Xatirə
hekayə
Əvvəli ötən
sayımızda
Bu xəbər
Çibnazı yerindən oynatdı. Az qaldı sevincindən
atılıb-düşsün. Qardaşının toyunda
ayaqyalın oynamağa qədər bir anlığa hər
şeyi xəyal etdi. Həm də bu məsələ baş
tutsaydı, onun da yeri yaxşı olardı. Çünki
Xatirənin qayınatası Fətan kişi onun
qayınatası Ağaxanla dost-doğma qardaş idilər.
Qız-qıza
söhbəti böyüdükcə aləm
qarışırdı. Bu məsələ Malikin heç
xoşuna gəlmədi. Qızlar hamısı beşəlli
razılaşdı. Onlar üçün ən önəmlisi
o idi ki, qardaş toyu olacaq, doyunca oynayacaqlar. Heç kim Cəmildən
soruşmurdu ki, bala, sən Xatirənin baldızı Tahirəylə
evlənməyə razısanmı? Heç Cəmil də
ağzını açıb kəlmə kəsmirdi. Necə
oldusa, qızlardan hansınınsa ağlına gəldi ki,
Tahirə Cəmildən çox böyükdür. Həm də
çox çirkin qızdır. Elə bil hamı
yatmışdı. Oyandılar ki, Cəmil hara, Tahirə hara?
Elə bil ana-baladırlar.
Çibnaza
görə bu məsələni qəti şəkildə
pozmaq olmazdı. Ona görə başqa yollar axtardı.
Tapdı da. Hamıya car çəkdi ki, lallarlı
Aydının evdə gözmuncuğu kimi bir qızı var, əziz
balanın əlinə verməzsən. Həm də Cəmildən
xeyli kiçikdir. Hamı bir ağızdan
razılaşdı. Qədir kişinin də ürəyindən
oldu. Çünki Aydın da Fətan kişinin kiçik
qardaşıydı. Qız-qıza məsələsi baş
tuturdu.
Qədir
kişinin evində çox söz-söhbətlər oldu, Cəmilin
başında çox planlar, arzular, xəyallar quruldu.
Aydın kişinin qızı Ruhəngizin evdə şəkli
qalmadı, Çibnaz daşıyıb Cəmilə göstərdi.
Cəmil
üçün Xatirənin taleyi, ailəsinin
dağılmaması, xoşbəxtliyi çox önəmliydi.
Ona görə də deyilənlərlə
razılaşırdı. Həm də lap əvvəl Ruhəngizdən
xoşu gəlmişdi. Sonra şəkillərdən
sevmişdi onu. Yuxusunda dəfələrlə toy eləmişdi
özünə. Ruhəngizi gəlin maşınında xəyal
etməkdən yorulmurdu. Dəli kimi aşiq olmuşdu.
Sumarə
arvad bu qız-qıza söhbətinə elə sevinirdi, elə
sevinirdi ki, az qalırdı həyətin ortasındaca qol
qaldırıb oynasın. Bir tərəfdən qızı
Xatirənin əzabları bitəcəkdi, digər tərəfdən
gəlini gələcəkdi.
Cəmilin
gecəsi-gündüzü yoxuydu. Ruhəngizin şəkillərini
qucaqlamasaydı, yata bilməzdi. Heç kimin toy haqqında
danışmaması onu özündən çıxarırdı,
səbirsizləşirdi. Elə bil hamı ona Ruhəngizi
sevdirəndən sonra çəkilib qıraqda
dayanmışdı. Artıq dözə bilmiridi, şəkillərdən
sevdiyi qızı qaçırmaq qərarına gəldi.
Heç nə düşünmədən, heç kimlə məsləhətləşmədən,
gedib Ruhəngizi maşına qoyub gətirdi.
Qədir
kişinin həftədə üç toy eləmək
imkanı var idi. Həyətində bəslənən cöngələrdən
üçünü satıb işə başladı. Dəvətnamələr
üç gün sonraya yazıldı. Bütün qızlara
xəbər yetişdi. Toyxana tikildi, xonçalar
bağlandı.
