Sirlərin sərgüzəşti

 

Romandan parçalar

 

"Payız" fəsli

Üçümüncü sirr

 

Əvvəli ötən sayımızda

 

Növbəti sirr Oğuz elinin qəvi düşməni Təpəgözün sirri idi. Hacı Mir Həsən ağa Səyyah onu belə təsvir edir:

Rəvayət edirlər ki, Oğuz zamanında bədheybət məxluqat mövcud imiş və bu məxluqat zaman-zaman camaata əziyyət verirmiş.

Oğuz elinin əsas su mənbəyi Selləmə çayı idi. Bu çay suyu, balığı bol bir çay idi. Mənşəyini Qafqaz dağlarından alıb gəlirdi və Oğuz düzəngahına çatana qədər aramsız və səbirsiz, dəli bir həvəslə axırdı. Fəqət düzəngaha çatdıqdan sonra çay kəməndə düşüb məğlub olmuş at kimi sakitləşir, oxumuş insan kimi təmkin göstərirdi. Hətta onun hansı səmtə axdığını bir baxmaqla görmək mümkün olmurdu.

Selləmənin dəlisov bir nöqtəsi vardı, oğuzların əsas məskəni Günortac adlı yerdən yuxarılarda idi. Çay burada dağların-daşların arasından qəflətən burulub birnəfəsə və birbaşa üz tuturdu Oğuz düzəngahına.

Günlərin bir günü Selləmənin burulduğu bu yeri gəlib Təpəgöz adlı əcaib bir məxluq tutdu və çayın suyunun məcrasını dəyişdirib üzü dərəyə yönəltdi. Dərə dərin bir dərə idi, yavaş-yavaş çay suyu onu dənizə döndərdi.

Təpəgözlər Oğuz diyarına uzaq-uzaq ellərdən gəlmə idilər. Onların uca boyu, tənumənd bədəni, qüvvətli qolları var idi. Ən əcaib olan isə bu idi ki, təpəgözün adi adamlar kimi iki gözü yox, təpəsində bir gözü var idi. Onların şəcərəsi uzaq yunan adalarına gedib çıxırdı. Mən o adalarda olduğum zaman mənə, hətta Təpəgözlərin yaşadığı mağaraları da göstərmişdilər. Bu mağaralarda artıq Təpəgözlər yaşamırdı. Burada onları xatırladan yalnız qalaq-qalaq insan və heyvan sümükləri idi. Ən əcaib olan isə bu idi ki, Təpəgözlər adam əti yeyirmişlər. Bir də mağaradakı divarlarda qəribə yazılar cızılmışdı. Bu yazıları nə "illah" edirdilərsə, oxuya bilmirdilər. Zahirən gül-çiçəyə bənzədikləri üçün yerli əhali bu yazılara "Çiçəkli yazı" adını qoymuşdu.

Oğuz diyarına gələn Təpəgöz çox güman ki, yunan adalarından didərgin düşən məhluqatdan biri imiş.  Onun buralara gəlmə sirrini və səbəbini kimsə bilmirdi. Bu Təpəgöz Oğuza gələn suyun qarşısını kəsir və Oğuz əhlindən yemək üçün gündə adam tələb edir. Oğuz əhli öz içindən Dədə Qorqud adlı bir mötəbər şəxsi seçib Təpəgözlə sövdələşməyə göndərir. Onlar sövdələşib razılığa gəlirlər və Oğuz camaatı suyun ağzını açmaq üçün Təpəgözə hər gün yeməyə adam və qoyun verməyə başlayır. Bu minvalla  xeyli zaman keçir.

Oğuz Təpəgözü, əslində, ürəyiyumşaq bir məxluq imiş. İnsan əti yemək onun günahı deyildi, məcazı belə idi. Başqa yeməyi yox idi. Yoxsa ki, o bunu insanlara bəslədiyi bədniyyəti ucundan etmirdi. Gündüzlər yediyi adamlar üçün gecələr qəlbi qan ağlayır, bəzən göz yaşlarına elə boğulurdu ki, özü-özünə nifrət edirdi. Oğuzların Təpəgözü, hətta olurdu ki, yemək üçün göndərilən gənc oğlan və qızları rəhm edib Oğuza geri qaytarır, haman gecə yarıac, yarıtox yatırdı. Yuxusunda, belə deyirlər ki, doğulduğu və uşaq ikən, gənc ikən yaşadığı uzaq və yaşıl bir adanı görürdü. Sevdiyi və qarşılıqlı məhəbbətinə layiq görülmədiyi su pərisini (əslində, nəhəng, insanabənzər balığı) xatırlayırdı, elə yuxusundaca köksünü ötürüb doluxsunurdu...".

