ƏRTOĞROL CAVİD - ÖLÜMƏ TƏRK EDİLƏN

 

"Saat üzərindəki rəqəmlər, sanki əqrəblərin hərəkətinə mane olur"

 

Ərtoğrol Cavid

 

Şəkil 1943-cü ildə çəkilib. Buna şəkil demək olarsa... Tabutdakı Ərtoğrol Caviddir. Bir az əvvəl Hüseyn Cavidin Sibirdə - məhbəsdə əvvəl gözləri tutulmuş, sonra... Sonra şair sepsisdən - ayaqlarının donması və ürək iflici səbəbilə dünyasını dəyişmişdi. İki il sonra isə oğlu hərbi xidmətdə vərəm oldu. Vəfasızlığın hər üzünü görüb hamıdan bezən Ərtoğrol ölümündən bir az əvvəl Naxçıvandan evlərinə yolladığı məktubu "Kimsəyə salam söyləməyin" - deyərək tamamladı.

Cavidin son şəkli NKVD zindanında çəkilib. Ərtoğrolun son şəkli tabutdadır. Bunlara şəkil demək olarsa...

Hans Holbeynin "Ölmüş Məsih" tablosuna bənzəyən bu şəkli ilk dəfə iyirmi il əvvəl görmüşəm. Sonra 2003-cü ildə onun bütün yazdıqlarını bir-bir gözdən keçirdim. Allah bilir, neçə gecəm bu mətnləri kompüterin yaddaşına köçürməklə keçdi... 2005-ci ildə isə 500 səhifədən ibarət ilk kitabını - "Ərtoğrol Cavid: yazıları, rəsmləri, bəstələri, məktubları" kitabını nəşr etdirdim. Yaddaşımdakı Ərtoğrolu isə bu şəkildən xilas edə bilmədim. Necə vardısa, elə qaldı - həyata tamarzı, insanlardan küskün və tabutda!..

"Kimsəyə salam söyləməyin".

2 ay 23 gündür ki, Hüseyn Cavid Sibirdə dünyasını dəyişib. Ailənin bu barədə heç bir məlumatı yoxdur. 1942-ci ilin 28 fevralıdır. Ərtoğrolu hərbi xidmətə çağırıblar. "Xalq düşməni"nin oğlu olduğuna görə cəbhəyə deyil, fəhlə batalyonuna - Gürcüstanda yol tikintisinə göndərilir. Ağır işdə çalışır. Ciyərləri soyuqlayır... 1943-cü ilin martında Tiflisdə qospitala yerləşdirilir...

İlk məktublarında nikbindir. Mart ayından başlayaraq sentyabra qədər yazdığı məktublar isə vərəmlə, ağrıyla, qanla, irinlə və... təsəlli ilə doludur. Beləsini heç oxumamısınız:

"Mən heç zaman belə dolaşıq işə düşməmişdim; hər doktor bir diaqnoz, hər analiz yeni nəticə verir".

"Analizdə kox çöpləri, rentgendə isə böyük ləkələr tapmışlar. Vərəmin başlanğıcıdır".

"İndi işim qalıb Allaha, təcrübə dovşanı kimi, gündə bir palataya keçirirlər".

"Güclü qan gələn kimi morfi vurub yatızdırırlar... gələn laxta qan və irindir".

"Son rentgen göstərdi ki, sağ tərəfdə kiçik yara var, qara ciyərim bir qədər şişmişdir, nervlərim isə tam pozuqdur".

22 aprel. Mişkinaz xanım Tiflisə - qospitala gəlib.

"Həyətdə gəzən xəstələrdən soruşdum. Dedilər ki, o gəzən deyil.

...Yanında tibb bacısı oturmuşdu. Mən içəri girəndə başını qaldırdı... Aman Allah, o iri açılmış qara gözlər, qanı qaçmış o al dodaqlar. Yaxınlaşıb əyiləndə birinci  sözü bu oldu:

- Ağzımdan öpmə.

Ağız nədi, üz nədi, duz kimi yaladım. Dedim:

- Bu nə sözdü. Adam xəstə də olar. Sağalar da. Sənə nə olub?

Dalbadal deyirdi:

- Nə yaxşı gəldin... Yollar çox çətindi, çox əziyyət çəkdin...

- Yox, rahat gəldim.

