Nəfəslə yazılan şeirlər
"Formanın müqəddəs
sirri" silsiləsindən
"Ədəbiyyat
qəzeti"nin bu yaxınlardakı
saylarından birində görkəmli şərqşünas
Məsiağa Məhəmmədinin təqdimatı və tərcüməsində
müasir İran alimi və şairi Kədkəninin bir
şeiri çap edilmişdi. Şübhəsiz
ki, Kədkəninin İmadəddin Nəsiminin ustadı Nəimiyə
həsr etdiyi şeir Nəiminin təlimini və buradan
xüsusən Nəsimi poeziyasına adlayan, hardasa
transformasiyaya uğrayan poetik və ideoloji təcrübəni
görmək və anlamaq baxımından böyük məziyyətə
malikdir. Tərcüməçi həmin şeirdəki
ayrı-ayrı misraların və bütövlükdə mətnin
necə "yoğrulub-yapıldığını" usta
şəkildə nişan verir. Fikrimizcə, bu şeirdə ümumən dünya
şeiri və bədii fikrinin keçdiyi yollar da
görünür, onları seyr etdikcə bir çox həqiqətlər
aşkar olur. Və bu hadisəyə elə
Kədkəninin müasir amerikan postmodernist şairi Çarlz
Olsondan gətirdiyi sitat da daxildir. Yəni dəyişməyən
şey - dəyişdirmək iradəsidir. Şeirdə
çox xarakterik olan bir pasaj var:
" -
Hərflər hərəkətin
başlanğıcıdır,
hərəkət isə su və ağac,
ot və
təbəssüm,
məktəbli uşaq və almadır,
Allahın
qırmızı alması!
Mən bu
əlvan üfunəti
Söz-söhbət
suyu ilə yuyacağam,
çünki mənim sözlərim
dənizdən gəlir
və dənizə
tələsir
yenidən".
Oppozisiyaya
diqqət edin: "Mən bu əlvan üfunəti
söz-söhbət suyu ilə yuyacağam" -
"çünki mənim sözlərim dənizdən gəlir
və dənizə tələsir yenidən". Məşhur bir deyim var, şeir heç nəyi,
heç bir sirri açmır, əksinə, onun
üstünü bərk-bərk örtür və qapayır.
Bu şeirdən sənin (oxucunun) duyduğu və
sözlə ifadə edə bilmədiyi şey əslində,
Nəimini "küfr ustadı" adlandıran fanatik
dindarların anlamadığı həqiqətdir. "Allahın qırmızı alması" təkcə
maddi bir şey, təkcə rəng deyil, həm də daim dəyişən,
təzələnən, dənizdən gəlib oraya tələsən
nəsnədir, feyzdir. Allah haqqında
danışan, moizə oxuyan, nitqi ibarələrlə dolu
insanlar bu feyzi duymurlar, elə buna görə aqressiv
davranır, onların mühakiməsinə uyğun gəlməyənləri
kafir adlandırırlar.
Qəfil
çevrilmə, transformasiya baş verir, Kədkəni bu təsadüfdə,
sanki Nəimiyə çevrilir, onun nəfəsini içinə
çəkib Nəsiminin şeirini yazır:
...
Axtarıram
hərflərin yeni nizamını
və
elə bir vəzni ki,
gün
ilə Ruzbehanı birlikdə
mədh
eləyim
və
eşq Tasinini bəstələyim.
Mənim
küfrüm
elə
bir küfrdür ki,
heç
bir Simurq
qanad
çala bilməz
onun zirvəsinə.
Bu mətni tam şəkildə, bütün kökləri
və mənbələri ilə anlamaq üçün ədəbi
ənənələrin eyni zamanda həm keçmişinə,
həm də gələcəyinə "səfər etmək"
zərurəti yaranır.
