Meyarlar və əyarlar
"Fəhmin fəthi" silsiləsindən
ikinci yazı
"Dünyanı
ölçülər idarə edir"
Spinoza
Dahi Nizami
Gəncəvi "İskəndərnamə" əsərində
belə bir fikir söyləyir: "Mənim fəqanım"
təndürüstsüzlüyündəndir.
Mütəfəkkir şairi fəryada məcbur edən
cəmiyyətdəki təndürüstlüyün -
harmoniyanın pozulmasıdır. Kainatda hər şey
müəyyən bir ritmə tabedir. Kainat
dəqiq ritm üzrə hərəkət edir. Varlıqda hər şey harmoniya şəklindədir.
Ən dəqiq ritm yaranmışların ən
alisi olan İnsan ürəyinin döyüntüsüdür.
Ürəyin döyüntüsü pozulanda
aritmiya əmələ gəlir, insanın halı pisləşir,
özünü idarə edə bilmir. Ritm
insan fəaliyyətinin ölçüsü,
mizanıdır, sənətin meyarıdır. Təbiətdə də, cəmiyyətdə də
hər şey ritmə, harmoniyaya müəyyən
mizanıdır, sənətin meyarıdır. Təbiətdə də, cəmiyyətdə də
hər şey ritmə, harmoniyaya müəyyən mizana
tabedir. Harmoniya pozulsa, kainat öz mehvərindən
çıxar, dünyada təbii fəlakətlər baş
verər. Təbiətdə harmoniya
Tanrı qanunları ilə, cəmiyyətdə harmoniya
İnsan qanunları ilə tənzimlənir. Cəmiyyətdə harmoniyanın pozulması,
müharibələrə, inqilablara, kataklizmlərə, nəticə
etibarilə insan həyatının faciələrinə səbəb
olur. Təbiətdə harmoniyanın pozulması zəlzələlərə,
vulkanlara, daşqınlara, qasırğalara, sunamilərə gətirib
çıxarır...
Sənət əsərləri ona görə estetik təsir
bağışlayır ki, onlar mükəmməl harmoniyaya əsaslanır. Sənətdə
və gözəllikdə harmoniya pozulmur, mizansızlıq
yaranmır. Bədii söz rəsm,
mahnı insana o zaman estetik təsir göstərir, zövq
verir ki, sözün, rəsmin və musiqinin ritmi insan qəlbinin
döyüntüsü ilə üst-üstə
düşür, onu tamamlayır.
Gözəllik ritmini - harmoniyanın vizual şəkli
onun obrazıdır. "Dünyanı gözəllik xilas edəcək"
(F.Dostoyevski) fikri təsadüfi deyilməyib. Gözəlliyi tapmaq, sənətdə - sözdə,
səsdə, rəng çalarlarında əbədiləşdirmək
insan təfəkkürünün və təxəyyülün
ən böyük hünəridir. Tanrı
təbiətdə, insan sənətdə özünü əbədiləşdirib.
Buna harmoniyanın ram edilməsi də demək olar.
Təbiətdə
olduğu kimi, cəmiyyətdə də hər şeyin əyarı
var: qızılın qızıl əyarı, misin mis əyarı,
yağın da, şorun da eləcə... Və əbədi
meyarlar mövcuddur: həqiqət, ədalət, mərhəmət
və s. Fikrin meyarı həqiqətdir, hökmün
meyarı ədalət, idrakın və qəlbin meyarı mərhəmət...
Meyarlar düz olmayanda əyarlar pozulur. Bütün
meyarları tənzimləyən mexanizmə qanun deyilir. Dövlətin mövcud olduğu cəmiyyətlərdə
dövlət qanun (Ana Yasa), dövlət olmayan cəmiyyətlərdə
insanlıq qanunu hökmfərma olur. Qanunun
aliliyi cəmiyyətin kamilliyi və xoşbəxtliyidir.
Qanun dövlətlə xalq arasında münasibətləri tənzimləyən
meyar, harmoniyanı - qarşılıqlı anlaşmanın
pozulmasına yol verməyən ali bir
qüvvədir. Azadlıq və müstəqillik
milli əxlaqın, dövlət əxlaqının və vətən
əxlaqının möhkəm olduğu cəmiyyətdə
mümkündür. Hələ XII əsrdə dahi Nizami
öz utopik - gözəl xəyali cəmiyyətini təsvir
və tərənnüm edərək yazırdı:
Bizdə
bərabərdir hamının varı,
Bərabər bölürük bütün malları.