Ağır-ağır nəfəs alaraq dedi:

- Adamın ki, taleyi döndü, hərtərəfli dönür.

- Canın sağ olsun, inşallah, yaxşı olarsan... Hər şey düzələr.

Ah çəkib:

- Sağalsam... - dedi.

Əyilib üzündən öpdüm:

- Adam ümidsiz olmaz - dedim.

Üzünü yana çevirib yavaş səsnən:

- Yazıq anam - dedi.

Məni qəhər boğdu. Danışsaydım ağlayacaqdım, odur ki, özümü eşitməməzliyə qoydum. Dilim susdu, ürəyim yandı...

Bir xeyli oturdum. Sonra tibb bacısı gəlib dedi:

- Doktor sizi çağırır.

Üzündən öpüb dedim:

- Bir neçə gün burdayam, həkimin "mənim kabinetimdə qalarsan" - deyib.

Sevincli səslə:

- Nə yaxşı, - dedi.

... Qayıtdım yanına, gördüm "Şeyx Sənan"ı oxuyur. Əlindən alıb qoydum pəncərənin qabağına... Dedim:

- Bunları az oxu.

Əlini qaldırıb pəncərədən görünən Şeyx Sənan dağını göstərdi:

- Bəs onu neyliyim?

- Demirəm tamamilə unut. Ancaq dözümlü ol. Kişi səbirli olar.

- İki ay pianonun qabağında otursam "Şeyx Sənan" hazırdı. Çox demirəm, 2-3 dəfə ona dirijorluq edim, sonra...

Pedaqoji İnstitutun ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirmişdi. Sonra girdi konservatoriyaya. Əsgər gedəndə ikinci kursdaydı...

- Sənə heç ümidsizlik yaraşmır...

Dilim deyirdi, amma ürəyimin ümidsiz, narahat döyüntüsünü eşidirdim. Gözümü üzündən çəkmək istəmirdim. Elə bil, ürəyim duymuşdu ki, bu, axır görüşümüzdü.

... Qalmaq mümkün deyil, aparmaq imkanım yoxdu... Onun kəlmə-kəlmə öskürməsi, ümidsiz baxışları ömrüm uzunu unudulmaz. Üzümə baxıb dedi:

- Ana, baba Keşlədə görüşəndə sizi mənə tapşırdı. Mən kimə tapşırım?

Belə deyəndə əlimi qoydum ağzına:

- Bu nə sözdü?

- Arzu etmədiyim sözdü... Ana, mənə vaxt verəndə Naxçıvana gedim.

- Necə istəsən.

... Həkim məsləhət gördü ki, bir az yaxşı olsun, sonra bir adamınız gəlib aparar.

Onu elə ağır halda yataqda qoyub gedən köməksiz ananın vəziyyətini təsvir etmək çox çətindi.

Onun son baxışı, iri açılmış gözləri, solğun bənizi həmişə gözümün önündədi. Var qüvvəsiylə çalışırdı ki, sakit görünsün. Dedi:

- Turanı öpərsən. Salam söyləyərsən. Deyərsən ki, yaxşıyam. Qismət olsa, görüşərik.

- İnşallah, əlbəttə görüşəcəksiniz, o nə sözdü?".

Bu, Ərtoğrolun anası ilə son görüşüdür.

Həmin gün Ərtoğrol anasından xəbərsiz Turana məktub yazır: "Əziz bacım Turan... Məni ən çox düşündürən səni əhatə edən mühitdir - yoldaşların, sənin xarakter inkişafındır. Hər addımda çox ehtiyatlı ol, hamı yalançıdır. Qardaşın Ərtoğrol (22 aprel).

Nədənsə, çox rahatsızdır. 10 gün sonra təkrar yenə yazacaq: "Turan!.. Çalış familəmizin saflığını, ucalığını qoru. Möhkəm ol - qırıl, lakin əyilmə: yaxşı olar ki, çalış kimsə yaxın durmasın. Mümkün qədər kənar, ciddi, soyuqqanlı. Ərtoğrol" (2 may).

Hamı yalançıdır.

Hamı həm də etibarsızdır:

"Qohumlarımdan məktub almadığım üçün məni heç yerə buraxmırlar, deyirlər yalan söyləyirsən, qohumun olsa, yanına gələr, heç olmasa məktub yazar. Doğru da deyirlər... Nə olacağını özüm də bilmirəm. Bir adam dalımca gəlsəydi, dərhal buraxardılar, təəssüf ki, heç cavab da yazmırlar".

