Atam mənə dedi ki...səhnənin
arxası
çox qaranlıqdır...
"Dördüncü divar"
layihəsinin qonağı - səmimi həmsöhbət,
maraqlı aktrisa, əməkdar artist Zemfira Sadıqovadır
- Zemfira xanım, istər ailə həyatınız,
istərsə də aktrisalıq karyeranız xeyli zəngindir.
Həyatınızın hansı mərhələsini daha aktiv hesab edirsiniz?
- Mənim həyatım əvvəldən bu günə qədər çox dinamik olub. Müharibə illərinə düşən uşaqlıq illərim, sonrakı universitet dövrü, ailə həyatı, aktrisalıq peşəsi məni həmişə fəaliyyətdə olmağa məcbur edib. Demək olar ki, dincəlməyə, özümə vaxt ayırmağa heç zaman imkanım olmayıb. Neçə illərdən sonra bu ilin fevral ayında ölkədən kənara çıxıb bir az istirahət edə bilmişəm.
- Kino aktrisası kimi məşhurlaşsanız da, faktura etibarilə teatr tələblərinə cavab verən imkanlarınız olub. Teatr fəaliyyətiniz niyə çox az oldu?
- Mənim teatr fəaliyyətim, demək olar ki, heç olmadı. 1965-ci ildə Gənc Tamaşaçılar Teatrına işləməyə gəldim. O zaman teatr həyatı çox qaynar idi. Amma Yusifi
teatrda o qədər də sevmədiklərinə və mənim
onunla olan yaxınlığıma görə mənə də
rol vermirdilər. Teatrda yeganə rolum "Son məktub"
tamaşasında oldu. Bundan sonra iki il məni ancaq kütləvi
səhnələrə çıxartdılar. Elə həmin
ərəfədə də mən öyrəndim ki, Yusif
birinci həyat yoldaşından ayrılmayıb. Mən isə
evli adamla münasibətdə olmaq istəmirdim. Sonralar bildim
ki, o qadın Yusifdən on iki il böyük, həm də xəstədir.
Teatrda rolsuz qalmağım və bu faktı bilməyim məni
burdan uzaqlaşdırdı. Rəhmətlik anamı və
oğlumu da götürüb İrəvan Teatrına getdim.
Orada bir az maraqlı rollar ifa etdim.
- Sonra tale sizi yenidən Bakıya
qaytardı...
- Yusif
rejissor Şamil Mahmudbəyov vasitəsilə məni geri
qaytardı. Şamil Mahmudbəyov məni "Torpaq, dəniz,
od, səma" filminə çəkilməyə dəvət
etdi. Mən də çox böyük məmnuniyyətlə
razılaşdım. Amma qayıdandan sonra Yusif məni
heç bir halda buraxmadı. Biz ailə qurduq. Teatra isə təkrar
işə götürülmədim. Üç ay işsiz
qalandan sonra radioya diktor düzəldim. Orda işləyə-işləyə
filmlərə də çəkilirdim. 1974-cü ildə isə
artıq kinostudiyaya işə düzəldim.
- Aktrisalıq peşəsini
seçərkən atanız sizə bu barədə xəbərdarlıq
da edir...
- Elədir.
Atam mənə dedi ki, bu sənətin arxasınca getmə.
Ora bataqlıqdır, sən batarsan, səsini də heç
kim eşitməz. Səhnənin arxası çox
qaranlıqdır. Mən isə ona demişdim ki, əgər
insan istedadlıdırsa, ona heç kim heç nə edə
bilməz, istedad mütləq özünə bir yol tapıb
çıxacaq. O vaxt çox istədim ki, Moskvaya gedib
VQİK-ə qəbul olunum. Bacım Moskvada oxuyurdu. Qrup
yoldaşı isə Raisa Qorbaçova idi. Amma onda da bacım
razı olmadı. Dedi, Moskvada yaşamaq sənin
üçün çətin olar. Beləcə mən BDU-nun
iqtisadiyyat fakültəsinə daxil oldum ki, təki məndən
əl çəksinlər. Hər dəfə də Teatr
İnstitutunun qarşısından keçəndə
ağlayırdım. Buna görə də yarım il sonra
Teatr İnstitutunun rektoru rəhmətlik Rahib Hüseynovun
yanına gəldim, məni görən kimi çox sevinib dedi
ki, bizim səhnə sənin kimi aktrisa üçün
ağlayır. Adil İsgəndərov, Müxlis Cənizadə,
Rza Təhmasib, Məlik Dadaşov məni sınaqdan
keçirdilər. Çoxlu monoloqlar, şeirlər dedim, dedilər
mütləq sənədlərini götür gəl. Mən
də evdən xəbərsiz peşəmi dəyişdim.
- Sonralar isə sınaq çəkilişlərinə
dəvət olunur, filmlərə isə çəkilmirdiniz.