Belə deyək, müasir psixologiyada "projective"
deyilən bir anlayış var, hər hansı şəxsin
arzu və emosiyalarının başqa bir şəxsə
keçməsini, sirayət etməsini bildirir. Müasir filologiyada
"proyektiv şeir" (projective verse) anlayışı da
var, məsələn, amerikan şairi Çarlz Olson təsdiq
edir ki, "şeir sadəcə şairin yazdığı mətni
qəbul etdiyi mənbələrdən (bunun bir sıra səbəb-nəticə
əlaqələri ola bilər) oxucuya
ötürdüyü enerjidir. Belə olduqda
şeirin özü bütün keçdiyi məntəqələrdə
yüksək konstruksiyalı enerji mənbəyi kimi
çıxış edir. Forma yalnız məzmunun
davamıdır, düzgün forma isə istənilən
şeirdə əl altındakı məzmunun yeganə və
müstəsna dərəcədə mümkün
davamıdır".
Çarlz Olsonun belə bir mükəmməl ideyası
eyni ad altında çap edildikdən sonra başqa bir şair
- Uilyam Karlos Uilyam yazdığı essedə onu daha da
genişləndirdi. Karlos şeirlə, bədii mətnlə
bağlı proyektiv bədii düşüncə vasitəsilə
"sahələr üzrə qurma, yaratma" ideyasını
irəli sürürdü. Qeyd edək ki,
bu ideya əslində Ezra Paundun məşhur ideyasının
başqa bir formada təkrarı idi. Paund üzünü
şairlərə tutub deyirdi: "Siz şeiri metronom
taktları üzərində yox, musiqi frazalarının
ardıcıllığı ilə yazın". Karlos daha
sonra bu ideyasına daha bir orijinal nüans əlavə etdi:
"Şeir hərəkət sahəsidir, hərəkətdir".
Və bu ideya Olsonun irəli sürdüyü
böyük mətnin çərçivəsindən kənara
çıxmadı; Olsona görə, proyektiv şeirdə əsas
məqam nəfəs alıb-vermənin bir sıra qanun və
imkanları ilə bağlıdır, şair... həm də
öz nəfəsini dinləyib yazır.
Kədkəninin
şeirindəki "hərflər hərəkətin başlanğıcıdır"
misrasında yaxşı mənada "bir neçə dərənin
suyu bir yerə qatılıb", belə ki, o, həm Nəiminin
təlimini, həm Olsonun nəzəriyyəsini,
həm də nəfəsini dinləyib şeir yazan Nəsimi və
Müşfiqin, eləcə də bizim bir çox şairlərimizin
"sirrini" faş edir.
Kim ki, pərvanəsifət
eşqə yaxılmaz nə bilir,
Ol nə
bilsin özünü, bilmədi kim, nar nədir?
Nəsiminin bu iki misrasını ənənəvi təhlil
texnologiyasından istifadə etməklə çözsək,
alınan şey bizə olsa-olsa klassik şərh
yönümlü həqiqət parçalarını verər,
ancaq məna tam olaraq gizli qalar və bizdən yan keçər. Ancaq şairin
yaradıcılıq prosesində nəfəsini dinləyib
yazmasını təsəvvür etsək və bunu əsas
götürsək, başqa məsələlər
çıxar ortaya. Bunun üçün
nisbətən müasir şeirə müraciət etməliyik.
Müşfiqin "Küləklər"
şeirinə.
Hər səhər,
hər axşam, hər axşam, hər səhər
Çox
zaman sərsəri küləklər bixəbər
Bir
yaxın dost kimi qapımı döyərlər,
Küləklər,
küləklər, bəstəkar küləklər,
Dünyanı
dolaşan bəxtiyar küləklər!
Bəziniz
qorxulu, bəziniz qorxusuz,
Bəziniz
duyğulu, bəziniz duyğusuz,
Bəziniz
uyqulu, bəziniz uyqusuz,
Küləklər,
küləklər, ey sərin küləklər,
Sizdə
var qoxusu hər yerin, küləklər!
Bu şeirdə hər şey nəfəs kimidir, bir
qavrama, hissetmə digər qavrayışa yol açır və
beləcə şeir nitq aktı kimi davam edir, burada həm də
formanın, sadəcə, məzmunun genişlənməsi,
onun davamı olması fikri təsdiqlənir. Bu iki nəsnə
- forma və məzmun bir-birinə yiyələndikcə nitqə
dönüşən şeirdə hiss edilən nəsnələrin
dərinlik ölçüsü məsələsi meydana
çıxır. Bu məqamda Olson təsdiq
edirdi ki, qafiyədə, metrika və məna ilə müqayisədə
məhz nəfəs şairin əsas qayğısı
olmalıdır. Çünki fikrimizcə,
bunu bilmədən, bütün diqqətini cəmləyib o nəfəsin
keçdiyi yolları tanımadan şeirdə məna
aramağın bir önəmi qalmır. Məntiqi
olan budur ki, heca və misra qulaq və nəfəslə idarə
olunur.
