Bir daha "xalq şairi"
İ.A.Krılov haqqında
Reyhan Mirzəzadənin
"Böyük və qüdrətli rus şairi və
yazıçısı İvan Andreyeviç Krılov"
kitabına dair
Yazımızın başlığında "xalq
şairi" ifadəsini dırnaqda işlətməyimiz təsadüfi
deyil. Səbəbi:
birincisi, İ.A.Krılovun dövründə və hətta
çox sonralar belə fəxri ad işlənmirdi; ikincisi, bu
ifadə məşhur rus tənqidçisi V.Q.Belinskinin
Krılov haqda dediklərindəndir. Dediyi isə belə səslənir:
"Krılov Rusiyada hələ heç kəsin ala bilmədiyi
"xalq şairi" adına bütün
yazıçılarımızdan artıq layiqdir; rus xalqı
başdan-başa savadlandıqda, Krılov dərhal bu ada layiq
olacaqdır. Hələ bu azdır, Krılov
başqa şairlərimiz üçün də xalqa doğru
gedən yolu açacaqdır". Haqqında
söhbət açmaq niyyətində olduğumuz tədqiqat
Reyhan Mirzəzadənin "Böyük və qüdrətli
rus şairi və yazıçısı İvan
Andreyeviç Krılov" kitabıdır. V.Q.Belinskinin epiqraf kimi seçdiyi bu sözlərlə
başlayır.
Müəllif haqlı olaraq Krılovun rus ədəbiyyatındakı
yeri və ümumiyyətlə, təmsil janrının
inkişafında rolu ilə bağlı digər
tanınmış yazıçıların mülahizələrini
də epiqraf kimi verir (N.V.Qoqol, D.Bednı və b.). Və bundan
sonra başlanan yazısında, sanki onlarda səslənən
müşahidələr əsas götürülür.
Qısa bioqrafik oçerkdən sonra
yaradıcılığa komedioqraf və nasir kimi başlayan ədibin
bu sahədəki bədii cəhətdən hələ kamil
olmayan əsərlərinə qiymət verən monoqrafiya
müəllifi əsasən onların tənqid hədəfini
cəmiyyətdə hökm sürən sosial ədalətsizliklərə,
milli dəyərlərə xor baxan, əcnəbilərin
qarşısında baş əyən yuxarı sinfin nümayəndələrinə
ünvanlayır. Biz burada "monoqrafiya"
sözünü işlətdik, amma kitabın informativ-maarifləndirici
formatına müvafiq onu daha çox tələbələr
üçün hazırlanmış dərs vəsaiti
adlandırmağı məqsədəuyğun sayırıq.
Kitabda yazıçının satirik-jurnalistik fəaliyyətinə,
hətta yaratdığı lirik şeirlərə də kifayət
qədər diqqət yetirilir.
Əlbəttə, əsas söhbət Krılovun təmsil
sahəsindəki (197 nümunə) xidmətlərindən
gedir. Müəllif doğru olaraq dünya ədəbiyyatında
təmsil janrının tarixinə nəzər salır və
təbii ki, Ezop, Lafontenin adlarını çəkir. Və bu məsələdə zənnimizcə,
maraqlı bir məqamın üstündə dayanmağı
lazım bilirik. Məsələ dünya ədəbiyyatı
tarixində iqtibas probleminə aiddir ki, bunun bir ucu A.Veselovskinin
məşhur "səyyar süjetlər" nəzəriyyəsinə
gedib çıxır. Krılovun təmsilləri
ilə bağlı ədəbiyyatşünaslıqda
külli miqdarda yazılar mövcuddur. Bizim toxunduğumuz
iqtibas probleminin Krılova aidiyyətdə xüsusi maraq
doğuran mənbə məşhur rus romantiki V.A.Jukovskinin
aşağıda gətirdiyimiz mülahizələri
sayıla bilər: "Hər biri özünəməxsus
olan təmsil yaradan Lafonten, buna baxmayaraq, orijinal şair kimi qəbul
olunur. Səbəb də aydındır: başqalarının
uydurmalarını iqtibas edən Lafonten, onların heç
birindən bu iqtibası yaraşdıran və
özününküləşdirən üslubun
qeyri-adiliyini, hiss və fikirlərini, sadəliyin xarakterini
iqtibas etməmişdir... Təhkiyə Lafontenə məxsusdur, ... poetik təmsildə isə təhkiyə
əsasdır. Krılov, əksinə, (təmsillərinin
çoxunda) Lafontendən həm uydurmanı, həm təhkiyəni
iqtibas etmişdir: lakin orijinal müəllif kimi, onun haqqı
yalnız başqalarının fikirlərini, hisslərini,
dühasını iqtibas etməyin yüksək məharətindədir.