"Kimsəyə inanmayın, nə Xəndanın telinə, nə Əzizin çezməyinə, nə də başqalarına, bəlkə, Şamilə də. Hamı yalançıdır...".

"Naxçıvandan naməlum bir adamın gəlməsi ya Hacının, ya da Şamilin uydurmasıdır. Onlara inanmayın. Şamil yazır ki, mənim Tiflisə gəlməyim mümkün deyil. Bir bu cümlə məni iki gecə düşündürdü" (15 may).

"Əgər Naxçıvandakılar vaxtında yemək yardımı göstərsəydi, çoxdan ayağa qalxmışdım" (19 iyun).

"Dünən Məhəmməd dayı gəldi... Məni apara bilməyəcək. Arxamca kimin gələcəyi bəlli deyil... Nə isə" (12 iyul).

"Əgər bir qohum mənim buraxılmağımı, daha doğrusu, komissiyadan keçməmi tələb etsəydi, günlərlə burada qalsaydı, əlləşsəydi, düzələrdi. Eyb etməz, özüm düzəldərəm" (29 iyul).

"Həm Naxçıvandakılar, həm də konservatoriyadakılar susmuşlar. Neçin? Hər kəs özünü düşünür" (7 avqust).

"Kimsəyə salam söyləməyin" (11 avqust).

"...Kimsə məktub yazmır, lazım da deyil" (15 avqust).

Avqustun 11-də, ölümündən 2 ay 3 gün qabaq Ərtoğrolun fiziki yapısı beləydi: çəkisi 51 kq, boyu 168 sm, gücü 90 kq, pauzası 26 saniyə...

Nəhayət, Əziz Şərif sentyabrın 6-da onu Naxçıvana gətirir.

"Nəhayət, Naxçıvana da gəldim. Ümid bağladığım bir adam (Əziz Şərif) məni çox rahat gətirib çıxardı... Saat 7-nin yarısında çatdıq, əvvəl Əzizgilə getdik. Böyük ana qonşu kənddə idi. Şamil Bakıda, Süleyman Culfada, Hacı Bazarçayında... Sanki mənim gəlişimi eşidib qaçmışdılar..." (6 sentyabr).

Ərtoğrol Cavid Naxçıvanda 1 ay 11 gün qalıb...

Sevinci iki gün çəkib...

Sentyabrın 15-dən sonra yazdığı məktublarsa ağrıyla, nisgillə, xəyal qırıqlığıyla doludur. Hər məktub, sanki ölümqabağı fəryaddır:

"Onu bir daha anlayın ki... Siz bura gəlməsəniz nə yeməyim normal olacaq, nə yaxşılaşacam, nə də istirahət edə biləcəm. Bu evdə mən hələ isti yemək görmədim... Daha bir çox, bir çox səbəblər var ki, sizin gəlməyinizi zəruri sayır. Belə vaxtlarda ailənin bir yerdə olması lazımdır. Mümkündür ki, həmişəlik ayrı düşək" (15 sentyabr)

"Burada, sanki hər şey boğur, didir, insanın az qala qəlbi sızlayır. Nə bir dost, nə bir həmdəm. Ən yaxın zənn etdiyim Şamil belə daş kəsildi... Bütün ümidlər boşa çıxdı..." (27 sentyabr).

"Qarnım son dərəcə ağır haldadır. Dünən bütün gün yediyim 2 nəlbəki süzmə qatıq və 7 stəkan çay olub. Böyük ana çox qaba, kəm imiş... Sancı məni həlak edirkən, o, evdə tapılmır, Təzə kəndə quzuları otarmağa gedir; lazım olan yeməklərin heç birini hazırlayamır. Bir sözü gərək 5-6 dəfə təkrar edəsən. Bir neçə gün bundan əvvəl məni hamama göndərib, özü də məndən sonra hamama gedir, açarları da özü ilə götürür. Mən geri dönərkən, bir saata qədər gün altında gözləməli oldum, gecə qızdırmam 39, 1 C çıxdı. Belə mərifətsiz adam təsəvvür edəməzdim. Yazıqlar olsun Xudabaxış dayıya, o, boş yerə öldü, baxanı olmadı.

