Cazibə

 

Təəssürat-esse

 

Hər dəfə Günəş cümə gününün başlandığını bəyan eləyəndə Saleh Qurbanovun düşüncələrində qəribə bir yerdəyişmə başlayır. O, nəzərdə tutduğu işləri gün ərzində başa çatdıra bilmir. Özündən asılı olmayaraq, daşı-daş üstə qoymağı təxirə salır, başqa günə keçirir. Ağac əkmək istəyəndə də bu hal təkrar olunur. Əkiləcək, bellənəcək sahəni uşaqlara həvalə edir. Qoyun-quzuya baxmaq işi də eləcə... Ədəbiyyat müəlliminin daha vacib işləri var: şagirdlərin yazı işlərini yoxlayıb qiymətləndirmək, mütaliə etmək və bədii yaradıcılığı ilə məşğul olmaq. Saleh müəllim həftənin cümə günü öhdəsində olan bu işlərin heç birini lazımınca görə bilmir.

Bütün bunlar səbəbsiz deyil. Bu səbəbin adı cazibədir. Məkanı da Gəncə şəhəri, İnzibati binanın sağ cinahının dördüncü mərtəbəsində geniş və işıqlı bir otaq. Bu otağın qapısına bir tanıtma lövhəsi vurulub: Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi.

Hər həftənin cümə günü bədii yaradıcılıqla məşğul olan qələm sahibləri saat 2 tamamda şöbəyə toplaşır, yeni yazılarını müzakirəyə verirlər. Bəzən də müxtəlif məzmunlu tədbirlərin iştirakçısına çevrilirlər. Saleh Qurbanov da uzaq yolu qət edib özünü cümə gününün tədbirinə yetirir. Və bu iştirakdan xoşhal olur, mənəvi cəhətdən sənət həzzi duyur. O, işlərini yarımçıq qoyub bu yığıncağa ona görə tələsir ki, bu yaradıcılıq məkanında onu gözləyən, fikirlərini eşitmək istəyənlər var. Həm də öz şeirləri barədə kiminsə sözünü eşitməyə ehtiyac duyur. Mübahisəli anlar, fikir toqquşmaları da baş verir. Cazibə güclü olduğü üçün mübahisədən doğan gərginlik də onu bu yoldan saxlaya bilmir.

Saleh Qurbanov ali təhsilli dil-ədəbiyyat müəllimidir. Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşayır. Pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Bir ara Daşkəsən rayon İcra Hakimiyyətində ictimai-siyasi qabiliyyətini göstərib. Sonra görüb ki, şagird səsli məktəb işi onun üçün daha münasibdir. O, qələm sahibi üçün vacib olan keyfiyyətlərə malikdir: mütaliə edir, dövri mətbuatda məqalə və resenziyaları dərc olunur. Əsasən poeziyaya üstünlük verir. Necə yazır? (Bu sualı bir də yazımın sonunda təkrarlayacağam). "Azərbaycan" jurnalında, "Ədəbiyyat qəzeti", "Kaspi", "Ədalət", "525-ci qəzet" və sair mətbu orqanlarda yazılarının nəşr olunması onun qələminin səriştəli olmasından xəbər verir. Ömürdaşı İbadət xanımın da qələmi poeziyaya meyillidir. Mürəkkəbi qurumamış yazıların bir evdə iki yaradıcı şəxs tərəfindən müzakirədən keçirilməsi sonrakı mərhələ üçün uğur vəd edir.

Saleh müəllim mən işlədiyim universitetin - GDU-nun məzunudur. Onun aşağı-yuxarı kurslarda oxuyan qələm sahibləri ilə yaxın əlaqələri olub. Bahadur Fərman, Sahib İbrahimli, İnqilab İsaq, Aydın Murovdağlı, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu, Valeh Bahadıroğlu ilə gah Gəncədə, gah da Xoşbulaqda yaxından ünsiyyətdə olub, çağdaş və klassik sənətin sirləri barədə fikir mübadiləsi aparıblar. Qəribə də olsa, mənim bu əlaqələrdən xəbərim olmayıb. Bəlkə, buna Saleh müəllimin iddiasızlığı şərait yaradıb. Az-çox imzası tanınan iddialılar tezliklə kitab nəşr etdirir, bundan sonra Yazıçılar Birliyinin üzvü olmaq asanlaşır. Çox vaxt rəsmiləşmək, yaxşı yazmağı üstələyir. Salehin gözəgirmək xasiyyəti yox, kitabı yox, təşkilata üzv olmaq canatımı yox. Məni qınamayın, belə olan halda Saleh Qurbanov kimi istedadı (heç əvvəllər də qəzet-jurnal səhifələrində çap olunmağa can atmırmış) necə tanıya bilərdim?! Yalnız təsadüf bizi bir araya gətirə bilərdi. Günlərin birində belə bir təsadüf alındı.

İş belə gətirdi ki, tanınmış bir elm-ədəbiyyat adamının yas yerində yanaşı oturmalı olduq. Müxtəlif mövzulu söhbətlərdən tez ötüşüb ədəbi aləmdə qərarlaşdıq. İlk dəfə gördüyüm orta yaşlı bu adamın ədəbi aləmə yaxından bələd olması məni çox maraqlandırdı. Xüsusilə, bəzi çağdaş yazarlar barədə qədərincə sərt mövqe sərgiləyirdi. Həm də ədəbi ictimaiyyət tərəfindən qəbul olunan müəlliflərin adını çəkir, onların yaradıcılığından misallar gətirir, barışmazlığını, tənqidi fikirlərini faktlarla sübuta yetirirdi. Gerçək ədəbiyyatın təəssübünü çəkən bu adamla tanışlığımdan məmnun qaldım. Baxmayaraq ki, onun tənqidi mülahizələrinin bəzi məqamları ilə barışmadım. Xeyli zaman ötəndən sonra bildim ki, həmin şəxs indi haqqında söz açdığım şair Saleh Qurbanovdur. Sonrakı müşahidələrim ilk təəssüratıma düzəliş verdi. O, həqiqəti tapmaq üçün mübahisəyə can atsa da, sən demə, təbiəti etibarilə mülayim adam imiş.