Xatirənin
gəlin köçdüyü evdən heç kim toya gəlməmişdi.
Acığından elə oynayırdı ki, elə bil bir də
toy görməyəcəkdi. Ayaqlarının altı
suluqlayana qədər oynadı.
Toyun səhəri
Xatirənin sancısı tutdu, uşaq gəlirdi. Tələm-tələsik
rayona apardılar. Həkimlər demişdi, toyda çox
atılıb-düşüb, yaxşı ki, uşağa ziyan
eləməyib. Həmin gün Xatirənin qızı oldu.
Adını Rufanə qoydular. Əl boyda uşaq idi, dayanmadan
ağlayırdı.
Rufanənin
çiləsi çıxmamış bibiləri
anasını döyüb qovdular. Xatirə qucağında
körpə uşaq, ayaqyalın, başı açıq
dağı aşıb dədəsinin evinə gəlmişdi.
Xəbəri eşidən bacıları, qardaşı,
yaxın qohumları Qədir kişinin evinə
axışdı. Hamı məsələyə etiraz edir,
ağız deyəni qulaq eşitmirdi. Elə bil məhkəmə
qurulmuş, hakim ədalətsiz qərar verib etirazlarla üzləşmişdi.
Onda Ruhəngiz bircə ayın gəliniydi. Dindirsəydin dinməzdi.
Tez-tez çay dəmləyib camaata paylayırdı.
Başına gələcəklərdən xəbəri də
yoxuydu.
Hamı qərara
gəlmişdi ki, Ruhəngiz dədəsinin evinə göndərilsin.
Nə vaxt onlar Xatirəylə adam kimi davranar, onda biz də
bunu qəbul edərik. Bu qərar Cəmilin ürəyincə
olmadı. Amma çıxış yolu yoxuydu.
Çox
çəkmədi ki, Xatirənin qayınanası Xanımla
qaynı Elşad gəldi. Qədir kişi çox
danışdı, hirsləndi, qışqırdı,
axırda Xatirəni aparmalarına icazə verdi. Hamıya məlum
idi ki, Ruhəngiz evlərinə çatan kimi atası
Aydınla anası Səmayə gedib Fətanın evində
qırğınlıq eləyiblər. Qayınanasıgil ona
görə Xatirəni aparmağa gəlib.
Səhəri
gün Qədir kişi oğlunu Ruhəngizin dalıyca
göndərdi. Aydına da sifariş yolladı ki, bir də
Xatirə acıq eləyib gəlsə, səninlə
qohumluğumu pozacam.
Qədir
kişinin göndərdiyi söz Aydının canına vəlvələ
salmışdı. Bilirdi ki, Fətan ailəsi yenə də
Xatirəni döyüb qovacaq. Qardaşının evini
yaxşı tanıyırdı. Səmayə bu məsələyə
daha sərt və məntiqli yanaşdı. Ortada
qızının taleyindən söhbət gedirdi. Yaman
uzaqgörən arvad idi. Bir həftəyə on altı
yaşlı oğlu Cəmaləddinin başını elə
doldurdu ki, uşaq gedib Xatirənin böyük baldızı
Tahirəni götürüb qaçdı. Qırx
yaşlı Tahirəyə də elə bu lazım idi.
Xatirə
tanıdığı bütün seyidlərə nəzir
boyun almışdı ki, Tahirə ərə getsin. Seyidlər
öz işini görmüşdü. Növbə Xatirənin
idi. Nə qədər çalışdısa, nəzirləri
göndərməyin yolunu tapa bilmədi. Çox narahat oldu.
Ona elə gəlirdi ki, seyidlərin haqqını
çatdırmasa, baldızı geri qayıdacaq.
Tahirə
qaçandan sonra hər üç ailə gəlinləriylə
ehtiyatla davranmağa başladı. Çünki bir-birindən
asılı vəziyyətə düşmüşdülər.
