“Fikir və
düşüncələrim, mülahizələrim”in
təqdimatı
keçirilib
Azərbaycan Yazıçılar Birliyində Milli Məclisin sabiq deputatı , tədqiqatçı- alim, hüquq elmləri üzrə fəlsəfə doktoru Cahangir Hüseynovun “Fikir və düşüncələrim, mülahizələrim” adlı kitabının təqdimatı keçirilib.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun, tanınmış şair və yazıçıların, ziyalıların da iştirak etdiyi tədbiri giriş sözü ilə müəllif Cahangir Hüseynov açaraq deyib ki, bundan əvvəl “Azərbaycan Nadir Əfşar Dövləti ” kitabım təqdim olundu. Daha sonra kitab Türkiyədə də nəşr olundu. Sonra gördüm ki, fikirlərim çoxdur və “Fikir və düşüncələrim, mülahizələrim” kitabımı yazdım. Bu kitabımı 2016-cı ildə aprel döyüşlərində həlak olanların xatirəsinə həsr etdim. Lakin gördüm ki, fikir, düşüncələrim davam edir, ona görə də kitabın 2-ci hissəsini çapdan çıxartdım”.
Deputat Nizami Cəfərov da müəllifin yaradıcılığı haqda öz rəyini bildirib: “Cahangir Hüseynovun əsərləri bədii deyil, elmi-siyasi əsərlərdir. Bəzən görürük ki, son illər haqqında kitab yazılanda onlarda enerji olmur. Amma onun kitablarında enerji hiss olunur. Bildiyiniz kimi, Cahangir Hüseynov uzun müddət hüquq mühafizə orqanlarında çalışıb,Milli Məclisin deputatı olub, ictimai-siyasi hadisələrdə yaxından iştirak edib. Bütün bunlardan sonra yazdıqda fikri və düşüncələr daha əsaslı olur”.
N.Cəfərov deib ki, Cahangir Hüseynovun “Azərbaycan Nadir Əfşar Dövləti” kitabı da çox dəyərlidir. Bildiyiniz kim,i Nadir Əfşar bizim tarixşünaslığımızda layiqli qiymətini almamış böyük dövlət adamıdır. Onun xidmətləri Şah İsmayıl Xətaidən heç də az deyil. Bunun üçün də Nadir Əfşardan yazmaq lazımlıdır, gərəklidir.
Daha sonra fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov kitab haqqında fikirlərini bildirirb: “Fikir və düşüncələrim,mülahizələrim” kitabını yaşayaraq oxumuşam. Azərbaycanın elə oğulları var ki, yazmağı, hansı nöqtələrimizə toxunmağı bacarır. Lap gənc yaşlarından tanıdığım Cahangir Hüseynov da bu cür yazarlardan biridir. Kitabın ön sözünün müəllifi mənəm. Oxuculara bu kitabı oxumağı tövsiyə edirəm”.
Tədbirin digər iştirakçıları da təqdim olunan kitab haqqında öz rəylərini bildirib, müəllifə uğurlar arzulayıblar.
Ədəbiyyat qəzeti.- 2019.- 18
may.- S.32.