Malik Otarbayev
Qazaxıstanın Cambıl vilayətində doğulub. Süleyman Dəmirəl Universitetini
bitirib. Əl Fərabi Qazax Milli
Universitetinin Beynəlxalq əlaqələr və xarici siyasət
fakültəsində işləyib. "Kalamger" ədəbiyyat
jurnalının baş redaktoru, Uluslararası Türk
Kültürü Təşkilatı TÜRKSOY-da Qazaxıstan
Mədəniyyət və İdman Nazirliyinin təmsilçisi,
Qazaxıstan Respublikasının Türkiyə səfirliyinin
üçüncü katibi vəzifələrində
çalışıb. Qazaxıstan
Yazıçılar Birliyi Rəyasət Heyətinin
üzvüdür. Qazaxıstan
Respublikası Gənclər Birliyinin "Sərpər" və
beynəlxalq Cambul mükafatlarına layiq görülüb.
"Oykazan" (Düşüncə
qazanı), "Bir Hayırı Var Dünya" hekayə
kitablarının və "Sonsuz Mutluluk" teatr əsərinin
müəllifidir. Bundan başqa, qazax ədəbiyyatından
14 əsəri türk dilinə, türk ədəbiyyatından
4 əsəri isə qazaxcaya tərcümə etmişdir. Bir çox hekayəsi beynəlxalq qəzet və
jurnallarda çap olunmuşdur.
Qağayı
nağılı
Səsi,
bərə gəmisinin uğultusunda boğulmasına
baxmayaraq, gənc adam, dənizin ona hiss
etdirdiyi bir sevinclə "E-hey, e-hey!" deyərək
rüzgara qarşı uçan qağayılara səsləndi:
Sonra səsinin yetdiyi qədər bağırdı. Hər yerdə belə bağıra bilməzdi.
Bunu yalnız Tanrı dağlarına
çıxdığı zaman edə bilirdi.
Tölegen Süleymaniyyə məscidində namaz
qılmağa yetişə bilməyəcəyinə görə
əndişələndi. Namazdan sonra, məşhur
Erzincan Əli Baba restoranında quru fasulyə yeyəcəkdi.
Həftə sonlarında tarixi yerləri ziyarət
etməyi çox sevirdi. Buna görə də
dənizlə səyahət etməyi qərara
almışdı.
Qağayıların
qanadları arasından süzülən ağ
dalğalara baxdı. Bu sehrli dalğaların səsi ilə, sərnişinlərin
dalğalara atdığı çörək
qırıntılarını qapan qağayıların
başdöndürücü uçuşuyla
daldığı nağıllar dünyasından onu
xırdavat satan səyyar
satıcının "Açarlıq istərsənmi, qardaş"
səsi ayırdı. Açar zəncirini gərəyi
olmadığına görə almadı. Narahat
adamların qayğılarına əhəmiyyət verməyən,
Asiyadan hərəkət edib Avropa sahillərinə doğru tənbəl-tənbəl
yaxınlaşan bərə gəmisi sabit bir sürətlə
yoluna davam edirdi.
Boğaz suları Tölegenin gözlərini
qamaşdırdı. İçində həm qələbəliyi,
həm də tənhalığı barındıran dəniz
də eynilə onun özünə bənzəyirdi. Bərə gəmisi qağayıların
müşayiətində Eminönü limanına
yaxınlaşdığı zaman minarələrdən azan səsi
yüksəlməyə başladı. Tölegen
bərə gəmisindən enib Süleymaniyyə məscidinə
doğru üz tutdu. İstanbulun
üçüncü təpəsi üstə əngin bir
ucalıqda xəyalları süsləyən məscidin minarələri,
namaz oxunduqca daha möhtəşəm
görünürdü.
Qübbələrin ətrafında uçuşan
göyərçinlər mollanın yanğılanan səsinə,
sanki qulaq kəsilmiş kimi qanad səslərini qısaraq
uçuşurdular. Köhnə zamanların yükünü
daşıyan yaşlı çinar ağacları
rüzgarın xəfif xışıltısıyla azan səsinə
yoldaşlıq edər kimiydi. Ətrafda
oynayan dilənçi uşaqların nəşəli
gülüşləri, sanki məscid həyətindəki məzarların
yalqızlıqlarını unutdururdu.