Əgər Xatirəni döyüb atası evinə göndərsəydilər,
Qədir kişi də Ruhəngizi Aydının üstünə
göndərəcəkdi. Aydın da Tahirəni evinə
"kozr" kimi gətirmişdi. Belə məqamda öz
qardaşı qızının ağzını-burnunu
duzlayıb Fətana göndərəcəkdi ki,
ağıllı ol. Buna baxmayaraq, Xatirə yenə də əziyyət
çəkirdi.
Xatirənin
üzü gülmürdü. Onu zərrə qədər
xoşbəxt edən varlıq qızı Rufanəydi. O
olmasaydı, bəlkə də, Xatirə çoxdan
ölüb xatirələrdə qalmışdı. Hər
gün eyni cürə darıxır, eyni formada
yaşayırdı. Onun həyatında barmağının
ucu qədər də yenilik yoxuydu. Eyni yeməkləri
bişirmək, eyni adamlarla bir süfrənin başında
susmaq bezdirmişdi onu. Az qalırdı Rufanəni də
götürüb dağı aşsın, atasının evinə
gəlsin. Ancaq adamların boş-boş iradlarından, məsləhətlərindən
qorxurdu. Heç kim onu başa düşmək istəmirdi.
Hamı elə düşünürdü ki, bir tikə
çörəyi, başını soxmağa bir evi varsa, vəssalam,
xoşbəxtdir.
Yaşarın
Moskvadan gəlməyi də Xatirəni
yandırıb-yaxırdı, gəlməməyi də. Gəlməyəndə
bilirdi ki, yoxdur, birtəhər dözürdü. Gələndə
də elədiyi hərəkətlər dözüləsi
deyildi. Bir dəfə də olsun Xatirəyə gülər
üzünü göstərməmişdi. Elə hey
qaşqabaqlı olurdu. Gecələr yatanda da küsülü
kimi yatırdılar. Şipşirin körpə Rufanə təsadüflərin
uşağıydı.
Hər
üç gəlin - Xatirə, Ruhəngiz, Tahirə bir-birinin
sayəsində ər evində otura bilirdi. Ruhəngiz kasıb
ailədən çıxıb yağ-bal içinə
düşmüşdü. Aydınla Fətansa, eyni bezin
qırağıydılar. İmkan oldu-olmadı, fərqi
yoxuydu, ailələri bir gün yeməyə bir şey tapırdılar,
bir gün yox. Xatirənin dilinə ər çörəyi dəyməmişdi.
Bütün ailə onun becərdiyi bor-bostan, toyuq-cücə,
süd-qatıqla dolanırdı. Yaşar gələndə
bir cüt corab da almırdı ona. Xatirənin üzündəki
qırışlar çoxaldıqca Ruhəngiz xoşbəxt
olurdu. Tahirəysə uşaq ərindən də
cavanlaşmışdı.
Zülmlə
güc verib doğduğu uşağını Xatirə
doyunca oynada bilmirdi. Elə bil Rufanəni Fiqurəylə
Xanım arvad doğmuşdu. Xatirəysə onun dayəsiydi.
Altını təmizləyir, paltarını yuyur, yeməyini
verib uzaqlaşırdı. Uşaq anasına öyrəşə
bilmirdi. Heç anasını seçə bilmirdi. Çibnaz
bacısının gün-güzəranını
görürdü, ancaq ata-anasından gizlədirdi. Qorxurdu ki,
onu da Xatirənin gününə salarlar. Ancaq Ağaxan
kişi Fətanın tayı deyildi. Eldə-obada namuslu, ədalətli
adam kimi tanınmışdı. Bir dəfə də dilinə
gətirməmişdi ki, niyə Fitatxanın uşağı
olmur.
Üç
il idi ki, Ruhəngiz Cəmili ata eləyə bilmirdi. Həkim-təbib
qalmadı özlərini göstərdilər. Xeyri olmadı
ki, olmadı. Bütün bacıları Cəmilə sevdiyi
qadınını pisləyirdi, arvadını gözdən
salmaq niyyətindəydilər. Beləcə onu
boşatdırıb uşaq doğa bilən gəlin gətizdirəcəklərini
düşünürdülər. Ancaq Qədir kişi buna
razı deyildi. Çünki ortada Xatirənin də taleyindən
söhbət gedirdi. Hamı bilirdi ki, Ruhəngizin ayağı
atası evinə dəysə, Səmayə arvad həmin
gün Tahirəni Fətanın evinə göndərəcək.
