Rəsul Rza sevgisi
Bu gün Rəsul Rzanın anadan
olmasından 109 il ötür
Sözə qüvvət
Böyük
şairimiz Rəsul Rzanın anadan olmasından 109 il keçir. Göyçayda, şairlər və
çinarlar diyarında dünyaya göz açan Rəsul Rza
keçən əsrin 30-cu illərindən başlayaraq Azərbaycan
ədəbiyyatında öz varlığını, şair fərdiyyətini
təsdiq etdi, poeziyamızın o mürəkkəb, ziddiyyətli,
çətin, amma şərəfli, dünya poeziyasına
dilimizin, mənəviyyatımızın, tariximizin və
müasirliyimizin poetik incilərini bəxş edən
bütün mərhələlərində novator bir şair
kimi tanındı, sevildi, məşhurlaşdı.
Rəsul
Rza cəmi 71 il yaşadı, amma onsuz keçən bu 38 ildə
Rəsul Rza bəlkə, sağlığında olduğundan
daha artıq sevilir, hər il, bəlkə, hər ay onun
yaradıcılığı haqqında məqalələr
yazılır, Rəsul Rza fenomeni bir daha təsdiq və etiraf
olunur. Bu sətirlərin müəllifi də "Rəsul Rza
və müasir Azərbaycan poeziyası" adlı bir
monoqrafiya (2010) nəşr edib, silsilə məqalələr
yazıb, bu böyük şairin yaradıcılığındakı
özünəməxsusluğu tədqiq etməyə
çalışıb. Rəsul Rza ilə onun
sağlığında, ölümünə beş-altı
ay qalmıüş son müsahibəni də elə bu sətirlərin
müəllifi aparıb. Ümumiyyətlə,
Rəsul Rza təkcə XX əsrin deyil, bu əsrin də ədəbiyyatında
- mənəvi dünyasında bizim sevimli şairlərimizdən
biri kimi yaşayır.
Rəsul Rza novator şair idi, ədəbi məktəb
banisiydi. Ədəbi məktəb isə
sistemdir - bu sistemdə poetik ruh, mövzu, süjet, forma-sənətkarlıq
komponentləri bir-birilə zəncir kimi qırılmaz əlaqədədir:
"baniyi-kar"ın-ustadın əsərlərindəki
ideyalar, bəşəri problemlər ondan sonra gələn və onun yolunu
davam etdirən şairlər üçün də bir örnək rolunu oynayır. Əlbəttə, burada təqliddən,
epiqonçuluqdan yox, davam və inkişafdan söz gedə bilər.
Bizdə tez-tez "ədəbi məktəb"
istilahına müraciət olunur. Tanınmış
müasir şairlərimizin az qala hər
birini bir ədəbi məktəbin banisi elan edirlər. Hər hansı şairin bir-iki
"ardıcılı" varsa, yəni bir-iki cavan şair
şöhrətli şairin misralarına, poetik
intonasiyasına, mövzularına üz tutursa, buyur, "ədəbi
məktəb" banisi göz qabağında. Təbii ki, burada ədəbi məktəblə ədəbi
təsiri bir-birilə eyniləşdirirlər. Mənim fikrimcə, XX əsr Azərbaycan
şeirində dörd ədəbi məktəbdən söz
açmaq olar - Sabir - "Molla Nəsrəddin" şairlərinin
ədəbi məktəbi, Səməd Vurğun, Şəhriyar və Rəsul Rza ədəbi məktəbləri.
Rəsul Rza ədəbi məktəbi 60-cı
illərdə formalaşmışdır. Qeyd edim ki, 60-cı
illərdə Azərbaycan poeziyası zamanın inkişaf
meyillərini, aparıcı tendensiyalarını dərk edib
özünü yenidən qururdu. Bu yenidənqurma
prosesində, təbii ki, eksperimentlər də müəyyən
rol oynayırdı. Əlbəttə,
eksperimentlərin özünü doğrultmayanları tez bir
zamanda sıradan çıxır, dəyərliləri isə
ədəbi təcrübə üçün nümunəyə
çevrilir. Əgər
poeziya öz inkişafının müəyyən mərhələsində
artıq bəzi şablonlardan, forma yeknəsəqliyindən,
trafaret halına keçmiş bədii təsvir vasitələrindən
xilas ola bilirsə, yeni təsvir
üsullarına üz tutursa və bütün bunlar
yaşarılıq kəsb edirsə, bunun özü novatorluq
deyilmi?