Turan! Doğum gününü təbrik edirəm, təəssüf ki, bir yerdə pilov yeyə bilməyəcəyik...

Buraların havası müntəzəm deyil. Bir neçə gün bərk soyuq oldu, ətraf dağlar qarla örtülmüşdür. Bəziləri qış paltarı geymiş. (Bu evdə isə bir dənə də olsun kişi paltarı yoxdur, böyük ana hamısını satıb. Həm Xudabaxış dayının qırxı çıxmamış. Məhlədə heç kəs ona hürmət qoymur. Gəlişimə çox peşmanam). Daha nə yazım. Mümkün qədər burdan tez çıxmağa çalışacağam. Hələlik. Bərk-bərk öpürəm Sizləri. Ərtoğrol. 28 sentyabr. Naxçıvan".

Hələ altı ay əvvəl Tiflis qospitalının həyətindəki xəstələr Mişkinaz xanıma demişdilər axı, o, gəzən deyil, yəni yataq xəstəsidir. İndi altı ay sonra dərmansızlıqdan, qidasızlıqdan getdikcə ağırlaşan halını necə təsəvvür edəsən...

Və ölümündən 7 gün əvvəl evlərinə yazdığı son məktub: Dava-dərman istəyir. "Lazımi yemək yeyə bilmirəm. Heç olmasa, dərmanla özümü saxlayım... Tez gəlməsəz dəlixanaya düşəcəm".

Sonra sükut. Məktublar bitir...

Sonra xatirələr: Ərtoğrolda son günlər qəribə bir şakər əmələ gəlmişdi. Tez-tez dırnağına baxırdı:

- Ərtoğrol, niyə dırnağına baxırsan?

- Burda bir xətt var, o göyərəndə mən öləcəm...

Ümumiyyətlə, Ərtoğrol necə can verib? Son anında yanında kim var idi? Son sözü nə olub? Bu barədə heç kəsin xatirəsi yoxdu...

Sonra yenə xatirələr. Amma bu dəfə yalan xatirələr... Ölümündən altmış il sonra kimsə Ərtoğrola lazım olan dərmanları "alıb gətirir". Kimisi onunçün "dadlı yeməklər hazırlayır"...

Son məktubları isə bu xatirələrin üstündən qara bir xətt çəkir. Cavidin oğlu heç kəsdən minnət götürmür.

Ərtoğrol 1943-cü il oktyabrın 14-də dünyasını dəyişib... Vida şəkli çəkdiriblər. Dəfnə gələn qohumları isə bu şəkli mənə göstərəndə Turan xanım tanıtdırmışdı: Cavidin bacısı oğlu Süleyman Məmmədov, Şeyx Məhəmmədin xanımı Zərri, Mişkinaz xanımın anası Şahsənəm, Şeyx Məhəmmədin qızı Rəna, akademik Kamal Abdullanın xalası Zərri, Cavidin bacısı Səltənət, Mişkinaz xanımın qardaşı Məhəmməd və Əziz Şərifin dayısı Əbdüləzim Rüstəmovun xanımı Matan. Cənazəni yerdən qaldırmaq üçün cəmi iki kişi var: Süleyman və Məhəmməd... Vida şəkli çəkiləndən sonra tabutu arabaya qoyublar və araba aramla, cırıltı salaraq həyətdən çıxıb...

Cavid oğlunu Tuquş deyib əzizləyirdi.

Tuquş belə tamama yetdi... Ağrılar içində, insanlardan küskün, həyata tamarzı...

Ölümə tərk edilən adam kimi...

Yarımçıq əlyazmalar.