Vaxtilə proletariatın rəhbəri, revanenst
inqilabçı V.Lenin "Dövlət və inqilab" əsərində
yazırdı ki, "proletariat diktaturası qanunla tənzimlənməyən
siyasi dövlət hakimiyyətidir". Bu hakimiyyət
Rusiyada və onun müstəmləkəsi altında olan milli
respublikalarda "bir kabus dolaşan" Avropada böyük hərc-mərclik
əmələ gətirdi. Ümumiyyətlə,
diktatura olan yerdə imperiyanın törəməsi
labüddür.
Təndürüstlüyün yaranması bizim ədəbiyyatı
da həmişə düşündürüb və narahat
edib. Xüsusən, 60-cı illərdə totalitar sovet
rejiminin və onun ədəbi ideologiyasının
basqısı bir qədər zəifləyəndə
(Xruşşov mülayimləşməsi!) şeirimizdə bu
ovqat gücləndi. Rəsul Rzanın "Rənglər",
Bəxtiyar Vahabzadənin "Baş", Məmməd
Arazın, Xəlil Rzanın şeirləri buna misal ola bilər:
Böyrəyi,
ürəyi dəyişmək asan
Bəs başı?
Bu yerdə
bir qədər dayan!
Hər
şeyi dəyişir axı, baş, beyin
Baş özü başları necə dəyişsin.
İnsanın
adına, şərəf-şanına
Deyirəm gəlməzmi bundan bir ləkə?
Bir nadan
güvənib öz imkanına
Dahinin başına göz dikdi bəlkə?
Həkim,
təbiəti gəl hakim sayaq
Hifz edək
bir səsin yüz ahəngini
Gücümüz
çatsa da
Gərək
pozmayaq
Bəzən təbiətin öz ahəngini.
Milli
şairimiz M.Arazın poetik sualı bəyanat kimi səslənirdi:
İti
bazarında atından baha
Mən belə dünyanın nəyindən
küsüm?!
Hər gün millətin zövqünü (və əsəblərini!)
korlayan, əvəzində yüksək fəxri adlarla
mükafatlandırılan, bu azmış kimi, öz
aralarında bir-birlərini "primadonna", "diva",
"qızıl şlyager", "canlı əfsanə"
adlandıran şou müğənnilərini göz
önünə gətirirəm... Milli-mənəvi sərvətimiz
olan bədii ədəbiyyatımızı, mədəniyyət
və incəsənətimizi təhqir etməkdən belə
çəkinməyən bir sıra şou əhli bu gün
televiziyaların ekranlarında meydan sulayır, at oynadır,
bunu hamı görür və heç kim
heç nə demir. Bu halda hansı meyarlardan,
hansı əyarlardan danışmaq olar, biz hara gedirik?!
Əlbəttə, müstəqil Azərbaycanımızda
bu gün cahanşümul işlər görülür,
möhtəşəm binalar, körpülər tikilir, yollar
çəkilir, qeyri-neft sektoru görünməmiş vüsətlə
inkişaf edir, sənaye parkları salınır. Dünya
dövlətlərini, Qərbi və Şərqi birləşdirən
qaz kəməri, dəmir yolları çəkilir. Əhalinin sosial-iqtisadi durumu ilbəil
yaxşılaşır, əməkhaqları və təqaüdlər
artır, ölkə Prezidenti cənab İlham Əliyev əzmlə
xalqın içərisinə gedir, adamlarla
görüşüb hər kəsin problemini yerindəcə
həll edir. Onun rəhbərliyi ilə Azərbaycan
uğurlu müstəqil xarici siyasət aparır, bizi əhatə
edən üç böyük dövlət - Türkiyə,
İran və Rusiya ilə balanslaşmış siyasət
qarşılıqlı münasibət yaratmağa nail olub. Bu gün Azərbaycan dünyanın döyünən
ürəyinə çevrilib, onun ritmini müəyyənləşdirir.
Meyarların
pozulmasında ümumən Dünya çapında müsbət
(və demokratik!) proses kimi qəbul edilən qloballaşma
kürəsəllik müəyyən rol oynadı. Qloballaşmanın nəticəsi olan sərhədsiz
dünya ilk zərbəni milli meyarlara vurdu. Avropa alimləri özləri də qloballaşmaya
heç də birmənalı yanaşmırlar, onun tarixi əhəmiyyətilə
barabər, tarixi nöqsanları haqqında da söz
açırlar.