Heç bir etirazlardan çəkinməyərək, biz qətiyyətlə
deyirik ki, yamsılayıcı - şair orijinal müəllif ola bilər... Nəsrin tərcüməçisi
- quldur, şeirlərin tərcüməçisi - rəqibdir...
Krılov mahir tərcüməçilərin sırasına
aid edilə bilər və bu səbəbdən birmənalı
orijinal şair adına layiqdir". (Tərcümə
bizimdir - L.S.).
Əlbəttə,
burada söhbət, mahir də olsa, məhz adət etdiyimiz tərcümədən
getmir, iqtibas edilən süjet, motivlərin yaradıcı
transformasiyasından, milli adaptasiyasından, milli ruhun süzgəcindən
keçib, qüdrətli poetik istedadın "malına"
çevrilməsindən gedir.
Jukovskinin qeyd etdiyi rəqiblik məhz belə bir iqtibas
faktlarına aiddir. Eyni zamanda kitabda rus ədəbiyyatında
da təmsilin ilk yaradıcılarının - A.Kantemir,
A.Sumarokov, J.Xemnitser, J.Dmitriyev (XVIII əsr) - adları qeyd
olunur. Lakin bunlarla müqayisədə
İ.A.Krılovun milli ənənəyə söykənərək
janrı ən yüksək mərhələyə qaldırdığı
(həm məzmun, həm bədiilik cəhətdən)
vurğulanır.
O ki
qaldı Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında
təmsil janrının tarixi ənənələrinə,
haqqında sözügedən kitabda bu məsələyə
də toxunulur. Bəzi tədqiqatçıların məlum
mövqeyindən ("Təmsillərin vətəni - qədim
Şərqdir") çıxış edən müəllif
janrın ilk nümunələrini məşhur hind abidəsi
"Kəlilə və Dimnə", Sədi, Cəlaləddin
Rumi, Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd
Füzulinin yaradıcılığında axtarır. Bəlkə də, qeyd olunan nümunələrdə
janrın rüşeymlərindən danışmaq daha məqsədəuyğun
olardı. Çünki hər bir əfsanə,
pritça, alleqoriya, nağılvari süjet hələ təmsil
demək deyil, baxmayaraq ki, hər bir təmsildə
nağılvari süjet, alleqoriya mövcuddur.
Əsas diqqətini kitabın bilavasitə predmeti olan
İ.A.Krılovun təmsil yaradıcılığına
yönəldən müəllif bu əsərlərin əsas
keyfiyyətləri kimi yüksək şeiriyyəti, xəlqiliyi
(həm ideya məzmununda, həm danışıq dilində),
məna aydınlığını, vətənpərvərliyi,
kəskin satiranı, incə eyhamı göstərir. Və bu
keyfiyyətləri ayrı-ayrı təmsilləri təqdim edərkən
açıqlamağa çalışır.
Sözügedən
kitabda müəllif Krılovun özünün təmsil
janrına müraciət etməsinin səbəblərini
göstərdiyi verilir: "Bu növ hamı üçün
anlaşıqlıdır. Onu nökərlər
də, uşaqlar da oxuyurlar". Bəli,
bu anlaşıqlıq təmsillərin məzmununda və ifadə
tərzində, xalq dilindədir, xalq deyimləri və
müdrikliyindədir.