Yaşca məndən xeyli kiçik olsa da, özü demişkən, gəncliyi təzadlarla bəslənən Ərtoğrolun yazdıqlarını çapa hazırladıqca ondan çox şeylər öyrənirdim. Məsələn, Pedaqoji İnstitutda Bəkir Çobanzadənin, Mikayıl Rəfilinin, Əli Sultanlının tələbəsi Ərtoğrol Hüqonun, Belinskinin, Gertsenin, Turgenevin, Fişerin, Heynenin, Tolstoyun, Brandesin, Koqanın, Morozovun, Altmanın, Zelinskinin, Veberin - ümumilikdə 36 müəllifin Şekspir, antik yunan mifologiyası... barədə yazdıqlarından bəhs edirdi. Hamletin mənşəyini tədqiq edirdi. Norveç tənqidçisi naturalist Brandesdən Hüqoya qədər hamının, hətta ilahiyyatçıların, hüquqşünasların, asketlərin görüşlərini, Şekspirlə bağlı yazılmış mənbələri, yaxud "Hamlet"in qaynaqlarını bir-bir çözürdü. Sakson Qrammatikin "Danların tarixi", Fransua de Belforestin "Tragik tarix", Tomas Kidin "İspan faciəsi", Esxilin "Orest" və b. qaynaqlara nəzər yetirirdi... Amletlə Hamleti qiyaslandırır, məşhur yeddi monoloqu şərh edirdi... "Hamlet"dəki Kölgənin mənşəyini Tomas Kiddə, Esxilin "İranlılar"ında axtarırdı. Ərinin qatili Botvellə ərə getmiş Mariya Stüartla Ofeliyanın oxşar talelərində paralellər arayır, "Hamlet"i yaradarkən Şekspirə Brunonun atomistik materializminin təsirindən, Montenin Sokratı müdafiə nitqinin Hamletin "ölüm-olum" monoloqu ilə tarixi-ədəbi uyarlığından bəhs edir, Hamletin melanxolik psixolojisini deyil, daha çox onun bədbin mühitini tədqiqatının hədəfinə çevirirdi.

1937-ci ildə Hamlet və təkcə "Hamlet" deyil, "İlahi komediya", "Gülən adam", "Həyatın dibində", "Don Kixot" 18 yaşlı Ərtoğrol üçün bir rəmz idi. Və o, Faustu, Hamleti, yaxud "deyirsən ki, kütləyə qoşul, lakin mənim ruhum təkliyə uymuş, mən dünyaya nifrət edirəm", - deyə ifadə etdiyi Bayronik tənhalıqları qara taleyinin, dönük bəxtinin yazısına, izharına vəsilə etməyi bacarmışdı.

Ərtoğrol yazmaq istədiklərini yazmağa macal tapmayıb, darmacalda yazdıqları isə əfsus ki, illər uzunu ədəbiyyatşünaslığın diqqətindən kənarda qalıb. Amma qalmamalıydı. Çünki bu yarımçıq əlyazmalar, tamamlanmamış bədii mətnlər və təkcə bədii mətnlər deyil, Ərtoğrolun naturalizm, simvolizm, dadaizm barədə qeydləri ötən əsrin otuzuncu illərindəki ədəbi düşüncəmiz barədə o illərin bir sıra məşhur yazılarından daha aydın təəssürat yarada bilir. Yeniliklərə meyil edən şair idi. 18 yaşı vardı. İlk qələm təcrübələrini yaradır, ispan qadınının dilindən qeyri-adi ölçüdə layla yazır, şeirlərini "qafiyəsiz, sərbəst şeirlər" adlandırırdı. Poeziyanın ənənəvi qəlibində deyil, hətta Cavid üslubunda da yox, üzünü Avropaya - Uitmenlərə, Verxarnlara çevirmiş müəllimi Mikayıl Rəfilinin təsiri ilə şeirimizin yeni üslublu örnəklərini yaratmağa cəhd edirdi. Poeziyaya ənənəvi olmayan, alışılmamış intonasiya, ritm və obrazlar silsiləsi ilə gəlirdi. 1938-ci il idi. Azərbaycanda ilk sərbəst şeirin yazılmasından 12 il keçmişdi. Və hələ ki, Azərbaycanda sərbəst şeir "antisosial, antimarksist ruhlu bir sənət məktəbi" hesab olunurdu. Amma hər şeyə rəğmən, Ərtoğrol özünün təbirincə "qafiyəsiz, sərbəst" şeirlər yazmaqda israrlıydı:

 

- Mavi geyinmiş gülümsər qız,

Sən nə qədər gözəlsən!?.

- Lakin... gözəllik nədir?

- ...Sənin açıq alnını,

almas yanaqlarını,

lalə dodaqlarını

günəşin ilıq busəsi bəsləmiş...

Sənin can alışını,

O cazib baxışını,

Uf!.. ürəyim çırpınır.

- Neçin?

- Çünki gözəlsən,

Çünki sən gözəlliksən!..

