Qatar Mənzili
Kinossenari
Səhnə 1.
İlqar vağzalın gözləmə
zalında oturub. Əlində
kiçik bir kitab var. Arada açıb kitaba baxır, bir az oxuyub
sonra qatlayır.
Səhnə 2.
Vağzalın qarşısında taksi dayanır. Murad təlaşla
düşüb vağzala
girir. Ətrafa baxır, sanki
kimisə axtarır.
Heç
kimi tapmır, gözləmə zalına
gedir.
Səhnə 3.
Murad gözləmə
zalında İlqarı
görür. Ona yaxınlaşır.
Murad:
Salam, axşamınız xeyir.
İlqar:
Axşamınız xeyir.
Murad: Qatar
gəlməyib hələ?
İlqar:
Hansı qatar?
Murad:
Tiflis qatarı.
İlqar:
Bilmirəm.
Murad: Bəs siz burda
işləmirsiz?
İlqar:
Yox, burda işləmirəm.
Murad: Bəs kimdən soruşmaq olar?
İlqar:
Bilmirəm.
Murad: Bu
necə stansiyadır ki, burda bir
bələdçi yoxdur.
Tərslikdən zaryadkam da bitib. İnternetə girə bilsəydim
hərəkət cədvəlinə
baxardım. Sizin
telefonunuzdan istifadə
edə bilərəm?
İlqar:
Mənim telefonum yoxdur.
Murad əlindəki
çantanı yerə
qoyub İlqardan iki kreslo sağ
tərəfə oturur.
Səhnə 4.
(Yarım saat sonra)
Murad üzünü
İlqara tutur. İlqar kitab
oxuyur.
Murad: Sizcə, mən düz edirəm?
İlqar:
Nəyi deyirsiz?
Murad: Burda qatarı
gözləyirəm. Bilmirəm,
qatar keçib,
yoxsa hələ gəlməyib? Bəlkə
də qatar
heç bu stansiyadan keçmir də...
İlqar:
Sizə kömək etmək istərdim. Amma...
Murad: Siz buralarda yaşayırsınız?
İlqar:
Demək olar...
Murad: Bəs onda bilmirsiz
ki, Tiflis qatarı
burdan keçir, ya yox? Sabah günorta Tiflisdə məruzə etməliyəm.
İlqar:
Burdan arada qatarlar keçir. Amma hansı qatar olduğunu
bilmirəm.
Murad: Bəs bura hansı
stansiyadır?
İlqar:
Yalan deyərəm.
Murad: Çox üzr istəyirəm.
İlqar:
Aha...
Murad: Bildiyiniz nəsə var sizin?
İlqar ilk dəfə gülümsəyir. Murad da ona qoşulur.
İlqar:
Demək, siz bir gözləmə zalında oturmusunuz. Nə stansiyanın adını bilirsiniz, nə qatarın gəlib-gəlməyəcəyini... Heç bilmirsiz ki, bura qatar gəlsə sizi mənzilə aparacaq, ya yox.
Bu sizin qatardımı,
yoxsa yox... Elədirmi?
Murad: Mənim çarəsizliyimi
çox yaxşı təsvir etdiniz...
İlqar:
Bilirsinizmi, nə düşünürəm?
Murad: Bəlkə mənə kömək edəsiz?
İlqar:
Məmnuniyyətlə edərdim.
Sadəcə...
Murad: Bilmirsiz...
İlqar:
Məsələ bilməkdə
deyil. Biz hamımız
bir insan olaraq sizin vəziyyətinizdə
deyilikmi? Bizi bir gözləmə zalına
- dünyaya gətirib
qoyurlar. Hara gedəcəyimizi bilmirik.
Sonumuzun nə olacağını?
Hansı qatarın bizim stansiyadan keçəcəyini... Eləcə
də o qatarın bizi mənzilə aparıb-aparmayacağını... Ən əsası, mənzilimiz hayanadır? Onu da bilmirik.
Murad:
Lap filosof kimi danışdınız... Bir
filosofumuz çatmırdı...
İlqar:
Necə yəni?
Murad: Bir gözləmə zalına iki filosof çoxdur. Mən də filosofam çünki. Sabah da Tiflisdə "İnsan həyatının
mənası" haqqında
məruzəm olacaqdı.
İlqar
(təbəssümlə): Onda
mənim sözlərimdən
sitat kimi istifadə edə bilərsiniz...
Səhnə 5.
(On dəqiqə sonra)
Murad: Həyatın mənası
nədir, sizcə?
İlqar:
Məruzəni burda edəcəksiz?
Murad: Başqa nə edə bilirik ki?
İlqar:
Haqlısız...
Murad: Bir zamanlar hər
şeyi tamam başqa cür təsəvvür edirdim.
O zamanlar dinə inanırdım...
İlqar:
Bəs indi necə düşünürsünüz?
Murad: Necə deyirdi, Cavid?
Pərəstiş eyləməm hiç bir kitabə.
Əvət, Qur'an, Zəbur, İncilü
Tevrat
Birər
rö'yaki, zor təfsiri, heyhat!
İlqar:
Din bir olsaydı yer yüzündə əgər,
Daha məs'ud
olurdu cinsi-bəşər.
Siz də belə düşünürsüz?
Murad: Bilmirəm. Bəlkə də... O zaman din uğrunda bu qədər qan tökülməzdi, insanlar
bu qədər din təəssübü çəkməzdi...
Amma bəşər daha məsud olardı? Onu bilmirəm... Heç bəşəri nə xoşbəxt edir ki? Onu da bilmirəm.
İlqar
(gülümsəyərək): Bildiyiniz nəsə var sizin?
Murad (gülümsəyərək): Mən
çox skeptik olmuşam, deyəsən...
İlqar:
Məncə, bəşəriyyətin
hələ xilası var...
Murad: Necə?
İlqar:
Əxlaqa inanmaqla... Mənəviyyata inanmaqla...
Dinlərin zahirinə
yox, batininə, nüvəsinə iman gətirməklə... Təəssüb
çəkməməklə...
Murad: O necə olacaq axı?
İlqar:
Bütün dinlər,
peyğəmbərlər və
filosoflar, Buddasından
İsasına, Platonundan
Hegelinə qədər
hamısı eyni sözü deyib. İnsana inan, özünə inan, ruhuna inan.
Bizim ruhumuzla aramızda hər nə qədər divarlar, sərhədlər
olacaqsa, ruhumuza uzaq düşəcəyik...
Elə həqiqətə
də...
Murad: Bəs o həqiqət hardadır axı? Biz ki, onu görmürük...
İlqar:
O, mahiyyətdədir, sözlərdə
deyil, sözlərin ruhunda, insanın qəlbindədir...
Səhnə 6.
Qatar fit verib dayanır. Murad ayağa qalxıb İlqarla görüşür
və gözləmə
zalından çıxıb
qatara gedir.
Filmin sonu
Qan TURALI
Ədəbiyyat qəzeti.- 2019.-
18 may.- S.11.