24 may onun
doğum günüdür.
71 yaşını qeyd edəcəkdi...
Bilmirəm nə vaxt yaddaşıma
hopub. Bilmirəm nə vaxt düşüncəmə yol
tapıb. Bilmirəm nə
vaxt sevmişəm.
Bəlkə, Savalanı, sonra
Ferdinandı ("Məkr
və məhəbbət"
F.Şiller), Nizamini
("Qılınc və
qələm" M.S.Ordubadi),
Fərhadı ("Məhəbbət
əfsanəsi" N.Hikmət),
Baronu ("Həyatın
dibində" M.Qorki)
sevmişəm? İlk dəfə
"İstintaq davam edir" filminə çəkilib. Akademik Milli
Dram Teatrının səhnəsindəsə
ilk dəfə İlyas
Əfəndiyevin "Məhv
olmuş gündəliklər"
əsərinin Savalanı
olub. Və mən bu Savalanı unuda bilmirəm. Qəribə duruşu var
- dimdik. Çinar kimi.
Əyilməzlik duyğusu yaradır.
Onu duruşundan tanıyarsan.
Ecazkar səsi var - sehrinə salar. Onu səsindən tanıyarsan.
Onu baxışından
tanıyarsan - fərqli
baxışı var. Səhnədən
ruhuna işləyər...
Hər hərəkətində fərqlilik
var. Elə fərqlidi.
Onlarla tamaşada, onlarla filmdə müxtəlif obrazlar yaradıb; sevən və nifrət edən, dürüst və yalançı, ədalətli və saxtakar, sadiq - xəyanətkar, mərd -
qorxaq və s. Amma öz İnsan
obrazını dəyişməyib
heç vaxt. Yeriyəndə elə bilirsən,
uçacaq indi. Demə, elə uçur, istedadının, şəxsiyyətinin
qanadlarıyla uçur.
Təkcə sənətin zirvəsinə
yox, insanlığın
zirvəsinə uçur.
Hamımızın tutunmaq istədiyi,
görmək istədiyi
əyilməyən, xırdalanmayan
insan zirvəsini göstərmək istəyir
bizə. İnandırdı bizi. İnandıq. 1948-ci ildə
həyata gəlib.
Mayın
24-də 71 yaşı olur.
Onun haqqında keçmiş zamanda danışmaq olmaz. Çünki hələ neçə-neçə
həyat günlərini
qeyd edəcək.
71 illiyini də
fərqli qeyd edir - vətən torpağında, sevdiyi torpağına qovuşaraq.
O torpağa ki, orda ot-alaq, qanqal
da bitir, gül-çiçək, şahanə
duruşlu xan çinar, palıd da. Buna "təbiətin
sirri" deyirik.
Demə,
sirr deyilmiş. Bunu da o anlatdı mənə. Hamı torpağa
gedir sonucda. Ona görə torpaqda qanqal da bitir,
ot-alaq da. Osa şahanə
duruşlu xan çinardı. O, bütün
namərdlikləri, haqsızlığı,
riyakarlığı, yaltaqlığı
boğazında düyünlədi,
ürəyinə yol tapmağa qoymadı. Və bir səhər ölüm xəbəri yayıldı. O səhər
hamı ölümə
heyrət etdi. O səhər çoxları
onun hansı zirvədə olduğunu anladı - İnsan zirvəsini gördü. O
zirvəyə ölümün
də əli çatmaz. O səhər çoxları ağladı.
Kədərdən, gümana
dönən günlərinə...
Ona baxıb özümüzü
gördük - ağladıq.
Onu yenidən gördük, yenə gördük.
Onu - Fuad Poladovu. Son dəfə
"Şah Qacar"da
gördüyüm Fuad
Poladovu mən də yenidən gördüm, tanıdım.
Demə, heç yaxşı baxmamışam,
tanımamışam...
FUAD POLADOVA deyə
bilmədiyim
Kədərimi içə-içə yandı içim
Mən heç
belə ağlamadım
için-için.
Gözümdəki yaş deyil ki
sənlə dolu ürəyimin nəmidi,
sənə deyə
bilmədiyim sözlərimin
qəmidi.
Gözümdəki yaş deyil ki,
bir az sənsən, bir az mən.
Sən ölümə yenilməyən,
Sən
- qalxdığı ucalıqdan
yıxılmayan, əyilməyən
Qanqalların arasında çinarım.
Ölümüylə doğulanım.
Mən
- ölümə qibtə
edən,
yaşamağa həsrət
çəkən.
Ruhuna sarıla bilsəm, sənə gəlsəm,
gözlərindən öpə
bilsəm, ayrılıqmı
olardı?
Bacarmadım...
Ölümün əli yetməyən
o yerlərə
kimin güçü
çatar ki?
bir azca yaşaya bilsəm,
bircə dəfə
ölə bilsəm nə var ki?
May 2018
Kəmalə Abiyeva
Ədəbiyyat qəzeti.- 2019.-
18 may.- S.29.