Ruhu utandıran varlıq,

Gözəllik yalnız sənsən...

 

Həm də 1939-cu ildə "Düşüncələrim" essesini yazır, bildirirdi ki, "dahi müstəqil düşüncəsi quruluş propaqandasına qapılmayanlardır. İdeoloji propaqandaçılıq müstəqilliyi pozur". 30-cu illərdə isə bu cür düşünənlərimiz, demək olar ki, yoxdu.

Nə olsun ki, o illərdə çap olunmayıb. Amma yetər ki, ədəbi fikrin sosrealizm məngənəsində sıxıldığı 1937-ci ildə ədəbiyyatımızda Qogensayağı yaradılmış belə bir mətn situasiyası var: "Mən kiməm? Nə etməliyəm? Babam (Hüseyn Cavid) bir günəş idi, yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Buludlar onun atəşli işıqlarını udmaq istədilər... Patlatmaq! O mənhus karvanı patlatmaq lazımdır. Top mərmiləriylə təbiətin anası günəşi yavrusundan ayıran dumanlar səltənətini patlatmaq. Mən o atəşləri simfoniya ilə ifadə edəcəyəm".

Ərtoğrol Meterlinqə istinadən, "ruhun insanda təzahür forması susmaqdır" - deyirdi. "Şüur danışmaqsa, ruh sükutdur. Susmaq əsas ideyadır... Ümumiyyətlə, ölüm yoxdur. Ölənlər başqalarının təsəvvüründə yaşayırlar. Ruh da budur". 17 yaşında fəlsəfənin bu qatlarına nüfuz edə bildiyi üçün, Bayrona istinadən, Konfutsi - "İncil", Sokrat - Müqəddəs Pavl müqayisələrini apara bildiyi üçün, Dantenin Cəhənnəmində susmaq əzabına məhkum edilənlərin fikir qatına endiyi, enə bildiyi üçün Ərtoğrolun 1938-ci ildə xaosa düçar olmuş dünyada sükutun harmoniyasını axtarması təbii idi: "Həyatın əzabını ilk duyduğum gündən uzun vaxt sonra, ilk sevincli saatlarımı yaşayıram. O gün (3.VI-1937) ailəmizi öylə bir donuq sükut bürüdü ki, o sükutun əks-sədaları indi belə qulaqlarımdan getməmiş və getməyəcək. Sükutun əks-sədası olurmu? Bu hal olmuyan bir cismin kölgəsi qədər gülüncdür. Sükutun əks-sədası yenə sükutdur. Səs metal tellərin titrəyişi, cisimlərin toqquşması, hava dalğaları ehtizazı isə, sükut qəlb tellərinin titrəməsi, gerçək həyatla arzuların toqquşması, idrakın dalğalanması deməkdir. Ən qorxunc səs müxtəlif elektrik qütblərinin çaxnaşması - yıldırım, uçurumlardan qıjıltı ilə hücum edən şəlalə, nəriltisi ilə ərzi titrədən topların gurultusudur. Lakin içinizdə iradənizlə hisslərinizin çaxnaşmasını, arzularınızın həyat uçurumundan yuvarlanıb, gerçəklik qayalarına çırpılaraq parçalanmasını, ruhunuzu oxşayan gözəl bir qızın baxışlarından qəlbinizə atılan atəşi duyun, dinləyin! Hankisi dəhşətli? Hankisi sarsıdıcı? Əvvəlki səsli hadisəmi, sonrakı səssiz vulqanmı? Əvvəlki səsmi, sonrakı sükutmu? Budur sükutun hikməti".

"İblis"də "Susmaq, o da başqa dürlü fəryad / Həp bənliyim oldu, sanki bərbad..." - deyən Hüseyn Cavid 1937-ci ildə susdurulandan sonra oğlu Ərtoğrol "Sükutun harmoniyası" yazıya köçürür və onu belə bir gizli imza ilə işarələyirdi: "TOƏC". Yəni Türk Oğlu Ərtoğrol Cavid türk ruhunun semiotik harmoniyası Azərbaycanda bu şəkildə qorunurdu.

