Razyezd
Həyatda elə peşə sahibləri var ki, mütləq bədii obraza çevrilməlidi. Çünki mahiyyətində mifoloji məna daşıyır. Stansiya
gözətçisi, yol
nəzarətçisi, yolayıran,
qatar bələdçisi
belə personajlardan biridir. Onlar iki dünya
arasında, dünyaların
sərhədində yaşayan
mifik varlıqlardır.
Bəlkə də ona görə də razyezdlərdə, dəmiryol
stansiyalarındakı evlərdə
yaşayan bu sirli varlıqların ətraf üçün məchul qalmaları bu üzdəndir? Onların çox kədərli gözləri olur. Çünki içlərində müthiş tənhalığı
yaşadırlar.
A.S.Puşkin dahi şair fəhmi ilə bunu hiss etmişdi və "Stansiya gözətçisi" kimi
"bir inci"ni (L.Tolstoy) rus nəsrinə bəxş etmişdi. Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının
qəhrəmanı Edigey
də, xalq şairi Nəriman Həsənzadənin "Nabat
xalanın çörəyi"
avtobioqrafik povestində
Alməhəmməd kişi də bu qəribə personajlar sırasındadır!
Çingiz Aytmotovun Edigeyi Allahın unutduğu Sarı-Özək çöllərində,
Boranlıda yaşayır:
"Boranlı razyezdində
yaşamaq üçün
gərək hünər
olsun. Ayrı cür mümkün deyil, yoxsa məhv
olub, gedərsən! Çöl ucsuz-bucaqsız,
adam balaca.
Çölə heç
bir şeyin dəxli yoxdur...".
Sarı-Özək çölünün razyezdində
yaşayan Edigey də "bir işin qulpundan yapışmadımı, şəraitə
uyğunlaşmadımı, burada kök ata bilmədimi, çətin ki, tablaya bilsin. Ötən
vaqonlardan baxan bəzi adamlar heyrət eləyirlər ki, ilahi, insan
da bu yerlərdə
yaşaya bilər!
Hara baxırsan çöldən-dərədən
başqa heç nə görmürsən...
("Gün var
əsrə bərabər").
Alməhəmməd kişi
"yoldəyişən idi",
yəni qatarların taleyini dəyişirdi! Yunan mifologiyasında Xaron qayıqla ölülərin ruhlarını
yola salan kimi, o da, Səlim
kişi də, Edigeydə qatarları "başqa dünya"ya yönəldirdi.
Klassik psixoanalizdə qatar "o dünya"
ilə bağlı simvolik obrazdır.
Alməhəmməd kişini qaranlıq şpalların üstü
ilə yeriyən, qatarları yönləndirən
mifik personaj kimi, onun budkasını
isə sirli, mistik məkan kimi təsəvvür edirəm.
Maraqlıdır ki, povestdə Alməhəmməd kişinin
obrazı daha çox gecə ilə, qara epiteti ilə bağlı təqdim edilir ki, bu
da taleyin mistik işarətləridir. "Kişi
gecədən durub işə gedərdi",
yaxud: "Qaraca fəhlə... üst-başı
mazuta bələnirdi...". "Nabat xalanın
çörəyi"ndə Səlim kişinin son cümləsi Alməhəmməd
kişi ilə bağlı son xatırlamasıdır.
"Qiyam, sən
anadan olanda Alməhəmməd kişinin
budkasında oturub çay içmişik.
Sonra adam yola çıxıb yolu yoxlamağa, mən də gəlmişəm evə...".
Alməhəmməd kişi,
sanki ruhlar aləminə və yuxular səltənətinə
qarışır.
Nəriman Həsənzadə atasının
iş yoldaşının
- dəmiryolçu Səlim
kişinin portretini yaxşı xatırlayır.
"Səlim kişi vağzal gözətçisinin köməkçisi
işləyirdi. Enli kəmərindən
daima səliqə ilə loğalaqlanıb qablarına qoyulmuş üç bayraq asılırdı. Onların yanından
da eyni ilə
qara zurnaya oxşayan bir dəmir tütək.
Özü "rajoq" deyərdi.
Fermanın çobanları
tütəklə sürüləri
necə otarırdılarsa,
Səlim kişi
də parovozları bu "rajoq"la elə otarırdı. İrəli get, geri dön, sağa burul, sola dön, dayan, çıx
get... "Rajoq"ı necə çalırdısa,
bunların hamısını
parovozlar başa düşürdü. O bir
dəfə də səsini çıxartmazdı.
Sərnişin qatarının gəlməsinə
on-on beş dəqiqə qalmış
çıxıb perronda
zəngi çalardı.
Qatarların vaxt cədvəlini
Poylu camaatı saatla yox, Səlim
kişinin zəngi ilə hesablayırdı".