Hansı filmlər yadınıza düşür?
- O vaxtlar
kinoda çəkilmək çox çətin idi. Mən də
bir az gözəgəlimli, yaraşıqlı idim. Həmişə
düz yolla bu sənətdə oldum. Kimsə qarşıma
çıxıb deyə bilməz ki, məni kimə görəsə,
nəyə görəsə filmə çəkib. Ona görə
də mən çox az filmə çəkildim. Xeyli
sınaq çəkilişlərinə
çağırıblar. Əla da ifa etmişəm. Lakin
sonradan çəkməyiblər. Həsən Seyidbəylinin
"Xoşbəxtlik qayğıları" filminə də
sınaq çəkilişləri oldu. Məni razı
salıb evə yolladılar ki, mütləq çəkiləcəm.
Amma evə gələndən sonra eşitdim ki, başqa bir
aktrisanı sınaqsız mənim çəkiləcəyim
rola çəkirlər. Bütün bunlar, əslində,
çox faciəvidir. Hərdən fikirləşirəm ki, bu
qədər baş verənlərdən, yaşananlardan sonra mənim
gülüb danışmağım, yaşamağım
özü bir möcüzədir (kövrəlir).
Həmkarlarım
məndən inciməsinlər. Amma sənətdə düz
olmaq çətindir. Qadın üçün isə ikiqat
çətindir. Çünki mən öz təcrübəmdən
bunu bilirəm. Mən tək idim, heç kimim yox idi.
- Yusif müəllim sağ olsa necə,
sizin xeyrinizə nələrsə dəyişə bilərdi?
- O,
sağ olsaydı, təbii ki, məni bu qədər incitməzdilər.
Çünki ondan çəkinirdilər. Hətta belə bir
şayiə də yaymışdılar ki, guya, Yusif məni
filmlərə çəkilməyə qoymur. Yusif mənə
icazə verirdi. Amma mənə görə kimdənsə
xahiş etməyi heç vaxt özünə
sığışdırmazdı.
- Yusif müəllimlə Adil İsgəndərovun
münasibətləri necə idi?
-
Münasibətləri rəsmi idi. Adil müəllimin
böyüklüyü onda idi ki, o, Yusifin sənətkarlığını
həmişə yüksək qiymətləndirirdi. Hətta
deyərdim ki, Yusifin sənətkarlığı
qarşısında baş əyirdi. Çünki
"Axırıncı aşırım" filmində Həsən
Seyidbəyli səsləndirməni Adil müəllimə
tapşıranda, o demişdi ki, - Həsən, sən komediya
çəkirsən? Mənim səsimlə Kərbəlayi
olmaz axı. Get, Yusif Vəliyevi çağır, o gəlib səsləndirsin.
Yusif də gəlib necə lazımdır səsləndirmişdi.
Mən sizə deyim ki, filmdəki səsləndirmədən də
çox şey asılıdır.
- "Dəli Kür" filmində
də Leyla Bədirbəylinin sizə qarşı müəyyən
qısqanclıqları olur. Səbəb nə idi?
- Mələk
roluna çəkiləndə mən çox cavan, həm də
çox kasıb idim. Amma olduqca qürurluydum. İşimin
xatirinə heç kimin qarşısında baş əyməmişəm.
Rəhmətlik Reyhan Müslümova da filmdə Cahandarın
qızı roluna çəkilirdi. Onunla biz yaşıd idik.
Bir gün ikimiz birlikdə yemək yeyəndə
qulağımız eşidə-eşidə Leyla Bədirbəyli
dedi ki, bunları hardan tapıb gətiriblər. Nə
istedadları, nə də gözəllikləri var. Sonra da məlum
səhnədə Leyla Bədirbəyli məni elə bərkdən
sillələdi ki, yerimdə səntirlədim. Həmin an
özümü itirsəm də, dərhal ələ ala
bilmişdim. Çünki aparat işləyir, film isə
çəkilir. Mən özümə aid olan
sözümü deməliydim. Əgər o məni elə
möhkəm vurmasaydı, həmin hissəni daha yaxşı
və başqa cür ifa edərdim. Amma Allah rəhmət
etsin. O, sonradan heç bir üzrxahlıq etmədi. Halbuki, edə
bilərdi.
- Mehdi Məmmədov xasiyyətcə
ağır və çox az danışan adam olub. Sizi isə
bir dəfə ürəkdən tərifləyib...
- Elədir.
Mehdi Məmmədov bizə estetikadan dərs deyirdi. Mən də
həmişə onun dərslərinə hazırlıqlı
olurdum. Sonra biz diplom tamaşası kimi "Almaz"ı
hazırladıq. Orada Fatmanisəni ifa edirdim. Mehdi müəllim
məni orda görüb soruşmuşdu ki, bu qız kimdir? Ona
demişdilər ki, sizin tələbənizdir. Sonra bacım
estetika üzrə elmi işini müdafiə edəndə
Mehdi müəllim onun rəyçisi olmuşdu.