Milli müəyyənliyin, milli kanonların
pozulmasının qarşısını almaq, həm ictimai həyatda,
həm də məişətdə milli müqaviməti
artırmaq müasir ictimai fikrin başlıca vəzifəsidir. Bunun
üçün adət-ənənələri, milli
mentaliteti qorumaq dövrümüzün tələbidir. Avropalıların, Qərb ideologiyasının bizə
(və türk - müsəlman ölkələrinə) israrla
sırıdığı gender bərabərliyi bizim mənəvi-əxlaqi
birliyimizə vurulan zərbədir. Bizim -
türk müsəlman mühitinin tarixi ənənələri
müstəvisində bərqərar olmuş öz gözəl
xüsusiyyətləri var. Avropa və qismən Rusiya
mühitini əsaslı şəkildə sarsıtmış
genderçiliyə bizim mühitdə yer yoxdur. Ehkamları vaxtı çatanda dağıtmaq
lazımdır. Ehkam və imperiyalar
vaxtında dağıdılmayanda ictimai-tarixi əngələ
çevrilir.
Bu gün öz tarixinin şərəfli bir
dövrünü yaşayan Azərbaycan cəmiyyətində
də meyarsızlıq sindromu yaşanmaqdadır. Əlbəttə,
biz narahat dünyada, fəqət, rahat bir ölkədə
yaşayırıq. Dövlətimizin
başçısı bacarıqlı və uzaqgörən
kapitan kimi ölkəmizi nəhəng dalğaların
arasından keçirərək inamla tarixin zirvələrinə
doğru aparır. Dünyada ən qədim
və böyük ayrılıq insanların dinlərə,
irqlərə görə ayrılmasıdır. Sonra, xüsusən, bizim dinimizdə məzhəb
ayrılığı yarandı. XX əsrdə
siniflərə bölündük. Bolşeviklər
və menşeviklər kimi yaşamağa məcbur olduq.
İndi də regionlara
bölünmüşük. Buradan da meyarsızlıq
yaranır: xristianlar xristianı, müsəlmanlar müsəlmanı
ön plana çəkir, Ari irq anlayışı irqlər
arasında ayrılıq salır, bir millətin içində
bizim elli sizin ellidən üstün
tutulur... Bu isə həqiqəti təhdid
altında qoyur, istedadlı və ağıllı adamlar,
futbol termini ilə desək, ovsayt vəziyyətində
qalır, yaxud süni olaraq bu vəziyyətə
salınır. Nəticədə, cəmiyyətdə
ümummilli tarixi-siyasi mühitin formalaşması çətinləşir,
həqiqət qapı arxasında qalır. Məhkəmələrdə (ümumən inzibati
orqanlarda!) rüşvət həqiqəti əvəz etməli
olur.
Böyük filosof Spinoza "Dünyanı
ölçülər idarə edir" deyib. Ölçülər
pozulanda dünya idarəolunmaz hala gəlir. Meyar mahiyyəti
ifadə etməlidir, misin əyarı ilə
qızılın əyarı eyniləşəndə, yaxud
bilərəkdən səhv salınanda, necə deyərlər,
"şələ lələni basır, körpü
qalır çaydan o tayda...".
Bu gün meyarsızlıqdan ən çox əzab
çəkən ziyalılardır. Ziyalılar da siyasi mövqeyə
görə bölünür: həmişə siyahıda
olanlar və heç vaxt siyahıda olmayanlar, ya da bu
siyahıya düşməyənlər. Ziyalılar,
əslində, hər bir cəmiyyətin üst təbəqəsidir.
Mənim müsahibələrimdən biri belə adlanır:
ziyalılıq kütləvi ola bilməz.
Ziyalılıq da istedad kimi Allah vergisidir, insan mənəviyyatının,
ünsiyyət mədəniyyətinin ali məqamıdır.
Ziyalısına (həqiqi ziyalıya!) qiymət
qoymayan cəmiyyətin gələcəyi yoxdur. Ziyalılar cəmiyyətin kompasıdır. Gələcəyin taleyi onlardan asılıdır.