Rəsul Rza öz ardıcıllarına məhz bu poeziya
dərslərini mənimsədirdi. O illərdə Rəsul Rzanı Azərbaycan
poeziyasının ənənələrinə üz
çevirən bir şair kimi təqsirləndirənlər az deyildi. Sərbəst şeiri,
"Rənglər" silsiləsini gözdən salan məqalələri
hələ də unutmamışıq. Rəsul Rza
"Qayğı sözü və qayğı
özü" məqaləsində yazırdı:
"Novatorluğu xarici formada görənlər elə bilirlər
ki, müəyyən heca, əruz vəzni ilə, ya sərbəst
yazılmış sətirləri yerli-yersiz qırıb
düzməklə məsələ bitir. Unudurlar
ki, novatorluq bədii idrak, sənətkarın
dünyagörüşü, həyat hadisələrinə
münasibəti ilə bağlıdır. Unudurlar ki, bu
və ya digər mülahizə ilə yeni bir fikir, yeni bir
obraz, yeni bir ifadəsi olmayan, döyənək qafiyəli
standart "fəlsəfəli", çeynənmiş təşbehli
yazılara novator
sözünü yapışdırmaq səmərəsiz zəhmətdir.
Belə əsərlərin paxırı
başqa dilə tərcümə zamanı tez
açılır".
Rəsul Rza klassik ədəbiyyatın, xüsusilə,
Füzulinin, Sabirin, ümumən qəzəl, divan ədəbiyyatının
vurğunu idi desək, səhv etmərik. Onun
"Süleyman Rüstəmin qəzəlləri
haqqında" yazdığı məqalədə klassik ədəbiyyatı
necə sevdiyinin şahidi oluruq. Bu
xüsusda ayrıca bir söz açmağa ehtiyac var. Qoy Rəsul
Rza poeziyasından söz açan müəlliflər bu
mövzuya da müraciət etsinlər. Rəsul
Rza poeziyasından söz açan indiki müəlliflərin əksəriyyəti
daha çox onun sərbəst şeirlərinə müraciət
edirlər, etirazımız yox, amma Rəsul Rza həm də
gözəl heca şeirlərin də müəllifdir. Bir məsələni də qeyd etməyi vacib bilirəm.
Rəsul Rza poeziyasından söz açan
müəlliflərin demək olar ki, hamısı onu
yalnız milli poeziya çərçivəsində tədqiq
edirlər, halbuki, Rəsul Rza yaradıcılığı XX əsr
dünya poeziyası kontekstində öyrənilməlidir.
Rəsul Rza poetik məktəbinin
davamçıları
Altmışıncı illərdə ədəbiyyata
cavan şairlərin yeni bir dəstəsi gəldi. Onların bir
çoxu şeirdə Səməd Vurğun yoluna, ənənəsinə
üz tutdularsa, bir qismi isə Rəsul Rzanın
poeziyasından təsirləndilər. Təbii
ki, o dövrdə müəyyən mübahisələrə,
ədəbi konfliktlərə baxmayraq, Azərbaycan şeiri
istər məzmunca, istərsə də forma-sənətkarlıq
baxımından yeni bir inkişaf mərhələsinə
daxil olurdu. Hətta vəzn söhbətinin
də burada heç bir önəm
daşımadığı məlum idi.
Rəsul Rza heç bir cavan şairə "gəlin, mənim
kimi yazın, mənim kimi düşünün" deməyib,
lakin o, bu cavan şairlər arasında ən
istedadlıları haqqında söz deməkdən çəkinməmişdir. Onun həmin
cavanlara məsləhət və tövsiyələri çox
səmərəli olurdu, belə ki, ustaddan qayğı görən
hər cavan şair onun poeziyasından çox şey
görüb-götürürdü. Onlar Rəsul Rzanın hiss və
fikirlə yoğrulmuş poeziyasından çox şey
öyrəndilər, Rəsul
Rza ilə birgə sərbəst şeirin yeni
variasiyalarını yaratdılar, Avropa poeziyasının
yeniliklərinə üz tutdular, amma milli poetik ənənələrə
də sadiq qaldılar. Rəsul Rza davamçıları həm hecada, həm
də sərbəst şeirdə maraqlı, orijinal nümunələr
yaratdılar.