İ.A.Krılovun
vətəndaşlıq, vətənpərvərlik
mövqeyini əks etdirən "Pişik və aşpaz",
"Qurd it damında" kimi təmsillərini təqdim edərkən
R.Mirzəzadə şairin 1812-ci il
müharibəsində I Aleksandrın mənasız
danışıqlarla məşğul olmasına, rus ordusuna səriştəsiz
rəhbər təyin olunduğuna işarə edilməsini
göstərir, təmsilin qayəsini xalqı işğala
qarşı mübarizəyə qalxmağa
çağırışda açıqlayır. Napoleon, Kutuzovun alleqorik obrazları qeyd olunur. Təmsillərin dəyərləndirilməsində
müəllif onların bəzilərinin real həyatda əks-səda
doğurması ilə bağlı faktları gətirir.
Satirik hədəf baxımından təmsillərin
şərti təsnifini verən R.Mirzəzadə göstərir
ki, bəzi təmsillərdə məişət mövzusu
ictimai satira ilə sintez halında çıxış edir,
daha doğrusu, məişət mövzusunun arxasında daha dərin
mətləblər durur. Məsələn, "Qurd və quzu"da olduğu
kimi: "Güclünün gözündə həmişə
gücsüz müqəssirdir" - moral-xülasədə səslənən
nəticədə kimi.
"Meymun
və güzgü", "Donuz palıd ağacı
altında", "Trişkanın kaftanı", "Qurd və
siçan balası" və s. təmsilləri nəzərdə
tutan tədqiqatçı haqlı qeyd edir ki, bu kimi əsərlərdə
ictimai satira məişət mövzusundan çıxıb dərin
siyasi məna kəsb edir.
Müvafiq
məxəzlərlə tanış olan
kitab müəllifi Krılovun senzura ilə münasibətləri
məsələsinə toxunur, yazıçının ən
kəskin ciddi yasaq altında olan məsul mövzuların
qüdrətli realist-yazıçı kimi ədəbiyyata gətirməsini
vurğulamaqla yazıçının böyük milli-tarixi
rolunu aydınlaşdırmağa nail olur.
İ.A.Krılovun bir çox təmsillərini dəyərləndirən
müəllif müşahidələri əsasında bir
neçə bənddən ibarət nəticələri
ümumiləşdirməyə özünə rəva bilir. Bütövlükdə
bu nəticələrlə razılaşmamaq olmur.
Maraqlıdır ki, sözügedən kitabda
İ.A.Krılovun öz təmsillərində həm də
böyük pedaqoq kimi çıxış etməsi məsələsi
qoyulur. Yəni söhbət tərbiyədən gedir. ("Ququ və Qumru", "Çömçəbalığı")
və s.
Kitabda
İ.A.Krılovun musiqi ilə əlaqəsi məsələsi
çox maraqlı faktlar əsasında
işıqlandırılıb (anasından keçən
musiqiyə olan həvəs, Tver şəhərinin musiqi
mühiti ilə əlaqəsi, yazıçının təmsillərinə
musiqi yazılması, məs.,
D.Şostakoviçlə bağlı bəzi ehtimalın təqdim
edilməsi və s.).
Kitab müəllifinin bir maraqlı məsələyə
də toxunmasından yan keçə bilmərik. Bir sıra
hallarda tanınmış rus və xarici ədiblərin
Krılov haqqında fikirlərinə müraciət edən tədqiqatçı
bəzi mülahizələrdə yazıçının təmsillərində
digər janrlara xas olan xüsusiyyətlərin qeyd
olunmasını seçir.
Böyük rus ədibi ilə bağlı Azərbaycanda
ədəbiyyatşünaslıq, tərcümə sahəsində
kifayət qədər zəngin təcrübə
toplanmışdır. Sözsüz ki, bu təcrübə R.Mirzəzadənin
kitabında imkan daxilində
işıqlandırılmışdır. Yaxşı olardı ki, bu problemlər kitabda
ayrıca bölmə kimi fərqləndiriləydi (ümumiyyətlə,
kitab bölgüsüz ümumi mətn şəklində
yazılmışdır).
Tərcümə
problemini kitabın müəllifi haqlı olaraq iki istiqamətdə
müvazi izləyir: Azərbaycan dilinə çevrilmə və
tərcüməçi-şairin öz tərcümələrinin
təsiri ilə orijinal təmsillər yazması və
ümumiyyətlə, Krılovun Azərbaycanda təmsil
janrının inkişafına təsiri məsələsi.