Həsən müəllim gözləri önündə canlanan bu yazıları oxuduqca fikir onu haman uzaq zamana aparırdı. Düşünürdü ki, bu Təpəgöz həm bizim Dastandakı Təpəgözə oxşayır, həm də ona oxşamır. Bizim Təpəgöz yerlidir, Səyyahın Təpəgözü - gəlmə. Bizim Təpəgöz əzazildi, onun-bunun qulağın yeyir, burnun yeyir, Səyyahın Təpəgözü - mülayim və rəhmdildi. Bu necə ola bilər?!

Həsən müəllim yerindən qalxıb Tutuquşunun önünə keçdi.

Axır vaxtlar çətin, cəncəl bir məqamla qarşılaşanda o, belə eləməyə başlamışdı. Sanki müqəvvadan kömək istəyirdi. Müqəvva da ona öz köməyini əsirgəmirdi. Quşun (müqəvvanın) cansız gözləri yenə diqqətlə ona baxırdı. Elə bil, quş Həsən müəllimi bu dəfə də tanımışdı. Həsən müəllim quşa müraciətlə dedi:

- Bilmirəm.

Tutuquşu cavab vermədi.

- Mən kiməm? - Həsən müəllim bu dəfə quşdan soruşdu.

Tutuquşu yenə də susdu. Həsən müəllim qayıdıb yerinə oturdu. Elə ki, oturub yerini rahatladı, yazılar lenti kağız üzərində yenidən yoxdan var olmağa (peyda olmağa) başladı. Həsən müəllim onları öz xəttilə köçürməyə güclə çatdırırdı.

 

***

 

...Bir gün Basat adlı igid, qoçaq bir Oğuz gənci Təpəgözün əməllərindən xəbər tutur. Basat hərbi səfərdən yenicə qayıtmışdı. Onun gətirdiyi əsirləri Təpəgözə yemək üçün vermək istədilər. Basat:

- Bu əsirlər sizin nəyinizə gərəkdir? - deyə qeyzlə soruşdu. - Onları mən savaş meydanında qənimət kimi əldə etdim. Onlar mənimdilər.

- Basat, oğul! - Basatın atası ona cavab verdi. - Basat, oğul, - dedi. - Bu əsirləri biz Təpəgözə göndərəcəyik. Ona hər gün iki adam verməliyik. Yeyib-yeyib Oğuz əhlini o, az qala tükətdi. Ümid artıq əsirlərə qaldı.

Atası bunları dedi, Basatın vaqeədən xəbəri yox.

- Təpəgöz hələ kimdir? - deyə sordu.

- Təpəgöz uzaq-uzaq ellərdən gəldi. Başımıza bəla gəldi. Selləmənin burulan yerində çayın qabağını kəsib bizi su üzünə həsrət qoyub. İçməyə suyumuz yox. Aş qazanlarına tökməyə suyumuz yox.  İnsanlardan daha çox, mal-qara tələf oldu. Zəbun olduq, oğul. Heç kim onunla cəngə girə bilməz. Onu qılınc kəsmir, ona ox batmır. Onu məğlub etmək mümkün deyildir. Bunu heç ağlına belə gətirmə.

Atası Basatın xislətini bildiyindən bu minvalla onu Təpəgözlə savaşdan kənar saxlamağa cəhd etdi.

Basat atasına bir söz demir, amma gizli şəkildə Təpəgözlə cəngə hazırlaşır. Təpəgözün çadır qurub yaşadığı yerə gəlir. Təpəgözün bir xidmətçisi vardı. Yeməyini bişirər, paltarını yuyardı. Oğuz əhlinin göndərdiyi əsir idi. Təpəgözlə danışıq belə olmuşdu ki, Təpəgöz ona dəyib toxunmurdu.

Basat gəldiyincə Təpəgöz təzəcə yatmışdı. Basat bu xidmətçidən soruşur:

- Bu məxluqu qılınc kəsirmi? Buna ox batırmı?

- Yox, ağam, - deyə xidmətçi cavab verir. - Buna nə ox batır, nə də ətini qılınc kəsir, biləsən.

Basat çox düşünür, nəhayət, Təpəgözün vücuduna aşağıdan yuxarı, yuxarıdan aşağı diqqətlə baxır, görür ki, bunun bədəni başdan-başa dəmirdəndi. Fəqət bir yerində ət var, o da tək gözüdü.