...Dava təzəcə qurtarmışdı. Camaat acından
qırılırdı. Babam Namaz kişi külfətini
yığıb Rustaviyə
gətirir. Onda şəhər təzə-təzə
tikilirdi. Hərf
tanımayan, dil bilməyən kişi
birtəhər razyezdə
işə düzəlir.
Yoldəyişən vəzifəsini yerinə
yetirir. Razyezd iki dəmir
yolunun arasında alman əsirləri tərəfindən salınmış
altı-yeddi otaqlı
stansiya xidmət binasından, yolayıranın
budkasından ibarət
idi. Bir də hardansa,
zavod tərəfdən,
ya da kanaldan
gələn su xətti vardı. Zavod rəhbərliyinin rəhmi
gəlib su xəttini bağlamırdı.
Burda bir neçə azərbaycanlı ailəsi
məskunlaşmışdı.
Evin arxa tərəfindən Tiflisə,
Bakıya sərnişin
qatarları şütüyüb
keçirdi. Bəzən sərnişin qatarı
dayanmalı olurdu və səbirsiz sərnişinlər platformaya
tökülüşürdü. Etnoqraf çöl təcrübəsi
obyektini, sivil dünyanın unutduğu ekzotik yeri necə
öyrənirsə, sərnişinlər
də razyezdəki bu evi elə
müşahidə edirdilər.
Gecələr evin qabağında dayanmış vaqonların
qara kabus kölgəsi otaqlara düşürdü. Səhər fit verə-verə parovoz gəlirdi, maşinist kepkalı başını
kabinədən çıxarıb
evi salamlayırdı.
Mazutlu neft çənləri, taxta-şalban, çınqıl
və sement dolu vaqonlar xortumları
ilə bir-birinə qoşulurdu və dinməz-söyləməz parovoz
dalınca hərəkətə
gəlirdi. Evin pəncərə
şüşələri silkələnirdi.
Babam budkasından çıxıb
tez yol dəyişirdi
və qatar
ehtiyat yolu keçirdi. Maşinist qatarın tüstü
mesajını göylərə
göndərib tində
gözdən itirdi.
Babam dağ adamıydı. Parovozun qorxunc
görünüşü, relslərin taqqıltısı
onu vahiməyə salırdı. Razyezdin o biri başından da, bu biri
başından da qatar eyni
vaxtda çıxsa, kişi gerçəkdən
təşvişə düşürdü.
Xüsusən yolun hərəkət
göstəricisində qırmızı
işıq aramsız
həyəcan səsi
çalanda çox təntiyirdi.
Bir gün quzeylərdə qar üçün, güneylərdə
sarı çiçəklər
üçün, göylərin
dəli gurultusu, alaçıqları döyəcləyən
yağışlar üçün
kişinin ürəyinin
başı göynədi. Nənəmi kəndə qaytarmaq üçün nə qədər dilə tutdusa, xeyri olmadı.
Gecələrin birində Başkeçid
dağlarına, Qarabulağa
qayıtdı, yəni
o gedən getdi. Nənəm
və altı uşaq qaldı iki dəmir yolunun arxasında, razyezddə...
Frans Kafkanın
yarımçıq, yığcam
bir hekayəsi var. Hekayə "Kaldaya gedən yol haqqında xatirə" adlanır. Bu yol
Kaldaya qədər çəkilməli imiş,
amma hansısa səbəblər üzündən
dayandırılır. Yolun ziyanla işləməsinə
baxmayaraq, onu bağlamaq da istəmirlər.
Hekayənin qəhrəmanı Sibirdə,
tikintisi yarımçıq
qalmış birotaqlı
stansiya binasında tək-tənha yaşayır. O, gün
ərzində iki qatarın gedib-gəlməsini
müşahidə edirdi.
Yolun çəkilişindən qalmış
şpalları da onun otağına yığmışdılar. Onun bir kimsəsi yox idi. İldə-ayda bir sərnişin azıb gəlməsə, hansısa
avara, təhlükəli
bir adam
gecə qapısını
döyməsə, tamam
unudulardı. Ətrafdakı
beş kəndin
camaatı ilə (arabir ərzaq almağa gedirdi) əlaqə saxlamırdı. Başını qatmaq üçün
tərəvəz əkmək
istəyir, amma donmuş torpağı yazda əkməyə gücü çatmır.
Toxum da cücərmir. Arada inək saxlamaq fikrinə də düşür.
Yalnız ayda bir dəfə
inspektor onu yoxlamağa gəlirdi, qapını dizi ilə açırdı.
Onun aylığını (maaşını) gətirirdi
və qazandığını
da əlindən alıb gedirdi. Həmişə qeydlər kitabında
səhv axtarırdı.
Yoxlama - təftişdən
sonra araqdan vururdular, topcan üstündə ayı yuxusuna gedirdilər...
Nənəmin və babamın
Borçalıdakı taleyini
düşünəndə, nədənsə, Kafkanın
həmin hekayəsini xatırlayıram...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2019.-
18 may.- S.27.