Tahirəysə elə bil Yezidin nəslindən idi, imkan verməzdi
ki, Xatirə nəfəs alsın. Uşağını əlindən
alıb qovacaqdılar.
Nəhayət,
Ruhəngiz dünyaya uşaq gətirdi. Cəmili tutmaq olmurdu,
az qalırdı sevincindən uça. Körpənin
adını Jalə qoydular. Bu hadisə Sumarə arvadın
ürəyindən olmadı. Onun elə əvvəldən Ruhəngizdən
zəhləsi gedirdi. Dəfələrlə evdəki
qızı Lətifəyə demişdi ki, gəlinə
çox üz vermə, sonra başımıza
çıxacaq. Gəlinsə elə bil dilini udmuşdu. Təkcə
böyük baldızı Şahnazla cici-bacıydı,
qalanıyla arası yoxuydu. Jalədən sonra ayağı yer
tutmuş, elə bil dili açılmışdı.
Xatirə
ikinci uşağa hamilə qalandan sonra daha çox zülm
çəkdi. Doğana qədər əri gəlib
çıxmadı. Biri qucağında, biri qarnında,
bütün ev işlərini görürdü, azmış
kimi, təndir qalayıb çörək də bişirirdi.
Ancaq qədir-qiyməti bilinmirdi. Bir kəlmə xoş sözə,
təbəssümə, sevgiyə həsrət
qalmışdı. Ona güc verən təkcə qızı
Rufanəylə qarnındakıydı. Hiss eləyirdi ki,
oğlan doğacaq. Özünə arxa-dayaq böyüdəcək.
Ərdən xeyir görməsə də, övladlarının
qayğısı, sevgisiylə yaşayacağına ümid
edirdi. Bu ümid ona ayaq üstə durmağa güc verirdi.
Tahirəni
yola vermirdilər. Aydın kişinin evində hər gün
dava düşürdü. Səmayə arvad gəliniylə
saçyoldusuna çıxırdı. Ağız deyəni
qulaq eşitmirdi. Cəmaləddini əsgərliyə
aparmışdılar deyə, Tahirə üçün daha
çətin olmuşdu. Əri evdə olanda onu müdafiə
edirdi. Əsgər gedəndən sonra tək
qalmışdı. Qayınanası gün verir, işıq
vermirdi. Bir yolu qalmışdı, acıq eləyib dədəsi
evinə getsin.
Xatirə
ikinci uşağı doğandan sonra daha çox əziyyət
çəkirdi. Qayınana, qayınata, baldızlar və iki
uşağa baxmaq zarafat deyildi.
Qədir
kişinin evində hamı elə bilirdi ki, Xatirə bəxtəvərdi.
Gedib-gəlmirdilər ki, birdən qızın başında
söz-söhbət yaranar. Heç kim bilmirdi ki, o, əvvəlkindən
yüz dəfə çox əziyyət çəkir,
zülm görür, dannaq götürür. Ancaq balalarına
görə yola verir. Ümidini üzmür.
Düşünür ki, oğlu Elnur böyüyüb onu bu əzabdan
xilas edəcək.
Yaşar
daha gec-gec gəlirdi. Rusiyada işləri
çoxalmışdı. Həm də bacılarının,
anasının deyingəliyindən bezmişdi.
Başı-qulağı dinc yaşamaq istəyirdi. Oğlu
Elnurun üzünü təzə doğulanda
görmüş, barmağıyla yanağına toxunmuş,
elə o gedən olmuşdu.
Xatirə
yataq otağından əl boyda topa oxşayan nəsə
tapdı. Gizlincə açıb gördü ki, içində
bağlı açar, iynə, düyünlənmiş sap, ərəb
dilində nələrsə yazılmış kağız və
yarı saralmış piy yağı var. Hardansa
eşitmişdi ki, cadugərlər qurd yağıyla hər
şey eləyə bilirlər. Canına qorxu düşdü.