Basat Təpəgözü gözündən vurub öldürmək niyyətinə düşür. Bir ağacın böyük bir budağını kəsib ucunu ox ucu kimi çərtir və qızarana qədər oda tutur.

Nəhayət, Basat bu ucu qızmar, odlu budağı əlinə alıb Təpəgöz yatan yerə yaxınlaşır   "ya Allah" deyib nagahandan bu odlu budağı Təpəgözün tək gözünə soxur. Elə soxur ki, Təpəgözün nərəsi ərşə qalxır. Sıçrayıb yerindən durur, iki əlilə yanar budağı gözünün içindən çəkib çıxarır. Ətrafa gözündən qan fışqırır. Ağrıdan zülüm çəkən Təpəgözün ahı, naləsi hər yanı bürüyür.

Basat bir daşın dalında gizlənib gözləyir. Kor olmuş Təpəgöz əllərini havada oynada-oynada onu bu hala salanı tutmaq istəyir, amma nə fayda, bunu bacarmır.

- Kimsən sən? Sən kimsən? Çıx, çıx meydana. Mən sənə can necə dadlı olur, göstərim, ah gözüm, vay gözüm...

Təpəgözün acı naləsi Basatın qəlbini zərrə qədər yumşaltmır. Basat onu məhv etmək fikrində israrlıdır.

Nəhayət, Təpəgöz heydən düşür və alaçığın qabağında diz çöküb böyrü üstə yıxılır. İnildəyə-inildəyə qalır.

- Kimsən sən? Sən kimsən? - Təpəgöz pıçıldayır. Amma o, bu pıçıltısını artıq öz-özünə səsləndirir, havaya demiş olur. Bir az sonra Təpəgöz tamamən susur. Ətrafa ölü bir sükut çökür. Təpəgözün kor olmuş tək gözünün ağrısı ona bir daha pıçıltı çıxarmağa belə  imkan vermir. Bu bədheybət məxluq bütün gücünü itirib yerdə sərələnib uzanmış və taqətsiz bir hala düşmüşdü. Bu zaman Basat əlində yalın qılınc gizləndiyi yerdən (daşın dalından) çıxıb arxadan yavaş-yavaş, ehtiyatla Təpəgözə yaxınlaşdı...

 

***

 

Həsən müəllim yenə çaşqın bir hala düşmüşdü. Eynən Beyrəyin və Banuçiçəyin sirri ilə bağlı hissədə olan kimi Təpəgözün də sirrinin açılması hekayətin əvvəli üçün deyil, sonu üçün nəzərdə tutulmuşdu. Bu necə sirr idi və nə üçün Səyyah onun açılmasını (təkcə açılmasını deyil, hətta mövcudluğunu) axıra saxlayırdı? "Kitabi-Dədə Qorqud" mətnində (ona tanış nüsxə və nəşrlərdə) Təpəgözün heç bir sirri yox idi. Bəlkə, bu, ilkin, üstqatda olan oxunuşda belə görünür?! Bəlkə, Təpəgözün də hamıdan gizli, məxsusi sirri varmış?! Uzaq yunan adasından buralara gəlməsi - sirr! Nə üçün bədəninin ancaq göz hissəsini kəsmək olur - sirr! Nə səbəbə gecələr yatmır və əzab çəkir - sirr! O, kimi sevib və niyə  onun bu məhəbbətinə cavab verməyiblər - sirr! Sirr... sirr... sirr...

Yazılar isə kağız üzərində peyda olmağa davam edirdi.

Basatın yaxınlaşmasını hiss edən Təpəgöz Basatın qarşısında diz çöküb yenidən inildəməyə başlayır. Bir tərəfdən dəhşətli göz ağrısı, digər tərəfdən yaxınlaşmaqda olan qurtuluş hissinin ləzzəti onun bütün vücudunu bürüyür. O, qurtuluşun, nəhayət, yaxınlaşdığını həyəcan içində vuran qəlbi ilə hiss edir. İnanımazdır, amma bu onu sevindirir. Ürəyini ümidlə doldurur. Dəfələrlə tənha keçirdiyi ağrılı-əzablı, məşəqqətli gecələrdə özünü öldürməyi, dünyaya vida eləməyi arzulamamışdımı?! Arzulamışdı. Qoyun  kimi kəsib, şaqqalayıb ətini yediyi adamlar, onların ah-zarı ona rahatlıq vermirdi. Təpəgöz bilirdi ki, onun üçün belə bir gün gələcək, öz əməllərinə görə o, cavab verməli olacaq. Oğuz camaatı ondan əvvəl-axır intiqamını alacaq. Təpəgöz gözləyirdi.