Məscidə daxil olan Tölegen mollanın arxasında
sıraya durdu.
Bu müqəddəs məkanın sirli atmosferi
xarici dünyadan tamamilə fərqlənirdi. Namazın sonunda molla uzun-uzadı dua etdi. Onun duası bir yalvarış, bir içini
boşaltma idi. Göyə açılan əlləri,
sanki səmalar uzağına dəyəcək kimiydi. Bəlli ki, qəlbi yaralıydı, dünyada
baş verənlərdən narahatdı. Kəlmələri
təsbeh çəkər kimi bir-bir ipə-sapa düzür,
uc-uca calayırdı:
"Ey uca Allahım, biz daima sənin
işığına həsrət qatı bir kölgə
içindəyik". Üzümüzdə su qalmadı,
düşüncələrimizdə həyat. İndi, sanki öz qorxularımızın dəliliyini
yaşayırıq. İki
qatlanmışıq. Doğrulub hərəkət
edə bilmirik. Günahkar tövbə bilməz,
izləyənlərdən səmimi bir səs çıxmaz.
Bizi biz edən insani dəyərlərimizi
itiririk. Günahlarımız dənizləri
çirkləndirəcək böyük və ürpərdiricidir.
Bir-birimizi öldürür, günahsız
insanları ağladırıq. Dəniz
belə biz insanlar üzündən bağrına düşən
insan övladını çarəsizlikdən sahilə
atdı. Allahım, çətinliklərimizi
dərgahına açır, səndən dərman istəyirik.
Ümidimizi ümidsizliyin insafsızlığına buraxma...
Dua başa çatdıqdan sonra deyilənlərin təsiri
altında məscidə toplaşanlar
üyüşmüş ayaqları ilə yerlərindən
qalxaraq bayıra çıxmağa başladılar. Onları qapıda dilənçi
uşaqlar qarşıladı: Dilənmək üçün
ən münasib an, mollanın uzatdığı duaların
ardından gələn andı, dilənən uşaqlar bunu
bilməmiş deyildi. Tölegen mollanın
söylədiklərindən o qədər təsirlənmişdi
ki, bir müddət olduğu yerdən qalxa bilmədi. Gözləri doldu. Qağayının
gözlərində gizli olan masmavi dənizin qaranlıq
taleyini görmüşdü bir anda. Dənizin
qaranlıq dalğalarında çalxalanan qayıqda qorxu
içində gözləyən insanlar gözləri
önündə bəlirdi. Şaxtalı
gecənin qaranlığında ölümə sarılan
uşaqları gördü və ürpərdi.
Onların sağ-salamat sahilə çıxmasına kömək
et, deyib əl açıb göylərə
yalvardı.
Sonra
bazarda alver edən anasını, taksi sürücüsü
olan təqaüdçü atasını və
qardaşları Ayman və Aybekin bu anda nə iş
gördüklərini, harada olduqlarını
düşündü. Onlara da dua etdi. Ailəsinə qovuşmağı və süfrə
başında oturub onlarla uzun-uzun danışmağı
arzuladı.Atasının maşınını yuduğunu,
anasına bazar işlərində kömək etdiyini,
qardaşlarıyla birlikdə kitab oxuduğunu xəyal etdi.
Gözlərindən damla-damla yaşlar
axmağa başladı. Ailəsi, anası
ilə atasının dadlı təbəssümləri
üçün darıxmışdı, həm də lap
çox.
Tölegen ətrafa baxdı və içəridə
kimsənin qalmadığını gördü. Bayıra
çıxıb dərin bir nəfəs aldı. Yüzillər öncə böyük bir sənətkarlıqla
tikilmiş məscidə baxdı. Mərmərdən
tikilmiş bu tarixi əsəri uzun müddət ayaqda saxlayan
daşların dayanış gücünə heyrət etdi.