Hamısını aparıb murdarladı. Üç gün
keçməmişdi ki, Yaşar evə gəlmişdi. Onu
görəndə Xatirə barmağını dişlədi.
Həmin gün əriylə elə mehriban oldular ki, elə bil
təzəcə evlənmişdilər.
Yaşar
arvadını maşına qoyub rayona apardı. Bazarda ona
yaraşan ən bahalı donları, ayaqqabıları
aldılar. Xatirə ilk dəfəydi ki, ərinin bahalı
maşınına oturur, onunla bazara gedir, hələ
beş-altı dəst pal-paltar da aldırırdı. Bazardan
çıxandan sonra cütlük restorana getdi. Yaşar ilk dəfəydi
ki, öz arvadıyla üz-üzə oturub yemək yeyirdi. Bu
olanları görən Fətanın ailəsi təşvişə
düşdü. Fiqurə az qaldı ki, infarkt olsun. Lallar kəndində
kim eşidirdisə, narahat olurdu. Xatirənin xoşbəxtliyi
hamının gözünə girirdi. Hamı elə bilirdi ki,
Yaşarın başına hava gəlib.
Xatirə
çox götür-qoydan sonra yadına düşdü ki,
yataq otağından tapdığı cadu Yaşarın
üzünü döndərirmiş. Onu murdarlayandan sonra elə
bil kişi özünə gəlmişdi. Sonra yenə əvvəlki
kimi oldu. Deməli, təzədən cadu olunub. Həmin gün
yataq otağını alt-üst elədi, ancaq heç nə
tapmadı. Əli hər yerdən üzüləndən sonra
böyük bacısı Şahnaza sifariş göndərdi
ki, başıma bu işlər gəlib. Xatirə bilirdi ki, bu
məsələni özü həll edə bilməz. Evdən
çölə bir addım da ayaq bassa, biləcəklər.
Həm də Şahnazdan başqa bu işi araşdıran adam
olmazdı.
Yaşar
özü də girinc qalmışdı. Axı, dünən
o başqa adam idi. Başqa şeylər
düşünürdü. Bu gün nə baş verdi? Niyə
öz ailəsini, uşaqlarını gözü
götürmürdü? Heç nə başa düşmədən
yığışıb təzədən Moskvaya
qayıtdı. Gedəndə Xatirəylə heç
sağollaşmadı da. Bacıları gülə-gülə
onu yola saldılar. Anası həmişəkindən çox
su atdı dalıyca. Xatirəyə elə gəldi ki,
Xanım arvad öz oğlunun dalıyca su yox, bir vedrə qan
tulladı.
Şahnaz
molla, cindar qalmadı gəzdi, hamısına bir-bir
danışdı hər şeyi. O boyda rayonda Xatirənin dərdinə
əlac eləyəni tapılmadı. Hamısı dedi ki,
vallah, mənim əlim girmir. Bu məsələni ancaq Bumda
oxuyub gələnlər bilər. Qohum-əqrəba,
dost-tanışda adam qalmadı, Şahnaz hamıdan Bum təhsilli
cindar soraqladı. Axırda qonşu rayondan bir talış
kişi tapdılar. Səkkiz il Bumda təpik
döymüşdü. Əlinin girmədiyi yer yoxuydu. Deyirdilər
ki, onun yanına vəzifəli adamlar gəlir. Elədiyi
işə zaval yoxdur.
Cindar
söhbəti böyüyüb Qədir kişiyə qədər
çatdı. Malik Şahnazı harda gördüsə,
lağa tutdu ki, dua-pitiylə oturub-durursan. Xatirənin nəslində
cindara inanan bir kişi yoxuydu. Şahnaz əlacsız
qalmışdı. Heç kim onu qonşu rayondakı
cindarın yanına aparmırdı, deyirdilər, boş
şeylərdi. Çox çək-çevirdən sonra
Şahnaz öz ərini yola gətirə bildi. Bumda oxumuş
talış kişinin yanına getdilər.