Krılovdan edilən tərcümələrin müqayisəli
təhlili əsasında (orijinal - tərcümə) qiymətləndirilməsini
müəllif qarşısında məqsəd
qoymamışdır: kitabın informativ-maarifləndirici
spesifikasına görə, bir də o səbəbdən ki, bu
problem özündən əvvəlki tədqiqatlarda kifayət
qədər çözülmüşdür. Əsas
məqsəd - tərcümələrin tarixini və əhəmiyyətini
vurğulamaq idi. Bu sahədə
A.Bakıxanov, H.Qaradaği, F.Köçərli,
Ə.Haqverdiyev, A.Səhhət, A.Şaiq, M.Ə.Sabir, Növrəs
və b. xidmətləri kitabda ayrıca qeyd olunur.
Krılovdan ilk tərcümə edən A.Bakıxanova gəlincə,
qeyd etmək olardı ki, onun "Eşşək və
bülbül" təmsilinin tərcüməsi (1830-cu illər)
Azərbaycanda rus dilindən bədii tərcümənin əsasını
qoymuşdur. Rus ədibindən ən çox tərcümə
edən A.Şaiq gəstərilir (40-dan çox təmsil) ki,
o, öz dərsliyinə bunların bir çoxunu
salmışdır və özü bunların təsiri ilə
orijinal təmsillərini yazmışdır (məşhur
"Tık-tık xanım", "Tülkü həccə
gedir" və b.). Əlbəttə, A.Səhhətin
tərcümələri və onların təsirilə
yaradılmış orijinal təmsillərinə xüsusi diqqətin
əsası var ("Fil və alabaş", "Sazəndələr",
"Qu quşu, Durnabalığı və Xərçəng"
və b.). Müəllifin eyni
müşahidələri M.Sabirə, S.Ə.Şirvaniyə,
Q.Zakirə və b. aiddir. O, əsas diqqəti süjetin
oxşarlığından savayı, təmsillərə xas
olan xalq həyatının sadə, yığcam,
danışıq dilində, atalar sözlərinin işlədilməsilə
təsvirinə yönəldir. Və yenə də
sosial ünvanlar, naqis insani keyfiyyətlərin tənqidi əsas
götürülür.
Sözügedən kitabın maraqlı səhifələrindən
bir neçəsi görkəmli ədib və dövlət
xadimi Nəriman Nərimanovun və dahi bəstəkar,
yazıçı-publisist Üzeyir Hacıbəyovun öz
yazılarında vaxtilə Krılov
yaradıcılığına müraciəti ilə
bağlıdır. Məs., qeyd olunur ki, N.Nərimanov
"Həyat" qəzetində dərc olunmuş məqalələrinin
birində Krılovun "Yolçular və itlər" təmsilinin
ideya-məzmununu öz dövrünün siyasi hadisələri ilə
bağlayır. Digər məqaləsində
Krılovun "Qu quşu, Durnabalığı və Xərçəng"
təmsilinin bir parçasının epiqraf kimi işlədilməsi
göstərilir. Üzeyir bəyin də
bu təmsilə müraciət etməsi millətin birləşmək
zərurəti ideyası ilə bağlılığından
gəlir. Üzeyir bəyin "Təəssüf
etdik", "Ordan-burdan" satirik felyetonlarında
Krılovun təmsillərinə müraciət etməsinin də
məqsədəuyğunluğu kitabın müəllifi tərəfindən
çox yerində əsaslandırılır.
Nəhayət, sözügedən kitabın sonunda
oxucuların təsəvvürlərində ədibin portretini
dolğunlaşdırmaq məqsədilə müəllif onun
haqqında oxuduğu maraqlı kitablardan seçmələr
verməyi lazımlı sayır.
Kitabla tanış olduqca, onun müəllifinin
böyük rus ədibinə ehtiramını hiss edirsən. İnanırıq ki, bu əsər
İ.A.Krılovun 250 illik yubileyinə səmimi-qəlbdən
hazırlanmış layiqli hədiyyə olacaqdır.
Lyudmila Səmədova
Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.28.