Sorğu
hekayə
İztirab arzudan doğur.
Budda
- Hansı gün?
- Bu gün.
-
Uğurlar!!!
Anasının göz yaşları qurumaq bilmirdi. Ağ buludları
xatırladan saçlarını
daradıqca əlləri
daha da sehrli
şəkil alırdı.
Elə bil saçlarını yox, ürəyinin qanayan tellərinə sığal çəkirdi.
Həlim-həlim, tələsmədən
qıvrım saçlarını
darayıb güzgüdə
uzun-uzun özünə
baxırdı... Gürcü qızıdı.
Atası
Qvami dəmiryolçu
işləyirdi. Anası Lyudmila həmişə onu rus tərbiyəsinə uyğun böyütsə
də, qızın canından gürcü intonasiyası heç cürə çıxmırdı
ki, çıxmırdı.
Nataraz duruşu, anlaşılmaz gülüşü
və günəbaxan
kimi yumru sifəti onu bir az da maraqlı göstərirdi...
- Nə vaxt?
- Dünən...
- Təəssüf...
Məndən soruşanda "həkimdi"
deyirdim. Amma işləmir. Süd zavodunda vakansiyalar verilmişdi. İşə düzəlmək üçün
"CV" yazdım. Təhsili: Ali. İş təcrübəsi: yoxdur...
Altı
ay dayanmadan bütün
iş vakansiyalarına
"CV" yazdım. Axırda yoruldum.
Qonşum Afiq dayının
balaca dükanında satıcı işlədim.
Uşaqlara pulsuz saqqız
verirdim. Hər gün
saqqız pulunu maaşımdan çıxırdım.
Cəmi
2 manat pulum gedirdi. Bu məni
narahat etmirdi. Əksinə, özümü
çox məmnun və xoşbəxt hiss edirdim...
- Və?
- Bitdi...
- Təbriklər!!!
Xəbər duman kimi bütün
kəndi bürüdü. Bir topa adamın içindən
"cır" səsin
vahiməsi hamını
qorxuya salmışdı.
Hələ heç kim belə
təlaşa düşməmişdi.
Habilin inəyi ölmüşdü.
Sonra Habilin səsi kəsildi. Hamı evinə dağılışdı.
Həmin il
heç kimin toyu olmadı. Kənddə heç yas da düşmədi...
- Sevirsən?
- .......
- Bağışla...
- Arvad başını tutub evdən çıxdı. Arxasınca qonur
pişik miyoldamağa
başladı. Pişiyin quyruğu
sual işarəsi kimi arvadın naməlum baxışlarına
tuşlanmışdı. Ruh kimi həyəti dolaşmağa başladı.
Əlində bir çətir
tutmuşdu. Amma deyəsən, o çətirin
həmin günə heç bir aidiyyəti yox idi...
- Gedək?
- Hara?
- .....
Vəziyyət o yerə gəlmişdi ki, bacısını
"yüngül" biri
kimi tanımağa başlamışdılar.
Bunu əlində təsbeh
fırladan məhlə
uşaqları qeyzlə
danışırdı. Və biri, iddialı
şəkildə o qızın
dadına baxdığını,
hələ də bunun təsvirindən həvəslə danışaraq
bundan inanılmaz zövq aldığını
bildirirdi...
Sonra qızı
əmisi oğluna nişanladılar. Bir il sonra
toyları oldu. İndi çox xoşbəxtdilər.
Şayiəni yayan oğlanlardan
biri Bayıl türməsində, o biri
isə kafedə işləyir. Hər
ikisinin də o qız haqqında olan fikirləri dəyişməyib...
- Bəs axırı necə olacaq?
- Axırda qalan bilər...
Humayın bir döşünü kəsmişdilər. İki il bundan qabaq Surqut şəhərindən qayıdan
əri Pənahın ilkin müşahidələrindən
bu şişin böyüdüyü məlum
olmuşdu. Aradan keçən il
yarım təzəcə
ərə gedən Humayın başına belə bir bədbəxt
hadisəni gətirmişdi.
Kəndin ağbirçəkləri
bunun Humayın "ərsizliyindən" yarandığına
inanırdı... Pənah
bir aydan sonra Surquta qayıdanda
Humay öz narazılığnı əli
ilə qalan bir döşünü sıxmaqla bildirmişdi...
- İndi nə edək?
- Unudaq...
- Onda sən başla!
Həqiqətən də o boşboğaz idi. Mənasız söhbətləri hamını bezdirmişdi.
Hamı bilirdi ki, danışdıqları
ucuz "əhvalat"dan
başqa bir şey deyil. Xırda burnu var idi.
Nərd zərindən
bir az
böyük. Adama elə
gəlirdi ki, güclə nəfəs alır. Əfqanıstanda ağır yaralanmışdı.
İki
ay müalicə aldıqdan
sonra tərxis olunmuşdu. Evlənsə də, uşağı olmurdu. Bunu özünə dərd
eləmirdi də.
Ancaq BMT-dən, NATO-dan danışırdı.
Özü də ucadan, yorulmadan, sevinə-sevinə....
- Sonra?
- Biri o birindən pis cavab verirdi...
Tural Cəfərli
Ədəbiyyat qəzeti.- 2019.-
18 may.- S.31.