ağagülün onu satın
almasından imtina edir. Çünki Zübeydə
birmənalı obraz deyil. Bəlkə də
qəfildən Zakirin sevgisini, həyatının, yəqin ki, ən
işıqlı xatirəsini xatırlaması ona imtina
üçün səbəb verir. Yaxud
sevdiyi qızılgülləri bazarda satmaması, onun
üçün, əslində, hər şeyin maddi dəyərdən
ibarət olmaması anlamına gəlməlidir.
Zübeydə mənim üçün əxlaq müstəvisində əks qütbdə
dayanan milis Səfərdən, Ağabacıdan, Ağagüldən
və digər personajlardan fərqli olaraq, həyatının
yanlışlarına cəsarətlə, geniş baxa bildiyi,
onu dərk etdiyi üçün dərin, bütün
insandır. Və o, təklikdə öz vicdanı qarşısında
səmimiyyəti ilə (misalçün, Zakirin məktubuna
verdiyi şərhlər) ehtiram doğurur.
Axıcı və ritmik dili, dinamik təhkiyəsi ilə oxucuyla səmimi
ünsiyyət quran əsər, mentallığa provokativ
yanaşmasıyla düşüncələri
qıcıqlandırır. Misalçün, niyə
orta statistik azərbaycanlının təsəvvüründəki
namus, qeyrət anlayışı yalnız bədənin, ət
parçasının satılması kimi formalaşıb? Bir qayda olaraq, bizim təsəvvürümzdəki
namus, bu sözün sərhədlərini daraldır, fiziki səviyyəyə
enir, mənəvi anlamdan çıxır. Hər halda final epizodunda Ağagülün satın
alınmasından imtinası ilə Zübeydə xarakteri mənəvi
dəyər alır.
Əsər əsasında Şahmar
Ələkbərov 1989-cu ildə
"Sahilsiz gecə" filmini çəkdi. "Sahilsiz gecə"
bədəni kişilər tərəfindən istismar edilən
qadın taleyini anladan ilk Azərbaycan filmidir.
1987-ci ilin yanvarında Sovet İttifaqında aşkarlıq adlı
yeni dövrə start veriləndən sonra çəkilən
filmlər əvvəllər tabu qoyulmuş mövzuları -
fahişəlik, narkomaniya, gəncliyin problemlərini əks
etdirirdi. Və "Sahilsiz gecə"
aşkarlıq, milli-azadlıq hərəkatı, ifadə
azadlığı dalğasında çəkilmiş film
idi.
Mütləq qeyd edim ki,
"Toyuğun diri qalması" qadın mövzulu filmlər
üçün əhəmiyyətli, çeşidli
baxış bucaqlarına, yozumlarına imkan verən əsərdir. "Sahilsiz
gecə"də (ssenarist Elçindir) bədii mətnin
ümumi süjeti, əsas ideya xətti saxlanılıb. Amma müəyyən
dəyişikliklərlə. Örnəyi,
əsərdə Zübeydənin fahişəliyi sırf maddi
yoxluqla, firavan həyatla bağlıydısa, filmdə
repressiya dönəmi qabardılır. Onun
atası repressiya olunur, kimsəsiz, köməksiz qızcığazın
zorlanması, ətrafın hadisəyə susması, laqeydliyi
onun dramının başlanma nöqtəsi kimi göstərilir.
Bununla da ekran əsərində Zübeydənin
(Oğuldurdı Məmmədquliyeva )
seçimi ictimai-siyasi səbəblərlə əsaslandırılır
və rejissor onun faciəsinə biganə münasibət
göstərən toplumu da şərik edir. Repressiya motivinin
salınması o vaxt Stalin dönəminin arxivlərinin
aktuallaşması ilə bağlıydı. Təsadüfi deyil ki, film də azyaşlı
Zübeydənin qarabasması - uşaqlığı ilə
başlayır. Əhvalat boyu da balaca
Zübeydə tək, dağılmış evin fonunda
görünür.
Filmdə Zübeydənin əri Əbdül, Şirinnaz obrazları yoxdur. Əvəzində
Roza (Nuriyyə Əhmədova) obrazına Şirinnazın
yükü, funksiyası əlavə olunub.
Müxtəlif situasiyalar Zübeydənin
keçmişi ilə assosiasiya yaradaraq
yaddaşını təzələyir, indiki zamanda təhkiyənin
hərəkətliliyi kəsilərək, fleşbək
metoduyla onun portreti tamamlanır.
Rejissor qəhrəmanın
təkliyini tez-tez mərkəzə
gətirir.
Ətrafında adamlar, müsahibləri olsa belə, əksər
kadrlarda Zübeydənin
təkliyinə kamera xüsusi vurğu edir, hətta o qələbəlikdə
belə, tənha, təcrid olunmuş vəziyyətdədir. Epizodlardan birində onun fikirli-fikirli gəzişərək
siqaret çəkməsi, dəmir çəpərdən təsvir
olunur. Zübeydənin həbsxananın dəmir
barmaqlıqlarını xatırladan dar rakursdan təsviri,
daxili aləminin sıxıntısının,
keçmişinin həbsində qalmasının vizual həllidir.