Diqqət
edin:
Ey
çılğın küləklər, nəşəniz
daşarkən,
Bağların
şehindən mey sorub coşarkən,
Nalqıran
dağları atlayıb aşarkən,
Məni də
alınız, uçayım dağlara,
Könlümdə
nə varsa, açayım dağlara!
Gurlayın,
ilhamım, sənətim gurlasın!
Fırtınam,
qasırğam, qüdrətim gurlasın!
Şimşəyim
parlasın, zülmətim gurlasın!
Ey məni
sərazad bəsləyən küləklər,
Bir
dağın başından səsləyən küləklər!
Bu
dağlar, bu nalqıran dağlar Kədkənin şeirindəki
"küfrlə" bağlıdır, yəni Mənim
küfrüm //elə bir küfrdür ki,//
heç bir Simurq//qanad çala bilməz//onun zirvəsinə.
Yəni ən uca məqamda ilahi feyz
hamını səsləyir, hamının, hər kəsin
yolunu gözləyir, orada, o məqamda dünya bambaşqa
görünür, ora çatana qədər gözlərini
yumsan, dağın zirvəsində gözlərini açanda
şübhəsiz ki, nitqini itirə bilərsən. Deməli, Müşfiqin şeiri, əslində,
bizim klassik ənənələrlə, Füzuli və
xüsusən Nəsimi ilə sıx bağlıdır.
Şeirdə nitqin itirilməsi məqamı anidən
baş verir, bunu sezmək belə qeyri-mümkündür.
Bu
şeirdə şairin nəfəslə aldığı
duyumlar bir-birinə necə hörülüb gedir, bir-birini necə
doğurur, nəticədə məna həm itir, həm də
hər yeni misra və bəndlə yenidən zühur edir və
bu dəfə tamam başqa donda və
libasda, həm də özünü dəyişdirərək,
özünü parçalayıb yeni duyumlar, məna "qəfəsləri"
yaradaraq.
Məhz nəfəslə duyulan şeir anlamında. Nəzərdən
keçirdiyimiz poetik mətnlərdə mətnin
"qurulmasının" hər bir ayrıca
götürülən məqamında meydana çıxan
"əşyalar", yəni nəfəslə duyulan və
tanınan, təsbit edilən nəsnələrə
hansısa ideya və rəylərin sırası kimi deyil,
müəllifin virtual olaraq yerləşdiyi sahədə
yaranmış gərginlik sahəsi kimi baxmaq lazımdır. İstənilən bədii mətndə gərginlik
sahəsi mühüm elementdir və onun varlığı
bilavasitə, belə deyək, şairin nəfəsinə gələn
duyumları tutub saxlamaq üçündür. Bunun
izahı, fikrimizcə, aşağıdakı şəkildə
ola bilər. Çünki
Çarlz Olsonun fikrincə, məhz nəfəs (nəfəslə
"görmə") dilin bütün nitq gücünün
geri, yəni öz yuvasına qayıtmasına imkan verir.
Olson bu məqamda qeyd edir ki, nitq bu məqamda şeirin "bərk"
(açılmamış) şəklidir, orda, bu məkanda hər
şey açılmamış tumurcuq kimidir, bütün
sirr, dil açmamış nəsnələr onun içindədir.
Şeir nitqə, eyni zamanda isə onun bərkliyinə,
"açılmamış tumurcuqlarına" yiyələndikdən
sonra burada hər şey - bütün nəsnə və əşyalar
elə tumurcuq kimi görünür və olur. Şairin hansısa mənbədən
aldığı enerji oxucuya keçdikdə o zaman dəyişir
və başqalaşır ki, oxucu bu tumurcuqların
açılma məqamını görə, təsəvvür
edə bilsin. Əsl feyz də elə budur.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2019.- 18 may.-
S.15.