Əli Kərim,
Fikrət Sadıq, Fikrət Qoca, Vaqif Səmədoğlu,
İsa İsmayılzadə, Ələkbər Salahzadə,
Abbas Abdulla, Ramiz Rövşən, Camal Yusifzadə, Tofiq Abdin,
Vahid Əziz, Çingiz Əlioğlu, Arif Abdullazadə, həmçinin Sadiq
Qara, Qürbət Əzizov, Rəhilə, Əjdər Ol, Yusif
Nəğməkar haqqında
irili-xırdalı həm "uğurlu yol" səpkisində,
həm də ciddi məqalə təriqi ilə qələmə
alınmış
yazıları Rəsul Rzanın "qayğı
sözü və qayğı özü" məramını
düzgün yetərincə ifadə edir. Bu şairlərin
(onların bəzisi vəfat etsə də) hər birinin Rəsul
Rza haqqında onun şəxsiyyətinə, poeziyasına
sevgilərlə dolu şeirləri, poemaları var. Heç
şübhəsiz, bu şeirlər, poemalar Rəsul Rzanın
şəxsiyyətinə, Azərbaycan poeziyasında bir novator
sənətkar kimi böyüklüyünə sonsuz
ehtiramın, sevginin inikasıdır.
Rəsul Rzanın bu dəstədə ən
çox sevdiyi şair Əli Kərim olmuşdur. Əli Kərimin Rəsul Rzaya həsr etdiyi
"Şair" şeirindən bu misralara diqqət yetirək.
Dünyada
çoxdur şair,
Necə sayım onların hamısını birbəbir.
Şair
var ki, ömrünü
Başlamamış bitirir.
Cansız
əsəriylə bir,
Ömrünü də itirir.
Şair
var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair
var ki, özünü
Başqasına bənzədir.
Amma
şair də var ki,
Zamanın
doğma oğlu;
İdrakın
zirvəsindən,
Hissin
yanğınlarından
Keçir şeirin yolu.
Belə
şair də vardır:
Onun
ömrünün yolu
Bir əbədi yazadır.
O,
sözlər sərkərdəsi,
Fikirlər qəhrəmanı.
Yusif Nəğməkarın Rəsul
Rza sevgisi
Rəsul Rzanın o illərdə cavan şairlər
arasında bəyəndiyi müəlliflərdən biri də
Yusif Nəğməkar idi. Xalq şairi "Ədəbiyyat və
incəsənət" qəzetinin 1977-ci il 30 may nömrəsində
"Təsadüf" adlı məqaləsində Yusif Nəğməkarın
şeirlərindən söz açmış, onu istedadlı
cavan bir şair kimi ədəbi ictimaiyyətə
tanıtmışdı. Yusif Nəğməkar
bir şair kimi formalaşmasında, şeiriyyət aləmində
özünəməxsusluğa nail olmasında Rəsul müəllimin
o xeyir-duasını heç vaxt unutmur. Amma
məsələ təkcə xeyir-duada, o məqalədəki
tərifdən getmir. Yusif Nəğməkar
Rəsul Rza poeziyasından çox bəhrələnir, onun
şeirlərindəki poetik stixiyanı, sözü Rəsul
Rza kimi demək manerasını saxlamağa
çalışır. Təbii ki, onu təqlid
eləmir, amma poetik prinsiplərini, həyata, varlığa
estetik münasibətini özünəməxsus şəkildə
davam etdirir.
Özünün dediyinə görə, Rəsul müəllimlə
tez-tez görüşürmüş, onu
düşündürən məsələlər barədə
ustada müraciət edirmiş, Rəsul müəllim də bu
diribaş cavan şair haqqında yeri gələndə söz
açırmış. 2004-cü ildə Yusif Nəğməkar
beynəlxalq Rəsul Rza mükafatına layiq
görüldü. Onu da qeyd edim ki, Yusif Nəğməkar
artıq neçə şeirlər-poemalar kitabının
müəllifidir, onun şeirləri müasir həyatın,
gerçəkliyin, ictimai-siyasi həyatda baş verən hadisələrin
poetik inikasıdır. Müasir şairdir,
klassik şeirimizdən də bəhrələnir, müasir
poeziyamızın ustadlarından da. Təsadüfi deyil ki, xalq şairi
Bəxtiyar Vahabzadə Yusif Nəğməkarın yaradıcılığı
haqqında iki məqalə yazmışdır. O məqalələrdən
bəzi sətirləri burada xatırlatmaq istəyirəm. Bəxtiyar
müəllim yazırdı: "Mən onun "Bilsəydim
ayrılıqdır" adlı kitabını oxudum. Mənə çox qəribə
təsir elədi. Nədir bu şairdə? Bu cavan şairimizdə
məni tutan cəhət
nədir? Məni
tutan cəhət ondan ibarətdir ki, bu şair hadisələrə
fəlsəfi yanaşmağı bacarır. Yəni onu ümumiləşdirməyi bacarır. Məsələn, "Qanun"
adlı bir şeiri var, mənim çox xoşuma gəldi,
balaca bir şeirdi, deyir:
Qızılgülün
budağında
tikan
bitib,
Qaratikan
kolunda
yaşıl, sığallı yarpaq.