Ölü kimi düşüb tərpənməz qalmış Təpəgöz Basatın hənirtisini duyub birtəhər dizi üstə qalxıb oturdu. Basat əlində yalın qılınc gəlib onun böyründə səssiz bir halda dayanıb durdu. Təpəgöz heysiz-heysiz pıçıldadı:

- Mən səni gözləyirdim. Niyə bəs gec gəldin?! Qurtar məni bu əzabdan. Burax məni gedim. Öldür məni. Elə gün olmayıb ki, intihar barədə düşünməyim. Bu mənim hər kəsdən gizlin saxladığım bir sirrim idi. Elə gün olmayıb ki, əməllərimə cavab axtarmayım və o cavabı ancaq özümü öldürməyimdə görməyim. Elə bir gün olmayıb.

Basat heyrət içində qulaq asırdı. O, Təpəgözü tamam başqa cür təsəvvür edirdi. Amma hətta bu bədheybət məxluqun ürəyində gəzdirdiyi sirri - özünə qəsd eləmək ehtirası və beləliklə, günahını yumaq istəyi Basatın qətiyyətini zərrə qədər azaltmadı.

Basat qılıncını ikiəlli bərk-bərk tutub Təpəgözün başı üzərinə qaldırdı. Təpəgöz qəlbi ilə nə isə hiss edib dedi:

- Sənin qılıncın məni kəsməz. Al, götür bunu.

Təpəgöz belindəki qılıncı (balaca, əyri qılınc idi) qınından çıxarıb ehmalca öz yanında torpağın üzərinə qoydu. Bir daha təkrar elədi:

- Burax məni gedim. Öldürsə, məni bu öldürər.

Basat əyilib Təpəgözün qılıncını götürməyilə boynunu vurmağı bircə anın içində baş verdi. Təpəgözün başı top kimi yerə, bədəninin önünə düşdü. Bədəni eləcə diz çökdüyü vəziyyətdə qaldı. Bir az da keçdi. Basat boylanıb Təpəgözün xidmətçisini çağırmaq istədi. Xidmətçi bayaq qaçıb getmişdi, izi-tozu da qalmamışdı.

Basat qərara gəldi ki, Təpəgözün nəşini qazıb torpağa basdırsın. Bir də gözünü döndərəndə gördü ki, Təpəgözün nə başından, nə də vücudundan əsər-əlamət var. Təpəgözün başı da, vücudu da yox olmuşdu.

Basat buna təəccüb eləmədi. Təpəgözün arzusu yerinə yetmiş, Basat onu buraxmış və o çıxıb getmişdi. Basat atına minib Selləmə çayının sahili ilə üzüaşağı Oğuz düzəngahına doğru yol aldı, qulağında isə Təpəgözün yalvarış dolu bu sözləri səslənə-səslənə qalmışdı: "Burax məni çıxım gedim. Burax məni çıxım gedim...".

 

***

 

Yazılar zühur eləməklərini saxladılar. Hacı Mir Həsən ağa Səyyahın yazdığı risalənin "Payız" fəsli burada sona çatırdı. Həsən müəllim son səhifəni oxuyub bitirdi. Tilsimə düşmüş odunçunun, Beyrəklə Banuçiçəyin sirrinə Təpəgözün də sirri qatılmış oldu.

Bu sirli, müəmmalı məqamlar nəyin üzərinə qaranlıq salırdı, nəyi bizdən gizlədirdi?! Onların açılması kimə və nə üçün lazım idi?! Bu sirlərin içindən yeni sirlər doğacaqmıydı?!  Həsən müəllimin bu suallara cavabı yox idi. O yorulmuşdu. Həsən müəllim daha oxuduqlarının həqiqət, yaxud yalan olduğu barədə düşünmürdü. O, kabinetin pəncərəsinə yaxınlaşıb bayıra - fontan tərəfə baxdı. Payız küləyi payız yağışı ilə boğuşurdu, deyəsən, ölüm-dirim savaşına çıxmışdılar. Bir nəfər qaça-qaça fontanın yanından ötüb tindəki kafeyə girdi.

Qəflətən Həsən müəllim Tutuquşunun səsini eşidən kimi oldu. Müqəvva təzədən quşa dönmüşdü, gözləri par-par yanırdı. Tutuquşu deyirdi:

- Burax məni çıxım gedim. Burax məni... burax məni...

 

Davamı gələn sayımızda

 

Kamal Abdulla

 

Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.16-17.