Gözəl yaradılmışların vəsfi
Poeziyanı Allahın sirlər səltənətində hamı üçün daim açıq olan bir əzəmətli qapıya bənzətsək, şairi oradan içəri keçməyə qüdrəti çatan nadir insanlardan saymaq zərurəti yaranır. Şair buna öz ilhamı, poetik duyumu, dünyaya qeyri-adi baxışı ilə nail olur. Adilə Nəzərin yetkin poeziyası canlı və cansız aləmi əks etdirən mahiyyətin təsviridir. Onun hər bir şeirində ifadə orijinallığı və ya fəlsəfi təfəkkür dərinliyinin bizi heyrətləndirən təzahürləri ilə qarşılaşmaq mümkündür.
Yenə aldım əllərimə üzümü,
Fikrə getdim, əl boşaldı, üz qaldı.
Doğrudan da, torpaq imiş adamlar,
Dirildilər, dərildilər, toz qaldı.
Adilə
ruhunun dərinliyində
poetik mən belə itir, yalnız üz fəzada qalaraq yuxarıdan baxır və yerdəki əsas mahiyyəti daha aydın görür:
"Doğrudan da,
torpaq imiş adamlar, Dirildilər, dərildilər, toz qaldı". İnsanlar getdi, qalan toz
və üz təkcə qafiyə deyil, həm də biri digərinin
içində yaşamağa
məhkum varlıqların
əzabının başlanğıcıdır.
Vaxtında rəhmətlik
bir az ayrı
cür demişdi:
"Baxmaqdan savayı
gözə nə qaldı?". Adilədə özünüdərk və sadəliyin müdrik ifadə lakonikliyi heç də geri qalmır.
Şair üçün fənanın
kəşfi yeni deyil, amma bunu
dərk etmədən
bəqa yoluna çıxmaq mümkün
olmur. Klassik Şərq poeziyası
sözün birbaşa
mənasında bunun məktəbini yaratmışdı.
Bizim müasir şairlər də bu məktəbin
həqiqətlərini və
qanunlarını min bir
əziyyətlə, ciddi
mütaliə, bəzən
fəhmlə açmağa
çalışırlar.
Mədəd, Ya Hu, üşüyürəm,
Ətək ver, büküm canımı.
Yalqızlıq oda bürüyür,
Tənhalıq sökür canımı.
Poeziya, əslində,
büsbütün Allahın
gözəl yaratdıqlarının
vəsfidir. Təsadüfi deyil ki, Aristotel onu "ola biləcəyin ehtimalı kimi" bütün elmlərdən
yüksəyə qoymaqla
məchul qaranlıqlara
şair fantaziyası ilə nüfuz etməyin əhəmiyyətini
vurğulayırdı. O baxımdan daş kitabələrdən üzübəri
yaranmış poetik irsdəkindən fərqli
vəsf, əlbəttə,
bu misralarda olduğu kimi, şairin böyük istedadından və sənətkarlıq qüdrətindən
xəbər verir.
Mən cavanam, dünya qoca,
Ömür dar qəfəsdə baca.
Həyatın özü tapmaca
Fərqi yox - kül, gül qoxuyum.
Adilə Nəzərin şair olaraq nəfəs diapazonu genişdir. O baxdığı
hər şeydə poetik bir cizgi
də olsa görə bilir. Onun poetik ilhamı təbiət təsvirlərində,
vətənpərvərlik mövzularında belə,
heç bir məhdudiyyət tanımır
və bəzən gündəmin ağrı-acılarına
publisistik vətəndaş
qayəsilə cavab verməyə tələsir.
Ancaq Adilə Nəzərin lirikası haqqında danışmamaq ədalətsizlik
olardı. Onun lirik
şeirlərinin bir çoxu nəğməyə
çevrilərək müğənnilərin
repertuarında yaşayır.
Adilə
xanımın "Sənin
pəncərəndə mənim
ümidim", "Mən
də hamı kimi adamam, amma",
"Mənim ürəyim",
"Anam yaşayan fanidir", "Lütf elə, Tanrım", "Çətindir,
Ya Hu" və başqa şeirləri poeziyanın gözəl nümunələri kimi özlərini çoxdan təsdiq edib.
Nə köks ötürürəm,
nə ah çəkirəm,
Sönür adımıza yandırdığım
şam.
Sənin
pəncərəndə mənim
ümidim,
Edam kürsüsünə çıxır hər axşam.
Əlbəttə, poeziya heyrətdən doğur. Daim zənginləşən, püxtələşən şair
təxəyyülü özündə
bir uşaq sadəlövhlüyünü, təmizliyini və paklığını yaşadır.
Adilə Nəzər ətraf dünyanın sirli təzahürlərinə
həm heyrətlənməkdən
yorulmur, həm də onların fiziki, fəlsəfi mahiyyətinə usta bir şair kimi
nüfuz etməyə
çalışır.
Hələ uşaq vaxtı
elə bilirdim,
zəlzələ dünyanın
yelləncəyidir,
sən demə, insanların biri-birinə
"evin yıxılsın"ıymış...
Şəlaləyə təbiətin duşu deyirdim,
sən demə, suların intiharıymış.
Böyüdükcə nə yelləncəyi sevdim,
nə də şəlaləni...
Nağıllar da onun xəyalında
o heyrətin bir parçası kimi həmişə yaşayır
və qələmə
aldığı mövzularla
bilavasitə səsləşmədə
mifoloji yeknəsəqliyin
ağırlığı altından
çıxa bilir. Eyni zamanda
bu xəyal dünyası bəzən
reallığın acı,
sərt üzü ilə toqquşanda özünəməxsus kədər
və qüssə yaratmaqla poetik məntiqi nağıl təhkiyəsinə qarşı
qoyaraq oxucu üçün fəlsəfi
mahiyyətin görünməyən
qatını açır.
Deyirəm ki, nağıllar
da dəyişə,
Biri varsa, o biri də
var ola,
biri yoxsa, o biri də yox
ola...
Adilə xanım fiziki baxımdan ömrünün
müdriklik yaşına
yeni qədəm qoyur, ancaq onun
poeziyası özündən
xeyli irəlidə, qoca Şərqin dahiləri keçən tozlu-torpaqlı yollarla öz uca məqamına
doğru durmadan irəliləməkdədir. Ona bu çətin missiyasında
yeni uğurlar arzulayaq.
Səfər Alışarlı
Ədəbiyyat qəzeti.- 2019.-
18 may.- S.9.