Xatirənin
ürək döyüntülərinin səsi qulağına
düşmüşdü. Elə bilirdi ürəyi gəlib
ağzının içində döyünür.
Cadugərliyin
dərin qatlarına Bumda yiyələnmiş talış
cindarın adı Eldəgəz idi. Şahnaza demişdi ki, təzə
doğulmuş quzunu kəsib dərisini Xatirənin
başına bağlayın, bədənini mənə gətirin,
üzərində işləyəcəm. Otuz dənə qara
toyuğun sağ qanadından lələk çəkin, dəstələyib
bağlayın, sonra o dəstəni Xatirənin
yatdığı otaqdan asın. Toyuqların özlərinisə
mənə gətirin, üzərində işləyəcəm.
Bir də ki, üç dənə yüzlüyü gəlinin
başına fırladıb quzuyla toyuqların üzərinə
qoyun ki, cadunun məna yükü çoxalsın.
Eldəgəz
Şahnazdan başqa şeylər də istədi: Xatirənin
baş tükü, hansısa bir əşyası,
yaşadığı evin həyətindən üç dənə
çınqıl daş, iki kilo motal pendiri, bir dənə
iynə-sap, yarım stəkan gənəgərçək
yağı, toy şəkilləri, bir kasa nehrə
yağı, Yaşarın ən çox geyindiyi köynəyi.
Şahnaz
qəhrəmancasına kəndə qayıtdı. Ona elə gəlirdi
ki, dünyanın ən uca zirvəsini fəth edib. Çatan
kimi cadugərin dediyi hər şeyi topladılar.
Çibnazın əliylə Yaşarın köynəyini gətizdirdi,
Xatirəgilin həyətindən çınqıl
yığdırıb, başından bir topa tük də yoldurdu.
Qara toyuqların lələk dəstəsini də
Çibnazla göndərdi ki, Xatirə yatdığı evdən
assın.
Xatirə
başını itirmişdi. Körpə uşaqların hərəsi
bir tərəfdə ağlayır, qayınana donquldanır,
baldızlarsa hərəsi bir yandan onu burunlayırdı.
Uşaqlarını da götürüb dədəsinin evinə
getmək istədi. Ancaq Fiqurə imkan vermədi,
qabağını kəsib uşaqları aldı, üstəlik,
bağırdı ki, dədən evindən uşaq gətirməmisən.
Xatirə balalarını bağıra-bağıra qoyub
canını götürüb getdi.
Səhəri
gün Xatirəgil eşitdi ki, axşam Tahirə də
acıq eləyib. Səmayə arvad Ruhəngizin göz
yaşlarında qovrulduğunu görüncə Fətanda dədə-nənə
qoymadı. Aydınsa susurmuş. Elə bil Fətanla qardaş
deyilmiş, bir ananın döşlərindən süd əmməyiblərmiş.
Hələ Ruhəngiz özü o boyda Tahirənin
saçından tutub həyətdə sürüyürmüş.
Gəlin birtəhər buraxılıb dədəsi evinə
qaçıb. Gedib acığını Fətandan
çıxıb. Allahın könlü olunca döyüb
kişini. Xanım arvadda ölü-diri qoymayıb,
bacılarına nə gəldi deyib. Hələ ürəyi
soyumayıb, Yaşara zəng elətdirib ki, günü sabah kənddə
olmasan, bir də bu evdəkilərin üzünü görməyəcəksən.
Hamını ev qarışıq yandıracam.
Şahnazın
əlinə fürsət düşmüşdü. Xatirəni
də götürüb əriylə bərabər cindarın
yanına getdi. Nə deyib, nə deməyibsə, Eldəgəz
Bumdan gətirdiyi bütün kitabları qabağına
töküb iki saat yazıb pozmuşdu. Sonra da demişdi ki,
gedin evinizə, üçcə günə Yaşar gəlib
Xatirənin qabağında diz çökəcək.
Üç vərəq dua da vermişdi ki, birinci vərəqi
suda isladın, elə isladın ki, ərəb hərflərinin
rəngi suya çıxsın, həmin suyu Xatirə
içsin. İkinci vərəqi nəlbəkinin içində
yandırın, tüstüsünü Xatirə udsun,
külünüysə oynaqlarına, başına çəkin.