Günlərin birində bir məsələ ilə bağlı mənimlə görüşmək istədiyini bildirdi. Görüşdük. Maraqlı təklifini ortalığa çıxartdı. Ədəbiyyatda problem sayıla biləcək 7 sual tərtib etmişdi. O, 7 sualı 7 müəllif arasında paylaşmaq istəyirdi. Təklifi maraqla qarşıladım. Suallarla tanış oldum. Mənə elə gəldi ki, suallar xeyli "cəncəl" məsələlərə toxunur. O, məndən reaksiya gözləyirdi. Mən isə fikrə getmişdim. Dözməyib dilləndi:

- Hə, nə deyirsiniz?

Dedim:

- Fikrə getməyim başqa səbəbdəndir. Ciddi məsələlərə toxunmusunuz. Gerçək cavablar kiminsə xətrinə dəyə bilər. Mən "pis adam" olmaqdan çəkinmirəm. 7 sualın hamısına cavab verəcəyəm. Qalan 6 nəfərin cavab verəcəyinə o qədər də inanmıram. Ola bilər ki, daha bir adam suallarınızı cavablandırsın.

Dediyim kimi də oldu. Məndən savayı, Gülafət xanım da Saleh müəllimin tərtib etdiyi sualları cavablandırdı. Sonra mən həmin sualları cavablarla birlikdə mətbuatda çap elətdirdim. Bununla kifayətlənmədim, bu maraqlı mətni kitabıma da daxil etdim.

Saleh Qurbanovun fəaliyyətində ədəbiyyatşünaslıq, tənqidçilik (əslində, təhlilçilik) də özünü büruzə verir. Tanınmış şairlərdən Bahadur Fərmanın, İnqilab İsaqın, Sahib İbrahimlinin və b. haqqında yazdıqlarından yəqinləşdirirsən ki, bu məhsullar ədəbiyyata, poeziyaya dərindən bələd olan bir adamın qələmindən çıxıb.

O, dostluqda, yoldaşlıqda münasib sayılacaq fikir adamıdır. Ona getdikcə artan rəğbətimi bir simvolik qərarımla şərtləndirdim. "Aman ayrılıq" povestimin müsbət qəhrəmanına onun adını seçdim: Saleh müəllim.

Onun dünyası mübahisələr zamanı daha aydın çözülür. Qərarında sabitqədəmdir. Rəqibi qarşısında hər saat geri çəkilən deyil. Onu təkzibolunmaz dəlillərinlə inandırmağa məcbur olursan.

Hərdən mənimlə də mübahisələri dartışmasız keçmir. Xüsusilə, publisistika barədə. O, zənn edir ki, poeziyada publisistik ruh olmamalıdır. Fikrini sübut üçün böyük şairimiz Əli Kərimin yaradıcılığına müraciət edir. Mən isə bu fikrin əks istiqamətində yer alıram. Deyirəm ki, o, çağdaş dövr poeziyasının bətninə obrazlı şəkildə təcəssüm olunan publisistik ruhu qəbul edir və bəlkə də, vacib sayıram. Mən də fikrimin təsdiqi üçün daha bir böyük şairimizin - Məmməd Arazın yaradıcılığına üz tuturam. Məqsədimiz bir-birimizi "təslim" eləmək yox, bir-birimizdən öyrənməkdir.

Saleh Qurbanov hansı şairlərin ustalığında öz şeirlərinin cilasını, ovxarını artırır? "Ver sözə ehya" deyən Məhəmməd Füzulinin, "Öldür məni, gər var isə günahım; Al qanım əllərdə hənalar olsun" ricalı Molla Pənah Vaqifin, "Yanağın qırmızı, buxağın ağdı; Çıraqban eyləyib ağı qırmızı" söyləyən Aşıq Ələsgərin, "Qayıt, yerinə qoy Ayı, günəşi; Qayıt sahmana sal bu kainatı" yalvarışlı Əli Kərimin və bu ruha yaxın olan başqalarınınmı? Maraqlı burasıdır ki, bu bədii qidalanmalardan sonra o, öz orijinal şeirini yaradır, hətta ən döyənək mövzularda belə.

Çox sayda, bir-birindən dəyərli şeirləri olmasına baxmayaraq, Saleh Qurbanov hələ kitab müəllifi deyil. Özümü istəmir, ya maddi çətinlikləmi üzləşir? Bu sirrin açarı məndə deyil.

O yaxşı bilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq istəyənə kitab məsələsi şərt kimi irəli sürülür. Yalnız kitab məsələsinin həllindən sonra üzvlük, üzvlükdən sonra isə Prezident mükafatının qapıları da onun üzünə açıla bilər. Dağlar şairi bu yoldan bilərəkdən yan durur, yoxsa başqa bir maneə var?.. Hələ ki özü bildiyini bizə demir.

 

***

 

Hər həftənin cümə günü görüləsi vacib işlərini yarımçıq qoyub daha vacib bir ünvana - AYB-nin Gəncə bölməsinə üz tutur. Orada bədii sözün sehri var. Saleh Qurban (bu dəfə soy adını belə işlətdim) bütün varlığına hakim olan o sehrin cazibəsindən çıxa bilmir.

 

20-22 aprel 2019-cu il

 

Qərib MEHDİ

 

Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.14.