Ümumən cəmiyyətdə, xüsusən də
ziyalı (!) təbəqə arasında
meyarsızlığın bariz ifadəsi yaltaqlıqdır. Qorxaqlıqdan
və ələbaxımlıqdan törənən
yaltaqlıq ən ədalətli meyarları ayaqlayıb
keçir. Görkəmli şair Ələkbər
Salahzadənin poetik suallarını xatırlayıram:
Yaltaqlığın
kökü varmı,
Yaltaqlığın layı varmı?
Daş qatında,
tunc qatında
Görən yaltaq tapılarmı?
Yaltaqlıq tarixən, həmişə olub. Fəqət,
söhbət onun əndazəsindən gedir. Böyük
Nizami demişkən, "Artıq içiləndə dərd
verir su da"... Yaltaqlar sağlam inkişafa mane
olur, onları cəzalandırmaq lazımdır. Yaltaqlıq cəmiyyəti içdən
dağıdan güvədir. Yaltaqlıq
olan yerdə həqiqət ortaya çıxa bilməz.
Cəmiyyətdə meyarsızlıqdan ən çox əziyyət
çəkən həqiqi ziyalılar - alimlər, şairlər,
musiqiçilər, rəssamlardır. Kütlənin (hərçənd
ki, bu ifadə mənim qətiyyən xoşuma gəlmir!)
marağı gündəlik ehtiyacları ilə məhdudlaşır.
Ziyalılar isə vətənin, millətin və
dövlətin taleyi üçün məsuliyyət
daşıyır, bu, tarixin onlara həvalə etdiyi
missiyadır.
"Sözün
doğrusunu danışmaq hünərdir" - deyirdi
böyük Mirzə Cəlil! "Pisi pis, əyrini
əyri, düzü həmvar yazım" - bu da onun
silahdaşı "böyüklər içində
böyük" (Y.Qarayev) Sabirin səsidir.
Onlar hər ikisi sözün düzünü deməyin
ağrısını, acısını yaşamalı oldu. Lakin millət
və tarix bu gün onları ehtiramla təsdiq edir. İstedadla yaradılmış ədəbiyyat
"ağrı yaddaşının" (Y.Qarayev) ifadəsidir.
Ümumən, sənət cəmiyyətin
ağrılarına qucaq açır. Acı
həqiqət sənətin cövhəridir. O həyat sənətin
cövhəridir. O həyat həqiqətini obrazlı şəkildə
təsvir, tərənnüm və təqdim edir. Sənətkar və sənət siyasətə
qarışanda həqiqət meyarını, bədii
simasını itirir. Sənət siyasətdən
yüksəkdir, siyasət ötəri, sənət əbədidir.
Həyatda və sənətdə əbədini
ötəridən ayırmağı bacarmaq hər bir cəmiyyətin
gözəllik meyarıdır.
Bir tənqidçi kimi, yazılarımda həmişə
estetik meyarın bədii mahiyyətə (əyara!)
uyğunluğunu qorumağa çalışmışam. Əmin
olmuşam ki, düzgün (və ədalətli!) meyar həyatda
və sənətdə gözəlliyin rəhnidir. Onu təkcə dərk yox, həm də fəhm etmək
lazımdır. Fəhm etmək xüsusi bir
istedaddır, vəhy peyğəmbərlərə, fəhm
dahilərə məxsus ali keyfiyyətdir.
Dahi "qəlb şairi" Füzuli "dərk et" demir, "fəhm qıl" deyirdi. İdrak yalnız görünən aləmi, fəhm
isə gizli aləmləri görməyə qabildir. Fəhmin
meyarı hüdudsuzluqdur, taleyi Tanrının
ixtiyarındadır...
Meyarlar əyarları
əks etdirməyəndə millətin taleyi
dolaşığa düşür, cəmiyyət tarixin
düzgün yolunu tapa bilmir, yolundan sapır.
Zamanlar və nəsillər bir-birini inkarla əvəzləyərək
davam edir.
Zaman su kimi axır. Antik yunan filosofu Fales deyib ki, "Bir dəfə
girdiyin suya bir də girmək olmaz", hər şey dəyişir,
meyarlar da, əyarlar da. Fəqət, dəyişməyənlər
də var: ədalət, həqiqət, vicdan, cəsarət,
şəxsiyyət və mərhəmət... Bunlar
zamana baxmır.
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.22.