Zərifliyi
qoruyan sərtliyə,
sərtliyi gizlədən
zərifliyə bax!..
Nə qədər
gözəl! Çox qəribədir. Niyə
qızılgüldə, bu qədər zərif olan qızılgüldə
tikan bitir, amma qaratikan kolunda isə yaşıl,
sığallı yarpaq? İlahi, bu, təbiətin
nə möcüzəsidi?! Bu təzadda nə qədər
fəlsəfi məna gizlənir... Bu şairi -
Yusif Nəğməkarı mənə sevdirən əsas cəhət
onun yaxşı müşahidə qabiliyyətidir. Hamının baxdığı, lakin hamının
görə bilmədiyi həyat hadisəsini mənalandıra
bilmək, ilk növbədə, istedadın qüdrətidir.
Bu varsa, demək, sənət də var".
Mətləbdən uzaqlaşmayaq. Yusif Nəğməkarın
Rəsul Rza sevgisi onun 1976-2001-ci illər arasında
yazdığı "Sizli" poemasında ifadə olunub.
Janrı belədir: Poema-anım. Doğrudan da,
"Sizli" poeması Rəsul Rzanın bir insan və sənətkar
kimi canlı portretini hasilə gətirir, bu böyük sənətkara
məhəbbət və ehtiramını əks etdirir. Poema ayrı-ayrı şeirlərdən ibarətdir,
lakin bu şeirlər arasında məntiqi əlaqə
qırılmır, bir şeirdə deyilən fikir başqa bir
şeirdə yeni bir tərzdə davam etdirilir.
Hər
ilin yazında
bir səs
eşidib,
bir nəfəs
duyuram...
Fəxri
xiyabanda
İstəklərin,
Nisgillərin
dilsizliyinə bürünmüş
bir məzarın
önündə
şeir
oxuyuram.
Hər
ilin yazında
mavi
Göy "dəniz"ində
ləpə-ləpə
köpüklənir durnalar;
Kövrəlir göy üzü.
Şair olur göy özü.
Hər
ilin yazında -
hər
günkü kimi
Hər il mayın on doqquzunda
Söz
baharının bətnindən
Rəsul Rza həsrəti doğulur.
Poema bu mənada daha çox nisgilli duyğularla qələmə
alınıb.
Amma bu nisgilli duyğular oxucunu bədbinliyə,
pessimizmə sürükləmir, əksinə, nikbinlik
aşılayır. Poema "Bu dünyada
yaxşılıq kimi, İnsanlıq kimi Bir Rəsul Rza
vardı, bir də Rəfibəyli Nigardı. Onların
da qəlbində
dünyaya sığmayan
dünyaları vardı" misraları ilə
başlayır və bütün poema boyu biz Rəsul Rza
dünyasının bizə məlum olan və məlum olmayan
qapılarını açırıq. Xüsusilə
"İnsan-Prometey", "Rəsul Rzaya məktub",
"Rənglər", "Kitab üstündə mənzil",
"Dünya gecələyən yer" fəsillərində
Rəsul Rza və Nigar xanım haqqında ürəyindən
qopan xatirələri dilə gətirir. Bu xatirələrdə
Rəsul müəllimin təbəssümü də, səssiz
pıçıltıları da, gülüşü də,
cavan müəllifə ilıq münasibəti də ustad
şairin mənəvi aləmini yetərincə səciyyələndirir.
Azərbaycan şeirində şair obrazları
ilə çox qarşılaşmışıq, Yusif Nəğməkarın
təqdim etdiyi şair isə tamam fərqli, özünəməxsus
şairdir və bu şair bir dəstə gülün onun
qapısında görünməyindən fərəh duyur.