Hətta Zübeydənin rahat, geniş evi belə,
sıxılmış, daralmış məkan kimi kameranın
obyektivinə hoparaq onun mənəvi diskomfortunu maddiləşdirir.
Beynində dolaşan keçmişin səsləri,
kadrarxası səslərdə ifadəsini tapır. Qəhrəmanın təkliyinə, özünəqapanıqlığına
uyğun olaraq, filmdə perspektiv planlar demək olar ki, yoxdur.
Rejissor rüşvət alan milis Səfəri (Tələt Rəhmanov) də,
qonşu, riyakar Bəşiri (Dadaş Kazımov) də, onu satın almaq istəyən
Ağagülü (Əbdülqəni Əliyev) də,
Zübeydənin intimliyinə - evinə acgöz vuayerist
baxışla baxan qonşuları mənəvi planda ondan
aşağıda qoyur.
Nuriyyə Əhmədovanın, Mehriban
Xanlarovanın aşırı və parlaq
makiyajı, rəngli əlbisələri yoxsul, çətin
müharibə illəri ilə həm məzmunca, həm təsviri
baxımdan kontrastdadır. Zakirin
ölüm xəbərini alan Zübeydənin
İçərişəhərin dar, sonsuz küçələri
arasında uzaqlaşaraq nöqtə kimi itməsi onun gələcəyini
eyhamlaşdırır.
Bir səhnədə
qəhrəmanın gənc
çayçıya, əlçirki mənasında pulunu oda
atmasını israr etməsi, evinə eyş-işrətə
gələn gənc qadına nəsihəti didaktik işlənsə
də, bu, filmin bədii estetik əhəmiyyətini
kiçiltmir.
Finalda Zübeydə
evinə kef məclisinə gələn
qonaqlarla "Pəncərənin milləri"
mahnısına rəqs edir. Mahnı iki epizodda səslənir.
İlk epizodda o, əyləncə xarakteri
daşıyır. Gənc Zübeydə
saçyolduya çıxan rəfiqələrinin səsinin
eşidilməməsi üçün coşqu ilə
oynayır. Son səhnədə isə onun
mahnıya rəqsi həyata, sanki auitik reaksiyasıdır.
Çünki həmin səhnədə
Zübeydə mahnını eşitmir, duymur, hissiz, duyğusuz
oynayır.
Yeri düşmüşkən,
rejissor Roza roluna
fakturasını uyğun gördüyü üçün
müğənni İlhamə Quliyevanı çəkmək
istəyirmiş. Amma müğənni Rozanın
üzünə dondurma atılan səhnənin ssenaridən
çıxarılmasını istəmişdi. Şahmar Ələkbərov isə
razılaşmamışdı. Ümumən
isə filmdə keyfiyyətli, səmimi, orqanik aktyor oyunu var.
Geniş
prokata çıxandan
sonra mübahisələrə səbəb
olan "Sahilsiz gecə" səs-küyə səbəb
olmuşdu. Filmin
quruluşçu operatoru Rafiq Əliyev bu barədə deyir:
"Film çəkiləndən sonra Tofiq Tağızadə
dedi ki, o ssenarini mənə də təklif eləmişdilər,
qorxdum, çəkmədim. Sonra
Əbdül Mahmudov da ssenaridən imtina eləmişdi. Premyera mitinq keçirilən günlərə təsadüf
edirdi. O vaxt filmlər ilk dəfə mərkəzi
televiziyada göstərilirdi. Kinostudiyanın direktoru Ramiz Fətəliyev
zəng vurdu Moskvaya, dedi ki, filmi verməyin, burada hadisələr
baş verir, uyğun zaman deyil. Filmi
düzgün qarşılamaya bilərlər. Buna baxmayaraq, acığa saldılar proqrama. Həmin dövrdə hamı meydanda idi. Bir dəstə
adam hücum çəkdi kinostudiyaya,
Şahmarın üstünə. Nuriyyə Əhmədovanın
obrazı erməni idi, qızları fahişəliyə təhrik edirdi. Dedilər
ki, siz ermənini təbliğ edirsiz. Əslində
isə filmdə göstərilən əsas motiv Stalin
qurbanlarını göstərmək idi. Qəhrəmanın
ata-anasını sürgün edirlər, təcavüz edirlər,
amma heç kəs onunla maraqlanmır, qayğısını
çəkmir. Burada qadının tənhalığını, cəmiyyətdən
təcrid olunmasını, rədd edilməsini qabartmaq istəmişik.
Müzakirə olunmalı məsələlər
bunlar idi".
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.-
18 may.- S.24.