Üçüncü vərəqi də gecə vaxtı qəbirsanlıqda
basdırın. Çalışın ki, köhnə qəbirdə
basdırasız.
Şahnazgil
Eldəgəzin haqqını artıqlamasıyla verib ərinin
maşınında kəndə üz tutdular. Xatirə o qədər
sevinirdi ki, az qalırdı maşından düşüb
ayaqyalın, başıaçıq kəndə qədər
qaçsın. Ona cadugərin ən çox ləzzət elədiyi
sözü Yaşarın diz çökməsiydi. Evlənəndən
bəri əri onun nazını çəkməmiş,
saçlarına bircə sığal belə
qoymamışdı. Ona görə də Xatirə ər
sevgisinə, ər qayğısına ac qalmışdı.
Yaşar
öz bacısını yaxşı tanıyırdı,
bilirdi ki, Tahirənin Allahı yoxdu, dedisə, eləyər. Tələm-tələsik
yığışıb təyyarəyə oturdu. Neçə
dəfə də qardaşına, anasına zəng elədi
ki, o qızı sakitləşdirin, yoldayam, gəlirəm. Narahat
olmasın, gəlib nə lazımdı eləyəcəm ki,
hər şey yoluna düşsün.
Xatirənin
saçları bir gecədə ağarmışdı. Elə
bil başına un ələmişdilər. Səhərin
gözü açılana qədər yata bilmədi.
Gözünə yuxu gedən kimi diksinir, sağ-soluna əl
atır, uşaqlarını görmürdü. Yan otaqdasa ona
görə evdən qovulan Ruhəngizin balası dayanmadan
ağlayır, anasını istəyirdi. Ağlına gəldi
ki, Elnurla Rufanə də indi ağlayıb özünü
öldürür. Tahirəninsə kefinə deyil. İsti
yorğanın altında dünyadan xəbərsizdir.
Xatirə
atası evində sıxılır, az qalırdı ürəyi
partlasın. Sanki gəlin köçənə qədər
bu evdə yaşamamışdı.
Ruhəngiz
yatıb günorta durmuşdu. Qulaqları səksəkədəydi
ki, bu saat Cəmil gələcək. Bilirdi ki, Jalə onsuz
qalmaz, gecə-gündüz ağlayar. Həm də
eşitmişdi ki, Yaşar Rusiyadan gəlib. Xatirəni gətirməyə
gedəcək. Tahirəni isə heç nə
maraqlandırmırdı. Üç gəlindən təkcə
o öz balasını qoyub gəlməmişdi. Hərdən
sevinirdi ki, uşağı olmur. Bəlkə də,
uşağı olsaydı daha çox əziyyət çəkərdi.
Yenə də
Qədir kişinin evində "Milli Məclis"
qurulmuşdu. Ağız deyəni qulaq eşitmirdi. Evin
böyük qızı Şahnaz gah Xatirəni
günahlandırırdı ki, dədəsini-babasını
tanımadığın adama qoşulub qaçanda bilməliydin
axırı belə olacaq, gah da Yaşarı
söyürdü ki, arvad saxlamayacaqdınsa, niyə evlənirdin.
Ancaq öz içində bir az rahat idi ki, talış cindar
işini görüb, Yaşar gəlib diz çökməlidir.
Səhərin
gözü açılmamış Qədir kişinin
qapısı döyüldü. Açıb gördülər
ki, Yaşar gəlib. Salamsız-kəlamsız düz
keçib yuxarı başda oturdu. Qədir kişi yuxudan təzə
oyanmış, ağzına su alıb oturmuşdu.