Əgər bu daşlar hardasa ayaq altında
qalsaydı, o, yalnız bir daş olardı, bir kimsə onlarla
maraqlanmazdı. O daşlar bu ölümsüz əsərin
- məscidin bir hissəsi olduğuna görə dəyər
qazanmışdır. İnsan oğlu da belə
deyil mi? O da özünə uyğun bir yer taparsa, dəyərli
olur. Heç kəs evindən uzaqda, amansız
qaranlıq dalğalarda qalmamalıdır Məscidin yan
küçəsindəki tarixi restorana doğru irəliləməyə
başladı.
Restorana
uzanan səki üzərində oynayan suriyalı uşaqlar,
Tölegenin gəlişini gözləyirmişlər kimi onu
görər-görməz önünü kəsdilər:
"Allah rizası üçün", - deyə əllərini
uzatdılar. Və bununla da qalmayıb yalvara-yalvara arxasınca
düşdülər. Köhnə,
cır-cındır paltar geymiş və çılpaq
ayaqlarına neylon çəkələt keçirmişdilər.
Saçları kirdən bir-birinə
yapışmış, gözləri zığ içində
idi.
Azca irəlidə söhbət edən qadınlar
Tölegenin soyuqqanlı yerişini görüb öz dillərində
dilənçi uşaqlara səslənib
dağılmalarını istədilər. Ətrafını
bürüyən uşaqlar, sanki qadınların sözlərinə
bəndimiş kimi dərhal Tölegeni izləməyi
buraxıb ətrafa dağılışdılar.
Tölegen qadınların gözlərinə baxmadan tez
keçib getmək istədi. Gözlərinə
baxmadı, çünki dilənçinin gözlərinə
baxanda üç-beş quruş vermək lazım olduğunu
yaxşı bilirdi. Ancaq onlara deyil, həqiqətən
də ehtiyacı olanlara yardım etmək istəyirdi.
Restorana çatar-çatmaz gözlənilməz bir iş
oldu. Bir anda incə barmaqlı bir əl pencəyinin qoluna
toxunaraq xəfifcə çəkişdiyini hiss etdi:
- "Allah üçün kömek berinizşi
ağda!" dediyini duydu. Diksindi. O, zəif
bir ədayla ona qazaxca səslənənə tərəf
dönüncə yalvaran gözlərlə baxan kiçik bir
qız uşağını gördü. Bu
qızcığaz ona qazaxca "Allah rizasına kömək
edin", - deyə yalvarmışdı.Tölegen
çaşqınlıq içində:
- Sən
kimsən, kimin qızısan? - deyə
soruşdu.
Qırmızı yamaqlı paltar geyən və
saçları vız-vız olan qız uşağı səsini
çıxarmadı. Bəlli ki, Tölegenin qazaxca
danışması qızı
çaşdırmışdı. Ona belə
bir sualın veriləcəyini gözləmədiyi tutqun sifətindən
görünürdü. Bir anlıq
çaşqınlığı üzərindən atandan
sonra gülümsəyərək, bu səfər türkcə:
"Nə olur, Allah rizası için!" - deyə
əlini uzatdı.
Tölegen
həm qazaxca, həm də türkcə yeniden soruşdu:
"Sənin anan, atan hardadı? Kimin kimsən
varmı? Burda nə işin var? Yoxsa itginmi düşdün? Adın nədir sənin?".
Qız yenə cavab vermədi. Tölegen,
qızın gözü bərabəri çömələrək
incə əllərindən tutdu. Mərhəmətlə
baxdı:
-
Acsanmı? Bu gün yemək yemisənmi?" dedi.
O anda
insanın içini sızladan bir duyğu və hüzün
dolu təbəssümlə qızın gözləri
parladı və aç olduğunu söyləyərək
ağlamağa başladı. Gözlərindən
süzülən yaşlar, əsmər yanağındakı
tozlara qarışıb cızıq-cızıq izlər
buraxırdı.