"Sükutun harmoniyası" həm də simfoniyalaşdırmaq istəyirdi. Yəni bəstəkar ola bilərdi. 1940-cı ildə Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən Ərtoğrol 1940-42-ci illərdə konservatoriyada təhsil almışdı. Üzeyir bəyin tələbəsi olmuşdu... Not vərəqlərinə baxıram. Bu həyəcanlı və tələskən dəst-xətt onunkudur. Çox şey yarımçıqdır. "Böyük simfonik orkestrin müşayiəti ilə lirik-dramatik tenor səsi üçün romans-kapriççio" da, piano üçün "Serenada" da, "Matəm marşı" da, Skripka və fortepiano üçün konsert, "Sonatina"... Ancaq bitkin, kamil əsərləri də var. Nizaminin sözlərinə "Gecə xəlvətcə bizə çeşmi xumar gəlmiş idi", Cəfər Cabbarlının "Bir mən idim, bir sən idin" şeirinə, Kəminənin sözlərinə "Leylanın vəsfi", Tahir Rasizadənin şeirinə yazdığı "Səninlə olaydım" romansları, Nigar Rəfibəylinin sözlərinə "Eşq olsun" mahnısı... Üzeyir Hacıbəyova ithaf etdiyi "9 variasiya" yaradıcısının psixoloji (və sosial) durumunun fonunda dinləmək əzabverici olsa da, variasiyalar küskün və qaranlıq deyil. "9 variasiya" dinləyicisini kədərlənməyə qoymur... 30-cu illərin sonunda onun ürəyindən romantik mövzularda əsərlər: "İblis" vokal-uvertüra-kantatası, Cavidin eyni adlı əsəri əsasında "Şeyx Sənan" operası yaratmaq keçirdi... "Şeyx Sənan"ın birinci pərdəsinin librettosunu da yazmışdı. Nigar Rəfibəylinin "Məhsəti" poeması əsasında opera bəstələməyə hazırlaşırdı.

Ərtoğrolun yazıçılığı da, bəstəkarlığı da bir-birilə əlaqəli, bir-birindən ayrılmazdır. Avropa və rus bəstəkarlarının - Şopenin, Motsartın, Raxmaninovun, Rimski-Korsakovun... romans mətnlərinin ekviritmik tərcümələrini gerçəkləşdirən Ərtoğrola görə "tekstin məzmunu Azərbaycan stilinə" uymalıydı, "fiqurasiyalar deyil, hər hecaya bir not düşməsi münasib" idi və s. Məsələn, Şopenin "Arzu" romansının mətnini 21 yaşlı Ərtoğrol belə tərcümə etmişdi:

 

Daima parlayan günəş olsam mən,

Yalnız sənin üçün parlaram həmən.

O zaman meşələr unudulacaq,

Yaddan çıxacaq, ancaq...

İzlərəm səni, sevgilim, pəncərəndən

Səninçin parlayıb, gülümsərəm mən.

 

Amma biz onda da indiki kimiydik. Ərtoğrol fiziki və elə mənəvi baxımdan da sıradan çıxarıldıqdan sonra onun tərcümə etdiyi not yazıları tərcüməçinin imzası unudularaq nəşr olunub: Şubertin "Orqançı", Motsartın "Beşik nəğməsi", Ştrausun "Bahar nəğməsi", Kyüinin "Toxundum gülə", Rimski-Korsakovun "Hindli qonağın nəğməsi", Cordaninin "Ey sevgilim", Raxmaninovun "Yasəmən", Qreçaninovun "Layla" və digər əsərlərin nəşri zamanı onların mətnini Azərbaycan dilinə çevirən Ərtoğrolun adı bilərəkdən unudulub.

Ərtoğrol barədə ilk yazıda - Anarın  "Böyük sənətkarın sənətkar oğlu" məqaləsində Fikrət Əmirovun belə fikirləri var: "Qəti əminəm, qalsaydı musiqimizin ən görkəmli xadimlərindən biri olacaqdı. Həm istedadlı bəstəkar kimi, həm də çox ciddi musiqişünas alim kimi musiqi həyatımıza çox şey verə bilərdi".

Və təkcə bunlar deyil. Musiqi Elmi Tədqiqat Kabinetinin əməkdaşı Ərtoğrol burda çalışdığı qısa müddətdə əllidən artıq folklor nümunəsinə elmi rəy yazıb, el sənətkarlarının dilindən yazıya köçürdüyü çoxlu şeir nümunəsi var, not yazısına aldığı xalq musiqi örnəkləri yetərincədir.