Bu şair yastı balaban səsində Nizaminin, Füzulinin kəlmə-kəlmə
öyüdlərini dinləyir:
Vurulmuşdu
bu səsə,
Ömrü
uçdu bu səsə...
Onun xəyal
dünyasında
bahar-bahar
çiçək açdı,
Könül-könül
alov saçdı
yastı
balaban səsi.
O,
yaxşıca bilirdi ki,
Bu səs
xalqın
həmyaşıdı,
gözündəki qəm yaşıdı.
Poemanı məzmununa görə iki hissəyə
ayırmaq olar. Birinci hissə şairlə
görüşləri, onunla bağlı heç vaxt soyumayan
xatirələri əhatə edir. Böyük
sənətkar Rəsul Rza ilə cavan şair Yusif Nəğməkarın
şəxsi görüşləri, isti münasibətləri
ön plana çəkilir. Hissənin finalı
"Yetmiş yaşlı məktəb"lə başa
çatır:
Bir məktəb
var -
Yetmiş yaşlı.
Müdrikliyə
yetmiş,
yaşlı.
Bir sinifdir hər kitabı.
İstərəm
ki, bu məktəbin
Şagirdinə dönəm bu gün.
Ancaq yenə
öz səsimlə
Nəfəsimlə dinəm bu gün.
Bu, Rəsul Rza şeir məktəbidir.
Poemanın ikinci hissəsi isə Rəsul Rzanın vəfatından
doğan kədərli, qüssəli, qəmgin
duyğuları ifadə edir. Artıq ayrılıq
soyuğu başlayır-93-79-23 nömrəli telefondan cavab gəlmir.
"Həsrətin dibsizliyi, sükutun
sonsuzluğu üşütdü məni. Ah çəkdim
yana-yana. Bürkülü bir gündüzdə
Büründüm bu soyuğa-Ayrılıq soyuğuna".
"Dənizin çiynində", "Niyə
köçdün bu dünyadan?!" fəsillərində
elegiya notları ilə rastlaşırıq. Amma poema sona yaxınlaşdıqca nikbin notlar gəlir.
Rəsul Rza ölməzliyi təsdiq və etiraf
olunur. Yusif Nəğməkarı o
düşündürür ki, görəsən bu məğrur
insanın-şairin heykəlini kim yarada bilər?
O heykəli
yaradana
sözüm var:
Gərək
ürək yaxınlığında
Vətən
torpağı,
Vətən
səması
mavi
sonsuzluq kimi
baxa
bilsin
o heykəlin
gözlərindən.
Gərək
o dərin gözlər
uca zirvələr
başından
qalib-qalib
yetəcək gündüzlərə boylansın.
O
baxışlar önündə
əbədi bir şəfəq yansın.
O
sönümsüz şəfəq də
o
zamansız heykəlin
qabarıq köksü altda
çarpan qəlbindəki
ümman-ümman arzulardan
aşağıda dayansın.
Oxucuya elə
gəlir ki, poema, sanki buradaca bitə bilərdi... Amma Yusif Nəğməkar
təbii bir zərurətdən irəli gələn mənəvi
ruhun diktəsi ilə "İki Bir"! fəslində
Rəsul Rza-Nigar Rəfibəyli vəhdətini dilə gətirir.
"İki BİRdi, bir də BİRDİ.
İkisi BİRdisə, bir şeirdi. İkinin biri Rəsul, Biri Rəfibəyli Nigar.
İkiyə bar verən, İkini bir verən Allah var! Rəsul
Rza - Ad üstündə ad... Rəsul Rza ustad.
Nigar xanım - əsl Nigar, həm əsilli bir sənətkar".
Yusif Nəğməkarın "Sizli" poeması
oxucuya təkcə Rəsul Rzaya sevgilərmi
aşılayır? Təbii ki, "bəli"
cavabını verərik. Amma Rəsul
Rzanın timsalında həm də böyük Azərbaycan
poeziyasının zirvələri də düşünülməlidir.
Rəsul Rza Nizamini, Füzulini, Nəsimini, Sabiri yetirən bu
torpağın, bu vətənin övladıdır,
böyük poeziyanın sərkərdələrindən
biridir. "Sizli" poemasından
aldığımız təəssüratı yalnız belə
ümumiləşdirə bilirik. Heç şübhəsiz,
bu poema Rəsul Rza sənətinə dərin sevgilərin
poetik ifadəsi kimi yaşarılıq kəsb edəcək...
Vaqif
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 18
may.- S.8-9.