Tölegenin kiçik qızla
danışdığını fərq edən qadın
sürətlə yanlarına gəldi. Siyah baş
örtüsünü düzəldərək qızın
qolundan yapışdı. Yapışmağıyla
da tələsik yanına çəkdi. Yarıtürkcə,
yarı öz dilində qızı təsəlli etməyə
çalışdı. Ağlamağa
davam edən qız qadının uzun ətəyindən
yapışdı. Arıq üzlü, əsmər
qadın şuxluğunu itirmiş gözlərilə
Tölegenə baxdı.
Tölegen qadına Qazaxıstandan buraya oxumaq
üçün gəldiyini, iki ildir İstanbulda
yaşadığını, kimsəyə də bir zərərinin
toxunmayacağını, kiçik qıza sadəcə yemək
yedirmək niyyətində olduğunu tələsik başa
salmağa çalışdı.
Qadın
qızın başını oxşayaraq:
- Bax,
övladım, o da sənin kimi qazaxmış. Böyük
qardaşın sayılır", - dedi. Kiçik
qız qadının ətəyin buraxmadı.
Tölegen israrla onlara birlikdə yemək yemələrini
söylədi.
Çünki kiçik qızın necə
buralara gəlib çıxdığı, ailəsinin yox, bu
qara başörtülü, sönük baxışlı
suriyalı qadının yanında olduğu çox
maraqlandırırdı.
Qadın:
- Yox,
sağ olun, - dedi. Sonra kiçik qızı çəkişdirərək:
- Gəl,
- dedi. Restoranın arxasına gedək birlikdə?
Oraya atılan yeməkləri alarıq.
-
Çöplükdənmi, - deyə
çaşqınlıqla və təlaşla soruşdu
Tölegen. Onun bu cür çaşırmağına heyrət
edən qadın Tölegenə:
- Qardaş,
sən də bizim kimi uzaqlardan gəlmiş qəribsən. Vəziyyətimizi başa düş. Həm
biz də az deyilik. Qələbəliyik,- deyə az aralıda duran çılpaq
ayaqlarına neylon çəkələt geymiş
uşaqları və analarını başıyla işarət
etdi.
Bir
solğun bənizli kiçik qıza, bir də az
aralıda duran uşaqlara baxdı Tölegen. Yanındakı
pul hamısına birdən yemək almağa yetməzdi.
Bir an duruxduqdan sonra:
- Siz
burada gözləyin, mən indi restoran sahibiylə
görüşüb qayıdacam, - deyərək
yanlarından sürətlə ayrılıb restorana doğru
addımlarını yeyinlətdi. Bu məşhur
restoranın sahibi Məhmət bəy Tölegeni
tanıyırdı. Necə tanımayaydı, namaz
qıldıqdan sonra restorana yeməyə gələn
qıyıq gözlü çox adam yoxdu
ki?! Məhmət bəy Türk dünyası
sevdalısıydı. Buraları ziyarətə
gələn orta asiyalı tələbələrə tez-tez
yemək alardı. "Bizlər oralardan gəldik.
Sizlər kimi qardaşlarımız olmasa, biz
buralarda yalqız qalardıq, - deyərdi.
Tölegen həyəcanla Məhmət bəyə
olanları söylədi və kiçik qazax qızla
suriyalı qadın və uşaqlara yemək sifariş etmək
istədiyini, hesabı daha sonra ödəyə biləcəyini
söylədi.
Məhmət bəy əvvəlcə təklifə müsbət
yanaşmadı, amma sonra Tölegenin israrına dayana bilmədi:
-
Canın sağ olsun, dostum! Pul-para almaram. Həm də bu gün çox şükür,
işlər yaxşı gedir. Sənə
bir şey deyimmi? Bizləri suriyalı
qardaşlarımızdan da soyutdular. Müsəlman
müsəlmana acımaz oldu. Təbii ki, hər millətdə
beş quruşa dəyməyən insanlar
var, amma madam sən "Allah rızası
üçün!" dedin, çağır gəlsinlər.
Biz burda yaxşılıq etməyəcəyiksə,
nəyə lazımıq?
O anda
dünyalar Tölegenin oldu.
Davamı gələn sayımızda
Malik OTARBAYEV
Tərcümə etdi: Məmməd
İSMAYIL
Ədəbiyyat qəzeti.- 2019.- 18 may.-
S.25.