Mən onun yazmaq istədiyi "Ciman" povestinin dağınıq səhifələrini bir araya gətirib, əsərin bütövünü, tamını oxumaq istəyirdim. Yazılış qaydası fərqliydi, rəsm kimi, bəzən kalliqram şəklində, eskiz kimi və dağınıq. Yarımçıq əlyazma bir az da palimsest təsiri bağışlayırdı. Oxuduqca ortaya belə bir mətn çıxırdı: "Nə soyuq mənzərə: günəşin son şüaları ilə sönən səma, mülayim sərinlik, məğrur ağaclar, mışıl-mışıl uyuyan yarpaqlar, məzarlıq - ölülər vətəni". Ərtoğrol yarımçıq yazının - "Ciman"ın əsasında "Ciman" baleti yaratmaq istəyib. Onun da librettosu yarımçıqdır... İlk səhifələri eskiz halında olan "Professorun ailəsi" kinossenaridir və o da yarımçıqdır. "Bir epizod", "Rəqs", "Vərəmli qız", "Sənsən, sən" bəlkə də, avtobioqrafik bir romanın parçalarıdır. Burda "Küçələrdə intihar" səhifəsi də olacaqmış, "sevgilisi ilə bir kamerada" olan məhbus obrazı da yaradılacaqmış, əsərlə bağlı qeydlərin arasında "ac ananın balasını bişirməsi" səhnəsi də nəzərdə tutulub... Yazılacaq nə əsərdisə burda "əbədi ruhi sevgi deyil, ani bir həzz məqsədilə qollar, bacaqlar, döşlər sıxılaraq bir-birinə qovuşur", "XX əsr mədəniyyəti" "V"-ni aldadır. Səkidəki dilənçi çocuqdur. Yarımçıq və dağınıq əlyazmadakı "sərsəm kor bu böyük dünyaya tək gözlə baxır". "Pianoçu səfil yetimxanaya gəlir"... Personajlardan biri "sanki biləklərimi bir zəhərli maddə deşir, çıxmaq üçün bir yer axtarır" - deyir, "donuq qarlı bir gecədə soyuq ay ölmüş və kəfənə bürünmüş təbiətə ağlayan dənizə gülür" və "günəş hər şeyə can verirkən canlar gəmirən vərəm mikroblarına da can verir". Əsərdə "simvolika" da var: "xəstə qız günəşi sevir, dumanlı həyata nifrət edir". Əsərdəki obrazlardan biri Dəli qızdır, digəri Yazıçıdır ("- Möhtərəm yazıçı, masanızdakı güzgü nə üçündür?") və s...

Dünyaya rəssam gözüylə baxan Ərtoğrol burada da - çəkdiyi rəsmlərdə də yarıda qalıb. Baxmayaraq ki, bu təsvirlər, bu epizodik cizgilər, sərt və dəqiq ştrixlər onun böyük rəssam gələcəyindən soraq verir. Çəkdiyi "Meşə orkestri", əslində, yaşadığı cəmiyyətin təsviridir. "Qızıl gül"ləri hüznlüdür. Şekspirin, Bethovenin, Hüseyn Cavidin... portretlərini yaradıb. Abbas Mirzə Şərifzadəni Şeyx Sənan və İblis obrazlarında çəkib. "Ağlayan uşaq" adlı bir rəsmi də var. "Ağlayan uşaq"ın halını, ovqatını ifadə edən bu cümlə də onundur: "Həyat ağlamaq qədər çətindir".

Yaşasaydı, yaşamağa imkan versəydilər, fikir tariximiz ikinci, bəlkə, daha parlaq bir Cavidlə zənginləşəcəkdi... Şairdi, nasirdi, rəssamdı, bəstəkardı, folklorçuydu, pedaqoqdu, dramaturqdu, ədəbiyyatşünasdı, dilçiydi, kinossenarilər yazmaq istəyirdi... Şahmata meyil edirdi. Riyaziyyatçı fəhmi vardı. Amma 24 yaşı tamam olmadı. Çırpındı. İstedadının çiçəklənməsinə, duyğularının pərvazlanmasına macal tapmadı. Nə yazdısa, yarıda qaldı. Heç nəyi sona çatdıra bilmədi.

"Adamın ki, taleyi döndü, hərtərəfli dönür".

 

Azər TURAN

 

Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.18-20.