Yaşarın ağzında qaldı ki, əmi, Xatirəni
aparmağa gəlmişəm. Qədir kişi güllə
kimi açıldı: "Ayə, a köpöyoğlu, indiyə
qədər hardaydın? Belə arvad saxlıyallar? Ayaq üstə
qırxı çıxıb. Sən öl, səni
atdıraram qoduğluğa, it kimi peşman olarsan, onda bəlkə
ağlın başına gələ". Qədir kişinin
son sözü də belə oldu ki, bir də Xatirə acıq
eləsə, bu qapıya gəlmə. Bayaqdan susan Yaşar gah
qızarır, gah da bozarırdı. Qədir kişiylə
dilucu sağollaşıb yan otağa - Xatirənin yanına
keçdi. O qədər dannaqdan sonra az qalırdı ki,
ağlasın. Xatirə onu görüb yerindən tərpənmədi.
Yaşar isə düz gedib onun qabağında yerə
çökdü. Çox danışdı, zarafat elədi,
xeyri olmadı. Xatirə dəmir kimi möhkəm
dayanmışdı.
Şahnaz
günortaya yaxın bildi ki, Yaşar gəlib Xatirənin
qabağında diz çöküb yalvarıb, ürəyini
alıb, götürüb gedib onu. Bu məsələ bir az
Şahnaza xoş getmədi. İşi o düzüb
qoşmuşdu, cindara o getmişdi,
əziyyəti o çəkmişdi. Heç olmasa Xatirə
sağollaşardı onunla.
Cəmil
mal tövləsindən çıxmaq bilmirdi. Bilirdi ki, Xatirəni
aparıblar. Qulaqları səksəkidə
qalmışdı. Qədir kişinin sifarişini gözləyirdi
ki, gedib arvadını gətirsin. Atasının müqəddəs
tapşırığını bacısı Lətifə gətirdi.
Elə tövlə paltarında maşına oturdu. Deyərdin
əlbət kainatı xilas etməyə gedir. Ancaq onun
üçün qızı Jalənin bir damla göz
yaşı dünyanın sonuydu. Jalənin
ağladığını görüb dəfələrlə
danalara ot qoymaq adıyla tövləyə gedib
ağlamışdı.
Yaşar
evə çatar-çatmaz Tahirəni maşına qoyub əmisi
Aydının evinə apardı.
Aylar illəri
daban-dabana izləmiş, illər qatar vaqonları kimi bir-birinin
ardına düzülmüşdü.
Bu on
altı ildə çox hadisələr cərəyan eləmişdi.
Qədir kişi rəhmətə getmiş, sanki özü ilə
Xatirənin xoşbəxtliyini, arxa-dayağını da
aparmışdı. O, sağ olsaydı Xatirənin
saçları bu qədər ağarmazdı. Heç olmasa
qızı Rufanənin toyuna gedə bilərdi. Xatirə
qızının toyunda dəli olacaq həddə
çatmışdı. Çünki onu gəlib
qızının toyuna aparmamışdılar.
Onu ən
çox incidən oğlu Elnurun susmasıydı.
Çünki Elnur hələ doğulmamışdan qabaq Xatirə
ona ümid eləmişdi, özünə arxa-dayaq bilib
böyütmüşdü, döşlərindən süd,
gözlərindən nur, ömründən ömür
vermişdi. İndi onu ən çox həyatdan küsdürən
oğlunun yaramaz, naxələf çıxmasıydı.
Öz-özünə düşünürdü ki, əgər
doğma oğlum məni yadına salmırsa, mənim
başqa kimdənsə nəsə ummağa haqqım yoxdur.
Xatirə
atası evinin eyvanında oturub neçə hasar o yana
qızının toyundan gələn səslərə qulaq
asırdı. Aşıq səsi, sanki dağı aşıb
ona sarı gəlirdi. Həmin gün Xatirə həyətin
ortasında qol qaldırıb oynadı. Qızına xeyir-dua
verdi. Bununla da ona elə gəldi ki, həyatdakı son borcunu
ödəyib bitirdi. Elə bu düşüncələrin
qoynunda gözü tövləyə və onun yanında yerə
atılmış qalın ipə sataşdı. Heç olmasa
ömründə bircə dəfə də olsun üsyan etmək,
cəsarətli olmaq qərarına gəldi. Heç olmasa bircə
dəfə...
Elşad BARAT
Ədəbiyyat qəzeti.- 2019.- 18
may.- S.30-31.