Bacımın qayınatası böyük bir ziyafət təşkil
etmişdi. Həmin ziyafətin tamadası isə Mehdi müəllim
idi. Orada Mehdi müəllim məni təriflədi. Dedi ki,
Fatmanisəni ifa edən aktrisanın Zemfira olduğunu biləndə
mat qalmışdım. Çünki Fatmanisə obrazı ilə
onun mədəni, zərif, gözəl
görünüşü arasında gözlənilməz fərq
var idi. Mehdi müəllimin mənim haqqımda həmin gün
dedikləri mənə bu günə qədər də bəs
etdi. Onun sözləri mənim üçün ən gözəl,
ən qiymətli tərif oldu.
- Yusif müəllim kinoda parlaq rollar
ifa etsə də, teatrda ömrünün son illəri on il
rolsuz qaldı...
- Yusifin
ürəyi qubar bağladı...
- Ailədə dominantlıq ən
çox kimdə olurdu?
- Mən
deməzdim onda olurdu. Amma böyük kimi, kişi kimi onun
hörmətini həmişə saxlamışam. Bu gün
geyindiyi köynəyi sabah təkrar geyinməsinə heç
vaxt icazə verməmişəm. Həmişə səliqə-sahmanlı
olub.
- Son günlərini necə
xatırlayırsınız?
- Son
günlərini xəstəxanada yatdı. Çünki ürəyi
artıq bu cür haqsızlıqlara, işsiz qalmağa tab gətirmirdi.
Düz iki ay ölənə kimi orada qaldı. Ölümünə
bir neçə gün qalmış onu yuxumda gördüm. Mənə
yuxuda dedi ki, "bayramlıq üçün gəlmişəm,
20-də gedəcəm". Əynində qara kostyum var idi.
Əlindəki selofanın içində isə
"aspirin" dərmanı. Mən martın 17-də
qızımla onun yanına getdim. Novruz şirniyyatlarından
apardıq. Yuxumu ona danışdım. Heç nə demədi.
Məni qucaqlayıb, hönkürtü ilə ağladı...
Səhərisi
gün yenə xəstəxanaya getdim. Ancaq gec idi. Yusif
artıq həyatda yox idi. Onun trombu var idi. Görünür,
çoxlu aspirin veriblər, trombu yerindən qopub, ürəyinə
tıxanıb, ürək dayanıb. Çörəyini
yeyib, çayını içib, elə yerindəcə
keçinib. Biz onu martın 20-də torpağa
tapşırdıq.
- Onun ən çox sevdiyiniz
obrazı hansı idi?
- Yusif sənətini
çox sevirdi. Bütün rollarını da sevərək
ifa etmişdi. Amma mənim onun ifasında ən çox
sevdiyim rolu Ovod idi. O tamaşada Cemmaya yazılan məktub səhnəsində
Yusif çox gənc və valehediciydi. Onun gözləri
yaşıl idi. Həmin səhnədə isə obraz yox,
Yusifin gözləri danışırdı. O gözlərin
gözəlliyini görmək lazım idi. Çox gözəl
idi. Mən onu hədsiz dərəcədə çox
sevmişəm. Ömrüm boyu da yeganə sevdiyim kişi o
olub. Deyə bilmərəm ki, o da məni eyni məhəbbətlə
sevib. Amma axırıncı gün ondan ayrılanda o ki
hönkürüb ağladı, onda mən bildim ki Yusif də
məni çox sevib.
- Ağlamağına səbəb nə
idi?
- Bilmirəm...
Heç mən onu ağlayan da görməmişdim. Ondan
sonra, əlbəttə, çətin oldu mənə. Buzun
üstündə sürüşməyi bacarmayan adam kimi
qalmışdım həyatda. Amma sonralar həyat
yavaş-yavaş yaşamağı öyrədir adama.
- Zemfira xanım, otuz səkkiz
yaşında tək qaldınız. Sevdiyiniz insan,
övladınızın atası dünyasını dəyişdi.
Bundan sonra həyata tutunmağa, yaşamağa necə davam
etdiniz?
- Mən
hər şeydən əvvəl ana idim. Nə olur-olsun,
balıq kimi çapalayıb uşaqlarımı saxlamalı,
onları bir tərəfə çıxarmalıydım. Ona
görə də birinci analıq məsuliyyəti mənə
yaşamağı diktə edirdi. Yusif rəhmətə gedənə
qədər mən bilmirdim ki, bazar nədir. Amma sonralar
hamısını özüm etməyi öyrəndim.
Əlaqə yaratmaqda göstərdiyi
köməyə görə Kino İttifaqının mətbuat
katibi Rəşad Qasımova təşəkkür edirik.
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2019.- 18
may.- S.21.